"Noam Çomski: Koronavirusdan sonrakı dünya" - Şahlar Ruhi

“Koronavirusun yaxşı tərəfi odur ki, bəlkə insanları “biz necə bir dünya istəyirik?” sualı ətrafında düşünməyə başlayacaqlar”

1928 ci il təvəllüdlüsünüz və ilk məqalənizi səhv etmirəmsə 10 yaşınız olanda yazmısınız. Bu məqaləniz də 1938-ci ildə İspaniyanın Barselonanı itirməsindən sonra yaranan vətəndaş müharibəsi haqqındaydı. 

Bu, mənim nəsildaşlarım üçün olduqca uzaq bir zamandır. İkinci dünya müharibəsinin, Xiroşimanın şahidi oldunuz, bundan başqa Vyetnam müharibəsi, Neft böhranı (1973-cü il), Çernobıl fəlakəti, Berlin Divarlarının sökülməsindən tutmuş, 11 Sentyabr hadisələrini, daha sonra 2007-2008 –ci il maliyyə böhranını gördünüz. Bu qədər zəngin həyat təcrübəsi olan, bu qədər tarixi hadisələrə şahidlik etmiş, bunlarda rol oynamış bir insan kimi hal-hazırda hökm sürən Koronavirus böhranına münasibətiniz necədir? Yəni bu, əvvəl rastlaşmadığımız tarixi hadisədirmi? Baş verənlər sizi təəccübləndirirmi?

Qeyd eləməliyəm ki, indi məni ələ keçirən xatirələr məhz 1930-cu illərdəndir. Barselonanın itirilməsi haqqında, sənin bəhs elədiyin məqalə əslində faşizm epidemiyasının bütün Avropaya insafsızca yayılması və bunun nə ilə nəticələnəcəyi ilə bağlı idi. Daha sonra arxivlərin yayımlanmasından sonra öyrəndim ki, sən demə ABŞ-ın o dövr və sonrakı illərdəki analitiki müharibənin elə o mərhələdə bitəcəyini hesab  edirmiş. O hesab edirmiş ki, müharibə bitəndən sonra dünya ABŞ hakimiyyətindəki hava bölgələri ilə Alman hakimiyyətində olan ərazilərə bölünəcək. Belə çıxır ki, uşaqlıq qorxularım o qədər də yersiz deyilmiş. İndi həmin xatirələr ağlıma yenə gəlir.
Uşaq olanda Hitlerin Nürnberq mitinqlərinə radioda qulaq asdığım yadıma gəlir. Sözlərini başa düşməsəndə, o duyğunu, aqressiyanı, təhdidi asanlıqla anlayırdın. Deməliyəm ki,bu gün Donald Trampın mitinqlərinə qulaq asanda eyni aqressiyanı sezirəm. Yox, bu onun faşist olduğuna görə deyil, çünki ümumiyyətlə, Donald Tramp bir ideologiyaya sahib olacaq adam deyil. Onun haqqında deyə bilərəm ki, sosiopat, eqoist bir adamdır. Amma duyğu və qorxular eynidir. Dünyanın və ölkənin taleyinin hansısa sosiopat bir təlxəyin əlində olduğunu bilmək insanı az qala dəli edir.
Koronavirus olduqca ciddi bir təhlükədir, amma bizi gözləyən daha dəhşətli bir şey var. Bəşəriyyət tarixinin ən dəhşətli fəlakətinin yamacına doğru qaçmaqdadır. Tramp və əlaltıları də bu yarışa liderlik edirlər. Əslində indi iki böyük təhlükə ilə üz-üzəyik;  Biri nüvə müharibəsi təhlükəsi, digəri isə günbəgün yaxınlaşan qlobal istiləşmə təhlükəsi. Bu təhlükələrin ikisini də həll etmək olar, amma vaxtımız azdır. Əlbəttə, Koronavirus da qorxulu nəticələr yarada bilər. Bu təhlükənin sağalma müddəti var, amma sadaladıqlarım sağalmır, bitir. Saydığım təhlükələri aradan qaldırmasaq, məhv olacağıq. Uşaqlıq xatirələrim yenə məni ələ keçirtdi, amma bu dəfə başqa cür.
Bildiyiniz kimi hər il “qiyamət saatı” qurulur. Bu saat elə qurulur ki, dəqiqə əqrəbi 12-yə çatanda hər şey bitəcək. Tramp seçildiyindən bəri dəqiqə əqrəbi gecə yarısına daha da yaxınlaşır. Keçən il gecə yarısına iki dəqiqə qalmışdı. İndiyə qədər bu əqrəbin çata bildiyi ən yüksək nəticə bu idi. Bu il isə analitiklər dəqiqələri bir kənara qoyub saniyələri hesablamağa başlayıblar. Və gecə yarısına artıq 100 saniyə qalıb. Bunun üç səbəbi var: Nüvə müharibəsi təhlükəsi, qlobal istiləşmə və demokratiyanın aşınması. Əslində, ilk baxışdan üçüncü qeyd etdiyimin buna dəxli olmadığını düşünmək olar, amma digər tərəfdən bu da ona aiddir. Çünki bu böhranı aradan qaldırmaq üçün yeganə yol xalqın öz taleyini ələ keçirməsidir. Bunu reallaşdıra bilməsək, uduzduq. Taleyimizi sosiopat təlxəklərin “ümidinə qoysaq”, məhv olacağıq. Və hal- hazırda bu yaxınlaşır.
Tramp ABŞ-ın sahib olduğu gücə görə ən pisidir. Biz ABŞ–ın geriləməyindən danışırıq, amma dünyaya baxanda bunu görmürük. ABŞ dəhşətli sanksiyalar tətbiq edir, öldürür və hələ də bütün bunları edə bilən yeganə ölkədir. Və hamı bu sanksiyalarla hesablaşmağa məcburdur. Avropa İrana qarşı sanksiyalarla razılaşmaya bilər, əslində, bundan zəhlələri də gedir, amma sanskiyalara əməl etmək məcburiyyətindədir. Ağanın dediklərinə əməl eləməyə məcburdurlar, yoxsa beynəlxalq maliyyə sistemindən kənarda qalarlar. Bu, təbiət qanunu deyil, bu, Avropanın Vaşinqtondaki ağaya tabe olmaq üçün verdiyi qərardan irəli gəlir. Başqa dövlətlərin isə seçim haqqı da yoxdur.
Koronavirusa qayıtsaq, bunun ən dəhşətli tərəflərindən biri də bu sanksiyaların İran üzərində təzyiqi ən dözülməz hala gətirmək üçün şüurlu tətbiqidir. İranın problemləri olduqca böyükdür. Hazırki vəziyyətdə sanksiyaları sərtləşdirmək açıq və sərt şəkildə zülm verməyə hesablanmış bir strategiyanı ağla gətirir. Kuba müstəqillik qazanandan sonra da bu gün belə bunun cəfasını çəkir. Amma bütün olanlardan sonra onların sağ qalmaqları həqiqətən də insanı heyrətləndirir. Kubalılar hələ də dik qalmağı bacarırlar. Bu günkü virus böhranının ən ironiyalı ünsürlərindən biri də Kubanın Avropaya yardım etməsidir. Demək istədiyim odur ki, bu elə təəccübləndirir ki, nə deyəcəyinizi bilmirsiniz. Almaniyanın Yunanıstana kömək edə bilməməsinin fonunda Kubanın Avropaya yardım etməsi. Bunun nə mənaya gəldiyi ətrafında düşünsəniz, görəcəksiniz ki, ifadə etmək üçün sözlər kifayət etmir. Minlərlə insanın Aralıq dənizində öldüyünü görəndə, əsrlərdir məhv edilən bölgədən qaçdıqlarını və Aralıq Dənizində ölümə göndərildiyini görəndə hansı sözləri istifadə edəcəyinizi bilmirsiniz. Bu da məni radioda mitinqləri zamanı Hitlerin kütlə qarşısındakı sərsəmləmələrini dinlədiyim uşaqlıq xatirələrimə aparır. Elə olur ki hətta bu növün (insan irqinin) həqiqətəndə yaşamalı olub olmadığını belə sorğulayırsınız.

Demokratiyanın böhranından danışdınız. Məncə biz hal-hazırda, daha əvvəl heç vaxt rastlaşmadığımız bir haldayıq. Bu mənada təxminən 2 milyard insan bu və ya digər vəziyyətdə evlərinə həbs olunmuş vəziyyətdədirlər. Bunu karantin, təcrid vəya özünütəcrid də adlandırmaq olar, amma bu, vəziyyəti dəyişdirmir. Dünyada təxminən 2 milyard insan evdədir- təbii ki, əgər evi olacaq qədər bəxtəvərdilərsə. Eyni zamanda Avropa və digər dövlətlərin təkcə ölkə daxilində deyil, xaricində də sərhədlərini bağladıqlarını müşahidə edirik. Ağlımıza gələn ölkələrin içində bircə Fransa istisnadır. Serbiya, İspaniya, İtaliya və s. ölkələrdə fövqəladə halın elan olunması, ordunu küçələrə çıxması müzakirə olunur. Sizdən bir dilçi olaraq soruşmaq istədiyim odur kihal hazırda istifadə olunan diskursa nəzər yetirsək, təkcə Donald Trampıdeyil, Makronu və bəzi Avropa siyasətçilərini də dinləsək, görərik ki, nəyə görəsə durmadan müharibə haqqında danışırlar. Hətta onu görürük ki, mətbuat  həkimlərin “ön cəbhədə” olduqlarını, virusun düşmən olduğunu qeyd edirlər. Bu, mənə uşaqlıq dövrümdə (çox şükür ki, xatirələrimi deyil) Viktor Klempererin müəllifi olduğu “Lingua Tertii İmperii” (Milli Sosializmin Dili) adında, 3-cü Reyxin  dili və dil vasitəsilə ideologiyasını necə təlqin etdiyindən bəhs edən kitabı xatırlatdı. Sizcə savaş haqqında bu ifadələr bizə nə deyir ? Virusu düşmən kimi təsvir etmək ehtiyacı hardan yaranır? Bu, hal hazırki durumu legitimləşdirmək üçün edilir yoxsa, bu ifadələrin altında daha dərin məna var?

Əgər belə bir böhrana qalib gəlmək istəyiriksə, müharibə dövrü səfərbərliyinə yönəlmiş hərəkət etməliyik. Götürək elə ABŞ kimi zəngin ölkəni. Nəzər yetirsək, görərik ki, ABŞ iqtisadi problemlərini həll etmək üçün lazım olan resurslara sahibdir. İkinci Dünya Müharibəsi üçün səfərbərlik dövləti hal-hazırda düşünüldüyündən xeyli yüksək borca saldı və bu, olduqca uğurlu səfərbərlik vəziyyəti idi; ölkədə istehsal 3 dəfə artdı, iqtisadi durğunluq başa çatdı. Düzdü, ölkəni pis vəziyyətə saldı, amma resursumuz “böyüməyə” kifayət idi. İndi bizə lazım olan o dövrdən daha az, çünki dünya müharibəsi deyil və yeni dünya müharibəsi müzakirə olunmur,  ancaq olduqca ciddi olan səfərbərlik zehniyyətdir.
Bu yerdə 2009-cu ildə ABŞ - da yaranan donuz qripi epidemiyasını xatırlamaq yerinə düşər. Yüzlərlə insan o qripin ən ağır halına belə qalib gələ bildi. Düzdü, xeyli əlləşmək lazım oldu, amma bu vəziyyət ABŞ kimi varlı ölkədə baş verdi. Hal hazırda söhbət 2 milyard insandan gedir, onların da xeyli hissəsi Hindistandadır. Sual yaranır ki, aşağı təminatlı, karantində aclıq çəkən hindli üçün bu dövr necə keçəcək ? Nə olacaq? Sivil, humanist bir dünyada varlı dövlətlər bizim hal –hazırda etdiyimizdən fərqli olaraq onları boğmaq, sıxışdırmaq əvəzinə kömək edərdi. Dünyanın hər yerində, əsasən də Hindistanda vəziyyət belədir. Belə bir böhranda bu cür hərəkət etsək,  bu gedişlə gələcək 10 ildə istər Hindistanda, istərsədə, bütün Cənubi Asiyada yaşamaq mümkünsüz olacaq. Racastanda bu yay tempratur 50 dərəcəyə qədər qalxdı və getdikcə də qalxır. Suyun vəziyyəti bundan pis ola bilməzdi. Unutmayın bu bölgədə iki nüvə gücü olan dövlət var və onlar birazdan içməli su mənbələri uğrunda mübarizə aparmağa başlayacaqlar.
Demək istədiyim odur ki, koronavirusun olduqca ciddi, təhlükəli olduğu fikri ilə razıyam. Amma bunun qarşımıza çıxacaq daha böyük böhranın çox kiçik hissəsi olduğunu yaddan çıxarmamalıyıq. Düzdür, bunlar hələ insanlığa koronavirus qədər zərər vurmurlar, amma bu problemlər birazdan dünyadakı bütün canlı növlərini məhv edəcək hala gələcəklər ki, hal-hazırki gedişlə bu, o qədər də uzaq gələcək deyil. Buna əsaslanaraq deyirəm ki, həll etməli olduğumuz çoxlu problem var. Düzdür, təcili olanların arasında Koronavirus olduqca təhlükəlidir. Bunların içində bəziləri artıq gözəbatan, Koronavirusdan daha böyük, çox daha böyük olanları var. Bunlardan biri mədəniyyətböhranıdır. Koronavirusun bəlkə də yaxşı tərəfi insanları onları əslində necə bir dünya istədiyimiz haqqında düşünməyə yönləndirməsidir, deyə bilərik. Bizi bu vəziyyətə gətirəcək dünya istəyirik mi? Bu böhranın kökləri haqqında düşünəcək vəziyyətdəyik. Koronavirus böhranı niyə var.
Söhbət əzəmətli bir bazarın uğursuzluğundan gedir. Bu, neoliberal vəhşiliyin dərinləşdirdiyi bazarların əsası və dərin sosial-iqtisadi problemlərin məhzneoliberallar tərəfindən şiddətləndirilməsi ilə bağlıdır. Pandemiyaların labüd olduğu xeyli zamandır ki bilinirdi. SARS-ın mutasiyaya uğramış halı ilə koronavirus epidemiyasının mövcud olduğu aydınlaşmışdı. Bu viruslar 15 il əvvəl ortaya çıxmışdı, peyvəndləri də var idi. Elə o dövrdə dünyanın hər tərəfindən laboratoriyalar bu təhlükədən qorunmaq üçün tədbir görə bilərdilər. Bəs bunu niyə etmədilər? Çünki nəticələr təhrif olunmuşdu. Bəs onları kim təhrif etmişdi ? Dərman istehsal edən şirkətlər. Biz taleyimizi özəl tiranlıqların öhdəsinə buraxdıq. Dövlət isə o şirkətləri əlindən buraxmaq istəmədi. Bu göstəriciləri ictimaiyyətə hesabat verməyən şirkətlər gizlətdilər ki, hal-hazırki məqamda söhbət dərman istehsalı ilə məşğul olan bir neçə şirkətdən gedir. Çünki onlar üçün yeni bədən kremi yaratmaq, insanlığı bu cür bəladan xilas edəcək peyvənd kəşf etməkdən daha sərfəli idi. Dövlətin bu prosesə müdaxilə etməsi mümkün deyildi, amma əgər bu vəziyyət ikinci dünya müharibəsindəki səfərbərlik dövründə yaransaydı, dövlət müdaxilə edə bilərdi. Yaxşı yadımdadır, o dövrdə  Polio (uşaq paralici) qorxulu bir təhlükə idi. Ruzvelt höküməti tərəfindən yaradılmış bir dövlət qurumu tərəfindən Salk adlı peyvəndin kəşf olunması ilə bu təhlükə dəf edildi. Patenti yox idi, hər kəs istehsal edə bilərdi. Bu tədbir indi də həyata keçirilə bilərdi. Amma neoliberal epidemiya bunun qarşısını aldı. Özəl sektordan gələn (təbii ki, burdaməsuliyyət iqtisadçıların da üzərinə düşür) ideologiyada yaşayırıq.
Bu ideologiyanın simvolu bəlkə də şirkət rəhbərlərinin Ronald Reyqana verdiyi, onun da işıl-işıl gülüşlə oxuduğu “Bəhs etdiyimiz problem dövlətdir. Onda gəlin dövlətdən qurtulaq”sözləri idi. Başqa sözlə desək,“Gəlin qərar verməyi, ictimaiyyətə  hesabat vermək ehtimalı olmayan özəl sektor tiranlıqlarının öhdəsinə buraxaq”. Atlantik okeanının digər tayında isə Tetçer (Bax. Marqarita Tetçer) fərdlərin içində bir yolla həyatda qalacaqları bazar şəklində cəmiyyətə yol göstərirdi. Qəribəsi də budur ki onun alternativi yox idi. İllərdi dünya varlıların altında  zülm çəkirdi. Hazırki vəziyyətdə işlər Salk peyvəndinin tapılması kimi dövlətin müdaxiləsini tələb edəcək səviyyədədir. Amma neoliberal epidemiyasının ideologiyası səbəbilə o yol bağlıdır. Burda diqqət etməli olduğumuz məqam budur ki, haqqında danışılan koronavirus pandemiyasının qarşısı alına bilərdi. Bu nəticələrin əvvəlcədən proqnozlaşdırılması üçün bütün göstəricilər ortada idi.
Əslində 2019-cu ilin oktyabrında, yəni bu pandemiyanın ortaya çıxmasından biraz əvvəl ABŞ və dünya miqyasında baş verə biləcək epidemiyaya qarşı mübarizə qabiliyyətinin ölçülməsi məqsədilə geniş miqyaslı simulyasiya təşkil edildiyi bilinirdi. Amma heç bir tədbir görülmədi. Dolayı yolla bu böhran hazırki vəziyyətə siyasi sistemlərin xəyanəti ucbatından gəldi. Onların əldə etdikləri biliyə lazımi qiymət verilmədi. 31 Dekabr tarixində Çin  Ümumdünya Səhiyyə Təşkilatını pnevmaniyaya bənzəyən, amma kökləri bilinməyən əlamətlər olduğu barədə məlumat vermişdi. Daha sonra bəzi çinli alimlər bu fenomenin koronavirus olduğunu müəyyənləşdirdilər və araşdırmaları, bildirişləri ard-arda verməyə başladılar. Bu vasitə ilə bildiklərini bütün dünya ilə bölüşdülər. Onda özünü ÜST-ün hesabatlarını oxumaq əziyyətinə salmayanlar söhbətin koronavirusdan getdiyini, onunla necə mübarizə aparmalı olduqlarını bilirdilər. Bəs tədbir gördülərmi? Bəli onların bir qismi tədbir gördü. O regiondakı dövlətlər Çin, Cənubi Koreya, Tayvan nəsə etməyə başladılar. Ən azından böhranın yaranması mərhələsində bunu az-çox tənzimləyə bildilər. Avropada da bu, hansısa bir səviyyədə oldu. Almaniya isə vaxtında hərəkətə keçdi. Liberalizm sisteminin təsirində olan səhiyyə sistemi var idi, əlavə xəstə qəbul etmək imkanlarına malik idi və artıqlamasıyla xudpəsənd davranmaq ehtimalı var idi. Başqalarına kömək etmək əvəzinə özünü stabil, regiondan qismən təcrid olunmuş vəziyyətdə saxlaya, təsiri məhdudlaşdıra bildi. Digər dövlətlər isə vəziyyəti görməzdən gəldi. Bunların ən acınacaqlısı Böyük Britaniya və birgün bizdə pandemiya yoxdu, qrip var, sabahı gün isə bunun təhlükəli böhran olduğunu deyən adamlar tərəfindən idarə olunan ABŞ idi.
Dünyanın belə adamların əlində olduğunu düşünəndə adam şok keçirir.Bu məqamda bütün bunların nəhəng bazarın çökməsi ilə başladığını və bunun da neoliberal epidemiya tərəfindən daha pis vəziyyətə gətirilən sosial-iqtisadi sferada olduqca dərin problemləri göstərdiyini də vurğulamalıyıq. Çalışmaqlarına baxmayaraq, bu problemləri həll etməli olan dövlət qurumları çökdüyü üçün hazırki vəziyyət hələ də davam edir. Bunlar haqqında ciddi düşünməliyik. Əvvəl də dediyim kimi, biz necə dünyada yaşamaq istəyirik? Əgər bu vəziyyətdən çıxsaq, qarşımızda seçim imkanlarımız olacaq. Bu seçim imkanları olduqca avtoritar və qəddar dövlətlərin yerləşməsindən cəmiyyətin özəl qazanc əvəzinə, humanist şərtlərə qədər hər şey insanın tələbatlarını nəzərə alaraq köklü şəkildə yenidən qurula bilər. Olduqca avtoritar və qəddar saydığımız dövlətlərin, rejimlərin  neoliberalizmlə olduqca uyumlu olduğunu yaddan çıxarmamalıyıq. Əslində, biraz dərindən araşdırsaq, Misesdən (Bax, Lüdviq Fon Mises) tutmuş, Xayekə (Bax, Fridrix Xayek)qədər neoliberal düşüncənin “Sound economics”(“Sarsılmaz İqtisadiyyat”) adlandırdıqları şeyi dəstəklədiyi müddətcə nəhəng dövlət şiddətindən məmnun qaldığını müşahidə edə bilərik.
Neoliberalizm əsasını 1920-ci illərin Vyanasından götürüb. Mises Avstriyada fəhlə sindikatlarını və Avstriya sosial-demokratiyasını yerlə yeksan edən protofaşist dövlətinin yaranmasına o qədər sevinmişdi ki, tezcə o hökümətə qatıldı və həmişə onu təriflədi. Bu hökümətin onun  “sound economics”-ini qoruduğu üçün Mises əslində o rejimi yox, faşizmi tərifləyirdi. Çilidə Pinoçet onlarla qətl hesabına diktatorluğunu elan edəndə neoliberalistlərin hamısı sevindi, bunun üçün hamısı orada mübarizə apardılar. Onların hamısı cəmiyyətin çox kiçik təbəqəsinə qazanc gətirən bu “möhtəşəm möcüzəyə”, “sound economics”-ə kömək etdilər. Dolayı yolla vəhşi bir neoliberal sistemin səyyar libertarianlar tərəfindən şiddət və təzyiq vasitəsilə güclü, avtoritar bir dövlətin yarada biləcəyi ehtimalını nəzərdən qaçırmaq olmaz. Bu işin bir tərəfi, reallaşması mümkün olan bir kabusdur. Amma bu, məcburi deyil.
Bununla bərabər daha əvvəl olduğu kimi insanların təşkilatlanıb, birləşərək daha gözəl dünya qurmaq ehtimalı da var. Amma hal-hazırki məqamda dünya nüvə müharibəsinə və bundan yaranacaq, nəticələrinin heç vaxt aradan qalxmayacağı ekoloji fəlakətlərə heç vaxt olmadığı qədər yaxındır. Əgər bəşəriyyət qərarlı şəkildə hərəkətə keçməsə, bu ehtimal o qədər də uzaqda deyil. Xülasə, indi söhbət bəşəriyyət tarixinin ən vacib zamanından gedir. Bu, sadəcə koronavirus böhranına görə deyil, bizə yönəlmiş sosial-iqtisadi sistemin kökündəki çatışmazlıqları, faydasız xüsusiyyətlərinə  diqqət yönəltməsi, yönətməli olmağı baxımından belədir.

Vaxtınızın çox olmadığını nəzərə alaraq sizə sonuncu sualımı vermək istəyirəm. Məncə bir çox insan, həmçinin vətəndaş hərəkatlatında, təşkilatlanmalarda yer alan və buna görə insanlar arasında fiziki və sosial yaxınlıqdan istifadə edən bizlər, indi, qəflətən “sosial məsafə” adlanan anlayışa öyrəşdik. Bu səbəblə soruşmaq istərdim ki, ictimai müqavimətin sosial məsafə dövründə gələcəyini necə görürsünüz? Əgər hal-hazırki situasiyanın bir- iki il olmasa beləbir neçə ay da davam edəcəyini və bizim təcriddə qalacağımızı düşünsək, bütün dünyadakı öncüllərə, aktivistlərə, intellektuallara, tələbələrə, fəhlələrə nə məsləhət görərdiniz? Sizcə yaranan bu vəziyyətdə insanlar necə təşkilatlanmalıdır? Bu, qlobal avtoritarizmə yox,hazırki tarixi şəraitin dünyanı yaşıl, bərabər, ədalətli və həmrəylik dolu kəskin dəyişikliyə doğru aparacağı ehtimalını necə dəyərləndirirsiniz?

Əvvəla, unutmamalıyıq ki, son illərdə cəmiyyətdə hansısa səviyyədə sosial uzaqlaşmayla müşayiət olunan, olduqca zərərli tendensiyanın mövcud olduğunu nəzərə almalıyıq. Məsələn, McDonaldsa gedirsiniz və bir masanın ətrafında oturan gənclərə baxırsınız. Görəcəksiniz ki, iki ayrı dialoq gedir. Biri onların arasında gedən formal ünsiyyət, digəri cib telefonu vasitəsilə uzaqdakı dostları ilə davam edən söhbət. Bu vəziyyət insanları parçalayıb bir birindən təcrid etdi. Cəmiyyətin olmadığı fikrini irəli sürən Tetçerin ideyası yüksəldi,sosial mediadan sui istifadə edib insanları, xüsusilə də gəncləri təcrid olunmuş bədheybətlərə çevirdi. Hal-hazırda ABŞ-da üzərində “yuxarı bax”lövhələri yapışdırılmış pilləkənləri olan universitetlər var. Çünki ətrafda dolanan hər gənc özünə yapışmış vəziyyətdədir. İndi isə əsl sosial təcrid vəziyyətindəyik.
Bunun öhdəsindən ancaq sosial bağların mümkün olan bütün vasitələrlə yenidən qurulması hesabına gəlmək olar. Ehtiyacı olanlara kömək edərək, əlaqələr yaradaraq,təşkilatlanmaları inkişaf etdirib analizləri genişləndirərək, internet çağında insanları bir yerə toplayıb onların bir birləriylə rastlaşdığı problemlərini danışmağını, müzakirə aparıb həll yolu tapmaqlarını təmin edərək, həmçinin onları işləyəcək və dərhal hərəkətə keçə biləcək vəziyyətdə saxlamağa çalışaraq, gələcək üçün planlar quraraq buna nail ola bilərik. Bütün qeyd etdiklərim üz-üzə olmadan da edilə biləndirlər, çünki artıq real görüş insanların əsas əlaqə vasitəsi deyil. Bu vəziyyət hələ bir müddət davam edə bilər, ona görə də bu səpgidə fəaliyyətlərinizi inkişaf etdirib dərinləşdirməyin bir yolunu tapmalısınız. Bunları etmək mümkündür. Düzdür, asan deyil, amma bəşəriyyət bundan daha böyük problemlər görüb və öhdəsindən gəlib.

Tərcümə etdi : Şahlar Ruhi
Mənbə: Medyascope

Yorumlar