"İki nəfərlik çoxluq" - Edward Thornton

Felix Guattari və Jil Delöz Fransa 1980
foto: Mark Gardier
1969-da, Fransız yayının zirvəsində, radikal bir psixanalist tanınmış bir fəlsəfəçinin axtarışına çıxdı. Üç saat cənuba, orta Fransanın meşələrinə və böyükbaş heyvan fermaları ilə bilinən bir bölgəsi olan Limousinə yol gəldikdən sonra axtardığı adamı evdə yatağında, vərəmli ciyərini aldırdıqdan sonra tapdı.
Əsəbi, soyuqqanlı bir psixoterapist olan Felix Guattari professor Jil Delöz ilə belə qarşılaşmışdı. Onlar tezliklə bir-birilərinə
öyrəşəcəkdilər. Bu iki nəfər ömür boyu dost olacaq və intellektual iş birlikləri günümüzün ən təhrik edici fəlsəfi polemikalarından bəzilərini yaradacaqdı.
Bu ilk qarşılaşmadan əvvəl, bu adamlar arasındaki qüvvətli fərdi kimyanı çox az insan təxmin edə bilərdi. Yəqin ki, 44 yaşındaki Delöz daha yaşlı görünürdü. Səhhəti pis olduğundan və nəfəs darlığı çəkdiyindən səyahət etmək istəmirdi və Lyon universitetindəki işini davam etdirməyi üstün tuturdu. Guattari isə bir aktivist idi. O partiya xəttini izləməyi rədd edərək yaxın zamanda əvvəlki müəllimi psixanalist Jak Lakandan yolunu ayırmışdı. İndi 39 yaşı var idi və Loire Valleydə qeyri-adi psixiatriya klinikası olan La Bordedə işləyirdi. Burada qrup fantaziyası haqqında etdiyi işlər Delözün diqqətini çəkmişdi. Amma Guattari yazıçı tıxanmasından əziyyət çəkirdi, filosofun ona qalib gəlməsinə kömək edə biləcəyinə ümid edirdi.
Francois Dosse 2007 tarixli iki şəxs haqqında bioqrafiyasında "Bu qədər fərqli həssaslıqlara və tərzlərə sahib bu qədər fərqli iki adam necə oldu ki, 20 ildən uzun bir zaman boyunca öz intellektual mövzularının arxası ilə gedə bildilər?” deyə soruşurdu. Bu sualın cavabı və ittifaqlarının sirri kimliyə qarşı bəslədikləri ortaq güvənsizlik idi. Delöz və Guattari qərarlı bir şəkildə anti-fərdiyyətçi idi: siyasət, psixoterapiya, fəlsəfə sahəsində, fərdin gerçəkliyin təbiətini gizlətmək üçün bir aldatma olduğunu göstərməyə çalışırdılar.
İlk əməkdaşlıqlarından etibarən onlar, fərdin səltənətinin olmadığı bir gələcək xəyal edərək, anti-fərdiyyətçi müxtəlif düşüncə cərəyanları inkişaf etdirməyə davam etdilər. Bu dünya görüşü yalnız nə söylədiklərində deyil, necə söylədiklərində də - qəribə və qeyri-adi simbiotik bir dialog içində yazmaq,düzəltmək və yenidən yazmaq - diqqətə çarpırdı. Dossenin deyimi ilə “bir varoluş, düşünüş və dünyaya reaksiya veriş cəmiyyəti” fərz edər bir tərzdə işlədilər. Tarixi olaraq tabe edilmiş kimliklərin geri qazanılmasına çalışmaq yerinə, Delöz və Guattari fərdi subyektin özünü müəyyənləşdirən və sərhədlərini təyin edən fərqləri ortadan qaldırmağa çalışdılar. Bu səylərin nəticəsi bugünün yayğın bəzi kimlik siyasəti tərzləri ilə çox yola getməyən, yenilikci, Marksizmdən ilham alan, antikapitalist bir həzz siyasəti oldu.
Guattarinin fərd məsələsi ilə ilk qarşılaşması siyasi təşkilatlanma içindəki ilk təhsilindən gəlmişdir. İkinci dünya müharibəsi 1945-də başa çatdığı zaman Guattari sadəcə 15 yaşında idi. Amma o, artıq Fransız Komunist Partiyasının yığıncaqlarında iştirak etməyə başlamışdı və Fransız Müqaviməti ilə sıx əlaqələri olan Tələbə Yurdu hərəkatının bir üzvü idi. Həyatının geri qalan hissəsini qəbul edilmiş siyasi programların sərhədlərini yoxlayan bir militant olaraq keçirtdi. Troçkist qruplar qurdu və Komunist Partiya liderliyinə meydan oxuyan qəzetlər tərtib etdi.
Guattarinin heç bitməyən təşviqatının səbəbi tək bir cümlə ilə deyilə bilər: ”Stalinizm təhlükəsi”. Guattari Rus İnqilabının kollektiv iradəsinin bürokratik dövlət komunizminin iyerarxik strukturu içində çökdüyünü görürdü. Artıq eyni prosesin qatıldığı hər qrupda kiçik miqyasda yaşandığını görürdü. İlkin mübarizənin nə qədər kommunal olmasından asılı olmayaraq, kollektiv iradə gec-tez fərdi istəklər arasında rəqabətə çevrilirdi. Nəticədə bir şəxs lider olaraq yüksəlirdi. “Əməkdaşlıq daim niyə ierarxiyaya çevirilir” deyə özündən soruşurdu. Grup vahid bir səs qazanmaq əvəzinə niyə parçalanma baş verir?
1953-dən etibarən Guattari psixoterapevt olaraq işləməyə başladı. Bir daha disiplinin fərdlərə olan aludəçiliyinə dözə bilmədiyini gördü. Təhsilini Sigmund Freyddən bu tərəfə ən effektiv psixanalistlərdən biri sayılan Jak Lakan ilə tamamladı. Amma peşəsini şəxsi davam etdirmək əvəzinə stasionar müalicə alan psixotik xəstələrlə işləyən böyük bir dövlət xəstəxanasını üstün tutdu. La Borde kommunist xəttində fəaliyyət göstərən experimental qurum idi:həkimlər işlərə kömək edir və xəstələr və işçilər xəstəxananı birlikdə idarə edirdi. Burada Guattari xəstələri xəstə edən şeyin öz şəxsi patalogiyaları deyil, bir sosial özgələşmə olduğuna və həkimlərin, tibb bacılarının və ənənəvi tibb sistemlərinin insani olmayan fəalliyyətlərinin bu problemi daha da dərinləşdirdiyinə inanmağa başladı.
…….

Bu baxış əsas müalicə konsepsiyası ilə təzad təşkil edirdi. Ənənəvi psixanalitik texnikalar analiz edən ilə edilən arasında təkbətək görüşlərə uyğun hazırlanmışdı. Beləliklə, psixoz təməl olaraq müalicə oluna bilməz kimi görünürdü, çünki psixozu olanlar öz analistləri ilə lazımi əlaqəni davam etdirə bilmirdilər. Guattari bu problemi həll etmək üçün bütün xəstəxananı müalicənin aləti halına gətirməyə çalışan, qruplara yönəlmiş psixanalitik metodlar yaratdı. Psixoz əslində bir cür özgələşmə idisə, o zaman bununla ancaq sosiallaşma yolu ilə mübarizə edə biləcəyini gördü. Bu isə güclü bir fərdlik anlayışının yaranmasına deyil, bir qrup insanın bir arada işləyə bilmə bacarığına söykənirdi.
Siyasi  təşkilatçı və terapevt olaraq Guattari əməkdaşlığı gücləndirməyə fokuslandı. La Bodredakı texnikaları arasında xəstələri, qalıcı əlaqələr yarada bildikləri sənət və teatr istiqamətli “Terapevtik klublara” qoşulmağa təşviq etmək var idi. İnsanlara cəmiyyətə yenidən inteqrasiya ola bilməklərini kömək edəcək yollar verməyə çalışırkən, Guattari “artıq fərdə söykənməyən yeni subyektivlik formları inşa etməyin” gərəkli olduğunu deyirdi. Siyasi arenada Guattari ‘kommunist partiyaların mərkəziyyətçilik xəstəliyinin liderlərin pis niyyətlərindən çox kütlə hərəkatları ilə qurduqları xətalı əlaqələrdən qaynaqlandığını” önə sürürdü. Heç bir zaman-nə şizofren nə Stalinist olsun-problemi müəyyən bir şəxslə deyildi. Dərdi qrupların ayrı-ayrı hissələrə bölündüyü, bir-birlərindən və öz həyatlarından ayrıldığı proseslə idi.
1968-in yayında,başlanğıcda La Borgedən çox uzaqda, inqilabçı bir alov Fransaya yayılmışdı. Tələbələr və fabrik işçiləri istehlakçı kapitalizmin dağıdıcı güclərinə cavab olaraq nümayişlər hazırlayır və kütləvi ümumi tətillər təşkil edirdilər. Bu hadisələr özlüyündən yaranmışdı və heç bir sol qurum tərəfindən dəstəklənmirdi: nə işçi həmkarlar ittifaqları, nə də Fransız Kommunist Partiyası. Guattari irəlidə gedən şəxsiyyətlərdən və təşkilatçılardan biri idi, amma müəllimi Lakan isteriya deyərək nümayişlərin üstünə xətt çəkmişdi. Guattari üçün bu xəyanət anı idi: Kommunist partiyası burnunun ucunda baş verən inqilabı görə bilmirsə və Lakan küçələrə tökülən kollektiv arzunun gücünü anlamayı rədd edirsə, bir şeylər yanlış olmalı idi.



Guattarinin Delözün işləri ilə tanışlığı bu dövrdə oldu. Ən sonunda terapevtik və siyasi məqsədlərinin intelektual tamamlayıcısını tapdığına inanırdı. O dövr Delözün elmi işləri arasında David Hyum, Baruch Spinoza, İmmanuel Kant və Friedrich Nitsşe kimi Qərb filosofları haqqında işlər var idi. Daha “orjinal” iki başqa əsəri daha var idi. Difference and Repetition (Fərq və Təkrar,1968) ilə The Logic of Sense (Anlamın Məntiqi,1969). Delöz Qərb düşüncəsinin tarixinin ən azından Platondan bu yana, düşüncənin özünün təbiətinə dair bir sıra illuziyanın əsiri olduğunu müdafiə edirdi. Bir çox filosofun fərziyyəsinin əksinə düşüncə təmsili deyildi – yəni dünyanın doğruluq dərəcələrinə uyğun olaraq doğru və ya yanlış şəklində dəyərləndirilə biləcək rəsmlərini çıxararaq işləmirdi. Tərsinə, deyirdi Delöz, düşüncə yaradıcıdır və daim haqqında düşündüyü şey ilə əlaqəlidir.
Delöz ikinci olaraq isə Qərb fəlsəfəsi kanonunun düşüncəni dünyanı təmsil edə bilmə bacarığı üzərindən dəyərləndirməsi səbəbi ilə, eynilik ilə doğruluğu əsas qəbul etdiyini deyirdi. Platon və Dekart bunun iki nümunəsi idi. İdealar fəlsəfəsində Platon, hər hansı bir varlığın keyfiyyətlərini öz idealizə edilmiş, mücərrədləşmiş ideasını əks etdirərək qazandığını söyləmişdir. Bu idea - ki sadəcə özü ilə eynidir - bilginin təməli olaraq alınır. Bir insan ancaq öz ideal formunu təmsil etdiyi müddətdə insandır və bir insanın nə olduğunu bilmək “insanın” ideasını bilməkdir. Oxşar bir şəkildə Dekartın “Düşünürəmsə, deməli varam” sözü kimliyin və fərdin mərkəziliyini əsas alırdı. Buna görə bir şəxsin özünü bilmək bacarığı digər bütün bilgiləri mükün edən şey idi. İki nümunədə də, anlamanın təməli bənzərsiz, fərdiləşdirilmiş və dəyişməz bir şeydən qaynaq alırdı. Yəni fərd həqiqətin örnək modeli idi.
Delöz üçün belə deyildi. O, düşüncənin kimlikdən deyil, fərqdən irəli gəldiyini iddia edirdi. “Təmsil qəbul edilən fərq dünyasını əks etdirə bilməz” yazırdı - buna görə də, kimliyi təməl almayan yeni bir düşünmə şəkli, yeni bir fəlsəfə yolu tapmağımıza ehtiyac var. Əslində bizə təcrübədə bir fərd olaraq görünən şey - bu istəyir tək bir daş istəyir tək bir fərd olsun-kimliyini ancaq bir-birləri ilə davamlı qarşıdurma içində olan fərqli güclərin bir təsiri olaraq qazanır. “Daş” deyilən mücərrəd bir anlayış yoxdur. Bir-birindən ancaq bir quşun bir ağacdan fərqli olduğu qədər fərqli olduğu iddia edilə biləcək birdən çox daş vardır. Təmsili düşüncə əksi kimi göstərə bilsə də, dünya fərqliliklərdən yaranır, fərdlərdən deyil.
May 1968 hadisələrinin alovlandırdığı Guattari Delözün kitabları haqqında bir məqalə olan “Machine and Structure”u (Maşın və Struktur,1971) yazdı. Burada, küçələrdə həqiqətən nə olduğunu anlatmaq cəhdi ilə Delözün argumentlərini Lakana qarşı istifadə etdi. Lakan hər hansı bir fərd ilə onun arzu obyekti arasındaki əlaqəni müəyyən edən bir sıra struktur qaydası müəyyən etmişkən, Guattari arzunun kollektiv və məhsuldar bir güc olduğunu göstərmək istədi. Lakanın şüuraltına fərdi arzuların səhnə aldığı bir teatr olaraq ələ almasına qarşı Guattari bunun daha çox davamlı arzu istehsal edən bir maşın və ya fabrik kimi olduğu fikrini müdafiə etdi. Lakan Guattarinin məqaləsini öz nüfuzuna bir təhlükə olaraq qəbul etdi və dərc olunmasını əngəlləməyə çalışdı. Ustadının bu küçümsəməsinə fikir verməyən Guattari məqaləsini Delözə göndərdi - taleyüklü görüş üçün katalizator idi.
Dostluqlarının ilk ayları geniş bir aralıqda orjinal fikirlər ortaya çıxmasına səbəb oldu. Delöz Guattariyə düzənli fəaliyyət təklif etdi: səhər oyanıb ilk iş yazı yazacaq, qaralamaları heç bir düzəltmə etmədən birbaşa Delözə göndərəcəkdi. "Delöz Felixin almazı çıxardan madənçi, özünün isə almazı parladan olduğunu söyləyirdi" deyirdi. La Bordun tibb bacılarından biri olan Arlette Donati. Əməkdaşlıqları ən çox yazışmalar üzərindən gerçəkləşdi. Ancaq onlar hər çərşənbə axşamı günortadan sonra Delözün evində görüşür və işlərini müzakirə edib diqqətlə incələyirdilər.
Bu qızğın söhbətlərin notları ilk kitabları olan Anti-Oedipus-un (1972) təməlini təşkil edir. Burada Delöz və Guattari siyasətdəki mövcud vəziyyəti psixanaliz və fəlsəfədəki əksiklər ilə əlaqələndirərək arzu ilə gerçəklik arasındaki əlaqəni açıqlamağa çalışırlar. Arzunun maddi dünya ilə qarşılıqlı təsirdə olduğunu göstərmək və siyasətlə necə iç-içə olduğunu incəltmək istəyirdilər.
Xüsusilə də bu maraqlandırırdı: inqilablar niyə uğursuz olur? İnsanlar niyə azadlıq zənn edərək əslində qulluqları üçün mübarizə edirdilər? Kütləvi hərəkatlar niyə kütlələrin maraqlarının zərər görməsi ilə nəticələnirdi? Həm Hitler, həm də Mussolini xalq hərəkatları ilə iqtidara gəlmişdilər. Buna görə Delöz və Guattari faşizmi anlamaq üçün insanların niyə faşizmi arzu etdiyini anlamaq gərəkdiyi nəticəsinə gəldilər. "Hitler faşistləri təhrik edirdi. Bayraqlar, millətlər, ordular, banklar çox insanı təhrik edirdi" yazırdı Delöz və Guattari, Anti-Oedipus-da.
Arzunun fərdi olmadığı, daim bəsit şəxsi çıxar ilə eyni xətdə getməyib insanların arasında gəzdiyi, insanları yönləndirdiyi, Delöz ilə Guattarinin tezislərinin mərkəzində yer alırdı. Arzunun böyük qruplarda necə işlədiyini analiz etməyə çalışdığınızda onun nə birləşik, nə də asanlıqla bölünə bilən olduğunu görürsünüz. Arzunun əsasən "hər hansı bir vahidliyə sadələşdirilməyən bir təsdiq" olduğunu söyləyirdilər. Ancaq “çoxluq” dedikləri şey üzərindən anlaşıla bilərdi: özünü təşkil edən varlıqlara ayrıla bilməyən bir çoxluq.
Ancaq arzu mütləq fərdlə eyni xətdə olmasa da,kapitalist cəmiyyət bütün arzunun fərdi yoldan gerçəkləşməsi üçün əlindən gələni edir. Freyd arzunu ilk araşdıranlar arasında idi. Amma araşdırmalar fərdi xəstələrin xəstəliklərinə fokuslanır və bunları lazımi şəkildə tarixi perspektivdən incələmirdi. Freydin diaqnoz qoyduğu və XXI əsrdə cəmiyyətə epidemiya kimi təsir etməyə davam edən nevrozlar tarixdən kənar patalogiyalar deyildi. Əksinə kapitalizmin zaman içində arzunu ram etmək və bir sıra məhdudlaşdırıcı qəlibə həbs etmək üçün inkişaf etməsinin nəticələri idi.
Ailə örnəyini götürək: Delöz və Guattariyə görə insanları bir Odipallaşdırma periodu üzərindən şəkilləndirən tarixi bir tikintidir ailə. Uşaqlara arzularını bir sevgi obyektinə, yəni atada cisimləşən güclü bir qanun tərəfindən kənarda tutulan anaya yönləndirmələri öyrədilir. Bunun nəticəsi özünü işə,müdirə itaətə, qonşuları ilə rəqabətə və sonsuz şəkildə meta isteklakçılığına verən passiv fərdi. Psixanaliz kapitalizmin polisi rolunu oynayaraq psixoloji sapmaları təsbit edər və bunları yaxşı uşaq və yaxşı işçi imicində yenidən şəkilləndirir.


Anti-Oedipus bir yönü ilə Freydist bir Marks tənqidi olaraq oxuna bilər. Marksist diskurs katalitik kollektiv fəaliyyət anlarını hesaba qatmamışdır, çünki arzu mexanikasını anlamamışdır. Amma Freydist arzu konsepsiyasını daxil etməklə yenidən canlandırıla bilər.  Lakin kitab tərs istiqamətdə də işləyir. Freydist marksist bir tənqididir. Psixoanalizi Marksın tarixi əmək anlayışı ilə canlandırmaq istəyir. Bunun nəticəsində meydana çıxan Freudo-Marksizm, hər iki şəxsin “şizoanaliz” adlandırdığı bir növ psixoanalitik antropologiyadır: Arzu tarixinin məhsuldar və qərəzsiz dünya-yaradıcı güc olaraq hekayəsi.
Şizoanalisti psixoanalist ilə siyasi təbliğatçı arasında bir yerə qoyun. Bu fiqurun rolu, şüuraltı arzu proseslərini deşifrə etmək və bunların inqilabi potensialını müəyyən etməkdir. Delöz və Guattari, şizoanaliz üzərindən siyasi dəyişiklik gətirmək üçün üç mərhələli bir tətbiqi müdafiə etmişdir. Birincisi, kapitalizmdən yayınan arzu proseslərini tapmaq; sonra kapitalın məhdudluğundan azad olmalarını təmin etmək üçün hər birini son nəticələrə qədər izləmək və son olaraq bu fərqli prosesləri “molekulyar bir inqilab” yaradacaq şəkildə sıralamaq.
Bu tam olaraq nə deməkdir? Delöz və Guattari, belə bir inqilabın nəyə oxşayacağını əvvəlcədən bilməyin mümkünsüz olduğunu müdafiə etdilər. Əvvəlcədən bir plana uyğun tətbiq etmək əvəzinə təcrübə siyasətini təklif etdilər. Fransız dramaturqu Antonin Artaudun "Zalımlıq Teatrı"ndakı fiziki əziyyətləri və Amerikalı yazıçı Uilyam.S.Burrougun narkotikin təsirindəki sərgüzəştləri Delöz ilə Guattarinin alternativ arzu təşkilatlarının araşdırıla bilinəcəyinə dair ən sevimli nümunələri idi.
İkisi bu təşəbbüsdə kimin iştirak edə biləcəyinə çox geniş baxdılar. İşçi siniflərinin dəyişimin açarı olduğuna dair ənənəvi Marksist yanaşmanı rədd edərək, bütün marjinal qrupları birləşdirəcək daha geniş bir çərçivə istədilər. Patriarxiya (qadınlar), irqçilik(rəngarəng insanlar) və heteronormatizm (indi LGBT icması adlandırırıq) tərəfindən əzilənlərin hamısı eyni despot və imperial kapitalizmdən əziyyət çəkirdilər. Ancaq bu “azlıqların” birliyi ilə anti-kapitalist inqilab uğur qazana bilərdi. Fərdiliyin fəlsəfi obrazı müstəqil ağ kişi subyekt fiquruna söykəndiyindən, fərdilik sonunda qadın-oluş,azlıq-oluş prosesi ilə aradan qaldırıla bilərdi.
Anti-Oedipus ortalığı qarışdırdı. Lakan dəliyə döndü və seminarlarında bu mətnin müzakirəsini qadağan etdi. Bir çox solçu Delöz və Guattarinin hədəflərinə rəğbət bəsləsələr də, ehtiyatsızlıqlarını qınadı. Bu tənqidlərə baxmayaraq (və bəlkə də bu tənqidlərə görə) kitab böyük bir uğur qazandı. Bütün nəşrlər günlər ərzində tükəndi və Le Monde-də iki səhifəlik bir tənqid dərc olundu.
Məsələ təkcə məzmunda deyildi. Formaları və çalışma tərzləri də mübahisə yaradırdı. Delöz və Guattarinin kitabları çox səsli idi və iki müəllifdən birinə aid edilə bilməzdi. "Hər birimiz sayısız olduğumuzdan, onsuzda bir çoxluq idik" deyirdilər. Anti-Oedipusun davamı olan Thousand Plateaus-da (1980) Bu duyğunu Guattari belə izah edəcəkdi: "Biz çox fərqliyik… Mən macəraçı şeylərə daha çox meylliyəm; yad torpaqları ziyarət etməyi sevən bir konseptual əsgər. Gilles fəlsəfi bir ağır çəkili(döyüşçü), biblioqrafiyaya da tam bələddir".
Bu şəkildə çalışaraq steril bir fərdiyyət meylinə qarşı mübarizə aparmağa çalışdılar: həm praktik, həm də teorik mənada. A Thousand Plateaus geologiyadan dilçiliyə, molekulyar biologiyadan rəssamlığa, poeziyadan siyasi iqtisadiyyata qədər baş döndürən bir mövzu müxtəlifliyi əks etdirən 15 fəsildən ibarətdir. Burada kimlik tənqidləri min kiçik dəyərləndirməyə parçalanır. Fərqli istintaq sahələrini bir-birindən müstəqilmiş kimi ələ almaq yerinə, Delöz və Guattari, bir intizamın digərinin içinə, aralarından hər hansı birinin mərkəziliyinə meydan oxuyacaq şəkildə sızdığı nöqtəni göstərməyə çalışdılar. Nəticədə, onların məqsədi düşüncəni xaricə açmaq və nəzəri işin özünə qapalı olmaq meylinə qarşı çıxmaq idi.
Anti-Oedipus və "A Thousand Plateaus" Delöz və Guattari arasındakı tək əməkdaşlıq deyildi və hər biri öz layihələrini davam etdirdi. Delöz sinemanın potensialı və Gottfried Leibniz, Michel Fuucault fəlsəfəsi üzərinə geniş araşdırma apardı; Guattari, mənəvi ekologiyamız, siyasi ekologiyamız və planetimizin ekologiyası arasındakı qarşılıqlı əlaqəni izah edə biləcək yeni bir növ ekoloji düşüncəni müdafiə etdi. Son əməkdaşlıq What is Philosophy? (Fəlsəfə nədir?, 1991) sualını ələ alırdı. Təəssüf ki, Guattari həmin il infarktdan öldü və Delöz cənazəsində iştirak edə bilməyəcək qədər xəstə idi. Nəfəs darlığı dayanmırdı və işləmək üçün çox xəstə idi; Nəhayət, Guattari öldükdən üç il sonra Parisdəki mənzilindən özünü aşağı atdı və həyatına son verdi.
"İki fərqli insan kimi əməkdaşlıq etmirik. Üçüncünü yaratmaq-ki bunun biz olduğunu düşünürəm-üçün bir araya gələn iki ayrı cərəyan kimiyik" demişdi Delöz. Ya da Guattarinin dediyi kimi, "aramızda gerçək bir müxalif siyasəti var, bir kult deyil, daha çox hər birimizi digərinin orijinallığını anlamağa və qəbul etməyə məcbur edən heterojenlik mədəniyyətidir". İkisi yalnız bir-birləri ilə qarşıdurma içində olan kimliklərini qoruyaraq deyil, eyni zamanda özlərini fərqliliklərin qidalana biləcəkləri bir yer kimi qəbul edərək çalışdılar. Limousin'dəki ilk görüşdən etibarən bir çoxluq idi doğan.

Tərcümə edən: Əhməd Əhmədov 
Mənbə: Aeon

Yorumlar