Cinayət, İntihar yoxsa Paradoks? Ronald Opus-un hekayəsi


Ronald Opus kimdir?

1987-ci ildə patologiya,tibb və hüquq üzrə mütəxəssis,AAFS’ın prezidenti Don Harper Mills’in ziyafətdə önə sürdüyü “Ronald Opus” adlı paradoks mövcud zamanda həm həmkarları,həm də hüquqşünaslar arasında qəribə dilemmaya yol açmışdır.Daha sonralar internetdə sensasiya yaradan bu hekayənin çox zaman doğruluğu sorğulansa da,bu gerçək hadisə deyildir.

Bu gündə aktuallığını qoruyan məsələnin 1994-cü ildə geniş yayılmış variantını diqqətinizə çatdırıram:

23 mart 1994-cü il baş verən insident sadə intihar kimi gözüksə də,mərhumun bədənində tapılan güllə hadisənin məğzini tamamilə dəyişmişdir.Ronald Opus arxasında müəyyən qədər ümidsizlik bildirən yazı buraxıb özünü on mərtəbəli binadan atmasına baxmayaraq,aldığı güllə zərbəsi ilə yerə çaxılmamış həyatını dəyişmişdir.İlk ağıla gələn versiya Ronald’ın damda olan vaxt,kimsə tərəfindən vurulmasıdır,lakin tibbi müayinə zamanı aşkar olunur ki,güllə o,havada olarkən açılmışdır.Doqquzuncu mərtəbədən keçən zaman,pəncərədən keçən tüfəng gülləsi ilə elə o anda öldürülmüşdür.Hadisəni daha maraqlı edən detal isə,əgər Ronald yaralanmasa idi,səkkizinci mərtəbədə qurulan təhlükəsizlik toru (yüksəlikdə çalışan,xüsusilə şüşə silməklə məşğul insanları qorumaq üçündür) sayəsində həyatda olacaq,intihar cəhdi uğursuz alınacaqdı.

Araşdırmanın davamında,doqquzuncu mərtəbədə yaşlı cütlüyün yaşadığı və kişi tərəfindən atəş açıldığı məlum olur.O ailədaxili mübahisə zamanı arvadını tüfənglə təhdid etmiş,tətiyi çəkdiyində isə arvadını deyil,Ronald’ı vurmuşdur.

Bir şəxs A subyektini öldürmək niyyətində olduğunda,səhvən B subyektini öldürsə,o B subyektinin ölümündən məsuldur.Cütlük ifadələrində tüfəngin dolu olmadığından əmin olduqlarını,hətta kişinin arvadını qorxutmaq və hədələmək üçün bu cür vərdişinin olduğunu söylədilər.Deməli,bu hadisə qəsdən törədilmiş cinayət deyildi və silah bilmədən doldurulmuşdu.

İstintaqın irəlidiyi vaxt,bir şahid təxminən 6 həftə əvvəl,tüfəngi həmin cütlüyün oğlunun doldurduğunu görməsini bildirdi.Aradırma göstərdi ki,həmin vaxtlarda yaşlı qadın öz oğlundan iqtisadi dəstəyi geri çəkmişdi.Atasının bu vərdişini bildiyindən oğul,anasının ölməsi məqsədi ilə tüfəngi doldurmuşdu.Bununla da,hadisədən əli təmiz çıxıb,istədiyi iqtisadi gücü əldə edəcəkdi.

Sona yaxınlaşdıqca,heyrətamiz bir fakt ortaya çıxır ki,oğul-Ronald Opus anasının ölümünün uğursuzluqla nəticələnməsindən dolayı,intiharından əvvəl ümidsizcəsinə yazı buraxaraq özünü onuncu mərtəbədən atmış,doqquzuncu mərtəbədə aldığı güllə zərbəsi ilə dünyasını dəyişmişdir.

İş intihar sayılıb,bağlı elan edilmişdir.

Causality - Nedensellik - Determinasiya

Bir sıra mənbələrdə işin intihar və ya cinayət olması ciddi müzakirələr yaratmışdır.Bir kəsim bunun intihar olduğu,digəri isə vasitənin və ya səbəbin necə işlədiyindən asılı olmayaraq,bu hadisənin ata tərəfindən törədilmiş cinayət olduğu fikrindədir.Hər halda heç bir əsas atanın saymazcasına tüfənglə arvadını təhdid etməsini tam açıqlaya bilmir.Bu hadisə ölümündə öz əli olan birinin cinayəti kimi düşünülə bilər.Agent ata olsa da,məsul şəxslərdən biri oğulun özüdür.İnsidenti intihar olaraq ələ alındığında isə,hekayə tamam başqa istiqamətə yönəlir ki,bunu irəlidə paylaşacam.

Fəlsəfə ətalətdə olan adi əşyaya belə müxtəlif münasibətlər bəslədiyi vaxtda belə bir paradoksa maraqlı nöqteyi-nəzərlərdən aydınlıq gətirə bilər.Gəlin,hadisənin hərəkətverici elementi ilə determinasiya əlaqəsi arasındakı bağlılıq və oxşarlığı gözdən keçirək.

Determinasiya ya da səbəb-nəticə əlaqəsi (təbiətdə baş verən hər hansısa hadisənin zəruri şəkildə müəyyən bir səbəblə şərtlənməsi və ya ona səbəbiyyət verəcək bir hadisənin olmasını ifadə edir) ətrafımızda meydana gələn hadisələri izah etməyimizdə çox vaxt etibarlılıq kəsb edir.”O meyvə doğrayarkən tələsdiyi üçün əlini kəsdi”-burada bir səbəb-nəticə əlaqəsi görürük və asanlıqla açıqlaya bilərik ki,səbəb həmin şəxsin tələsməsi,nəticəsi isə əlini kəsməsidir.Başqa bir nümunə ilə göstərsək,cisimlərin yerə düşməsinə səbəb qravitasiya qüvvəsidir,yəni elm ümumi fizika qanunları çərçivəsində (kvant fizikası bura aid deyildir) baş verən hadisələri səbəb-nəticə əlaqəsi ilə aydınlaşdırır.

Fəlsəfə tarixi boyunca isə bu mövzu mübahisə doğurmuşdur.Determinasiya fəlsəfi məvhum olub səbəb-nəticə prinsipi üzərində qurulmuşdur.Bəs filosoflar determinasiyaya necə yanaşır? Onların hamısımı səbəb-nəticə ardıcıllığını eyni cür şərh edir? Bir hadisənin baş verməsi üçün qəti şəkildə səbəbinin və ya səbəbiyyət verəcək başqa bir hadisənin olması şərtdir? Bu günə kimi reallaşmış gündəlik hadisələrin səbəbi bu gündən sonra da eyni olsa nəticələri eyni olacaqmı? Məsələn,sabah Günəşin çıxacağı nə bəllidir?

Səbəb-nəticə əlaqəsini ayrı-ayrı dəyərləndirmək üçün zaman anlayışına baş vururuq.Zamanın işləməsinə görə,səbəb əvvəl,nəticə isə sonra gəlir.

İngilis empiriklərindən olan Hume, səbəb-nəticə ardıcıllığı kimi gördüyümüz “keçmiş-gələcək” əlaqəsinə belə bir açıqlıq gətirir; gələcəyin də keçmiş kimi olacağı fikrinə gəlməyimizə səbəb-oxşarlıqdır.Bunu isə fikir yürütmə ilə deyil, “vərdiş”lə sübut etmək olar- “Vərdiş insan həyatının ülvi bələdçisidir”.*

Günəşin bu günə kimi çıxması fikri bizə imkan verir ki,sabah da çıxacağına əmin olaq.Lakin keçmişdə və ya hal-hazırda davamlı baş vermiş hadisənin sonra da baş verəcəyini demək tam mümkün deyildir.Hər halda Günəşin hər səhər çıxdığını görməyə vərdiş etdiyimizdən,nəticə olaraq sabah da çıxacağı mülahizəsini yeritməyə istəkliyik.Bu səbəb-nəticə əlaqəsi “əvvəl və sonra” -zaman anlayışı ilə izah oluna bilər.Günəşin sabah çıxacağını söyləmək də,çıxmayacağını söyləmək də eyni dərəcədə ziddiyyətə malikdir.Həmçinin bunu Günəşin Şərqdə doğub,Qərbdə batması ilə əlaqəli də söyləmək olar.Əgər Yer öz ətrafında tərsinə hərəkət etməyə başlasa,əvvəlki cümlədəki faktla bağlı məsələ təkzib edilmiş olacaq,lakin bu halın da təkrarən olacağını dəqiqliklə demək imkansızdır.Keçmişdə baş vermiş hansısa hadisənin və ya faktla bağlı məsələnin əhəmiyyətliliyi gələcək üçün mümkün məna kəsb etmir.

Paradoksa geri qayıtdığımızda hadisələrin ardıcıllığının açarı tüfəngin dolu olmasındadır.Silah Ronald Opus tərəfindən doldurulduğu ana qədər həmişə boş olub.Ata ifadəsində,tüfəngin dolu olmadığından əmin olduğunu,bunu arvadını qorxutmaq üçün etdiyi davranış olduğunu söyləyir. Ancaq silahın ata ilə ananın ifadəsinə görə, “həmişə boş olması” daha sonra da boş olacağı mənasını vermirdi.Çünki atanın tüfəngi boş saxlayıb arvadını təhdid etməyə vərdiş etməsi, onu gələcəkdə güllə ilə öldürəməyəcəyi anlamına gəlmir.

Bəs günahkar kimdir?

Bu haqda fərqlilik göstərən rəylər var,lakin çox insanın gözdən qaçırdığı hissə Ronald’ın ümidsizlik bildirən yazı buraxmasıdır.Ümumiyyətlə,bir insanın intiharına səbəb olacaq davranış göstərən kiməsə cinayət işi açıla bilərmi? İntihar ya da atanı günahkar olaraq hədəf göstərib ikinci dərəcəli subyekti gözdən qaçırırıq.İntihardan məsul şəxs ana ola bilərmi?

Mərhumun özünü öldürməsinə səbəb anasının iqtisadi dəstəyini geri çəkməsi idi.İqtisadi cəhətdən ailə üzvündən asılı olan biri bu səbəbdən intihara təşəbbüs edərsə,həmin ailə üzvü məsuliyyət daşıyırmı?

Əgər Ronald öldürülməsəydi və ya intiharı uğursuz alınsa idi,gələcəkdə anasının ölümündən təqsirkar olacaqdı.Elə bu fakt,bizə imkan verir ki,ananın üzərindəki təzyiqi azaldaq.Çünki,əvvəldə söylədiyim kimi Ronaldın ölümündə öz əli var və Ronaldın intiharına səbəb,təkcə anası tərəfindən iqtisadi asılılığının qarşılanmaması deyil,həm də anasının ölümünə nail olmaması idi.

Bəsit bir şəkildə qısaltmaq gərəkirsə,bütün hadisələr öz başlanğıcını tüfəngin dolu olmasından götürür.Buna səbəb isə Ronaldın anası tərəfindən lazımi maddi yardımı görməməsində idi.Beləliklə,Ronald öz ölümünü hazırlayır.

Amerika hüquq sistemi və cinayət məcəlləsinə görə bu iş intihar sayılıb,bağlanmışdır,lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə,təqsirkardan maddi cəhətdən asılı olan şəxsi özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaq cəzası üç ilədək və ya üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə dəyişə bilər.**Burdan da aydın olduğu kimi,əgər Ronald Opus’un intiharı Azərbaycan və ya başqa ölkə də olsaydı,nəticə və cəza fərqli ola bilərdi.



*- David Hume, An Enquiry Concerning Human Understanding

**- Azərbaycan Respublikası Cinayət Məcəlləsi

Yorumlar

Yorum Gönder