George Berkeley'in metafizikasında Tanrının yeri - Kamran Kərimli



Müəllif: Kamran Kərimli

   George Berkeley - (1685- 1753) məşhur britaniyalı filosofdur. Ən məşhur əsərləri "İnsan biliyinin prinsipləri haqqında traktat" və "Hilos və Filonus arasında 3 dialoq" əsərləridir. 

   Berkeleyin fəlsəfəsinə baxdığımızda onun tam olaraq Tanrı isbatına dayandığını söyləyə bilərik. Özü dindar bir xristian olan Berkeley skeptikləri və ateistləri kəskin tənqid edir, Tanrının varlığını irəli sürüb xristianlığı yaymaq istəyirdi. Berkeley hətta xristianlığı yaymaq üçün Amerikada bir universitet qurmağı planlaşdırmışdı, amma ingilis hökumətinin bu işə biganə yanaşması ilə plan gerçəkləşmədi.

   Fəlsəfəsinin ən böyük məqsədi Tanrının varlığını isbat etmək olan Berkeley'ə görə skeptsizm və materializm ateizmin yayılması üçün uyğun şərait yaradır. Buna görə də ateizmin yayılmasının qarşısını almaq üçün əvvəlcə skeptsizm və materializm çürüdülməlidir. 

   İlk olaraq skeptsizm Tanrının varlığı düşüncəsi üçün ciddi təhdiddir. Berkeley skeptsizmin insanları sonu gəlməyən müzakirələrə sürükləyən və heç kimə faydası olmayan boş bir düşüncə sistemi olduğunu deyir. Skeptsizmə görə varlıq haqqında gerçək bir bilgi əldə oluna bilməz və insan bilgisi ilə varlıq arasında hər hansı bir uyğunluq yoxdur. Bu düşüncələriylə skeptsizm bilgiyə olan inamı aradan qaldırır. Ortada güvənilən bir bilgi olmadığına görə, bu bilgidən yola çıxara başqa nəticələrə çatmaq da mümkün deyil. Onda qəbul etmək lazımdır ki, epistemoloji skeptsizmin yanlışlığı göstərilməsə, din və əxlaq mövzusunda insan bilgisinə dayanan hər cür açıqlama və isbat cəhdi öz gücünü itirəcək. Bu skeptsizmin təsirilə hər şeyə şübhə edəcək hala gələn insanlara, özlərini yaradan bir Uca Tanrının var olduğunu, əməl olunması gərəkən bir qrup qaydaların olmasını və bu dünyada edilənlərin qarşılığının görüləcəyi bir günün gələcəyini qəbul etdirmək mümkün olmayacaq. Buna görə də Berkeley'in təməl hədəfinin teoloji olduğunu nəzərə alsaq, onun ən başda mübarizə apardığı mövzulardan birinin skeptsizm olması təbiidir.

   İkinci olaraq materializm ateizmə səbəb olan bir düşüncə sistemi kimi Berkeley'in kəskin tənqidinə məruz qalır. Berkeley özündən əvvəlki bir çox filosofun maddi dünyanı bir növ Tanrıya çevirdiklərini və bu vəziyyətin ateizmə səbəb olduğunu düşünürdü. Qaçılmaz olaraq aydınlanma ateizmi ənənəvi əxlaq qaydalarını alt-üst etmişdi. Naturalist və determinist çərçivədə dəyərin meyarı insan və heyvanlarda ortaq olan şəhvət və arzunun təmin edilməsi idi. Bu vəziyyət Berkeley'i çox narahat edirdi və o buna səbəb olan materialist düşüncənin yıxılması gərəkdiyini düşünürdü.

   Materializm dərk etdiyimiz varlıqların ardında, dəyişməyib həmişə eyni qalan və bizim bilə bilmədiyimiz bir maddi cövhərin olduğunu irəli sürür. Materialist dünyagörüşünə görə, varlıq maddədən ibarətdir və kainatda ruhi bir parça yoxdur. Bu görüşüylə də materializm ateizmə qapı açır. Maddənin zehinlərdən asılı olmayaraq özünəməxsus bir təbiəti və varlığı olduğunu düşünmək Berkeleyə görə Tanrıya rəqib qoşmaqdır. Buna görə də o, əvvəlcə skeptsizm və materializmlə mübarizə aparır. Onların təməl arqumentlərini çürüdüb, öz immaterialist metafizikasını ortaya qoyur. 

   İndi Berkeley'in metafizik sistemində Tanrının harada olduğuna baxaq. Tanrı Berkeley fəlsəfəsinin tam mərkəzindədir. Fəlsəfi sisteminin şüarı olan "Var olmaq dərk edilmiş olmaqdır" cümləsinin vardığı yer Tanrıdır. Var olmaq dərk edilmiş olmaqdır, ancaq biz nəsnələri həmişə dərk edə bilmərik. Otağa girəndə dərk etdiyim masanı otaqdan çıxandan sonra dərk edə bilmərəm. Bu vəziyyətdə mən masanı dərk edə bilmədim deyə, masa yoxmu oldu? O mən dərk edəndə var, etməyəndə yoxmu? Berkeley'ə görə otaqda masa həmişə var. Çünki bizim masanı etdiyimiz dərk zaman-zaman kəsilsə də, masanı həmişə dərk edən bir varlıq var. Bu varlıq Tanrıdır.

- HYLONUS: "Deyək ki, sən yox oldun, hislərlə dərk edilən şeylərin var olmağa davam edə biləcəklərini heç düşünmürsən?"

- PHİLONOUS: "Düşünmürəm, amma onda başqa bir zehində olmaları lazımdır. Mən hiss edilən şeylərin zehin xarici varlıqlarını rədd etdiyim zaman, xüsusi olaraq öz zehnimi yox, bütün zehinləri nəzərdə tuturam. Şeylərin mənim zehnim xaricində bir varlığa sahib olduqları bəllidir, çünki onların zehnimdən asılı olmadıqlarını təcrübələrimdə görürəm. Deməli, onları dərk etdiyim zamanlar arasındakı müddətdə, onların içində var olduqları başqa bir zehin vardır: əşya mən doğulmadan öncə var olduğu kimi, mənim, təxmin etdiyin kimi yox oluşumdan sonra da var olacaq. Və eyni şey bütün digər yaradılan sonlu yaradılmışlar üçün də doğru olduğuna görə məcburi olaraq bütün şeyləri bilən və qavrayan və onları bizim təbiət qanunları dediyimiz bir qrup qanuna görə yaratdığı tərzdə gözlərimiz önünə sərən hər yerdə hazır və nazir, əzəli və əbədi bir Zehinin var olduğu nəticəsinə gəlib çıxır."

   Tanrı Berkeley üçün əvəzolunmaz bir yaradandır. Həmişə bizim dərk etməyimizə mövzu olmayan xarici dünyadakı varlıqların sığortaçısı Tanrıdır. Berkeley'in dərk edilmiş olmaqla var olmağı bir tutmasında əsas məqsədi Tanrının varlığını ortaya qoymaqdır. Varlıqla dərk eyni şeydirsə, bu Berkeley'in varlıqları zehnin varlığına bağlı etdiyi mənasına gəlir. Onun burada əsl qəsdi insan zehni yox, sərhədsiz və kəsintisiz dərk etməsilə hər şeyə varlıq verən Tanrının zehnidir. 

   Berkeley xarici dünyadakı şeylərin varlığının tam əminliyi olaraq Tanrını göstərərək solipsizmə düşmə təhlükəsindən qurtulur. Solipsizm yalnız onun özünün var olduğunu, öz "mən"i xaricində heç bir şeyin var olmadığını deyən bir görüşdür. Berkeley bəzi tənqidçilər tərəfindən solipsist olaraq adlandırılsa da, öz zehni xaricindəki zehinlərin və aşmış bir zehin olaraq Tanrının varlığını qəbul etdiyi üçün onun solipsist olmadığını demək kifayətdir.

TANRININ SİFƏTLƏRİ

   Tanrının sifətləri mövzusu teologiya və fəlsəfənin mühüm problemlərindən biri olmuşdur. Tanrının sifətləri ən az Tanrının varlığı qədər filosofları düşündürmüşdür. Demək olar ki, hər filosof bu mövzu ətrafında düşünüb öz görüşünü ortaya qoymuşdur. Bəzi filosoflara görə Tanrı əzəlidir, amma sadəcə O özünü bilə bilir. Bəzilərinə görə isə Tanrı əzəli olmaqla yanaşı, bütün kainatın bilgisinə sahibdir. Kimilərinə görə də Tanrı kainata daxildir, yəni hər şey Tanrıdır. 

"The Last Judgment" Mikelanjelo

  Berkeley'in Tanrı təsəvvürünə gəldikdə isə klassik teizmdəki Tanrı təsəvvürü ilə qarşılaşırıq. Ona görə Tanrı əzəli və əbədi olan şüurlu bir varlıqdır. Tanrı hər şeyi bilən və hər şeyə gücü yetən aşmış bir zehindir. Aləmi yoxdan yaratması və mütləq mənada yaxşı və ədalətli olması da Berkeley'in Tanrısının xüsusiyyətlərindəndir. Berkeley'in düşüncəsində Tanrı deist düşüncədə olduğu kimi kainatı yaradıb kənarda durmuş ola bilməz. Deist düşüncədə hər nə qədər Tanrının yaradıcı olduğuna inanılsa da, bu kifayət deyil. Deizm Tanrını sadəcə yaradıcılıq özəlliyi ilə məhdudlaşdırıb həyatdan kənarlaşdıranda ateizmə qapı açmış olur. Çünki deist anlayışa görə varlıqlar yaradılıb düzən qurulduqdan sonra gündəlik həyatda ilahi bir gücə ehtiyac yoxdur. Berkeley isə ateizmlə etdiyi mübarizənin bir parçası olaraq Tanrının kainatın həm yaradıcısı, həm də yönləndiricisi olduğunu ifadə edir. O dünyadakı hər şeylə maraqlanan, iradəsi mütləq və azad olan, hər şeyə səbəb verən, heç bir şeydən dirəniş görməyən, bilgə, qüsrətli və yaxşı bir Tanrıdır.

   Berkeley panteist düşüncədəki Tanrı anlayışına da qarşı çıxır. Ona görə ki, təbiət ilə Tanrının bir və eyni şey olduğu görüşü son dərəcə yanlışdır. Sonlu və bir çox əksiklik və qüsurla dolu olan varlıq aləminin, sonsuz və bütün əksikliklərdən münəzzəh olma mənasında mükəmməl bir varlıq olan Tanrının bir parçası və ya bir təzahürü olaraq görüldüyü düşünülə bilməz. Berkeleyin dediyi kimi, "əgər aləmdə yer alan hər şeyin birləşib Tanrını əmələ gətirdiyini iddia etsək, bu, ateizmdən ancaq ilahi zehni, aləmin idarəçi qismi olaraq görməsi baxımından ayrıla bilən xətalı bir Tanrı anlayışı olacaqdır."

  Berkeley maddi tözün varlığını rədd edəndə onun mənasızlığı, qeyri-müəyyənliyi və bilinə bilməməsi dəlilini ortaya qoymuşdu. Maddi tözün "nə olduğunu bilmədiyimiz bir şey" şəklində ifadə olunması ona görə son dərəcə axmaq və qəbuledilməz bir vəziyyətdi. Buna görə o Tanrının varlığı və bilgisi mövzusunda eyni xətaya düşmədi. Tanrı bizim "nə olduğunu bilmədiyimiz bir şey" deyil. Əgər elə olduğunu düşünürüksə, Tanrı da maddi töz kimi mənasız və qeyri-müəyyən bir anlayış olardı. Amma Berkeley, bir Tanrının deyildiyi zaman haqqında heç bir anlayışımız olmayan, şeylərin qaranlıq və ümumi bir səbəbini qəsd etmədiyini, kəlmənin tam mənasıyla haqqında məhdud da olsa, bir qavrayışa sahib ola biləcəyimiz bir varlığı ifadə etdiyini deyər. Bu elə bir varlıqdır ki, sprituallığı, hər yerdə hazır və nazir olması, hər şeyi bilməsi, hər şeyə gücü yetməsi və yaxşılığı şeylərin varlığı qədər açıq-aşkardır və onun varlığı bizim varlığımız qədər şübhədən uzaqdır.

   Berkeleyə görə Tanrı barəsində bilgi sahibi olmağımız son dərəcə normaldır. Bunun əksini düşünmək mümkün deyil. Tanrı qavramını mənalı edən isə Tanrıya yüklənən sifətlərdir. Sifətlər aradan qaldırılanda isə Tanrı qavramının içi boşalır və qavram mənasızlaşır. Tanrının hansı sifətlərə sahib olduğunu bilə bilməyəcəyimizi müdafiə etmək isə bizi bu sifətlərə sahib bir Tanrının olmadığı nəticəsinə kimi apara bilər. Berkeley'ə görə Tanrının sifətlərini inkar edənlər fərqində olmasalar da, Tanrının varlığını inkar edirlər. Tanrının sifətlərin rədd edilməsi və Tanrının varlığının rədd edilməsi bir və eyni şeydir. Bu səbəbdən Berkeley'ə görə Tanrının sifətləri mövzusu Tanrının varlığı qədər əhəmiyyətli mövzudur. 

   Berkeley'ə görə üstün keyfiyyətlərlə zəngin olan bir Tanrı vardır və insanlar o Tanrıya iman edirlər. Tanrıya iman edib ibadət edəcək insanlar Tanrı təsəvvürünə malik olmalı və bu inancının nələrə səbəb olacağını bilməlidir. İnsanlardan haqqında bir bilgiyə sahib olmadığı Tanrıya ibadət etmək gözlənilə bilməz. Tanrının sifətlərini bilmək bizdə Ona qarşı bir hörmət oyandırır və davranışlarımızı ona görə nizama salmağımızı istəyir. Məsələn, Tanrının gizli və ya aşkar hər şeyi bilən bir varlıq olması xüsusiyyəti ilə onun cəzalandırıcı bir varlıq olması xüsusiyyətini bilən bir insan hərəkətlərinə diqqət edib ona görə davrana bilər. Digər nümunə isə Tanrının mütləq yaxşı və mərhəmətli olması sifətindən yola çıxan bir insan ümid içində Tanrıya ibadət edə bilər. İnsan necə bir varlığa ibadət etdiyini bilmək istəyər. Çünki bu ibadətin məqsədi mütləq yaxşı olan Tanrının bu sifətindən faydalanıb onun rzasını qazanmaqdır. Əks halda iman edən insan necə bir varlığa iman etdiyini və necə ibadət etdiyini bilməz. Bu da sağlam olmayan iman və ibadət münasibətlərini doğurar. 

17-ci əsrə aid müəllifi bilinməyən rəsm əsəri


   Berkeleyin fəlsəfəsinə bir bütün olaraq baxdığımızda onun Tanrının təkliyini tez-tez vurğuladığını görürük. O Tanrının varlığına və təkliyinə inanan monoteist bir filosofdur. Bu nöqtədə qarşımıza bir problem çıxır. Son dərəcə dindar bir xristian olan Berkeley'in tək Tanrı inancı Xristianlığın təslil anlayışı ilə zidd deyilmi?  Berkeleyə görə, burada ziddiyyətdən söz belə gedə bilməz. Çünki Ata Tanrı, Oğul, Müqəddəs Ruh 3 Tanrı olduğu mənasına gəlməz. Necə ki, biz Günəşi, ondan ayrılan işığı və ayrılan istiliyi ayrı-ayrı düşünmürüksə, Ata Tanrı, Oğul, Müqəddəs Ruhu da ayrı düşünə bilmərik. Tanrının 3 şəxsdən ibarət olduğu ilə anladılmaq istənilən şey, Onun 3 ayrı şəxsdə var olan və fəaliyyət göstərən, üç şəkilli bir varlıq olmasıdır. Bu səbəblə də, Berkeley tək Tanrı inancı ilə təslis anlayışının ziddiyyət təşkil etmədiyini bildirir.

   Berkeley fəlsəfəsində Tanrıya bütün üstün mənalar yüklənmişdir. Onun fəlsəfi sistemində ayrı bir əhəmiyyət kəsb edən hissə isə Tanrının hər şeyi bilən və dərk edən bir varlıq olmasıdır. Tanrının bilgisi sonsuz və qüsursuz bir bilgidir. Onun bilmədiyi heç nə yoxdur. Berkeley'ə görə Tanrının bilgisinə və dərkinə mövzu olmayan bir varlıq düşünülə bilməz. Qeyd etdiyimiz kimi, Berkeley'in fəlsəfi düşüncəsi "Var olmaq dərk edilmiş olmaqdır" cümləsi ilə təkrarlanmış olur. Burada Berkeleyin demək istədiyi əsas şey, varlığın zehinə bağlı olmasıdır. Bütün sonlu zehinlər kəsintili olduğu üçün, bu dərk işini gerçəkləşdirən sonsuz və əbədi zehindir. 

   Varlıqların var olmasını təmin edən əsas şey Tanrının onları bilməsi və dərk etməsidir. Berkeleyə görə, xarici dünyanın var olmasının və varlığını davam etdirməsinin əsl səbəbi Tanrının yaradıcı bilgisidir, hər şey Tanrı tərəfindən bilinməklə vardır. Varlığın bilgisi Tanrıda hər zaman vardır, vücudu isə Tanrı istədiyi zaman verir. Başqa sözlə, varlıq yaradılmamışdan öncə də onun bilgisi Tanrıda var, amma biz həmin bilgini yaradılandan sonra alırıq. Berkeley bu düşüncəsini özü belə ifadə edir: "Şeylərin var olmağa başladığını və ya var olmaqdan çıxdığını söyləyəndə, bunu Tanrıya nisbətdə yox, digər yaradılmışlara nisbətdə deyirik. Yoxsa bütün obyektlər Tanrı tərəfindən əzəli və əbədi olaraq bilinirlər, yəni onun zehnində əzəli və əbədi bir varlığa sahibdirlər, amma yaradılmışlar üçün dərk edilə bilməyən şeylər, Tanrının bir buyruğu ilə dərk ediləcək hala gəldikdən sonra, artıq şeylərin zehinlərə görə də əzəli və əbədi bir varlığa sahib olurlar.

   Tanrının hər şeyi bilən bir varlıq kimi adlandırılması Berkeley fəlsəfəsində yeni bir problemi gündəmə gətirir. Tanrı insanların etdiklərini və edəcəklərini bilirsə, insanın iradə azadlığından necə danışa bilərik? Berkeley bu mövzuda bunları deyir: "Məncə mütləq olma və məcbur olma tamamilə ayrı şeylərdir. Çünki mütləqlikdə məcburiyyəti ifadə edən və insanın öz davranışlarına görə məsuliyyət daşıdığı gerçəyilə zidd olan heç bir şey yoxdur. Əgər Tanrı bir davranışın əvvəlcədən ediləcəyini bilirsə, onu insanın azad seçimiylə gerçəkləşdirəcək bir davranış olaraq bilməsi ola bilməz?" Burada Berkeley Tanrının insanların nə edəcəyini bilməsinin onun azadlığına təsir etməyəcəyini söyləyərək, ağıl və iradə sahibi olan insanların davranışlarından məsuliyyətli olduqlarını ortaya qoyur.

   Berkeley'ə görə Tanrının sifətlərindən biri də onun yaradıcı olmasıdır. Tanrı xaricindəki bütün varlıqlar isə yaradılmışdır. Bunların varlığı əzəli olaraq var olan Tanrının istədiyi bir zaman dilimində onları varlığa gətirmə istək və iradəsinə bağlıdır. Onun yaratması üçün hər hansı bir vasitəyə ehtiyacı yoxdur. Yaratmaq feili üçün bir vasitə lazım olsaydı, Tanrıyla bağlı bir əksiklik olardı. Çünki Berkeley'ə görə iradəmizlə edə bilməyəcəyimiz şeyləri etmək üçün vasitəyə ehtiyac duyuruq. Məsələn, barmağımızı hərəkət etdirərkən heç bir zaman vasitədən istifadə etmirik, çünki bu iş iradəyə bağlıdır. Amma bir qayadan bir parça qoparmaq və ya ağacı kökündən çıxarıb atmaq istəsək, bir vasitədən istifadə etməliyik. Tanrının iradəsi isə bütün hər şeyi vasitəsiz etmək üçün kifayətdir. Və bu heç bir məhdudlaşdırmaya bağlı deyil. Hər şeyə gücü yetən bir Tanrının iradəsi bir vasitəyə ehtiyac duymadan özünü göstərdiyi an yerinə gəlir. Beləcə, Berkeley maddi tözün əzəli olması fikrini ortadan qaldırır.

17-ci əsr Fransasından mənzərə rəsmi

   Berkeley'in hiss edilən şeylərin varlığının əzəli olmayıb sonradan yaradılmış olduğunu ifadə etməsi ağıllarda bəzi suallara səbəb olur. Bu suallar fəlsəfə tarixi boyunca filosofları düşündürən suallardır. Varlıqlar sonradan yaradıldısa, bu özündə heç bir dəyişikliyin mümkün ola bilməyəcəyinin iddia edildiyi Tanrının iradəsində bir dəyişiklik olduğu mənasınamı gəlir? Başdan varlıqları yaratmaq istəməyən Tanrı niyə müəyyən bir zaman dilimində onları yaratmaq istəmişdir? Berkeley də özünı yönəldilən bu sualların fərqindədir və "Üç Dialoq" əsərində Hylas' bu qəbildən sualları soruşduraraq cavablandırır. Hylas Philonous'un, şeylərin Tanrının zehnində olduqları üçün, bundan bütün varlıqların da əzəli olaraq var olmaları gərəkdiyi nəticəsinin çıxarılabiləcəyini söyləyir. Əzəldən bəri var olan bir şeyin necə olub da zaman içində yaradılmış ola biləcəyini soruşur. Philonous'un cavabı belədir: "Tanrının zehninə görə yeni olan ya da var olmağa başlayan heç bir şey yoxdur. Onun tamamilə sonlu ruhlara görə bir şey olduğunu düşünə bilmərik? Yəni, Tanrı özü qurmuş olduğu və bizim indi təbiət qanunları adını verdiyimiz nizam içində şeylərin ağıllı yaradılanlar tərəfindən dərk edilə biləcək hala gəlməsini buyurduğu zaman, onların bizim üçün əsl mənasında var olmağa başlamış ola biləcəklərimi söyləyə bilmərik?... Tanrı bizim anlayışımızı aşan və sərhədsiz mükəmməllikləri olan bir varlıqdır: buna görə də məhdud ruhlar O'nun təbiətini qavrayıb anlaya bilməzlər. Bu səbəbdən istər maddəçi, istər maddə tanımayan olsun, heç kim Tanrısal Varlıq haqqında, O'nun sifətləri və davranış tərzləri haqqında heç vaxt tam dəqiq bilgilərə sahib ola bilməz." 

   Görüldüyü kimi Berkeley yaradılışın sonlu varlıqlar üçün keçərli olabiləcəyini, Tanrının bilgisində yeni olan və dəyişən heç bir şey olmadığını ifadə edir. Tanrının zehnində əzəli olaraq var olan və bizim tərəfimizdən daha öncə dərk edilməyən və bilinə bilməyən şeylər Tanrının buyruğuyla dərk edilə biləcək bir hala gəlir. Daha sonra isə ən aydın şəkildə "Tanrının hikmətindən sual olunmaz." deyimiylə ifadə edə biləcəyimiz bir şəkil formasına gələr. Tanrının bəzi şeyləri niyə, necə və nə vaxt etdiyini sonlu ruhlar olaraq bizlər bilə bilmərik. Bu nöqtədə diqqətimizi çəkən şey isə Berkeley'in cavabını tam olaraq ala bilmədiyimiz mövzularda təslimiyyətçi bir davranış sərgilədiyidir. O ki qaldı Berkeleyə görə, Tanrının zehnində bir imkan olaraq var olan şeylərin O'nun bilgisində hər hansı bir dəyişikliyi lazım bilmədən yaradılmasında anlaşılmayacaq bir şey yoxdur və bu din adamlarının görüşlərinə də son dərəcə uyğundur.

   Berkeley əsərlərində fəlsəfə tarixi boyunca önəmli bir problem olaraq qarşımıza çıxan şər probleminə də toxunmuşdur. Berkeley Tanrının mütləq mənada yaxşı, iradə və qüdrətiylə də hər şeyə gücü yetən bir varlıq olduğunu deyirdi. Bəs, Tanrı belə bir varlıqdırsa, dünyadakı pisliklər necə açıqlanmalıdır? Tanrı mütləq mənada yaxşı bir varlıqdırsa, pisliyin qarşısını almağa çalışacaq. Əgər bunu istəmirsə, mütləq mənada yaxşı olduğuna şübhə edilməlidir. Yox, əgər pisliklərin qarşısını almaq istəyib bunu tam edə bilmirsə, sonsuz gücünə şübhə edilməlidir. Bu problem ateistlərin də tez-tez istifadə etdiyi problemlərdən biridir.

   Berkeley təbiətdəki qüsurların, pisliklərin və acı verən iztirabların varlığının nə Tanrının varlığıyla, nə də Onun yaxşılıq və güclülük sifətləri ilə zidd olduğunu düşünür. Onun fikrincə təbiətdəki ləkələrin, qüsurların yersiz olmadıqlarını, bunların eynən bir rəsmdəki kölgələrin daha parlaq, daha aydın bölgələri müəyyənləşdirdiyi kimi təbiətə xoş bir növbənövlük gətirdiklərini, onu daha da gözəlləşdirdiklərini düşünməliyik. Dünyadakı ağrılar və narahatlıqlar bizim xoşbəxtliyimiz üçün gərəkli şeylərdir. Həyatı mənalı edən şey iztirablarla xoşbəxtliklərin bir yerdə olmasıdır.

   Berkeleyə görə dünyada həddən artıq çox pis və acı verən şeylərin olduğunu demək bizim baxış bucağımızdan da asılıdır. Çox dargörüşlü olduğumuz üçün "bəlli bir acı ideyasını düşünüb ona pis deyirik. Halbuki baxış bucağımızı fərqli-fərqli bağlantıları, nəsnələrin bir-biriylə bağlı olduqlarını, acılardan və zövqlərdən necə təsirləndiyimizi, bu dünyaya hansı məqsədlə gəldiyimizi də içinə alacaq qədər genişləndirə bilsək" problem ortadan qalxar. Məhdud baxış bucağıyla təkbaşına düşünüləndə bizə pis görünən bir şeyin yuxarıda sayılan əlaqələrin hər biri diqqətə alınaraq dəyərləndirilərsə, əslində yaxşı olduğunu düşünə bilərik.

Yorumlar