Rəsmlərdə fəlsəfə - Piter Breygel - “İkarusun düşməsi”

İnsan bir ağaca bənzəyir, nə qədər yüksəyə, aydınlığa çıxmaq istərsə, o qədər kök salır yerə, aşağılara, qaranlığa, dərinlərə, pisliyə...

Fridrix Nitsşe

Bir əkinçi yeri şumlayır, bir çoban qarşısındakı qoyunları otarır, bir balıqçı balıq toru atır, gəmilər naməlum torpaqlara doğru üzür, ağacın budağında yuva qurmuş bir kəklik və uzaqlarda batmaqda olan günəş.. Bütün bunlar məşhur holland intibah dövrü rəssamı Piter Breygelin “İkarusun düşməsi” adlı əsərində yer alan əsas təsvirlərdir. 1560-cı illərə aid edilən əsər ilk baxışdan donmuş zamanın təsviri kimi görünür. Hər şey, suları dalğaları, havadakı buludlar və rəsmin mərkəzindəki əkinçi sanki olduğu yerdə donub qalıb.

Lakin nəzərlərimizi sudakı müəyyən nöqtəyə, gəminin altına yönəltdiyimizdə Breygelin rəsminə ad vermiş mənzərənin - sulara qərar olmuş İkarusun həzin sonunun şahidi oluruq. Əslində bütün rəsm məhz bu anı təsvir etmək üçün qurulmuş obrazlar ardıcıllığından ibarətdir. Hər şey məhz o anda, İkarusun bal mumundan hazırlanmış qanadlarının əriməsi ilə mavi sulara qərq olduğu anda donub qalıb.

İkarus Qədim Yunan mifologiyasında uçmaq arzusunda olan ölümlü qəhrəmandır. Atası Dedal ilə birlikdə bal mumu və lələklərdən özünə qanadlar düzəltməsi ilə məşhurdur. Lakin İkarus təkcə insanın uçamaq arzusunu reallaşdıran bir qəhrəman obrazı deyil. O, bizə daha çox qızıl ortası tapa bilməyən və daha yüksəklərə qalxmaq istədiyi üçün əlindəki hər şeyi itirən birini xatırladır. Dedal öz oğluna, bəlkə də, uçmağın verdiyi həzzi yaşada bilir, ancaq nə qədər çalışsa da, oğlunu öz nəfsindən sərhədsizliyindən qorumağı bacarmır. Dəfələrlə günəşə çox yaxın uçmamasını tənbeh etsə da, İkarusun ehtirası onu günəşə çatmağa həvəsləndirir. İstinin təsirindən bal mumu lələklər əriyir və İkarus mavi sulara qəra olaraq həyatını itirir. Qədim Yunanların mifoloji hekayə ilə bu günün oxucusuna verdikləri nəsihət əslində çox sadədir. Hər şeyin çoxu ziyanlıdır, necə ki, hər şeyin azı da insanı qane etmədiyi kimi. İnsan isə xoşbəxt olmaq üçün məhz orta yolu tapmalıdır.

Piter Breygeli bu mifoloji hekayəni rəsmləşdirməyə vadar edən səbəbləri bu gün tam olaraq bilmirik. Ancaq İkarusun düşməsini təsvir etməklə rəssamın söyləməyə çalışdığını anlamaq mümkündür. Breygelə görə, hər insan öz həyatının İkarusudur. Hər birimizin fərqli arzuları, fərqli istəkləri və çatmaq istədiyi idealları var. Hər birimiz də bu ideallara, arzulara çatmaq üçün İkarus qədər istəkli və sonuna qədər getməkdə qərarlıyıq. Bu yolda bizləri uğur gözlədiyi kimi, İkarusun həzin sonundan da sığortalanmamışıq. Hər zaman həyatın bizi qaldırdığı yüksəklikdən dərin mavi sulara düşə bilərik. Bəs bu baş verdiyində nə olacaq? 

Breygelin rəsmi bir baxıma məhz bu anı izah edir bizə. Ən yüksəkdən düşdüyümüzdə dünyamızın dağıldığını, artıq hər şeyin bitdiyini, bu cür yaşamağın mümkün olmadığını düşünürük. Ətrafdakı hər kəsin bizə baxıb uğursuzluğumuzu və yazıqlığımızı izlədiyini hiss edirik. Qaçmaq və eynilə İkarusun etdiyi kimi yad nəzərlərdən gizlənmək üçün mavi sularda itmək, yox olmaq istəyirik. Ancaq Breygel bizə fərqli baxış təqdim edir. 

Biz nə qədər yüksəkdən düşsək də, həyat yenə davam edəcək. Rəsmin bir küncündə İkarus dənizə çırpılsa belə, əkinçi öz işini davam etdirir. Balıqçı sulara atdığı tora düşəcək balıqların həsrətindədir, çoban arxasını İkarusa çevirmiş və qoyunlarını saymaqla məşğuldur. Ağacdakı kəklik İkarus kimdir onu belə tanımır. Bir sözlə həyat necə var o formada da davam edir. Rəsmdəki bütün insanlar İkarusun ölümünə qarşı etinasızdır. Çünki hər birinin öz qayğıları və onları düşündürən əzabları var. Hətta biz özümüz belə ilk baxışda rəsmin mərkəzində yer alan hadisəni görməkdə çətinlik çəkirik. Bütün bunların yanında İkarusun bədbəxtliyi sadəcə onun üçün bədbəxtlikdir.

Həyatda yaşadığımız uğursuzluqları və bədbəxtlikləri dünyanın sonu kimi qəbul etməyimizə ehtiyac yoxdur. Bizi heç kəs izləmir, heç kəs biz yıxılanda baxıb gülmür. Əksinə hər kəs öz dərdləri ilə bizdən daha çox məşğuldur. Önəmli olan başımıza gələn pis hadisələri özümüzün necə yanaşdığımızdır. Uğursuzluqlarımızı təcrübəyə çevirmək və yenidən başlamaq bizim əlimizdədir, onlar üçün bir ömür yas tutmaq da. 


Yorumlar

Yorum Gönder