Sonsuz dönən fəlsəfə: Hegel - Kamran Kərimli




Müəllif: Kamran Kərimli


"Əslində tarix insanların "günahlarının, çılğınlıqlarının və fəlakətlərinin" toplusundan başqa bir şey deyil, amma təcrübənin bizə öyrətdiyi yeganə şey budur ki, xalqlar və dövlətlər tarixdən heç vaxt nəsə öyrənməyiblər."

Hegel

Baş döndürən fəlsəfə ənənələri arasında, şübhəsiz ki, XVIII-XIX əsr Alman idealizminin xüsusi bir yeri var. Hər fəlsəfə tarixinin baxmadan keçə bilmədiyi, amma baxanda da özünü kifayətsiz hiss etdiyi XVIII-XIX əsr Alman idealizmi öz dövrünün fəlsəfəsini xeyli məşğul edib və günümüzdəki fəlsəfəyə də təsirsiz ötüşməyib. Bu ənənənin İmmanuel Kant (1724 - 1804) ilə başladığını desək, yanılmarıq. Amma bu ənənədə öz yerini tutan digər filosoflar Johann Gottlieb Fichte (1762-1814), Friedrich Schelling (1775-1854) əlbəttə ki, Georg Vilhelm Frierrich Hegel (1770-1831) olmuşdur. İndi biz Hegel və onun fəlsəfəsinə aid bəzi qeydləri paylaşacağıq.

27 avqust 1770-ci ildə Ştuttqartda dünyaya gələn Hegel bir dahi həyata necə başlayırsa elə də başlamışdır. Hələ 8 yaşında olanda o, Sheakspeare'in 18 cildlik əsərlərini oxumuşdur. Bundan sonra teologiya üzrə təhsil almış, qısa müddətdə bu təhsili bitirmiş və doktorantura da oxumuşdur. Doktoranturasını tamamladıqdan sonra həyatına müəllim kimi davam edən Hegel atasının ölümündən sonra ona qalan miras səbəbilə maddi cəhətdən xeyli rahatlaşır. Buna görə də Jena'ya gedib universitet müəllimi ola bilir. 

Universitet müəllimi olan Hegel ən böyük əsəri olan "Ruhun fenomenologiyası" əsərini 1807-ci ildə bitirir. Bundan sonra xeyli məşhurlaşan Hegel əvvəlcə Heidelberg'ə, sonra isə Berlin universitetinə professor təyin edilir. Qarşısıalınmaz fəaliyyəti ilə burada Hegel rektorluğa qədər yüksəlir. Amma bir müddət sonra faciə baş verir. İl 1829... 14 noyabr 1831-ci ildə vəba epidemiyasının qurbanlarından biri də Hegel olur. 

Hegelin fəlsəfəsindən danışmadan öncə bu cümləni diqqətlə oxumaq lazımdır: Hegel fəlsəfə tarixinin ən anlaşılmaz, ən çətin filosoflarından biridir. Onun fəlsəfəsini anlamaq üçün fəlsəfi terminlərini bilmək və geniş fəlsəfə tarixini analiz etmək lazımdır. Amma Hegel fəlsəfəsini bir cümlədə belə deyə bilərik: Hegel mütləq idealist bir filosofdur.

Mütləq idealizm hər şeyin Mən'in içində olduğu və ya şüurun kənarına çıxan heç bir şeyin olmadığı, daha açıq desək Ruhun hər şeyi əhatə etdiyini deyən bir düşüncədir. Hegel Tin, Ruh, Mən, Geist kimi sözləri yaxın mənalarda istifadə etdiyinə görə onları ayırmaq çoxumuza çətin gəlir. Amma sadə bir fəlsəfə ilə məşğul olmaq üçün bu ifadələri eyni mənada almaq bizi Hegel fəlsəfəsinə yaxınlaşdıra bilər. Hegelin ən böyük dərdi, azad şüuru kifayət qədər yaxşı qavrayıb, yaxşı şəkildə ortaya qoymaqdır. Bu qavrayış üçün məşhur ağa-kölə dialektikasını ortaya qoyan Hegel, iki fərqli şüur formasının mübarizə münasibəti içində özlərini tanımağa çalışdığını bildirir. Əlbəttə, bu kobud dildə belədir. Ruh daxilində gedən bu mübarizə daha qarışıq bir müddəti ifadə edir. Sonda gedilən nöqtə isə budur: Bu mübarizə münasibətində özünü tanıyan Mən yadlaşmadan xilas olur və özünü Ruhun daxilində bir nöqtə olaraq görür. Haqqında danışdığımız Ruh qarışıq deyil, amma Hegel fəlsəfəsində mühüm bir qavramdır. Ruh Hegelin döngüsəl tarix anlayışında hər Mən'in özünü tanımasına verilən bir addır. Saltık və Geist də bu adla haradasa eyni mənadadır. 

Hegelin Geist nəzəriyyəsinin 3 şəkildə açıqlana bilməsi diqqət olunmalı nöqtələrdən biridir. Hegelə görə, Geist özünü 3 şəkildə göstərir ki, bu da dialektik yöntəmin əsərlərindəndir. Geist tam olaraq insani Ruhdur. Açıq desək, insan ruhunu ifadə edən bir anlayışdır. Daha sonra özünü ağa-kölə dialektikası ilə tanıyan Mən, əşyəvi Ruh kimi bədən halına gəlir. Əşyəviləşən Ruh üçün artıq, hüquq, dövlət, əxlaq, mədəniyyət kimi anlayışlar Mütləq Ruha aparan bir pillə sayılırlar. Hegel fəlsəfəsində Mütləq Ruh 3 addımda çatılan bir nöqtədir. Birinci pillə incəsənətdir ki, bu tezisdir. İkinci pillə dindir ki, bu da antitezisdir. Üçüncü pillədəki sintez isə fəlsəfədir. Hegel bununla da Mütləq Ruha yalnız və yalnız filosofların çata biləcəyini deyir.

Hegelin fəlsəfəsi məntiqi bir fəlsəfədir, daha açıq desək, hissələr bir-birini məntiqi cəhətdən izləyirlər. Demək olar ki, hər mövzunu əhatə edən Hegel fəlsəfəsi siyasət fəlsəfəsindən əxlaq fəlsəfəsinə, incəsənət fəlsəfəsindən mədəniyyət fəlsəfəsinə, zehin fəlsəfəsindən məntiq fəlsəfəsinə bir çox fəlsəfədaxili qayda-qanuna toxunur. Bəlkə də buna görədir ki, Hegelə bir çox tənqid yönəldilmişdir. Məsələn, Marx Hegelin dialektikasını "baş aşağı durub" deyərək deyərək tənqid etmişdir. Amma qarşı tərəf də "Marx özü baş aşağı durduğundan elə görür" deyərək tənqidi zərərsizləşdirə bilər. Nəzərə alınmalıdır ki, Hegel fəlsəfəsinin bir hissəsini tənqid etmək üçün girişdə yazılmış hissə çürüdülməlidir. Çünki bütün hissələr girişdəki hissəni məntiqi baxımdan izləyir. Girişdəki hissə çürüdülmədikcə, Hegel fəlsəfəsini çürütmək mənasız bir cəhd olacaq. 

Bu yorucu yazının ardından bu sadə cümlələri yazmaqda fayda var: Hegel fəlsəfə tarixinin dönüş nöqtələrindən biridir. Onun fəlsəfəsi diqqətləri cəlb etməkdə, əhəmiyyətini və yeniliyini davam etməkdə israr edir. Və belə görünür ki, onun fəlsəfəsi bundan sonra da bir çox filosofu məşğul edəcək.

Qeyd: Əksəriyyət "Saltık", "Ruh", "Geist" deyilən şeyi "Tanrı" olaraq sadələşdirir. Amma bu asanlığa qaçmaq Hegel fəlsəfəsinə edilən bir həqarətdir. Hazırda günümüzdə isə Hegel oxuyarkən "sağ Hegel" "sol Hegel" müzakirələrinə girmək bu nöqtədə mənasız olacaq.

"Məhdudlaşdırmaların fərqində olmaq, indidən onların xaricində olmaqdır."

Yorumlar