Kafkanın "Çevrilmə" və Kamyunun "Yad" əsərlərində absurd - Ergin Aldemir

 
 “Bu gün anam ölüb. Bəlkə,dünən olub bu, xəbərim yoxdur. Qocalar evindən teleqram gəlmişdi:"Ananız vəfat etdi. Dəfn sabahdır. Hörmətlə." Bundan bir şey anlaşılmır, bəlkə,dünən ölüb?”(A.Kamyu."Yad")
   “Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib.”(Kafka,Çevrilmə)
   Albert Kamyunun “Yad”ı və Frans Kafkanın “Çevrilmə”sindən edilən bu iki sitat(hər ikisi də əsərlərin giriş cümlələridir)absurd fəlsəfə və absurd ədəbiyyatın ən parlaq nümunələrindəndir. "Yad"da baş qəhrəman Mersel anasının ölümünə  tamamilə laqeyd və etinasızdır. Anasının ölüm xəbəri ilə əlaqədar ağlına yeganə şey anasının bu gün, və ya dünən dünyasını dəyişməsidir (əslində bu barədə maraqlanmır heç).”Çevrilmə”nin giriş cümləsinə əsasən,baş qəhrəman Qreqor Zamza bir səhər oyandığı zaman əsassız, absurd bir vəziyyətdə olur.Maraqlısı budur ki, Qreqor Zamza bu yeni absurd vəziyyətə mümkün qədər tez uyğunlaşıb və yaşamağa yol tapmağa çalışırdı.
   Əslində, bu iki əsərdən alınan iki hissə absurd fəlsəfəyə iki fərqli bucaqdan yanaşmadır."Yad"da Merselin vəziyyəti, tamamilə absurd olan dünyaya laqeyd və etinasız bir vəziyyətdir. Mersel hər şeyə tamamilə laqeyd görünür və hər şeyi dərhal qəbul edən şəxsə çevrilir. "Çevrilmə"də Qreqor Zamza isə bu absurdluğun daxilindədir. Onun üçün absurd təkcə bir fikir deyil, həm də mövcud olduğu yerdir.



    Ancaq fundamental məna hər iki əsərdə də eynidir: Dünya tamamilə absurddur, dünyanın özünün heç bir mənası yoxdur. Dünyada məna axtarışı boş bir səydir. Bu fundamental məna iki fərqli əsərdə, iki fərqli şəkildə verilir:Kamyunun "Yad"ı bu mənasızlığı və absurdluğu uzaqdan seyr edən və ona qarşı laqeyd,etinasız bir refleksformalaşdıran bir yol kimi görülə bilər; Kafkanın “Çevrilmə”si bizi bu mənasızlığa aparır və müəyyən mənada ona yoluxdurur. Absurdluğa laqeyd qalmaq “Çevrilmə”əsərində qeyri-mümkündür, çünki tamamiləonun içərisindəsən.
   Mersel və Qreqor Zamza tamamilə iki fərqli personajdırlar. Qreqor Zamza absurd dünyaya sinxronlaşmış və onun çarxları daxilində formalaşmış xarakterdir (hətta böcəyə çevriləndən sonra da işə getməyi fikirləşirdi.). Mersel isə əksinə tamamilə absurd, qeyri-müəyyən bir reaksiya ilə dünyaya laqeydlik, etinasızlıq formalaşdırırdı. Hətta ölüm də onun üçün heç bir məna daşımır, ölmək və yaşamaq üçün seçim etməz, ümumiyyətlə ölmək və ya sağ qalmaq onun üçün “əhəmiyyət kəsb etmir”. Ancaq Qreqor Zamza vəziyyətdən çıxmaq və yaşamaq üçün çırpınırdı. Hər nə qədər absurdun daxilində olsa da, bu absurdu adiləşdirmək və normallaşdırmaq üçün əlindən gələni edir və absurdu qəbul etməkdən boyun qaçırırdı.
   Hər iki əsər üçün dəyişməz olan “absurd” anlayışıdır.Ancaq personajlarla absurd arasındakı əlaqə fərqli qurulurdu.Həqiqətəndə hər insan “absurd” ilə həmsöhbət olur, lakin hər kəsin onunla formalaşdırmış olduğu münasibət fərqlidir. Bəziləri Qreqor Zamza kimi absurdluğu qəbul etmir, dünyaya sinxronlaşır və daxilində qalır. Digərləri Mersel olur, dünyaya laqeyd qalır, etinasızlaşır. Bu baxımdan “Yad” və “Çevrilmə”ni paralel oxumaq olduqca mənalıdır...

Tərcümə: Kamran Əliyev

Yorumlar