"İntizam kənardan zorla qəbul etdirilmiş
qaydalara itaət yox, məhz şəxsi iradənin məhsulu olmalı, insana o qədər xoş təsir
bağışlamalıdır ki, vaxt keçdikcə, bu intizam olmadığı halda insan özündə nəyinsə
çatışmadığını duymalıdır. Bizim intizam barədə (hər hansı comərdlik də daxil
olmaqla) Qərb təsəvvürümüzün uğursuz nöqteyi-nəzərlərindən biri də intizama itaətin
insanlara əziyyətli gəlməsi və elə
əziyyətli olduğu üçün də "yaxşı" sayıla bilməsi fikridir. Şərqdə artıq çoxdan anlamışdılar ki, insan üçün, onun bədəni və ruhu üçün yaxşı, xeyirli olan, ilk əvvəllərdə müəyyən ziddiyyətləri dəf etmək zərurəti olsa belə, həm də xoşagələn olmalıdır"
əziyyətli olduğu üçün də "yaxşı" sayıla bilməsi fikridir. Şərqdə artıq çoxdan anlamışdılar ki, insan üçün, onun bədəni və ruhu üçün yaxşı, xeyirli olan, ilk əvvəllərdə müəyyən ziddiyyətləri dəf etmək zərurəti olsa belə, həm də xoşagələn olmalıdır"
Alman əsilli amerikan
psixoanalitik Erix Frommun "Sevmək sənəti" kitabında həm tarixi, həm
də müasirlik baxımından insanın sevgi ehtiyacı, ictimai proseslərdə sevginin
rolu və mübarizliyi, insanların psixoloji güc əldə etməsi üçün uşaqlıq dövrlərindən
qayğı və sevginin nizamda olması və eyni zamanda, tənhalıq, öz təkliyi ilə baş
edə bilmə və s. mövzularda maraqlı baxış sərgilənməkdədir.
Maraqlıdır ki, dövrün digər dəyərli
psixoanalitiklərindən olan Viktor Frankl kimi Fromm da, Froydun cinsəl instinkt
məsələsinə qarşı gələrək cinsi istəyin "Sevgi" düşüncəsi daxilində
emal olunduqda nevrozlara qalib gələ bilinəcəyini vurğulayır. Bundan başqa dini
dünyagörüşün formalaşmasında uşağın Ana və Ata-ya olan məhəbbətinin
yaranmasıyla paralel olaraq müqayisələr aparır. (Uzun olduğu üçün yazmaq
alınmır, kitabı oxumağa dəyər) Tanrı düşüncəsində də orijinal yöntəm qoyur:
"Həqiqət, ədalət, məhəbbət".
Heç bir ideoloji doktrinaya tabe olmadan fəaliyyət göstərirsənsə, deməli özün
öz tanrınsan. Sevgi də bir sənətdir və bu işdə daim peşəkarcasına
formalaşmalısan. Bundan başqa toxunulan
maraqlı məqam; Toplumsal şeylərə meylin keçmişdə "dini ayinlər"lə öz
yalnızlığını ört-basdır etmək (bir növ müdafiə mexanizmi) olmasını müasir dövrdə
içki, narkotik aslılığı ilə müqayisə edir. Beləliklə, fərd "toplumla birləşmək" adı altında əslində
öz qorxduğu tənhalığından qaçır. Fərdi münasibətlərə də bunu şamil edir; "Bəzilərinin sevgisi ikilikdə tənhalıqdır".
Sevərkən təkcə birini deyil, bütün dünyanı sevərsən. Uşağı sevərkən onu mühafizəkarcasına
deyil, özünün öz üzərində inkişaf edə biləcəyi səviyyədə sevməlisən. Əks halda
dini yaşama olan ehtiyac kimi uşağın da ana (şərtsiz qayğıkeşlik) və ata
(avtoritar qayğı)nın sevgisinə geri dönməsinə ömür boyu ehtiyac olacaq. Xüsusən
kişi cinsinin bu ehtiyacı qarşı tərəflə ödəyə bilməməsi ona daha çox nevroz
yarada bilər deyə qeyd edir. Avtoritar rejimlərin fərdlər üzərində hakimiyyəti
kimi, nevrozlu fərdlər də başqalarının həyatı üzərində hakimlik etməyə
çalışacaq (Müasir ictimai problemlərdən)
Qeyd edək ki, təqdim
etdiyimiz qısa icmal, əsərdən gəldiyimiz subyektiv nəticələrə əsaslanır.
Kitabdan seçilən
cümlələr :
Müasir insan daha
çox atasına ehtiyac duyduğu zaman ağlayıb onu çağıran, duymadığı zaman isə
asanlıqla tək oynaya bilən uşağa bənzəyir.
Həm "radikal
köklənmiş", həm də sadə insanlar sevməyə qadir olmayan avtomatların təcəssümüdür
və onlar arasındakı fərq yalnız ondan ibarətdir ki, birincilərin vəziyyəti
bildikləri və bu faktı "tarixi zərurət" saydıqları halda, ikincilər
onu heç dərk etmirlər.
İrrasional inam
nüfuzlu şəxslərin və yaxud əksəriyyətin düzgün hesab etdiyi üçün qəbul
olunandırsa, rasional inamın kökləri əksəriyyətin rəyinə zidd olaraq şəxsi məhsuldar
müşahidə və düşüncələrə əsaslanan müstəqil əminlikdir.
Əslində cəmləşdirməyə
bacarmaq özü ilə təklikdə qalmağı bacarmaq deməkdir, bunlarsız sevməyi bacarmaq
olmaz. Qəribə də olsa, təklikdə qalmaq bacarığı sevmək qabiliyyətinin şərtlərindəndir...
"Mən" (mən özüm) - qüdrətimin mahiyyəti, aləmimin yaradıcısıyam kimi
düşüncələr insanın özü ilə təkbətək qalmağı bacarmasına yardımçı olacaq.
Təlim vermək uşağa
öz bacarıqlarını dərk etməsinə yardım etmək deməkdir.
İnam - cəsarət, riskə
getmək bacarığı, hətta ağrı və məyusluğa qarşı dözüm tələb edir. Həyatın əsas şərtini
əmin-amanlıq və təhlükəsizliyin təşkil etdiyindən əmin olan kəslər inama sahib
ola bilməz; təhlükəsizliyin uzaqlıq və sahibliklə təmin olunduğu sistemə
qapılan kəslər isə özlərini əsirə çevirirlər. Sevib-sevilmək üçün cəsarət tələb
olunur, bəzi dəyərlərə hər şeyə üstün gələn xüsusi önəmi vermək və bu dəyərlərə
hər şeydən keçmək cəsarəti.
Bu cəsarət məşhur
lovğa Mussolinin "təhlükələrlə yaşa" şüarını təntənə ilə elan etdiyi
cəsarətdən deyil. Onun cəsarəti nihilizm cəsarətidir. Bu cəsarətin kökləri həyata
münasibətdə dağıdıcı təmayüldədir. Bu təmayül insanın həyatı sevmədiyi üçün
ondan imtina etməsinə hazır olmasıdır. Hakimiyyətə inamın həyata zidd olduğu
kimi, ümidsizlik cəsarəti də sevgi cəsarətinə ziddir.
Səbrin nə olduğunu
anlamaq üçün yeriməyi öyrənən uşağı müşahidə etmək yetərlidir. O, yıxıldıqca
yıxılır və hər dəfə yenidən ayağa qalxaraq yeriməyə çalışır, yıxılmadan, səlis
yeriyənədək usanmadan öz səylərini təkrarlayır. Böyüklər onlar üçün önəmli olan
işi görərkən uşaqlar qədər səbirli və fikri cəmlənmiş olmağı bacarsaydılar, kim
bilir, nələrə nail olardılar.
Özünü duymadan fikri
cəmləşdirməyi öyrənmək mümkün deyil.. Məsələn, siz özünüzdə yorğunluq və
halsızlıq hiss edirsiniz və bunlara tabe olub, həmişə hazır olan kədərli düşüncələrlə
qidalandırmaq əvəzinə, özünüzdən "Nə olub?", "Mən niyə
halsızam?" deyə soruşursunuz. Eyni vəziyyət siz əsəbiləşərəkən, yaxud,
gerçəkdən uzaqlaşdıran fantaziya və digər məşğuliyyətlərə dalarkən də baş
verir. Belə halların hamısında ən önəmli olan baş verənləri min bir variantda səmərələşdirmək
yox, onları dərk etməkdir; bundan əlavə,
bəzi hallarda hətta kifayət qədər qısa zamanda narahatlığınız, halsızlığınız, əsəbiliyinizin
səbəbini ifadə edə bilən daxili səsinizə qulaq asmağınız gərəkdir.
İnamınıza xilaf
çıxmaqla, mənəviyyatınızı zəiflətmənizi və artan zəifliyin növbəti xəyanətə yol
açdığını anlamanız çıxılmaz vəziyyətin yaranmasına səbəb olur. Tədricən şüurlu
şəkildə sevilməmək qorxunuzun əslində özünüz də bilmədən sevmək qorxusu
olduğunu anlayacaqsınız. Sevmək zəmanət tələb etmədən üzərinizə öhdəlik götürmək,
məhəbbətinizin sevdiyiniz insanda da sevgi yaratmaq qabiliyyətində olduğu
ümidinə sona qədər təslim olmaq deməkdir.
Kapitalist cəmiyyətində
həm maddi sərvətlərdə, həm də sevgidə üstünlüyü "Mən sənə sənin mənə
verdiyin qədər verirəm" sözlərilə ifadə olunan əxlaq prinsipi təşkil edir.
Hətta ədalət əxlaqının inkişafını kapitalist cəmiyyəti əxlaqının xidməti də
hesab etmək olar.
Ədalət əxlaqı məsuliyyət
və vəhdət hissi yox, uzaq, yad münasibətləri əhatə edir və yaxınlara sevgi yox,
onun hüquqlarına hörməti nəzərdə tutur.
Cəmiyyətimizin
başında idarəçi bürokratiya və peşəkar siyasətçilər dayanır; insanlar kütləvi təlqinetmə
təsiri altında hərəkət edirlər, onların hədəfi və məqsədi daha artıq istehsal və
istehlak etməkdir. İstənilən fəaliyyət iqtisadi məqsədlərə tabedir, vəsaitlər məqsədə
çevrilib; insan özünün xüsusi insani keyfiyyətlərindən və funksiyalarından məhrum
olunmuş tox və geyimli bir avtomata çevrilmişdir. İnsan sevməyə qadirdirsə, o,
özünün ali yerini tutmalıdır. İnsan iqtisadi maşının köləsi yox, maşın onun köləsi
olmalıdır. O gəlir sevinci yaşamaqdansa, əmək və fəaliyyət sevinci yaşamağı bilməlidir.
Cəmiyyət elə qurulmalıdır ki, insanın ictimai, "sevməyə qadir" mahiyyəti
onun cəmiyyətdəki həyatından ayrılmaz olsun, bir vəhdət təşkil etsin. Sevginin,
mənim ifadə etməyə çalışdığım kimi, bəşəriyyət mövcudluğu probleminin yeganə
idraki və adekvat həlli olduğu doğrudursa, o zaman hər necə olursa olsun,
sevginin inkişafını məhdudlaşdıran, insan təbiətinin əsas tələbatları ilə
ziddiyyət halına gələn hər hansı bir cəmiyyətin gec ya tez məhv olacağı da
qaçılmazdır... Sırf fərdi yox, ümumictimai hadisə olaraq mümkün olan sevgiyə
inam insanın ən məhrəm mahiyyətinin təcəssümünə əsaslanan məntiqli və dərrakəli
inamdır.
Müəllif: Eyvaz Usubov
Yorumlar
Yorum Gönder