Təqdim
olunan bu yazıda "Dərin psixologiya"nın banisi hesab edilən K.Q.Yunqun
bəşər sivilizasiyasının yaranmasında önəmli faktor hesab etdiyi
"arxetip" və "kollektiv şüursuzluq" nəzəriyyələri, eləcə də,
Yunqun psixoloji faktorların öyrənilməsi və onların həll edilməsi məsələlərində
praktiki tərəflərinin daha önəmli olması haqqında maraqlı təsvirlər yer
almışdır. Qeyd edək ki, məqalə uzun olduğu üçün, bu yazıda
müəyyən hissələri ixtisar edilmişdir. Lakin, ümidvarıq ki, bu, yazının ümumi məzmununa xələl gətirməyəcəkdir.
müəyyən hissələri ixtisar edilmişdir. Lakin, ümidvarıq ki, bu, yazının ümumi məzmununa xələl gətirməyəcəkdir.
Ruhun
quruluşu
Dünyanı
və insanı özündə əks etdirən psixika, elə sonsuz mürəkkəbliklərlə dolu olan
predmetdir ki, onu müxtəlif tərəflərdən müşahidə etmək və öyrənmək olar. Ruh da
elə qarşımıza dünyanın qoyduğu eyni problemlə çıxır: dünyanın sistemli öyrənilməsi
prosesi imkanlarımız xaricində olduğundan, biz burada praktik metodlarla kifayətlənməli
oluruq və onun bizi xüsusilə maraqlandıran aspektlərini seçirik. Hər bir şəxs dünyanın ona görünən seqmentini seçir, bundan özünün məxsusi
dünyacığını yaradır. Onun yaratdığı bu kiçik dünya çox
vaxt bütöv dünyanın başqa hissələrindən bütünlüklə ayrılmış vəziyyətdə olur.
Buna görə də, hansısa bir müddətdən sonra özü üçün belə bir dünya yaradan şəxsə
elə gəlir ki, sanki, o, bütöv dünyanın mənasını və quruluşunu anlamaq səviyyəsinə
çatıb. Ancaq, sonlu olan sonsuz olanı əhatə edə bilməz. Psixi hadisələr aləmi bütöv
dünyanın yalnız bir hissəsini əhatə edir və məhz elə buna görə də, onu bütöv
kainata nisbətən daha asanlıqla qavramağın mümkün olduğunu düşünürlər. Ancaq, çox
vaxt psixikanın biz insanlara bilavasitə verilən fenomen olduğu və buna görə də,
onun bütün təcrübələrin sinequanon (dəyişilməz şərti) olduğu unudulur.
Tərəfimizdən bilavasitə yaşanılan
yeganə şey şüurumuzdur. Belə deməklə, heç də "dünyanı" onun
haqqındakı "təsəvvürlərimizlə" (idea) eyniləşdirməyə çalışmıram...
Əlbəttə, mənim nöteyi-nəzərim
psixoloji yönlüdür; bundan başqa, bu mövqe, praktika ilə məşğul olan və başlıca
məqsədi pasiyentlərində özünü göstərən mürəkkəb və xaotik ruhi vəziyətlərdən
bacardıqca tez baş açmaq olan psixoloqun mövqeyi ilə də üst-üstə düşür. Belə nöqteyi-nəzərin,
qaçılmaz olaraq, öz laboratoriyasının sakit bucağında oturub təcrid olunmuş
psixi prosesləri tələsmədən öyrənmək imkanı olan akademik yönlü psixoloqun nöqteyi-nəzərindən
kəskin fərqlənməsi zəruridir. Bu müxtəlifliyi haradasa, cərrahla histoloqun işləri
arasındakı fərqə bənzətmək olar. Bundan başqa, mən, "özlüyündə olan şeylərin"
(noumenlərin) nə olduğunu və onların mütləq olub-olmadığını deməyi öz borcu
hesab edən filosofa da bənzəmirəm. Mənim
predmetim bütünlüklə təcrübə sərhədləri daxilindədir.
...Beləliklə də, əgər biz şüurun məzmununu
təsnifləndirmək istəyiriksə, onda ənənəyə uyğun olaraq, belə bir mühakimədən
başlamalıyıq: Nihil est in intellektu, quod non antea fuerit in sensu
(Latıncadan: Şüurda, öncədən duyğularda yaşananlardan başqa heç nə yoxdur)
Belə görünür ki, şüur bizə xaricdən,
sensor (duyğu) persepsiyaları (sense-perceptions: duyğu və qavramalar) şəklində
verilir (Psixoloji ədəbiyyatda buna "duyğular və dərk olunmamış
qavrayışlar" deyilir). Biz dünyanı görür, eşidir, onun dadını və iyini
duyur, beləliklə də, onu dərk edirik. Bu qavramlar bizə nəyinsə mövcudluğundan
xəbər verir. Ancaq, onlar bizə məhz nəyin mövcud olduğunu birbaşa açıqlamır. Nəyin
mövcud olduğu haqqında biliyi biz persepsiyadan deyil, fövqəladə dərəcədə mürəkkəb
quruluşu olan appersepsiyadan (əvvəlki həyati təcrübə və qavrayış
anında olan psixi durum) alırıq. Bu, heç də duyğu persepsiyalarının sadə
quruluşlu olmasını iddia etmək deyildir, ancaq, onun mürəkkəbliyi psixi yox,
daha çox fizioloji təbiətlidir. Appersepsiyada bir sıra psixi proseslərin
qarşılıqlı təsirini görə bilərik. Tutalım, mənşəyi bizə bəlli olmayan özünəməxsus
bir səs eşidirik. Müəyyən bir müddətdən sonra bu səsin mərkəzi qızdırıcı
sisteminin borularında olan köpüklənmədən yarandığını öyrənir; biz səsi
tanıdıq. Onun tanınması prosesinin qaynağı isə bizim təfəkkür adlandırdığımız
anlayışdır. Məhz təfəkkür bizə nəyin nə olduğunu deyir.
Qiymətləndirmə prosesi
başqa cür həyata keçir. Gördüyümüz alov bəyənilən və ya xoşagəlməz xarakterli
emosional reaksiyalar doğurur. Bununla da yaddaşda oyanan obrazda ona uyğun
gələn və hissi (duyğu) ton kimi bəlli olan emosional fenomen yaradır. Beləliklə
də, duyğuların obyekti bizə bəyənilən, ürəyəyatımlı və gözəl, yaxud da bunun əksinə
olaraq, xoşagəlməz iyrənc və çirkin görünür. Adi danışıqda bu prosesə hiss
(feeling) deyilir.
İntuisiya prosesi nə duyğu vasitəsi
ilə qavrama, nə təfəkkür, hətta heç hissin özü də deyildir, ancaq, bizim danışdığımız
dil məyusedici şəkildə bunlar arasındakı fərqi göstərməkdə çətinlik çəkir.
Misallara baxaq; Adamlardan biri ucadan səslənir: "Ah, mən alovun artıq bütün
evi necə bürüdüyünü gördüm!" Bir başqası isə bu halda belə deyir:
"Bu, gün kimi aydın bir işdir: burada alov başladımı o andaca fəlakət baş
verər". Üçüncüsü isə: "Hiss edirəm ki, bu alovun nəticəsində böyük bədbəxtlik
ola bilər". Temperamentlərinə uyğun olaraq adamlardan biri öz intuisiyası
haqqında bəlli bir görüntü (seeing) kimi danışır, yəni ki, alovun
qavranılmış obrazını yaradır. İkincisi, intuisiyanı təfəkkür kimi ifadə edir:
"Düşünmək yetər ki, bunun hansı nəticə
verəcəyi aydın olsun". Üçüncüsü isə, emosiyaların təsirilə öz
intuisiyasını hiss prosesi kimi aşkara çıxarır. Ancaq mənim anladığıma görə, intuisiya
ruhun əsas funksiyalarından biridir, məhz situiasiyalarda olan imkanların
qavranılmasıdır.
... Bundan
başqa, şüurun məzmununu keyfiyyətcə dəyərlən-dirməkdə iradi (volitional) və
instiktual (instinctual) prosesləri də fərqləndirmək olar. Birincilər appersepsiyaya
əsaslanmaqla idarə olunan kimi, azad iradə adlandırdığımızın nəzarəti
altında nəzərdən keçirilir. İkincilər isə, öz başlanğıcını şüursuzluqdan
götürən və ya bilavasitə bədəndən götürən impulsları təmsil edir, azad olmaması
və kompulsivliyi ilə seçilir. (Kompulsivlik - insanın qeyri-iradi və
periodik olaraq yerinə yetirdiyi hərəkətlər, duyğular, emosiyalara deyilir; bu
davranış və hisslər daimi təkrarlanmaqda davam edir. Tərcüməçinin qeydi)
Apperseptiv proseslər idarəolunan
(və istiqamətli), ya da idarəolunmayan (və istiqamətlənməmiş) ola
bilər. Birinci halda "diqqətdən", ikinci halda isə "fantaziya"
və ya "xülyalardan" danışırıq. İdarə olunan proseslər - rasional, idarə
oluna bilməyənlər isə - irrasionaldır.
İndicə qeyd
etdiyimiz proseslərin sırasına biz gərək şüurun məzmunun yeddinci kateqoriyası
qismində yuxugörməni də əlavə edək. Yuxugörmənin şüurlu fantaziya ilə bəzi
uyğunluqları vardır, çünki, onlar da idarəolunmaz, irrasional xarakterə
malikdir. Ancaq, onlar həm də, bu şüurlu fantaziyalardan fərqlənirlər, belə ki,
yuxugörmənin səbəbi, müddəti və məqsədinin özü ilkin olaraq bizdən bütünlüklə
gizlin qalır. Ancaq, mən hər halda yuxugörmələri də şüurun məzmununa daxil etməyi
doğru sayıram, çünki, onlar şüursuz psixi proseslərin şüura sızan ən vacib nəticələridir.
Bəlli olduğu kimi, belə bir baxış mövcuddur
ki, bütün psixi proseslər yalnız şüurla bağlıdır, belə ki, şüur mahiyyətcə elə
psixika ilə eynilik təşkil edir. Mən bu arqumenti yetərli saymıram. Əgər biz özümüzün
duyğularımla qavradıqlarımızın xaricində nəyinsə mövcud olduğunu qəbul ediriksə,
onda yalnız dolaysı ilə öyrənə bildiyimiz həmin psixi elementlərdən danışmağa
haqqımız var. Hipnoz və somnabulizmin (yuxuda gəzmək) psixologiyası
ilə tanış olan istənilən şəxs yaxşı bilir ki, süni surətdə və ya patoloji
olaraq məhdudlaşmış şüur, baxılan hallarda bəlli bir təsəvvür daşımır, ancaq,
bu halda fərd özünü sanki bütünlüklə şüurlu haldaymış kimi aparır. Misal üçün,
bir nəfər isterik karlıqdan əziyyət çəkən qadın pasiyent mahnı oxumağı çox
sevirdi. Bir dəfə o, yenə mahnı oxuyanda, həkim ona hiss etdirmədən pianonun
arxasına keçib qadını müşaiyət etməyə başlamış və növbəti bənddən, başqa bir
tonallıqla ifa etmiş: pasiyent qadın oxumağa davam etmiş, ancaq... artıq yeni
bir tonallıqda. Başqa bir pasiyent açıq alov görəndə "isterik
epileptik" konvulsiya keçirirdi. Onun görmə sahəsi nəzərə çarpacaq dərəcədə
məhdudlaşmışdı, başqa sözlə desək, o, periferik korluqdan əziyyət çəkirdi (belə
hala bəzən "silindrik görmə sahəsi" də deyilir). Ancaq, yanan
şamı onun baxış bucağına düşməyən yerdə yandıranda da, bu pasiyentdə açıq
yanan odu gördüyü vəziyyətə uyğun isterik tutmalar yaradırdı. Belə vəziyyətə
uyğun olaraq simptomologiyada dediyimiz halın yaranması ilə bağlı saysız məlumatlar
vardır və bunu biləndən sonra şübhəyə yer qalmır ki, bu tipli pasiyentlər şüursuz
olaraq duyur, düşünür və qavrayırlar və ya ümumiləşdirib desək, başqalarının şüurun
nəzarəti altında elədiklərini onlar şüursuz olaraq edirlər. Bu proseslər şüurun
onları sezib-sezməməsindən asılı olmayaraq baş verir.
Bu şüursuz (dərk olunmayan) psixi
proseslərə, yuxugörmədə yaranan kifayət qədər əhəmiyyətli kompozisiyalar da
aiddir. Baxmayaraq, yuxugörmə elə bir haldır ki, onda şüur çox məhdud şəklə
düşür, ancaq, onun gedişində ruhun (psixikanın) mövcudluğu və fəaliyyəti
bütünlüklə qalır. Burada şüur ruhdan uzaqlaşır və diqqətini cəlb edəcək obyektlərdən
məhrum olduğundan, necə deyərlər, nisbi şüursuzluq vəziyyətinə düşür.
Ancaq, şübhəsiz ki, gümrahlıq zamanı şüursuz psixi fəallıq davam etdiyi kimi,
yuxuda da psixi həyat davam edir. Bunun sübutunu çətinlik çəkmədən tapmaq
mümkündür; Freyd özünün “Adi həyatın psixopatologiyası” əsərində məhz bu
spesifik təcrübə oblastını təsvir etmişdir. O, göstərir ki, bizim şüurlu
niyyət və fəaliyyətlərimiz çox vaxt mövcudluğu bizim üçün həmişə tam gözlənilməz
olan şüursuz proseslərin müdaxiləsi ilə qırılır. Biz danışığımızda və
yazımızda çaşırıq, şüursuzluğun təsiri ilə elə şeylərə yol veririk ki, bununla
özümüzün ən gizli sirrimizi açıb-ağardırıq və bəzən bu sirrlər, heç bizim
özümüzə də bəlli olmur. “Linqua lapsa verum dicit” (Sözünü çaşdırmaq doğrunu
aşkara çıxarır (latıncadan)) kimi səslənən qədim atalar sözü də bunu ifadə
edir.
...Ancaq şüursuz psixi fəallıqla
bağlı klassik nümunələri pataloji hallarda axtarmaq daha asandır. Demək olar
ki, isteriyaların, sayrışan nevrozların, fobiyaların simptomları bütünlüklə və ən
geniş yayılmış ruhi xəstəlik olan şizofreniyanın simptomlarının isə çox əhəmiyyətli
hissəsi, öz kökünü şüurdankənar psixi fəallıqdan götürür. Beləliklə də,
bizim tam bir əsasla şüursuzluğun psixologiyasından danışmağa haqqımız var.
Şüursuz psixika birbaşa müşahidə edilə bilmir – yoxsa, o, heç şüursuz olmazdı –
ancaq, özünün məntiqi yolla aşkara çıxarılmasına imkan vermir. Bu da doğrudur
ki, bizim məntiqi nəticələrimiz həmişə “əgər belə olsa” adlana biləcək oblasta
məhdudlaşır.
Belə olan halda şüursuzluğun ruhun
bir hissəsini təşkil etdiyini demək olar. Görəsən, biz, şüurda saxlanılan müxtəlif
məzmunlara analoji olaraq, şüursuzluq üçün də bu cür məzmunlardan söz aça bilərikmi?..
Bu suala yalnız empirik tərzdə cavab vermək olar, daha doğrusu, ona belə bir
sualı qarşı qoymaq olar: şüursuzluğun hansısa hissələrə ayrıla biləcəyi nə dərəcədə
ağlabatan ola bilər? Məncə, heç şübhə ola bilməz ki, şüurda özünü göstərən
bütün fəallıqlara oxşar hadisələrin şüursuzluqdan olması da mümkündür. Çoxlu
misallar var ki, ayıq vaxtı həll edilə bilinməyən intellektual problemlər
yuxuda həll edilib. Tanıdığım bir müfəttiş-mühasib çoxdan idi ki, bir müflisləşmə
faktının qəsdən törədildiyini sübuta yetirməyə çalışırdı. Bir dəfə o, bu işlə
gecəyarısına kimi məşğul olub nəticə əldə bilmədən yatmağa gedir. Gecə saat üçdə
həyat yoldaşı, onun yatağından qalxıb kabinetinə getdiyini görür. O, ərinin
ardınca gedib onun iş stolunun arxasında oturub ciddi şəkildə yazı yazdığını
müşahidə edir. Təqribən on beş dəqiqə sonra kişi yataq otağına qayıdıb yenidən
yuxuya dalır. Səhər, həmin gecə baş verən əhvalatla bağlı heç nə xatırlamadan
yenidən işləməyə başlamış və bu vaxt qəfildən gecə yazdığı mətni görüb artıq bu
dolaşıq işin yoluna qoyulduğunu anlamışdı.
İyirmi ildən artıqdır ki, həkimlik
praktikamda yuxugörmə ilə bağlı problemlər üzərində işləyirəm. Dəfələrlə şahidi
olmuşam ki, şüurun üzərində çalışmadığı fikir və duyğular, bir gün sonra
yuxugörmədə aşkara çıxır və beləliklə də, dolayı yollarla şüura gəlib çatır. Yuxugörmə
də özlüyündə, şübhəsiz, şüurun məzmununa daxil olan hadisədir, yoxsa, o,
birbaşa təcrübənin obyekti ola bilməzdi. Ancaq, yuxugörmənin bundan öncə
şüursuzluqla bağlı olan materialı üzə çıxarması bizi belə bir fikrə gəlməyə yönəldir
ki, bu məzmunlar şüursuzluqda hansısa psixi mövcudluq formasında olmuşlar və
yuxugörmədə yalnız onların “qalıqları” şüura gəlib çatıb. Yuxugörmə ruhun
normal məzmunlu ünsürlərindən biridir və ona sonradan şüura müdaxilə edən
şüursuz proseslərin tərkib hissəsi kimi baxmaq mümkündür.
...Əgər şüursuzluğun da yuxugörmələrinin
olduğunu isbat etmək istəyiriksə, onun da məzmunu ilə məhz belə davranmağa
borcluyuq. Yəqin ki, praktikadan bununla bağlı gətirəcəyim əyani misallar məsələni
anlamaq üçün daha sadə vasitə ola bilər.
Bununla bağlı olaraq, 27 yaşlı zabitin
xəstəlik tarixçəsini danışmaq istəyirəm. O, ürəyində olan dözülməz ağrılardan və
boğucu təsir göstərən nəfəs tıxanmalarından əziyyət çəkirdi. Nəfəsi darıxanda
ona elə gəlirdi ki, sanki, nəfəs yolunda nə isə bir maneə var. Bundan başqa, o,
sol topuğunda sancmadan yaranan ağrılara bənzər bir narahatlıq duyurdu. Bu
kritik hallar onda iki aydan artıq idi ki, başlamışdı və bəzən o, yeriyə belə
bilmədiyindən hərbi xidmətdən tərxis olunmuşdu. Müxtəlif müalicə kursları heç
bir nəticə verməmişdi. Onun xəstəlikdən öncəki həyatında baş verən hadisələrin
diqqətlə öyrənilməsi də, bu tapmacanı açmaq üçün heç bir ipucu vermirdi; üstəlik,
pasiyentin özünün tutulduğu xəstəliyin mümkün səbəbi ilə bağlı heç bir təsəvvürü
yox idi. O, şən təbiətli, hətta, bir az yüngülağıllı deyilə biləcək xasiyyətli,
həm də bir az “dəliqanlı” temperamentli bir adam təsiri bağışlayırdı, sanki,
xarici görkəmi ilə qarşısındakına meydan oxuyurdu. Üzündən: “Biz səninlə harada tutaşa bilərik?” kimi
bir ifadə oxunurdu. Xəstəlik tarixçəsindən məsələyə aydınlıq gətirən heç bir məlumat
ala bilmədiyimdən, pasiyentimdən öz yuxugörmələrini danışmağı xahiş etdim. O,
yuxugörmələrini danışmağa başlayan kimi, həmin dəqiqə hər şey aydınlaşmağa
başladı. Onda nevrozun başlanmasından əvvəl, sevdiyi qız onu ataraq başqa bir
kişini sevməyə başlayıb. Mənimlə danışığında o, bu hadisəni məsələyə dəxli
olmayan bir şey kimi təqdim edərək deyirdi: “Ağılsız qız... əgər o, məni istəmirsə, onun yerinə başqasını tapmaq mənim
üçün heç də çətin bir iş deyil. Mənim kimi kişini belə işlərlə məyus etmək
mümkün deyil”. O, özünün sarsılmış ümidlərini və böyük dərdini bu üsulla
ovutmağa çalışırdı. İndi isə onun affektləri xaricə çıxmışdı. Bir az sonra onun
ürək ağrıları keçib getdi və bir neçə dəfə hönkürüb ağlayandan sonra boğazını
tıxayan nəfəs darıxmaları da sovuşdu. “Ürək ağrısı” (Heartache) – bu
poetik ifadədir – burada ona görə aktual fakta çevrilmişdi ki, görünür, onun
qüruru bu uğursuzluğa görə ruhunun ağrımasına yol vermədiyi üçün, bu ağrı
fizioloji şəkil almalı olmuşdu. “Qlobus hystericus” adlanan “boğazda
tıxac” isə bəlli olduğu kimi axıdılmayan və udulan göz yaşlarının təsirindən
yaranır. Pasiyentin şüuru sadəcə özü üçün çox əzablı olan məzmundan
uzaqlaşmış və bu özbaşına buraxılmış məzmun, şüura yalnız dolayı yolla, yəni,
pozuntu simptomları şəklində qayıda bilmişdi. Bütün bunlar ağılla izah
oluna bilən və intellektlə anlaşıla bilən proseslər olmaqla, pasiyentin şüuruna
birbaşa da çata bilərdi, ancaq, onda özünü göstərən kişilik qüruru deyilən
özəllik bunun qarşısını almışdı.
İndi isə, üçüncü simptoma baxaq;
Pasiyentin topuğundakı ağrılar heç cür kəsmək bilmirdi. Onlar bu hadisənin
ümumi mənzərəsi ilə heç cür uyuşmurdu, çünki, ürəyin topuqla heç bir əlaqəsi
yoxdur və insan öz kədərini etməkdə heç vaxt topuğundan bir vasitə kimi istifadə
etmir. Rasional nöqteyi-nəzərdən yanaşanda da, baxılan hadisə ilə bağlı
yarandığı şübhə doğurmayan iki sindromun bu hadisə üçün yetərli olmasını
anlamaq mümkün deyildi. Nəzəri baxımdan, sıxışdırılıb uzaqlaşdırılmış ruhi əzabın
öncə adi insani kədərə çevrilməsi, daha sonra isə sağalması bütünlüklə yetərli
olmalı idi.
Birbaşa pasiyentin şüuruna müraciət
etməklə, topuqla bağlı simptomun sirrini aça bilmədiyim üçün yenidən əvvəlki
metoda qayıdıb onun yuxugörmələrini incələməyə başladım. Pasiyent mənə danışdı
ki, bir dəfə yuxuda ilanın topuğunu çaldığını və həmən andaca bütün bədəninin
iflic olduğunu görüb. Bu yuxugörmədə topuq sindromunu yozmaq üçün birbaşa dəlil
vardı. Onun topuğu ona görə ağrayırdı ki, ilan məhz oranı sancmışdı. Bu, çox əcaib
bir məzmun idi və onu rasional şəkildə düşünüb-daşınmaq mümkün deyildi. Biz
onun ürəyinin nə üçün ağradığını o dəqiqə anlaya bilmişdik, ancaq, pasiyentin
topuğunun nə üçün ağrımalı olduğu bütün əqli mülahizələrim xaricində idi. Beləliklə
də, pasiyentin bütünlüklə mistikləşdiyi bəlli oldu.
Bu halda biz özünəməxsus formada
şüursuzluq zonasına düşmüş bir məzmunla qarşılaşırıq və bütün əlamətlərindən
göründüyü kimi o, bu zonanın çox dərin qatlarına endiyindən rasional düşüncə
üçün anlaşılmazdır. Bu yuxugörməyə ən yaxın olan analogiyanın nevrozun özü
olduğu aydındır. Sevdiyi qız pasiyenti atıb gedəndə ona çox ağır bir yara
vurmaqla həyatını sarsıtmış və onu xəstələndirmişdir. Yuxugörmənin daha sonrakı
incələnməsi, pasiyentin özünə öncədən yaxşı bəlli olan bəzi keçmiş hadisələrə də
aydınlıq gətirməyə başladı. O, bir az isterik təbiətli olan anasının sevimlisi
olmuşdu. Qadın öz oğluna əziyyət verməyə qıymır, onunla öyünürdü və beləliklə də,
onu elə ərköyünləşdirmişdi ki, uşaq hədsiz əzizləndiyindən, məktəbdə dərslərini
də yaxşı oxumurdu. Sonradan o, qəfildən özünün kişiliyini “anlamış” və orduda
qulluq etməyə başlamış, bununla da, burada özünün daxili zəifliyini “dəliqanlılıq”
şousu ilə gizlədə bilmişdi. Beləliklə də, müəyyən mənada, anası da onu şikəst
etmişdi.
Aydındır ki, biz burada Həvvanın
sevimli dostu və onu yoldan azdıran ilan obrazı ilə qarşılaşırıq. Bibliyadan
sitat gətirdiyim bu parça da dediklərimizin əyani sübutlarından biridir: “Səninlə
arvadın arasında və sənin toxumunla onun toxumu arasında düşmənçilik
yaradacağam; o, səni başından vuracaq, sən isə onu topuğundan yaralayacaqsan”
- bu parça isə, daha qədimdənqalma və qədim Misir məbədlərində ilan çalan
insanları sağaltmaq üçün xorla oxunan bir duadır:
Qocalıqdan, tanrı Ranın dodaqları əsirdi.
Ağzının suyu torpağa damcılayırdı,
Onun tüpürcəyi axıb yer üzünə
tökülürdü.
Onda İsida onun tüpürcəyini torpaqla
qarışdırdı
Və bundan nizəyə oxşar bir qurd düzəltdi.
İsida canlı ilanı öz alnına
sarımadı,
Onu halqa kimi qıvrılmış şəkildə
yola tulladı,
Böyük Tanrı bu yolda gəzişməyi sevər,
Özünün hər iki krallığına baxıb həzz
alardı.
Möhtəşəm Tanrı əzəmətlə yolda
addımlayırdı,
Firona qulluq edən başqa tanrılar da
onun ardınca gəlirdi.
O, həmişə olduğu kimi, hamıdan öndə
gedirdi, -
Bu vaxt nəcib qurd onu sancdı...
Onun çənəsi şaqqıldamağa başladı,
Bütün bədənini əsməcə tutdu,
Nil onun mülkünə yayıldığı kimi,
Zəhər də onun bədəninə yayıldı.
Pasiyentin Bibliya haqqında şüurlu məlumatının
olduqca az olması bəlli idi. Çox güman, o, nə vaxtsa, kimisə topuğundan çalan
ilan haqqında eşitmiş və çox keçmədən, bunu unutmuşdu. Ancaq, onun
şüursuzluğunun dərinliklərindən bu hadisəni eşitmiş və onu nəinki unutmamış, həm
də uyğun bir məqamda xatırlamağı da lazım bilmişdi. Şüursuzluğun bu hissəsi
özünü mifik formalarda ifadə etməyi sevir, çünki, belə ifadə formaları onun təbiətinə
uyğundur.
İstifadə olunmuş ədəbiyyat:
“Kəşf olunmamış mənlik” kitabı, K.
Q. Yunq (İndivid yayım evi)
(Yazının davamı olacaq)
P. S. “A scent of a dream...” (Bir
yuxunun xəyalında...”)
Müəllif: Eyvaz Usubov
Yorumlar
Yorum Gönder