Elmi İdrakın metodologiyası - Sevinc Nəcəfli


Empirik idrak dünyanın elmi baxımdan dərk olunmasının ilkin mərhləsini təşkil edir. Emprik tədqiqtlar vasitəsilə emprik biliklər qazanılır və bu biliklər iki yarımsəviyyədən - emprik materiallardan və onların ümumiləşdirilməsindən yaranan faktlardan ibarətdir. Empirik bilik ictimai praktika zəmnində yaranır və həm gündəlik həyat praktikasında
istifadə olunan anlayışlardan həm də, elmi anlayışlardan ibarətdir. Buna görə də empirik bilikdə praktika, hissi idrak və məntiqi idrak sintez olunr. Elmdə emprik idrak müşahidə və eksperimental materialların təhlili və dərk edilməsi ilə bağlıdır. Bu cür təhlil nəticəsində insan təfəkküründə empirik obyektlər haqqında ilkin təsəvvürlər yaranır. Emprik obyektlər gerçəklikdəki predmetlərin xassə və münasibətlərinin emprik mühakimələr, termin və  dilin vasitəsilə təsəvvür edir. Lakin obyektlərin dərk edilməsi bilvasitə deyil, bilavasitə, hissi idrak vasitəs ilə baş verir. Bu səbəbdən emprik obyektlərə xarici aləmin predmetlərin ilə bilavasitə əlaqəli olan hissi obyektlərin modeli kimi baxmaq olar.
 Beləliklə, idrakın emprik səviyyəsi hisslər vasitəsilə dərk edilən dünyanın predmet və hadisələrinin xassə və münasibətlərini öyrənir. Lakin heç də emprik idrak hissi idrakla eynilik təşkil etmir. Empirik biliyin əldə edilməsində məntiqi idrakın da müəyyən rolu vardır.
 Emprik idrak subyektlə obyekt arasında baş verən qarşılıqlı təsiri əhatə edən  təcrübə əsasında baş verir. Yəni  subyekt obyekti yalnız passiv şəkildə əks etdirmir, həm də ona fəal surətdə müdaxilə edir, onu məqsədəuyğun şəkildə dəyişdirir. Bu prosesin başlanğıc nöqtəsi müşahidədir. Bizim  bütün biliklərimiz  ilk halda müşahidədən alınır. Müşahidə  elmi idrakın bütün sahələrində xüsusilə təbitəşünaslıqda geniş yayılmış idrak metodudur. Müşahidə idrakın başlanğıc nöqtəsi, onun çıxış momentidir. Müşahidə emprik idrakın digər metodlarına həm ölçməyə, həm də eksperimentə daxil olduğu halda, özü eksperiment və ölçmə tətbiq olunmadan da həyata keçrilə bilər. Müşahidə obyektin məqsədli, planlı şəkildə qavrranılması prosesidir. Tərifdəndə aydındır ki, müşahidənin əsasında qavrama prosesi yəni, hissi idrak dayanır. Lakin bu o demək deyil ki, müşahidənin gedişində məntiqi idrak, insanın nəzəri təfəkkürü iştirak etmir. Aparılan tədqiqtlara görə müşahidənin nəticələri yalnız o zaman  ratsional və optimal sayıla bilər ki, müşahidə insanın nəzəri biliyinə, məntiqi təfəkkürünə əsaslansın. Elmi idrakın  ratsinal metodu kimi müşahidə müəyyən funksiyaları yerinə yetirir:
Müşahidə yeni problem və fərziyyələrin irəli sürülməsindən və onların yoxlanılması üçün vacib olan məlumatların toplanmasından ibarətdir;
Müşahidə eksperimentin tətbiq edilə bilmədiyi zaman onun eksprimenti əvəz etməsi və beləliklə həqiqət meyarı rolunu oynamasından ibarətdir;
Müşahidə başlıca funksiyası  nəzəri tədqiqtlardan alımış nəticələrin gerçəkliyə nə dərəcədə uyğun olmasından və həqiqiliyinin yoxlanılmasına imkan verməsindən ibarətdir.
Müşahidə elmi idrakın məhsuldar metodu olması üçün aşağıdakə tələblərə cavab verməlidir:
1.Müşahidə məqsədli olmalı  yəni, müşahidəçi kifayət qədər özü üçün aydın olan məsələni həll etmək məqsədilə müşahidəni aparmalıdır;
2.Müşahidə əvvəlcədən müəyyənləşdrilmiş plan əsasında aparılmalıdır;
3. Müşahidə məqsədyönlü olamlıdır. Bu o deməkdir ki, müşahidəçi müşahidəni aparmadan əvvəl qarşısında müəyyən məqsəd qoymalıdır,diqqətini yalnız onu maraqlandıran  hadisə üzərində cəmləşdirməlidir;
4. Müşahidə fəal olmalıdır, müntəzəm, fasiləsiz aparılmalıdır. Yalnız müntəzəm aparılan müşahidə obyektin ümumi qanunauyğunluqlarını dərk etməyə imkan verir.
Müşahidə elmi və qeyri elmi olmaqla iki yerə ayrlır. Elmi müşahidələr elmi  biliklər əldə etmək məqsədilə aparılır. Elmi müşahidələr əsasında müəyyən fərziyyələr, hipotezlər irəli sürülmüşdür. Qeyri elmi müşahidələr isə gündəlik həyat praktikası ilə bağlıdır.
Elmi idrakın emprik metodlarından biri də müqayisədir. Müqayisə dedikdə müyyən çoxluğa daxil olan  cismin və hadisələrin oxşar və fərqli cəhətlərinin müəyyənləşdrilməsi prosesi nəzərdə tutulur. Müqayisə hər cür cisim və hadisələr arasında deyil, yalnız ümumi cəhətləri olan cisim və hadisələr arasında aparılır. Digər tərəfdən müqayisə cisim və hadisələrin bütün  əlamətləri üzrə deyil, yalnız mühüm əlamətləri üzrə aparılmalıdır. Qeyri mühüm əlamətlər üzrə aparılan müqayisələr yalnış nəticələrin əldə olunmasına səbəb ola bilər. Cisim və hadislərin müqayisəsini iki yolla – bilavasitə  və bilvasitə yolla aparıla bilər. Bilavasitə müqayisədə  idrak obyketi haqqında keyfiyyət xarakterli, bilvasitə müqayisədə isə kəmiyyət xarakterli nəticlər əldə edilir. Gerçəkliyin predmet və hadisələri müxtəlif cəhətdən müqayisə edilə bilər. Bu cəhətlərə aşağıdakılar daxildir:
1.Gerçəkliyin cisimlərinin kəmiyyət və keyfiyyət xarakterlərinin müqayisəsi;
2. Gerçəkliyin məkan və zaman münasibətlərinin  müqayisəsi;
3. Cisim və hadisələri idrakın empirik və nəzəri səviyyələrində müqayisəsi.
Müqayisənin xüsusi forması olan analogiya  müasir fəlsəfi və məntiqi ədəbiyyatlarda  geniş şəkildə öyrənilir. Analogiya müqayisənin yüksək səviyyəsi, əqli nəticənin traduktiv metodudur. Analogiya idrak prosesidə qavranılan informatsiyanın dərk olunması prosesidir.  Analogiyadan o zaman istifadə olunur ki, idrakın digər metodları vasitəsilə idrak obyekti haqqında dəqiq bilik əldə etmək mümkün olmur. Cəmiyyətdə baş verən hadisə və proseslərin öyrənilməsində də analogiya mühüm rol oynayır.
Emprik tədqiqtın tarixən mükəmməl və qədim metodlarından biri də ölçmədir. Bu metodan təbiətşünaslıq elmlərində geniş istifadə olunur. Ölçmə metodu tarixi baxımdan onun əsasında duran müqayisə metodu vasitəsilə yaransa da, o müqayisəyə nisbətən elmi idrakın daha universal və mükəmməl metodudur. Gerçəkliyin predmet və hadisələri kəmiyyət və keyfiyyət müəyyənliklərinə malikdir. Ölçmə metodunu tətbiq edərkən idrak obyektinin kəmiyyət və keyfiyyət tərəfləri arasındakı münasibət düzgün başa düşülərsə, bu zaman ölçmə metodu təkcə idrak obyektinin kəmiyyət müəyyənliyini deyil, həmçinin keyfiyyət müəyyənliyini öyrənməyə imkan yaradır.Ölçmə metodu vasitəsilə obyektin kəmiyyət xarakteristikası müəyyənləşdrilir və ölçülən kəmiyyətin ədədi qiyməti tapılaraq müxtəlif ölçü vahidləri – kq, m, san, qüvvə vəs. ilə ifadə olunur. Ölçü etalonu və ya miqyas vasitəsilə hər  hansı kəmiyyətin ədədi qiymətinin müəyyən edilməsi əməliyyatına ölçmə deyilir. Ölçmə zamanı aşağıdakı elementlərdən istifadə olunur:
Ölçü obyekti;
Ölçü vahidi;
Ölçü cihazları;
Ölçü metodu;
Ölçən subyekt.
Ölçmə iki yola – müstəqim və dolayı yolla aparılır. Müstəqim yola aparılan ölçmədə nəticə bilavasitə ölçmənin özündən, dolayı yolla aparılan ölçmdə isə nəticə müstəqim yolla alınmış kəmiyyətlərdən riyazi yolla əldə edilir.


   Ölçmə metodunun başlıca qneseoloji aspekti ölçünün dəqiqqliyi ilə bağlıdır. Ölçünün dəqiqliyi isə subyektin ölçünü aparmaq qabiliyyətindən, biliyindən, ölçmə prosesində istifadə olunan cihazlardan, bu cihazlardan istifadə edilməsi səviyyəsindən, ölçmə prosesinin təşkilindən vəs. asılıdır. Ölçmə emprik qanunların kəşfinə aparan yoldur. Məsələn, Danimarka astronmu Tixo Baragenin yüksək dəqiqliklə planetlərin hərəkətləri üzərində apardığı ölçmələr daha sonra Alman alimi Keplerin planetlərin hərəklərət qanunauyğunluqlarını kəşf etməyə imkan vermişdir. Fizika tarixind ən yaxşı ölçmə Amerikan alimi  Maykelsonun işığı sürətini ölçərkən apardığı təcrübədir.
   Empirik tədqiqatın ən səmərəli metodu eksperimentdir. Eksperiment inteqrativ xarakterli idrak metodur. Çünki eksperimentin gedişində tədqiqatçı digər emprik metodlardan – müşahidədən, müqayisədən, analogiyadan, ölçmədən istifadə edir. Bu metodlar olmadan eksperiment fəaliyyət göstərə bilməz. Eksperiment insanlara qədimdən məlum olsa da, ilk dəfə fizikaya eksperimenti gətirib, bu elmin əsasını qoyan, elmi status qazandıran italyan alimi Q.Qaliley olmuşdur.  İngilis filosofu F.Bekon eksperimenti təkcə fizikaya deyil, bütün təbiət elmlərinə tətbiq etməklə onun coğrafi sərhədlərini genişləndirdi.
  “Eksperiment” latın sözü olub, hərfi mənası “sınaq”, “təcrübə”, “sübut” deməkdir. Eksperiment müşahidə metodu ilə bağlı olduğu üçün bu metodu tarixilik baxımından  müşahidə metodunun inkişafı kimi də baxılır. Bəzən idrak obyektinin tədqiqatçını maraqlandıran  xassəsini təbii şəraitdə (məsələn:hava şəraitində) öyrənmək qeyri mümkün olur. Belə olduqda cisim təbii şəraitdən süni şəraitə (məslən: su şəraitinə) gətrilir. Yaradılmış süni şəraitdə tədqiqatçı müşahidə, ölçmə, müqayisə metodlarrından istifadə edərək cismin tədqiqatçını maraqlandıran xassəsini öyrənir.
   Cismin tədqiqtçını maraqlandıran bu və ya digər xassəsini öyrənmək üçün süni şəraitin yaradılması və bu şəraitdə digər emprik metodların - ölçmə, müşahidə, müqaqyisə metodlarının tətbiq edilməsindən ibarət olan əməliyyata eksperiment deyilir. Eksperiment bir çox elm sahələrində - biologiyada, fizikada, kimyada vəs. geniş şəkildə istifadə olunur. Empirik biliyin digər metodları olan müşahidə və müqayisədən fərqli olaraq eksperiment bir sıra üstünlüklərə malikdir:
Eksperiment emprik qanunların kəşf edilməsinə və bu qanunların həqiqiliyinin düzgün şəkildə yoxlanılmasına imkan verir;
Eksperiment müəyyən nəticənin əldə edilməsi üçün dəfələrlə təkrarlana bilər. Bu cəhətdən müşahdə və müqayisədən fərqli olaraq eksperiment idrak obyekti haqqında daha dəqiq məlumatlar əldə etməyə şərait yaradır;
Eksperimentin vacib üstünlüklərindən biri də onun idrak obyektinin xassələrini müxtəlif ekstremal şəraitdə - yüksək təzyiqdə, yüksək intensivliyə malik olan maqnit və elektrik sahələrində , yüksək və yaxud alçaq temperaturlarda öyrənməyə imkan verir.  Beləliklə, əvvəllər tədqiqtçı üçün idrak obyektinin naməlum qalan bir sıra əlamət və qanunauyğunluqları aşkara çıxır.
Qeyd edək ki, elmi eksperiment iki növə təbii və laboratoriya eksperimentlərinə bölünür. Təbii eksperiment  laboratoriya şəraitində deyil, təbii halda o cümlədən isehsal şəraitində həyata keçrildikdə yalnız qneseoloji funksiyaya deyil, həmçinin praktiki funksiyaya malikdir. Elmi eksperimentin bu növü  varlığın yüksək təşəkkül formalarının  öyrənilməsində geniş tətbiq olunur. Laboratoriya eksperimentindən fərqli olaraq təbii eksperimentdə obyektin təkcə dərk edilməsi ilə kifayətlənilmir, eksperimentin gedişində həm də praktikanın digər tərəflərinə nəzər salınır.
Müasir elmə real eksperimentin üç növü məlumdur:
1.Tədqiqat eksperimenti - müəyyən nəzəri mülahizələr əsasında obyektin əvvəllər tədqiqatçı üçün məlum olmayan xassələrini aşkar etmək məqsəd ilə istifadə olunur.
2. Yoxlama eksperimenti - eksperimentin bu növü irəli sürülmüş müəyyən nəzəri mülahizələrin həqiqiliyini yoxlamaq məqsədi ilə aparılır.
3.Nümayiş və ya əyani eksperimentlər - eksperimentin bu növündən məktəb və ali təhsil müəsisələrinin laboratoriyalarında geniş şəkildə istifadə olunur.
Eksperiment təkcə praktika ilə yox, həmçinin nəzəri təfəkkürlə sıx şəkildə bağlıdır. Eksperimentin nəzəriyyə ilə bu cür əlaqəsi öz əksini fikri eksperimentlərdə tapır. Fikri eksperimentin real eksperimentdən fərqi bundan ibarətdir ki, əgər alim real eksperimentdə cismin özündən  istifadə edirsə, fikri eksperimentdə cismin fikri obrazına, ideal modelinə istinad edir. Başqa sözlə desək fikri eksperiment real eksperimentin ideal formasıdır. Fikri eksperiment elmi idrakda böyük rola malikdir. Tarixən ilk fikri eksperiment Aristotelin hərəkət nəzəriyyəsini tənqid etmək məqsədi ilə Q.Qaliley tərəfindən irəli sürülmüşdür. Fikri eksperimentdən müasir fizikada da geniş istfadə olunur. A.Eynşteyn nisbilik nəzəriyyəsinin prinsiplərini əsaslandırmaq, izah etmək üçün istifadə etmişdir. Fikri eksperiment  gerçəkliyin insan tərəfindən adekvat inikasının reallaşmasına imkan verir.
Eksperimentin əsas növlərindən biri də sosial eksperimentdir. Sosial eksperimentlər ictimai hadisələrin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.Bu eksperimentin mahiyyəti budur ki, o əvvəlcə kiçik bir müəssisədə tətbiq edilir, daha sonra onun nəticələri bütün cəmiyyətə şamil edilir. Qeyd etmək lazımdır ki, cəmiyyətin indiki inkişafında baş verən sosial hadisə və proseslərin öyrənilməsində eksperimental metoddan geniş istifadə olunur.
Sosial eksperiment ictimai istehsalın inkişafında da istifadə olunur. Ümumiyyətlə, sosial eksperiment müəyyən sosial hadisə və proseslərin öyrənilməsi və ya təkminləşdrilməsi üçün zərurət yarandığı zaman keçrilir. İctimai həyatın öyrənilməsində istifadə edilən eksperimental metod  demək olar ki, həmişə və hər yerdə tətbiq edilməsi mümkün deyil. Bu səbəbdən  sosial eksperimentin tətbiqi hüdudlarını müəyyənləşdirmək  mühüm əhəmiyyət kəsb edir. Sosial eksperimentin keçrilməsi prosesində həm induktiv, həm də deduktiv  metodlardan istifadə etmə lazımdır.  Sosial eksperiment üçün tədqiqat predmeti seçərkən nəzərə alınmalıdır ki, eksperiment zamanı əmələ gəlmiş sistem və amillər əvvəlki sosial eksperimentə daxil  olur. Bu səbəbdən yeni yaranmış sistem və amillərin öncədən fəaliyyət göstərən sistemə  uyğun olması eksperimenti keçirmək üçün zəruri olan şərtlərdən biridir.
                                        
Sevinc Nəcəfli


Bakı Dövlət Universiteti, magistr

Gəncə Dövlət Universiteti, fəlsəfə müəllimi

                                               
 Ədəbiyyat:
  1. Əhmədli C.T. Elmi idrakın əsas postulatları. Sosial - siyasi elmlər seiyası. 2003; № 3-4.
  2. Məmmədov Ə.B. Dialektik idrak və ümumelmi tədqiqatmetodları. Bakı; Elm, 1997.
  3. Məmmədov Ə.B., Zahidov T.B. Dialektik idrak və eksperimental metod. Bakı; Azərnəşr, 1992.
  4. Nəsirov V.H.,  Məmmədov Ə.B. Elmi idrakın  metod və formaları. Bakı; 1980.
  5. Рузвин Г.И. Методология научного исследования. М; 1999.
  6. Рузвин Г.И. Методология научного познания. М; 2005.
  7. Хромович М.А., Научныи зксперимент, его место и роль познании. Минск; 1972.
  8. Штофф В.А. Проьлемы методологии научного познания. М; 1978.


Yorumlar