"Şopenhauer və Hegeldə cinayət məfhumu" - İmran Nəzərli

I.Giriş. Cinayət anlayışı insanlarası münasibətlər müstəvi-sində həmişə mövcud olmuşdur. 
Bunun səbəbini Şopenhauerin mərhəmət-siz , sırf həzz almaq üçün əzab verən, hər şeyə sahib olmaq istəyən və əqli qabiliyyəti yetkin olmayan insan tipində də tapa bilərik, eləcə də Hegelin xüsusi iradələrin bəlli bir məqsəd uğrunda birləşməyə ortaq bir iradə meydana
gətirməyə, ortaq iradə meydana gətirdikləri zaman xüsusi iradənin
 yenidən boy verməsində də rast gələ bilərik. Hər iki filosofun da ortaq fikrinə görə, cinayətin meydana gətirdiyi haqsızlıq vəziyyətinin “sağaldılması” yalnız dövlətin nəzarəti ilə mümkün ola bilər.
  Cinayət yanlış və ya zərərli olduğu üçün qadağan edilən, lazım gəldiyində bu yanlışın və ya zərərin kompensasiyası üçün hüquqi tədbirlər sistemi tətbiq olunan, dolayısı ilə hüquqi müstəvidə cəzanı da məcburi olaraq özü ilə birlikdə gətirən hərəkətə verilən addır. Bu tərifi Şopenhaur üçün olduğu kimi, Hegel üçün də fərqli əsaslara istinadən doğru qəbul edə bilərik. Burada ilkin Şopenhauer fəlsəfəsinin təməl xarakteristikasını əsas götürərək bəhs etdiyimiz mövzuya toxunacam və ardınca eyni sxemi Hegel üçün də tətbiq edəcəm. Beləliklə, hər iki filosofun cinayət məfumuna aid qavrayışının və baxış bucağının fərqli aspektlərini göstərəcəm.

II. Şopenhauer
  Şopenhauer Hegellə eyni kanon (ədəbiyyat nəzəriyyəsində ehkam formasını almış, qəlibləşmiş yaradıcılıq qaydaları və normalar sistemi) içərisində, eyni fəlsəfi mühitdə əsərlərini yaratmış, lakin ondan tam fərqli bir sistem ortaya qoymuşdur.İnsanın eqoist, özünə və ətrafındakı hər şeyə ziyan verən davranışlarını vurğulamış, beləliklə, pessimist bir mövqedə yer almışdır. “Pislik, şübhəsiz, pozitiv mahiyyətə sahib və özünü hiss etdirən bir şeydir.Başqa sözlə, hər tip tətmin olma və xoşbəxtlik halı neqativdir, yəni əzabın sona çatmasıdır (xoşbəxtlik deyə bir şey yoxdur, bunun yerinə bədbəxtliyin olmama halı vardır).(1)
     Tacir olması üçün atası tərəfindən yetişdirilən Şopenhauerin universitetə qəbul olmaq və fəlsəfə  ilə məşğul olmaq xəyalı atasının ölümündən sonra anasının dəstəyi ilə gerçəkləşir. Tibb təhsili üzrə Göttingen Universitetinə qəbul olduqdan sonra  buradakı fiziologiya dərsləri ilə insana dair qavrayışı formalaşır.(2) Bundan sonra fəlsəfə təhsili almaq üçün Berlin Universitetinə yollanan Şopenhauer fəlsəfəyə dair fikirlərini belə ifadə etmişdir: “Fəlsəfə sadəcə sərt qayalıqlar və tikanlarla örtülü olan bir dik bir yoxuşu aşaraq çatılması mümkün  yüksək bir dağ yoludur. Bomboş olan bu yol yuxarılara doğru çıxdıqca daha da tənhalaşır. Bu yolu çıxan hər kim olursa olsun, hər hansı bir qorxu nişanəsi göstərməməli, hər şeyi geridə buraxmalı və qarlı qışda özündən əmin addımlarla yoluna davam etməlidir. Tez-tez uçurumlarla qarşılaşacaq və aşağıdakı yaşıl çəmən və vadilərə baxacaqdır. Şiddətli bir başgicəllənmə onu uçuruma doğru yaxınlaşdıracaqdır, ancaq o, özünü idarə etməli və böyük bir qətiyyətliklə və əzmlə qayalıqlara tutunmalıdır. Bunun qarşılığında isə aşağıda qalan dünyanı görə biləcək, çöllərin və bataqlıqların gözdən itdiyinə, təpəli yolların düzləşdiyinə, qulaq cingildədən səslərin eşidilməz hala gəldiyinə və aşağıdakı dünyanın yuvarlaq şəklinin açıqca qarşısında görünməsinə şahid olacaqdır.Artıq saf və sərin dağ havası altında o, günəşə baxarkən, geridə qalan hər kəs aşağıda, ölüm səssizliyində boğuşacaqlar.”(3)
   Şopenhauer insanın azad iradəyə sahib olmadığı fikrini vurğulayır. Onun fikrincə, insan davamlı olaraq nələri isə arzu edir, bunun üçün səy göstərir, nəhayət, tətmin (arzusunu reallaşdırır) olur və dərhal sonra yeni bir arzu meydana gəlir, insan yenə səy göstərməyə başlıyır, yenə səy göstərir və yenə tətmin olur. Və bu onun ölümünə qədər davam edir. Bu tətmin anları isə o qədər qısamüddətli olur ki, insan onları xatırlamır belə. Bunun yerinə onun xatirində qalan davamlı olaraq nə üçünsə səy göstərməkdə olmasıdır. Davamlı olaraq özündə olmayan bir şeylər üçün müharibə vəziyyətindədir. Stabil bir vəziyyətə çatması yalnız ölümü ilə mümkün ola bilər. Bunun xaricində isə davamlı olaraq nələri isə istəyəcək, istəmənin köləsi olduğu bir həyat yaşayacaqdır. İstəmə azadlığı gərəkdirən bir vəziyyət deyildir. İstəmə doğumdan etibarən gələn saf insan xarakterinin ətraf mühitlə, çeşidli hallar və vəziyyətlərlə mürəkkəb əlaqəsindən meydana gəlir. Yəni azad “istək” deyə bir şey yoxdur, çünki “bunu niyə istəyirəm?” sualını özümüzə hər verdiyimiz zaman cavab “çünki belə istəyirəm”-dən o tərəfə getmir. İnsanın isə bir çox hallardan ətraf-mühitini və doğuşdan gələn xarakterik özəlliklərini dəyişdirmə imkanının olmaması bu vəziyyətin əsas səbəbidir.
   Xarakter dəyişilməzdir. Təhsil insana əgər onun əxlaqlı davranmağa dair hər hansısa bir xarakterik özəlliyi yoxdursa, əxlaqlılıq qazandıra bilməz. Əxlaqa uyğun motivli hər hansısa bir hərəkətin edilməsi həmin insanı əxlaqlı biri etməz. Eləcə də əxlaqi xarakterik özəlliklərə malik insanın hər hansı əxlaqsız motivli hərəkəti, əgər bu hərəkət onun xarakterinə xitab etmirsə, bu, onu əxlaqsız bir insan etməz. Bu baxış bucağının kökü Şopenhauerin iradə və ağıl məfhumlarını bir-birindən ayırmasından irəli gəlir. Yəni davranışla nəticələnən instinktlər iradədən gəlir, burada ağıl söz sahibi deyildir. Ağıl iradənin təsiri altına girən,  istəklərin təmin edilməsi vəzifəsini yerinə yetirən “maşındır”.
   Azadlığın Şopenhauer fəlsəfəsində, ümumiyyətlə, müzakirə obyekti olmaması,  məsuliyyət məsələsini də mübahisəli bir hala gətirir. Belə ki, olduğundan başqa cür davranma imkanı olmayan bir insanın hərəkətinin nəticəsində də hər hansı bir məsuliyyət daşıdığından danışa bilmərik. Məsuliyyət sahibi olmaq hərəkətin başdan sona insanın öz iradəsi və istəklərinin nəticəsi olmasını qəbul etmək deməkdir. Fəqət doğuşdan və də dəyişilməz xarakterli bir bir xüsusiyyət məndə mövcuddursa, bunun əksi isə mümkün deyilsə, elədiyim şeylərə görə məsuliyyət daşıya bilmərəm. Halbuki məsuliyyət etdiyim hərəkətin nəticələrinə görə özümün mühakimə edilməyim deməkdir. Əxlaqi bir dayaq gərəkdirir. Fəqət Şopenhauer bizi ən başda insanın əxlaqsızlığı barədə xəbərdar edir. İnsan özünə sərf edəni edən, öz mənafeyini və maraqlarını hər şeyin fövqündə tutan və bunun üçün hər yola baş vurmaqdan heç çəkinməyən bir varlıqdır. Bu səbəbdəndir ki, insan soyu var olduğu müddətcə pislik və bədxahlıq da mövcud olacaqdır. Əgər içərisində olduğum vəziyyət öz varlığımla ( doğuşdan gələn və dəyişilməz xüsusiyyətlərim)  uyuşursa, “məsuliyyətli” davrana bilərəm. Lakin lazımi qədər çətinliyə düşsəm  və üstünə-üstlük hələ bir də varlığımı təhdid edən bir haldan söhbət gedirsə, məsuliyyət hissim sönəcək və daha güclü instiktlərin təsiri altına girəcəm.
   Belə bir düşüncə sistemi içərisində “cinayət” məfhumu, fikrimizcə, incələnməyə dəyər. Çünki cinayət başqası ilə münasibət zamanı tərəflərdən birinin digərinin hüquqlarını pozması ilə, ya da hər iki tərəfin də qəbul etdiyi ortaq bir normanın heçə sayılması ilə yaranır. Şopenhauerə görə, haqq başqasına zərər vermədiyim müddətcə edə biləcəyim hər şeydir, haqsızlıq isə öz istəklərimə çatma iradəmi başqa birinin öz istəklərinə çatma iradəsindən üstün tutmağımdır (4). Cinayət (haqsızlıq) iradəylə, lakin azad şəkildə olmayaraq həyata keçirilir. Cinayətə qarşı mübarizə yolu cəzadır ki, bu da başqa tip qarşı-instiktlər  yaradaraq insanları cinayətdən uzaqlaşdıracaqdır. Lakin yenə də cinayətin tamamilə ortadan qalxması müzakirə obyekti deyildir, çünki fərqli xarakterlər və fərqli instiktlər saysız-hesabsızdır və onlardan cinayətə yönələni hər zaman tapılacaqdır.
   İnsanın xaricdən gələn bir mühakimə olmadığı müddətcə özünü cinayətkar, yaxud məsum sayma qabiliyyətinə və məsuliyyətinə sahib olmaması qənaəti Şopenhauer və Hegelin cinayət anlayışlarını ayıran elementdir. Bu səbəbdən Şopenhauerin cinayət məfhumunun “ayıb” anlayışına bənzədiyini söyləyə bilərik. Ayıb xaricdən kiminsə görməsi üzərinə yaxalanmış olmaqdan dolayı insanın öz hərəkəti barədə utanmağa bənzər bir şey hiss etməsidir. Ayıb olan şeyin adı dəyişdirilərsə və ya dünən ayıb olan şey bu gün ayıb olmayan bir şey halına gələrsə, insan da vəziyyətə uyğun davranacaqdır.

III. Hegel
   Hegelin cinayət anlayışına dair incələmələrinin yer aldığı  “Hüquq Fəlsəfəsi” mətnində iradə özünü üç momentdə gerçəkləşdirir: mücərrəd haqq, əxlaq və adət. Bunlar bir bütün olaraq obyektiv ruh sahəsini əmələ gətirir. Obyektiv ruh içində olduğumuz bir sahədir.
   Hüququn müzakirə obyekti insanın mənəviyyatı, öz içində sahib oluğu keyfiyyətlər deyil, onun xarici, həyata keçirdiyi hərəkətlərdir. Lakin digər tərəfdən hərəkətlərimizə istiqamət verən şey də elə daxili keyfiyyətlərimizdir. Bu səbəbdən bu 3 momentdə Hegel xarici sahədən başlayır, sonra əxlaqa dönür və sonra bunların  əlaqəsini nəzərdən keçirir.
   Fərd olmaq bioloji varlığımızın, birinci təbiətimizin xaricinə çıxmaq ,bir  sosial statusa sahib olmaq deməkdir. Hegelin fikrincə, insan yeganə varlıqdır ki, bir yolla təbiətin fövqünə çıxmağı bacarmışdır. Bu, obyektiv ruhun nişanəsidir.
   Fərd olduğum sahə hüququn sahəsidir. Hüquqdakı hər element (müqavilə bağlama, cinayət törətmə və s.) fərdə aiddir. Bunlar əgər fərd vardırsa, vardırlar. Burada cinayət sadə bir hərəkət növü deyil. Cinayətin cinayət olması üçün çeşidli hərəkət növlərini cinayət olaraq təsbit edən bir qanuna ehtiyac vardır. Fərd statusuna çatılmadığı müddətcə cinayət müzakirə obyekti deyildir. Yəni biz özümüzü azad iradə sahibi varlıqlar olaraq görmək surəti ilə fərd statusuna talib oluruq. Bu statusun arxasında isə bu və ya digər bir insanın olmasının fərqi yoxdur.
   Hegel həmçinin fərdi “haqq sahibi” kimi gözdən keçirir. Fərdin özünü göstərə bilməsi üçün zəruri olan şey isə mülkiyyətdir. Azadlıq ilk dəfə özünü mülkiyyətdə göstərir. İradənin bir hissəsi özünü mülkiyyətdə “əşyalaşdıraraq” digər iradələri tanıya bilən hala gətirir. Bu tanınma əlaqəsi də müqaviləni doğurur. Cinayət isə bu müqavilənin pozulmasıdır. (5)
  Mülkiyyət iradəmin xarici bir əşya üzərində təcəssümü olduğu üçün dolayısı ilə bu əşya üzərindən iradəm üzərində bir zorbalıq həyata keçirilə bilər. Bu zaman isə iradəm üzərində olan zorbalıq həmçinin hüquqa yönəlmiş bir zorbalıq halına gələcəkdir. Hüququn təmsil etdiyi fərd olaraq zorbalığı həyata keçirən insan isə öz iradəsinə zidd bir hərəkət etmiş olacaqdır, çünki o da bu sistemin, ümumi iradənin bir parçasıdır, lakin o, xüsusiləşməyə meyillənmişdir.
   Obyektiv ruh sahəsi yalnızca hüquqdan ibarət deyildir. Çünki hüquq saf xarici məkandır. Bu məkanın arxasında duran isə azadlıqdır. Ruh özünü hüquqda azad bir varlıq olaraq gerçəkləşdirmək istəyir və bunu 3 yolla həyata keçirir: mülkiyyət, müqavilə, cinayət və cəza. Hüquq sahəsi bütün əhəmiyyətinə baxmayaraq obyektivliyin yalnızca bir vasitəsidir. Çünki belə bir  hüququn yaşayan bir şey olması üçün tək-tək fərdlərin içində təzahür edən bir mənası, anlamı olmalıdır. Fərdin özünü həm əşya ilə əlaqəsində həm də digərləri ilə olan əlaqəsində bir hüquq subyekti olaraq bilməsi, görməsi, tanıması həm də o fərdin özünü öz içində azad bir varlıq olaraq görməsi deməkdir. Bu səbəbdən hüququn mövcudluğu bizim öz içərimizdə bir əxlaq sahibi olmağımızla çox əlaqəlidir. Bu səbəbdən Hegel hüquqdan əxlaqa keçir. Hüququn ayaqda dura bilməsi üçün öz mənəviyyatının və əxlaqının  fərqində olan və onu ciddiyə alan fərdlərin olması vacibdir.
   Əxlaqi və hüquqi bir xarakterə malik fərdin ortaya çıxardığı sahə adət sahəsidir.Adət mövcud olan praktikaların bütünüdür. Adət mövcudiyyətini fərdlərin bağlılığından alır.
  Hegelin düşüncəsinə görə, cəmiyyətə aid olan normalar cəmiyyətin nümayəndəsi olan fərdlərin daxili aləmlərinin inkişafı ilə paralel şəkildə dəyişir. Cinayəti cinayət edən qanunun mövcudiyyəti, cinayəti inkar edən əxlaqın əsəridir. Çünki “əxlaq, əxlaqi vicdan və əxlaqi insanın icad edilməsi eyni zamanda azadlığın icad edilməsidir” (6). Cinayəti törədən adamın da eyni normativ müstəvidə bir fərd olması onun törətdiyi cinayət ilə öz iradəsi əleyhinə bir fəaliyyət həyata keçirməsini sübut edir. Utanc başqası görsə də, görməsə də, mənim öz törətdiyim əmələ görə peşman olmağımdır.

IV.Nəticə
   Şopenhauerə görə, insan azad iradəyə sahib olmadığından cinayət məsuliyyət anlayışı olmadan yalnızca digərinə zərər vuran hərəkəti olaraq qiymətləndirilməlidir.Hegelə görə isə, cinayət insanın digərinə olduğu qədər özünə də ziyan vuran bir hərəkət, daha dəqiq desək, özünə xəyanətdir. Şopenhauer iradə və ağlı bir-birindən ayıraraq ağlı iradənin istəklərinin yerinə yetirilməsi vasitəsi kimi qiymətləndirir. Halbuki Hegelə görə, iradə və ağıl bir sistemin iki elementidir. Həyat əqli olduğu qədər iradi, iradi olduğu qədər əqlidir. Bu çərçivədə Hegel cinayət anlayışını bu ikisinin qarşıdurmasının nəticəsi olaraq qələmə vermişdir.
 Hegelin cinayəti hüquq və əxlaq məsələsi adlanırdamsına qarşılıq, Şopenhauerə görə, cinayət  salt (saf) hüquq məsələsidir. Bununla belə, Hegel və Şopenhauerdə ortaq cəhət cinayəti bir fakt kimi qəbul etmələridir. İstər əxlaqla və hürr iradəylə əlaqəli olsun, istər azad iradədən asılı olmadan instinktiv olaraq törədilmiş olsun, cinayət toplumun obyektiv reallığıdır. Şopenhauer son nəticədə məsuliyyət olmasa belə, cəzanın lazımlılığı qənaətinə gəlir. Hegelə görə isə, insan yalnız fərdə çevrildikdən sonra öz arzusu və iradəsiylə cinayət törədərsə, cəza bu əməllə birlikdə gəlməlidir.

İstinadlar:
(1) Schopenhauer, Hayatın Anlamı, Say Yay., İstaanbul, 2017, s.14;
(2) David E. Cartwright, Schopenhauer, İş Bankası Yay., Nisan, 2014, İstanbul, 4.Bölüm;
(3) Schopenhauer, Manuscript Remains, Cilt 1, *20, Akt: Cartwright;
(4) Schopenhauer, Hukuk, Ahlak ve Siyaset Üzerine, Say Yay., İstanbul, 2016, s.85;
(5) Hegel, Tüze Felsefesi, Çev. Aziz Yardımlı, İdea Yay., İstanbul, 2006, Birinci Bölüm;
(6) Age. s.480.


Tərcümə edən: İmran Nəzirli (LawPlatform)
Original Mənbə: Düşünbil

Yorumlar