Vəhdət fəlsəfəsi və "Sivilzasiyalar" - Elmar Hussein



  VƏHDƏT FƏLSƏFƏSİ VƏ SİVİLZASİYALARARASI MÜNASİBƏTLƏR TARİX ELMİNİN (TARİX FƏLSƏFƏSİNİN) PROBLEMİ KİMİ 


Bakı Dövlət Üniversitetinin müəllimi


   Fəlsəfə tarixində əsasən İbn Ərəbinin (1165-1240) təlimi kimi təqdim edilən vəhdət əl-vücud təlimini müxtəlif aspektlərdən şərh etmək və qiymətləndirmək mümkündür. Amma bu təlim ilk növbədə müxtəlif düşüncə tərzlərinin, habelə islam və xristianlığın ortaq mənəvi dəyərlər aspekindən nəzərdən keçirilməsinə imkan verəcək yanaşmanın əsasında durur. Düzdür, İbn Ərəbinin fəlsəfəsində bu yanaşma özünəməxsus şəkildə əsaslandırılır. Belə ki, bu fəlsəfəyə əsasən bütün dinlərin təbliğ etdiyi, dini duyğuların mərkəzində dayanan və bu baxımdan da dinləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən eşqdir. Amma burada irəli sürülən eşqin sufi-mistik anlamının dərinliklərinə getmədən də qeyd edə bilərik ki, dinlərə belə yanaşma, onlar arasında körpü yaratmaq istəyi (həm də nəzərə almaq lazımdır ki, burada söhbət yalnız islam və onun ilahi dinlər kimi qəbul etdiyi yəhudilik və xristianlıqdan deyil, həm də onun “kafir əməl” kimi qəbul etdiyi və “bütlərə sitayişi” nəzərdə tutan digər dinlərdən də gedir) eyni zamanda həm də müxtəlif mədəniyyətlər və deməli, həm də mədəniyyətlərin müxtəlifliyi baxımından bir-birindən fərqlənən sivilizasiyalar arasında əlaqə yaratmaq istəyidir. Məhz axırıncı məqam, yəni sivilizasiyalar arasındakı münasibətlər və əlaqələr baxımından vəhdət əl-vücud təlimi tarix fəlsəfəsi üçün də mühüm əhəmiyyət daşıyacaq yanaşmanı irəli sürməyə imkan verir. Amma vəhdət əl-vücud təlimi ilə sivilizasiyalar təlimi arasında paralellər aparmağa imkan verəcək məqamı yalnız indiyə qədər qeyd etdiklərimiz ilə məhdudlaşdırmaq olmaz və bir qədər sonra biz bu barədə bəhs edəcəyik.

   “Sivilizasiya” anlayışı dini dünyagörüşün tədricən zəiflədiyi və dünyanın insanın fəaliyyət mühiti və nəticəsi kimi qəbul edildiyi zaman “mədəniyyət” anlayışının ardında Qərb cəmiyyətlərində elmi dövriyyəyə daxil olub (amma daha əvvəllər hələ orta əsr ərəb-müsəlman fəlsəfəsində İbn Həldunun (1332 -1406) da bu anlayışdan istifadə etdiyini qeyd etməliyik). Əgər xarici müəlliflərin yanaşmalarını nəzərdən keçirsək, sivilizasiya anlayışının çox müxtəlif şərhləri ilə qarşılaşa bilərik. Amma sivilizasiya anlayışının məzmununun müxtəlif şəkildə şərh edilməsinə baxmayaraq, onların az və ya çox dərəcədə iki faktor ( və ya meyar) — texnoloji tərəqqi və mədəniyyət ilə daha çox bağlı olduğunu müəyyən etmək olar. Təbii ki bu faktorlar arasında da qəti sədd çəkmək mümkün deyil, onların özləri də bir-biri ilə sıx bağlıdır. Lakin bu faktorlardan hansına daha çox üstünlüyün verilməsi həm də tarixə sivilizasion yanaşma adı altında irəli sürülən ideyalarda da tarixin inkişaf istiqamətinə dair fikir müxtəlifliyi yaradır və bu səbəbdə sivilizasiyalar arası münasibətləri nəzərdən keçirərkən sivilizasiya anlayışı adı altında məhz hansı faktoru daha çox nəzərdə tutduğumuzu dəqiqləşdirmək lazımdır. Bütün bu fərqli məqamlardan sərf-nəzər etsək, sivilizasiya təlimi adı altında tarixin inkişaf istiqamətinə dair iki istiqamətdə mülahizələr irəli sürülür. Birinci istiqamətdə vahid universal sistem olaraq bəşəriyyətin inkişafının ən mühüm mərhələləri kimi dünya sivilizasiyalarının təkamülü nəzərdə tutulur. İkinci istiqamətdə isə nəsillərin vaxtaşırı olaraq bir-birini əvəz etməsi şəklində müxtəlif lokal sivilizasiyalardan bəhs edilir. Problemə ümumi şəkildə yanaşsaq, birinci istiqamətdə tarixin dövrləşdirilməsi meyarı kimi texnoloji tərəqqi, ikinci istiqamətdə isə müxtəlif lokal sivilizasiyaların bir-birindən fərqləndirilməsi meyarı kimi mədəniyyət faktoru çıxış edir. “Sivilizasiyaların toqquşması”, “mədəniyyətlərin dialoqu”, “mədəniyyətlər plüralizmi” və s. qəbildən olan ideyalar irəli sürülərkən yuxarıda nəzərdə keçirdiyimiz iki istiqamətdən axırıncısı nəzərdə tutulur.

   Lokal sivilizasiyalar anlayışı A. Toynbinin (1889-1975) adı ilə bağlıdır. Amma biz lokal sivilizasiyalar təlimi adı altında bir qədər fərqli terminlərdən istifadə edənləri də — N.Danilevskini (1822-1885)(“mədəni-tarixi tiplər”), O.Şpenqleri (1880-1936) (“yüksək mədəniyyətlər“), P.Sorokini (1889-1968) (“mədəni supersistemlər”) və s. nəzərdə tuturuq. Bütün fərqli məqamlardan sərf-nəzər etsək, lokal sivilizasiyalar təlimi çərçivəsində sivilizasiyalararası münasibətlər baxımından əhəmiyyət daşıyan iki ideya irəli sürülür:

   Birincisi, bu təlimə əsasən lokal sivilizasiyalardan hər birinin tarixi inkişafı əslində siklik (“antitarixi“) xarakter daşıyır, müəyyən inkiaşf mərhələləri keçdikdən sonra yaradıcı qüvvəsini tükəndirir və özünün ilkin vəziyyətinə qayıdır.

   İkincisi isə hər bir lokal sivilizasiya məhv olarkən özünün inkişafı ərzində əldə etdiyi nailiyyətləri və təcrübəni digər sivilizasiyalara ötürmür. Hər bir sivilizasiya ondan əvvəl mövcud olan və ya müasiri olduğu “yad” sivilizasiyaların çox və ya az təsiri altında bütün nailiyyətləri özü yaradır. Bu isə prinsipcə sivilizasiyalararası varislik və dialoq imkanlarının inkar edilməsi deməkdir. Halbuki vəhdət fəlsəfəsinə əsasən bu imkan real olmalıdır. Amma adi tarixi biliklər də bu imkanın reallığını təstiq edir. Belə ki, hər bir sivilizasiaynın unikallığını mədəniyyətlər dialoqu yolunda təbii əngəllər sayan Şpenqlerin özü də mədəniyyətlərin qarşılıqlı təsirini tamamilə inkar etmir, amm bunu qeyri- təbii hal sayırdı: “Misir və çox böyük ehtimalla Çin mədəniyyətindən başqa bütün mədəniyyətlər daha qədim mədəniyyətlərin himayəsi altında olub; bu beynəlxalq formaların hər birində yad elementlərə rast gəlmək mümkündür.” Toynbinin fikirləri isə daha fərqli və maraqlıdır. O, 13 lokal sivilizasiyadan yalnız 5-ni canlı sivilizasiya adlandırır ki, onlar da 3-cü nəslin sivilizasiyalarıdır. Bunlardan daha əvvəl isə 1-ci və 2-ci nəslin sivilizasiyaları mövcud olmuşdur. Düzdür bu 3 nəsli bir-birindən fərqləndirən məqamlar tamamilə izah edilmir, amma hər halda bəşəriyyət tarixində nəsillərin bir-birindən fərqləndirilməsi müəyyən mənada həm də irəliyə doğru inkişaf ideyasını özündə ehtiva edir. Bu o deməkdir ki, 1-ci və 2-ci nəslin sivilizasiyalarının inkişaf siklləri müasir — 3-cü nəslin sivilizasiyalarının inkişaf siklləri ilə eyni ola bilməz. Beləliklə, Toynbinin nəsilləri bir-birindən fərqləndirilməsi nəticəsində onun lokal sivilizasiyalar arasındakı varislik əlaqələrini tamamilə inkar etməməsi qənaətinə gəlmək mümkündür. Amma Toynbinin özü də bu varislik əlaqələrinin ötürülməsi mexanizmini aydın şəkildə qeyd edir və özünəməxsus şəkildə izah edir. Onun fikrincə, tənəzzül mərhələsində daxili proletariat hökmranlıq edən azlıqdan uzaqlaşır, bu zaman narazılıqlar artır və etiraz hərəkatı böyüyür ki, bu da çox zaman xristianlıq və buddizm kimi universal dini icmaların formalaşmasına gətirib çıxarır. Hökmranlıq edən azlıq tərəfindən qurulmuş universal dövlət məhvə məhkumdur. Amma daxili proletariat tərəfindən qurulmuş universal dini icma, məsələn, xristianlıq yeni sivilizasiya üçün körpü və əsas olur.

   Nəzərdən keçirdiyimiz kimi, vəhdət fəlsəfəsinin əsasında duran müxtəlif mədəniyyətlərin, deməli, həm də sivilizasiyaların ziddiyyətlərdən daha çox eyniyyət məqamlarını özündə ehtiva etməsi ideyasını inkar etmək praktik cəhətdən mümkün deyildir. Hətta prinsip etibarilə sivilizasiyalar arasındakı qarşılıqlı münasibət və varislik əlaqələrini qəbul etməyən və hər bir sivilizasiyanın yalnız özünəməxsus mədəniyyət əsəasında formalaşması ideyasını irəli sürən lokal sivilizasiyalar təlimin nümayəndələri də bəzi məqamlarda özlərinin bu əsas ideyasından kənara çıxırlar. Qeyd etdiyimiz kimi, vəhdət fəlsəfəsinə görə bütün dinləri, mədəniyyətləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən sufi-mistik anlamda götürülən eşqdir. Amma fikrimizcə, müxtəlif mədəniyyətləri (sivilizasiyaları) yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən həmin mədəniyyətin daşıyıcısı olan cəmiyyətdə texnoloji tərəqqinin səviyyəsi və bu tərəqqinin cəmiyyətin ictimai münasibətlər sistemində yaratdığı dəyişiklikdir.

   Əvvəldə qeyd etdiyimiz kimi, sivilizasiya anlayışının məzmunu daha çox iki faktor — texnoloji tərəqqi və mədəniyyət — əsasında izah edilir. Müxtəlif özünəməxsus mədəniyyətlərin daşıyıcısı olan cəmiyyətlərdə texnoloji tərəqqinin səviyyəsini və bu tərəqqinin cəmiyyətin ictimai münasibətlər sistemində yaratdığı dəyişiklikləri diqqət mərkəzinə gətirmək üçün sivilizasiya anlayışının yuxarıdakı birinci faktor əsasında məzmununun izahına müraciət etməliyik. Bu yanaşmaya əsasən vahid dünya sivilizasiyası texnoloji tərəqqi əsasında sadədən mürəkkəbə doğru müəyyən sxem üzrə inkişaf tarixi keçib. Belə sxemdə aşağıdakı mərhələlər öz əksini tapır: yığıcılıq və ovçuluq cəmiyyəti, aqrar cəmiyyət, sənaye cəmiyyəti və post-sənaye cəmiyyəti. belə sxem üzrə inkişaf edən dünya sivilizasiyası hər bir mərhələdə konkret lokal sivilizasiyalar şəklində təzahür edir. Məsələn, Misir, Babilistan, Yunanıstan və s. kimi lokal siviliziasiyalr bütövlükdə dünya sivilizasiyasının aqrar cəmiyyət mərhələsində meydana çıxdıqları halda, onları sonrakı sənaye və post-sənaye mərhələlərində müşahidə etmək mümkün deyildir. Avropa (roman-german) sivilizasiyasını isə əksinə, axırıncı iki mərhələdə müşahidə etmək olar. Fikrimizi daha konkret ifadə etsək, qeyd etməliyik ki, dünya sivilizasiyasının hər bir mərhələsində meydana çıxan və ya müvafiq inkişaf dövrünü yaşayan lokal sivilizasiyalar arasında paralellər aparmaq və onlar arasındakı eyniyyət məqamlarını müşahidə etmək olar. Amma bu zaman onlar arasında aparılacaq müqayisənin əsası kimi yalnız texnoloji tərəqqinin səviyyəsi qəbul edilərsə, onda bu müqayisə bəsit xarakter daşıyar. Fikrimizcə, dünya sivilizasiyasının bu mərhələlər üzrə inkişaf mənbəyi də diqqət mərkəzinə gətirilməlidir.

   Ümumiyyətlə, tarix fəlsəfəsində ictimai-tarixi inkişafın mənbəyinə dair ideyanı yalnız formasiya təlimində müşahidə etmək mümkündür. Düzdür, formasiya təliminin bütövlükdə bəşəriyyətin inkişaf tarixinin dövrləşdirilməsi məqsədilə irəli sürdüyü sxem (ibtidai icma quruluşu, quldarlıq, feodalizm, kapitalizm, kommunizm) qəbul edilməz olsa da inkişaf niyə baş verir sualına bu təlimdən kənarda ətraflı cavab tapmaq mümkün deyil. Tatixə formasion yanaşmaya görə tarixi inkişafın mənbəyi kimi çıxış edən texnoloji faktor (istehsal qüvvəsi) ilə ictimai münasibətlər sistemi arasındakı dialektik ziddiyyəti dünya sivilizasiyasının inkiaşf mərhələlərinə şamil etsək, həmin mərhələlərin hər birində təzahür edən lolak sivilizasiyalr arasında daha sistemli müqayisələr aparmaq olar. Daha aydın şəkildə desək, hər bir lokal sivilizasiyada texnoloji tərəqqinin səviyyəsi iqtisadi münasibətlər sistemində, axırıncının əəsasında isə bütövlükdə iictimai münasibətlər sistemində dəyişikliklər yaradır. (Həm ictimai münasibətlər sisteminin texnoloji tərəqqiyə, həm də digər ictimai münasibətlər formasının iqtisadi münasibətlər sisteminə əks təsir ehtimalı da realdır.) Deməli, dünya sivilizasiyasının inkişafının eyni mərhələsində təzahür edən lokal sivilizasiyalarda oxşar texnoloji tərəqqi oxşar ictimai münasibətlər sistemini formalaşdıracaq. (Biz təbii ki, burada formasiya təlimində, xüsusən bu təlim çərçivəsində ortodoksal yanaşmada olduğu kimi bu ictimai münasibətlər sistemini tamamilə eyniləşdirmə fikrindən uzağıq.)

   Əvvəldə qeyd etdiyimiz kimi, vəhdət əl-vücud təlimi ilə sivilizasiyalar təlimi arasında paralelləer aparmağa imkan verəcək məqamı yalnız indiyə kimi üzərində dayandığımız məqam (müxtəlif mədəniyyətləri yaxınlaşdıran eyniyyət məqamı) ilə məhdudlaşdırmaq olmaz. Vəhdət əl-vücud təliminin başlıca müddəalarından biri hissə ilə tamın eyniyyəti məsələsidir. İnsan da, təbiət də eyni bir tamın hissələridir. Bizim yaşantılarımız təbiətin öz yaşayışının təzahürlərinə uyğundur. Təbiət nəfəs alır; biz onun nəbzini tuturuq, ürək döyüntülərini eşidir. İbn Ərəbiyə götə təbiət də bir insan orqanizmi ilə müqayisə oluna bilər. Lokal sivilizasiyalar təliminə görə də insanın mahiyyəti haqqında düşünərkən biz zəruri olaraq həm də cəmiyyətin mahiyyəti haqqında düşünürük. Ayrıca fərdin bioqrafiyası insan nəslinin yığcam tarixi kimi çıxış edir. İnsanın inkişaf mərhələləri cəmiyyətin inkişaf mərhələləridir. Biri digərinin öyrənilməsinə kömək edir. Başqa sözlə, burada vəhdət fəlsəfəsi insanın və cəmiyyətin (siviliziasiyanın) vəhdəti kimi çıxış edir. 



Bəhmənyar Fəlsəfə Klubu...

Yorumlar