Stoiklər - Kamran Kərimli




Müəllif: Kamran Kərimli


  Xoşbəxtlik və azadlıq bu prinsipi anlamaqla başlayır: bəzi şeyləri idarə etmək əlimizdədir, bəzilərini isə yox.

Epiktet

  Roma imperiyasının hakim fəlsəfəsi olan stoik fəlsəfə bir hərəkat kimi təqribən 500 il davam etmişdir. Bu dövrdə Yunan fəlsəfəsi "Yunan" olmaqdan çıxıb, ölkələrarası bir ölçü qazanmışdı. Daha çox əxlaq fəlsəfəsi ilə önə çıxan Stoik fəlsəfə insan həyatının bütününü əhatə edən bir fəlsəfədir. 

TARİXİ: İlk stoik filosofların əksəriyyəti suriyalı, sonrakıların əksəriyyəti isə romalıdır. Stoik fəlsəfənin ən mühüm cəhətlərindən biri də budur ki, cəmiyyətin bütün təbəqələrinə yayılmış bir fəlsəfədir. Hətta ən məşhur nümayəndələrinə Epiktet kimi kölələri, Marcus Aurelius kimi imperatorları aid etmək olar. Zenondan sonrakı dövrdə demək olar ki, bütün hökmdarlar açıqca özlərinin Stoik olduğunu demişlər. 

TƏMƏLLƏRİ: Stoik fəlsəfə diqqətini ağıla yönəldir. Stoik fəlsəfəyə görə, var olan bütün gerçəklik ağlımızın bizə göstərdiyi bu dünyadır. (Bu mənada onlar dünyanı "Təbii Dünya" adlandırırlar) Bir həqiqət gizləməyən Təbii Dünya əqli prinsiplərə tabedir və ağılla qavranıla bilər. İnsan da təbii dünyanın bir parçasıdır. Onlara görə Tanrı insan və təbiəti (yəni hər şeyi) birləşdirən üstün ağlın ruhudur. Dolayısıyla, Tanrı Təbii dünyadan kənarda deyil: bu dünyadadır və hər şeyi əhatə edir. Başqa cür desək, Tanrı bu dünyanın ağlıdır.

ÖLÜM: İnsan təbiət ilə bir olduğundan və təbiətdən daha yüksək bir sahə olmadığından, öləndə də başqa yerə getməz. Çünki gedəcək başqa bir yer yoxdur. İnsan öləndə həll olunar və təbiətə qarışar. Stoik fəlsəfə məşhurluğunu və güclü təsirini bu inanca söykənən etik anlayışa borcludur.

HİSLƏR: Təbiəti əqli prinsiplər idarə etdiyinə görə, hər şeyin olduğu kimi olmasının bir səbəbi var. Onu dəyişdirə bilməyəcəyimiz kimi bunu da istəyə bilmərik. Bu səbəblə, ölümlü varlıqlar olmağımız gerçəyi və ya bizə bir tragediya kimi görünən bəlalar qarşısında davranışlarımız sakitcə qəbullanmaq olmalıdır. Əgər hislərimiz buna üsyan edirsə, deməli, yanlışdırlar. Stoik fəlsəfəyə görə, hislər fikirlərdir. Doğru da olsa, yanlış da olsa onlar bir "bilgi"dir. Buna görə də insan duyğuları ağıl süzgəcindən keçirilə bilər və yanlış bilgiləri doğru bilgilərdən ayıra bilər. Bunu bir həyat düsturu etsək, bütün hislərimiz "doğru" olar. Onda da təbiət ilə tamamilə birləşmiş olarıq. Məsələn acgözlülük "pulun yaxşı bir şey olduğu və pul qazanmaq üçün hər şeyin mübah olduğu" fikrinə söykənir və yanlış bir fikirdir. İnsanın bu yanlış duyğudan xilas olması üçün tamah etməyi ağıl süzgəcindən keçirməlidir. 

HƏYATI BAŞA VURMAQ HAQQI: Stoiklər həmişə həyatın eniş-çıxışlarına qarşı soyuqqanlı və səbrli olmağa çalışmışlar. Amma onlar üçün belə (depressiya, utancverici bir hərəkət və ya ölümcül xəstəliyin verdiyi istirab kimi) artıq həyatı davam etdirə bilməyəcəkləri bir iztirab gələ bilər. Onlara görə bu vəziyyətdə ediləcək ən ağıllı şey əzabsız bir yoldan həyata son verməkdir. Stoik fəlsəfəyə görə həyat bir səhnədir, rolunu oynayan aktyorun səhnədən çıxış zamanını da bilməsi lazımdır. Məşhur stoiklərin bir çoxu həyatına intihar edərək son vermişlər.

STOİK FƏLSƏFƏNİN TƏSİRLƏRİ: Stoik etika (əxlaq fəlsəfəsi) Stoiklərlə razılaşmayan filosoflar tərəfindən belə heyranedici və möhtəşəm görülmüşdür. Bu etikanı həyata keçirmək asan deyil: əslində bu məşhur etikanın əsas xüsusiyyətlərindən biri də tətbiq edilməsinin çətin olmasıdır. 

  Senecanın, Epiktetin, Marcus Aureliusun əsərlərini qələmə aldığı dövrdə yayılmağa başlayan xristianlıq üzərində şübhəsiz ki, təsiri vardır. 

  Stoik sözü günümüzdə "çətinliklərə deyinmədən dözən" insanlar üçün istifadə edilən bir ifadədir.

  Hal-hazırda özünə stoik deməməsinə baxmayaraq, stoiklərlə eyni fikirləri paylaşan çoxlu sayda insan var. 

  Təhsildə latın dilinə üstünlük verən Avropa ölkələrinin mədəniyyətlərində Stoik təlimin izlərinə rast gəlinir. 

  İngilislərin soyuq tərzlərinə yol açan hislərini ifadə etmələrində çəkinmələrinin İngiltərə məktəblərindəki təhsilə kök atmış Stoik fəlsəfədən qaynaqlanması bu mövzuda çox yaxşı örnəkdir.

  Ən məşhur stoiklər: Seneca, Marcus Aurelius, Cicero, Diogen, Laertius, Sekstos Emperikos.

Yorumlar