![]() |
Joseph Anton Koch "Nuhun təşəkkürü" (1809) |
Epikür Pytoklesi
salamlayır. Kleonun mənə gətirdiyi məktubunda sənə göstərdiyim marağın
qarşılığında mənə hər zaman hörmətlə davranırsan və həyatı xoşbəxt edəcək
düşüncələri uyğun yerdə xatırlatmağa çalışırsan. Bir də daha asan xatırlaya
bilmək üçün sənə göy cimsləri haqqında qısa və əsaslı araşdırma göndərməyimi
xahiş edirsən. Çünki dediyin kimi, kitablarımı əlindən düşürmə-diyin halda başqa
yerlərdəki yazılarım asan yadda qalacaq yazılar deyil.
Bu xahişini sevərək qəbul edirəm və gözəl ümidlərlə dolu olduğumu bildirirəm.
Bu xahişini sevərək qəbul edirəm və gözəl ümidlərlə dolu olduğumu bildirirəm.
Geri qalan bütün
yazılarımı yazdıqdan sonra daha çox şəxs üçün, xüsusilə də həqiqi təbiət
araşdırmalarının dadını yenicə almış olanlar və geniş yayılmış təhsil mövzularından
daha dərinə araşdırmalara girişmiş olan üçün yararlı olduğunu düşündüyüm bu əsəri
tamamlayacağam. Bunları yaxşıca öyrən və yadında saxla. Heredotosa göndərdiyim
digərləri ilə birlikdə diqqətlə araşdır.
Hər şeydən əvvəl bil ki,
istər digərləri ilə bağlantılı, istərsə də müstəqil olaraq düşünülsün, göy
cisimləri ilə əlaqədar məlumatların digər mövzularda da olduğu kimi
sarsılmazlıq və sağlam inancdan başqa məqsədi yoxdur.
Mümkünsüz olanı məcbur etməmək
lazımdır, insan həyatı haqqında danışdığımız zaman ya da başqa əsas fizika
qanunlarını izah edərkən - məsələn, kainat cimslərdən və əllə tutula bilməyən təbii
quruluşdan ibrətdir, elementlər bölünməz
və faktlarla tək tərəfli uyğunluq içində olan bunun kimi hökmləri izah edərkən
– hər mövzuda eyni araşdırma metodunu istifadə etməməliyik. Göy cismləri üçün
bunu edə bilmərik, əksinə bunların yaranma səbəbləri də, mahiyyətləri ilə əlaqədar
xüsusiyyətləri də çox yönlüdür və duyğularla uyğunluq içindədir.
Təbiəti boş düşüncələrə və
təsadüfi qaydalara görə deyil, hadisələrin gərəkdirdiyi kimi araşdırmalıyıq.
Çünki həyatımızın ağıldan kənar və boş zənnlərə ehtiyacı yoxdur, tək
ehtiyacımız sakit həyatdır. Beləliklə, hər şeyin hadisələrlə uyğunluq içərisində
və birdən artıq səbəblə izah edilməsinə uyğun olaraq, bunlarla əlaqədar mümkün
olan izahlar gətirildiyi zaman hər şey düzgün gedir. Amma bir izahı alıb, digərini
kənara atdığımız zaman aydın olur ki, hər cür təbiət araşdırmasından uzaqlaşıb əfsanə
sahəsinə düşürük. Bizim dünyamızda necə baş verdiyini müşahidə etdiyimiz bəzi
hadisələr göydə baş verən hadisələrlə bağlı ipucu verir. Göy hadisələrinin necə
olduğunu müşahidə edə bilmirik, çünki bunlar birdən çox şəkildə ortaya
çıxırlar.
Bununla birlikdə hər
birinin ortaya çıxmasını müşahidə etməli və bununla əlaqəsi olan hadisələrdə
birdən çox səbəbə bağlı olaraq ortaya çıxanı və bizdəki hadisələrlə ziddiyyət təşkil
etməyəni ayırmalıyıq. Dünya göy üzünün sonlu parçasıdır. İçində ulduzlar, yer və
bütün digər gözlə görə bildiyimiz cismlər vardır. Dünya dağılsa, içərisindəki hər
şey dağılacaqdır. Sonsuzluqdan kəsilmiş bir parçadır və incə ya da qalın, çevrə
üzrə hərəkət edən ya da yerində dayanan, yumru, üçbucaq ya da hər hansı formada
sərhədlə sona çatır. Lakin bunlardan hər cürəsi ola bilər. Çünki bu ucu-bucağı
anlaşılmayan bu dünyada ortaya çıxan hadisələrin heç biri ilə ziddiyyət təşkil
etmir.
Bu cür sonsuz sayda dünya
olduğunu və bir dünyada ya da dünyalararası sahədə (bununla dünyalar arasındakı
sahəni nəzərdə tuturuq) boşluqlarla dolu bir yerdə, amma bəzilərinin irəli
sürdüyü kimi geniş, aydın və bomboş yerdə deyil, belə bir dünyanın meydana gəlməsinin
mümkün olduğunu qavraya bilərik. Dünyanın meydana gəlmə prosesi bu cür baş
verir: bir sıra uyğun toxumlar bir dünyadan
ya da dünyalararası sahədən ya da birdən çox dünyadan çıxaraq bir araya
toplanılar və yavaş-yavaş çoxlaraq bir-birinə yapışırlar, bir yerdən başqa bir
yerə keçirlər (əgər belə olarsa) və formalaşmalarını tamamlayaraq davamlılıq
qazanacaqları vaxta qədər uyğun qaynaqlardan qidalanırlar (sulanırlar). Bundan
sonra altdakı təməlləri onları qəbul etdiyi miqyasda dünya formalaşır.
Lakin bir dünyanın
meydana gələcəyi (zərurilik prinsipinə bağlı olanlar belə deyir) və biri o biri
ilə toqquşana qədər böyüyəcəyi (təbiət filosofu olaraq adlandırılanlardan biri
bu cür düşünür) bir sahədə yalnız bir araya toplaşmaq və fırlanmaq hərəkəti yetərli
deyildir, çünki bu gözlə görülən hadisələrlə ziddiyyət təşkil edir.
Günəş, ay və digər
ulduzlar öz özlərinə yaranmış deyillər, sonradan dünyanın (və onu qoruyan nə
varsa) onun içinə əlavə olunublar, amma hava əsaslı və ya od əsaslı ya da hər
iki əsaslı bir sıra incə səthli obyektlərin bir araya toplanması və fırlanma hərəkətinə
girməsi (torpaq və dəniz kimi) dərhal forma almış və irəliləmişdir. Elə hisslərin
göstərdikləri də budur.
Günəşin və digər
ulduzların böyüklüyü bizə görə, göründüyü qədərdir. Amma öz içində göründüyündən
daha böyük və ya daha kiçik ya da göründüyü qədər ola bilərlər (eyni zmanda
deyil). Bizim dünyamızdakı ocaqlar da uzaqdan baxıldığında bizim hisslərimizə
görə görülür. Təlimin bu bölümü haqqında irəli sürülən bütün etirazlar Təbiət haqqında əsərimdə göstərdiyim
kimi aydın işarələr nəzərə alınarsa, asanlıqla aradan qalxar.
Günəşin, ayın və digər
ulduzların doğuşu və batışı, əgər şərtlər hər iki yerdə (şərqdə və qərbdə)
yuxarıda haqqında danışdığımız nəticəni meydana gətirəcək şəkildədirsə, alışma
və sönmə ilə əlaqəli ola bilər. Çünki gözlə görülən hadislərlə ziddiyyət içərisində
deyil. Yuxarıda haqqında danışılan nəticə bunların yer üzündə ortaya çıxması və
yenə də gizlənməsi ilə gerçəkləşə bilər. Çünki bu da gözlə görülə bilən hadisələrlə
ziddiyyət təşkil etmir. Bunların hərəkətləri
bütün göy üzünün fırlanma hərəkəti ilə yaranmış ola bilər, ya da göy öz yerində
dayanır, bunlar da başlanğıcda dünya meydana gələrkən yaradılmış zəruri doğulma
vərdişlərinə görə fırlanma hərəkəti içərisindədir. Ya da yanındakı yerlərə keçən
odun yayılması ilə əlqədar həddindən artıq istilik səbəbindən.
Günəşin və ayın dönüşləri
göy üzünün müəyyən zamanlarda girmək məcburiyyətində qaldığı meylli mövqeyinə
bağlı ola bilər. Amma eyni zamanda havanın təzyiqinə, ya da hər zaman uyğun
olan maddənin davamlı olaraq yanmasına və
sonra yox olmasına da bağlı ola bilər. Ya da bu cür fırlanma hərəkətinin
başlanğıcdan dairəvi hərəkət qazanacaq şəkildə ulduzların içərisində olması ilə
bağlıdır. Çünki əgər bu cür xırdalıqlar haqqında ehtimal olunan fikirlərdən
ayrılmasaq və astroloqların kölə işi olan sənətlərindən qorxmadan izahlarımızın
hər birini hadisələrlə uyğunluqlaşdırsaq, bütün bu və buna yaxın olan izahlar
aydın görünən işarələrin heç biri ilə ziddiyyət təşkil etməyəcəkdir.
Ayın boşalması və dolması
kütləsinin fırlanmasına bağlı ola bilər, amma eyni zamanda havanın aldığı
formaya, ayrıca araya başqa cimslərin girməsinə də bağlı ola bilər. Qısacası bu
formanı izah etmək üçün bizim dünyamızdakı hadisələrin ortaya çıxdığı bütün şəkillərdə
gerçəkləşmiş ola bilər. Yetər ki, insan, insanoğlu nəyi görüb, nəyi görməyəcəyinə
baxmadan, tək tərəfli izaha sarılaraq digərlərini boşu-boşuna rədd etməsin.
Bundan başqa ayın işığı özündən ola biləcəyi kimi, işığını günəşdən də almış
ola bilər. Elə bizim özümüzdə də işığı özündən olan çox çey vardır, amma bir
çox şeydə işığını başqa yerdən alır və göy hadisələrinin heç biri buna əngəl
deyildir. Yetər ki, çox tərəfli izah formasını yaddan çıxarmayaq, bunu izləyən
ehtimalları və səbəblərini nəzərə alaq və uyğunsuzluqlara diqqət yetirmədən gərəksiz
yerdə o cür ya da bu cür tək tərəfli izahlara qapılmayaq. Ayın səthindəki üz
görüntüsü ayın bölümləri arasındakı fərqlilikdən ya da araya başqa bir cismin
girməsindən qaynaqlanmış ola bilər, ya da hadisələrlə uyğunluq içərisində olan
bütün digər şəkillərdə ola bilər.
Bütün göy hadisələrinin bu
araşdırılma metodundan əl çəkməməliyik. Çünki əgər insan aydın işarələrlə
ziddiyyətə girmiş olarsa, həqiqi sarsılmazlıqdan heç vaxt pay ala bilməz. Günəş
və ay tutulması bizdəki hadisələrdə də görüldüyü kimi, işığın sönməsi ya da
araya yer kimi, göy kimi ya da bu cür başqa bir cismin girməsi nəticəsində ola
bilər. Beləliklə, bir-birinə yaxın izah formalarını birlikdə nəzərdən keçirməli
və bəzilərinin eyni anda keçərli olmasının mümkün olduğu unutmamalıyıq.
Bunların dönmələrindəki
nizamı, bizim dünyamızda müşahidə edilən bəzi hadisələrdə olduğu kimi
anlamalıyıq və bunlarla birlikdə qəti şəkildə bir ilahi varlıq fikrini irəli
sürməməliyik, tanrıları əskiksiz xoşbəxtlik içərisində rahat buraxmalıyıq.
Çünki əgər belə etməsək, göy cisimləri ilə bağlı bütün səbəb axtarışlarımız
boşa getmiş olacaq, eynilə mümkünsüz metodlarla işləyənlərin başına gəldiyi
kimi. Bunlar hadisələrin bir tək formada ortaya çıxdığını zənn edərək, bütün digər mümkün səbəbləri kənara atdıqda boş-boş
danışmış olurlar. Beləliklə, ip ucu təşkil edəcək hadisələri nəzərdən keçirmədikləri
üçün anlaşmazlığa sürüklənirlər.
Havanın necə olacağını
göstərən işarələr ya bizdə görüldüyü kimi, zaman şərtlərinin üst-üstə düşməsi
ilə ola bilər, ya da havanın dönməsindən və dəyişməsindən. Bunların ikisi də
hadisələrlə ziddiyyət içərisində deyil. Amma hansı vəziyyətdə, səbəblərdən
birinin ya da digərinin təsirli olduğunu ayırd etmək mümkünsüzdür.
Buludlar, istər havanın
itələməsi nəticəsində havanın sıxlaşması, istərsə də bir-birinə yapışmış və nəticə
əldə etməyə imkan verən atomların bir-birinə dolaşması ilə, istərsə də yerdən və
sulardan gələn axıntıların toplanması ilə meydana gəlir və bir yerə toplanır.
Amma bu formalaşmanın daha bir çox şəkildə də baş verməsi mümkündür. Yağış da bəzən
bunların sıxlaşmasından, bəzən də dəyişikliyə uğramasından dolayı meydana gələ
bilər. Ya da uyğun yerlərdən havaya yüksələn, nəmişliyin buxarlaşması ilə olur.
Daha şiddətli sellər də, bu cür bir boşalmaya uyğun olan bir sıra yığnaqların nəticəsidir.
Göy gurultusu, küləyin buludların çuxurlarında fırlanmasından qaynaqlanmış ola
bilər. Bizim istifadə etdiyimin qabların içərisində sıxlaşmış hava da belə
edir, ya da küləyin sovurması ilə içlərindəki odun guruldaması ilə, ya da
buludların yarılıb yırtılmasından ya da yenə buz kimi qatılaşmış buludların
bir-birinə sürtünüb çatlamasından qaynaqlanır. Bizim dünyamızdakı hadisələr
ümumilikdə olduğu kimi, bu xırdalığın da birdən çox izahının olduğunu göstərir.
Eyni şəkildə şimşək də
bir neçə səbəblə ortaya çıxır. Şimşəyi buludların sürtünməsi və toqquşması nəticəsində
alova səbəb olan atomların atıldığı forma yaradır. Ya da küləyin təsiri ilə
buludlardan bu parlaqlığı təmin edən hissəciklərin çıxması ilə meydana gəlir.
Ya öz-özünə ya da küləyin təsiri ilə
sıxılmış bulduların əzilməsi nəticəsində meydana gəlir. Ya da ulduzlardan yayılan
işığın buludların içərisində tutulması, sonra da küləyin və buludların hərəkəti
ilə onlarla birlikdə hərəkət edərkən buludların arasından qaçması nəticəsində
yaranır.Ya da son dərəcə incə hissəciklərdən meydana gələn işığın buludlardan
süzülməsi ilə (ya da buludlar adla alışır və göy gurultusu meydana gəlir) və bu
işığın hərəkəti ilə yaranır. Ya da küləyin sıx təzyiq altında şiddətli hərəkəti
nəticəsində alışması ilə yaranır.
Şimşək küləyin təsiri ilə
buludların parçalanmasından və alova səbəb olan, dolayısı ilə də şimşək
görüntüsü yaradan atomların kənara sıçramasından meydana gələ bilər. Gözün
gördüyü hadisələrə bağlı qalaraq bunlara bənzər hadisələri nəzərə ala bilsək,
bunun daha çoxsaylı səbəblə baş verə biləcəyini asanlıqla görə bilərik. Şimşək
göy gurultusundan əvvəldir, çünki buludlar bu şəkildə meydana gəldiklərində küləyin
buluda toqquşması ilə birlikdə şimşəyi yaradan forma kənara sıçrayır və ancaq
bundan sonra buludun içərisində fırlanan külək bu gurultu səsini çıxardır. Ya
da bu iki hadisə eyni anda baş verirsə, şimşək bizə daha böyük bir sürətlə gəlib
çatır. Göy gurultusu isə arxasınca gəlir, eynilə bir-biri ilə vuruşan insanları
uzaqdan izlədiyimiz zaman olduğu kimi. İldırımlar küləklərin dayanmadan bir yerə
toplanmaları, sıxlaşması və şiddətlə alışması nəticəsində yaranır. Ya da bir
parçanın qoparaq sürətlə aşağı düşməsi nəticəsində (bu qopmanın səbəbi sıxılmış
bulduların özlərinə yaxın bölgələri daha sıx vəziyyətə gətirmələridir ya da göy gurultusunun yarandığı kimi,
buludun içində fırlanan alovun genişlənib böyük bir güclə şişərək və buludlar (ildırılmların
xüsusilə düşdüyü yüksək dağlar qarşısında) sıxlaşdıqlarından yaxın yerlərə hərəkət
edə bilmədiyi üçün buludu parçalayaraq kənara çıxması nəticəsində olur.
Amma ildırımlar daha bir
neçə səbəblə də ortaya çıxa bilər. Yetər ki, əfsanə bu işə qarışmasın.. Əgər
insan gözlə görülən hadisələri müşahidə edə və qaranlıq hadisələrlə bağlı ip
uclarını da bunlardan çıxardarsa, heç qarışmayacaq da.
Burulğan külək topası tərəfindən
və şiddətli küləklə hərəkət edən buludun bir sütün kimi aşağı enməsi ilə, bir
yandan da kənardakı küləyin buludu yan tərəfdən itələməsi ilə yaranır. Ya da
küləyin dairə kimi fırlanarkən havanı da yuxarıdan itələməsi nəticəsində baş
verir. Ya da qüvvətli külək axını baş verir və ətrafındakı havanın sıxlığından
dolayı bu axımın yanlara doğru yayıla bilməməsi nəticəsində.
Burulğan yerə endiyində
qasırğaya səbəb olur və qasırğa küləyin hərəkətinə uyğun olaraq yaranır. Burulğan
dənizə endiyində isə suda burulğan baş verir.
Zəlzələlər yerin daxilində
qapalı qalmış külək səbəbindən yaranmış ola bilər. Bu külək kiçik torpaq
parçalarının yanına yerləşib davamlı olaraq hərəkət edir və torpaqdakı
sarsıntıya səbəb olur. Bu külək torpağa ya xaricdən daxil olur, ya da yer
qatlarının yer altı mağaraların içərisinə düşməsi nəticəsində. Beləliklə içəridə
qapalı qalmış hava küləyə çevirilir. Ya da zəlzələlər bir çox yer təbəqəsinin
çökməsindən qaynaqlanan hərəkətin yayılması və yerin daha sərt hissələri ilə
qarşılaşdığı zaman çırpılıb geri qayıtması nəticəsində baş verir.
Bu cür torpaq hərəkətləri
bir çox digər səbəblə də olmuş ola bilər.
Küləklər vaxtaşırı yad
bir maddənin az-az və davamlı olaraq havanın içərisinə girməsi ilə və bol suyun
bir araya gəlməsi ilə yaranır. Geriyə qalan küləklər də bunlardan bir neçəsinin
bir çuxura düşərək burdan yayılması ilə meydana gəlir.
Dolu küləyə bənzəyən bəzi
parçaların şiddətlə donması, hər yandan bir araya toplanması və bölünməsi nəticəsində
gerçəkləşir və suya bənzər olan bir sıra hissəciklərin daha yüngül formada
donması və eyni anda parçalanması da dolunu meyada gətirir. Beləcə, parça parça
və kütləvi olaraq donmaqla həm birləşmələri, həm də parçalanıb dağılmaları təmin
edilmiş olur.
Dolunun yumru formasını kənarlarının
hər yandan əriməsinə görə baş verməsi olmayacaq şey deyil və bu yumruluq
yuxarıda qeyd etdiyimiz kimi deyil, istər suya bənzər, istərsə də küləyə bəzər
hissəciklərin forma dəyişdirərkən (donarkən) dolunu hər tərəfədən bərabər şəkildə
əhatələməsinin nəticəsidir
Buludlardan incə yağış
yağdığı zaman qar meydana gələ bilər. Çünki ölçüləri bir-biri ilə uyğundur və
şiddəti külək heç dayanmadan uyğun buludlara təzyiq edir. Sonra da yağış havada
irəliləyərkən buludların altındakı yerlərdə şiddətli soyuma səbəbi ilə donur.
Ya da üst-üstə sıxılmış və yan-yana gəlmiş
nəm buludlardan gələn bu cür yağış, düzgün formada seyrəlmiş buludlardakı
donmanın nəticəsidir. Bu buludlarda bir növ sıxılma olarsa, dolu meydana gəlir
və ən çox ilk baharda görünür.
Və donmuş
buludların bir-birinə sürtünməsi ilə bu qar yığını kənara çıxa bilər. Qar
yağışı digər başqa səbəblərə görə də ola bilər.
Şeh, bu cür bir islaqlıq
yaradacaq növdəki hissəciklərin gəlib bir-biri ilə birləşməsi nəticəsində
meydana gəlir. Ya da hissəciklərin nəmli və sulu yerlərdən – şeh əsasən belə
yerlərdə yaranır - yüksələrək eyni yerdə görüşmələri, islaqlıq yaratmaları,
sonra yenə aşağı enmələri nəticəsində yaranır. Eynilə gözlərimizin önündə gerçəkləşdiyini
gördüyümüz buna bənzər bir çox hadisə kimi.
Qırov da bu cür bir sıra
hissəciklərin soyuq hava səbəbi ilə yenə bu cür donması ilə eynilə şeh kimi
meydana gəlir. Buzun yaranması yumru formaya malik olan hissəciklərin sudan
çıxarılmaları və suyun içərisində yer alan fərqli kənarlara malik və iti
bucaqlı hissəciklərin sıxılması ilə gerçəkləşir. Ya da bu cür atomların kənardan
birləşməsi ilə baş verir. Bunlar bir araya gəldiklərində bir sıra yumru şəkilli
hissəcikləri kənara çxıararaq suyun donmasına təmin edirlər.
Göy qurşağı günəş islaq
havada parladığı zaman yaranır. Ya da işıqla havanın xüsusi bir formada birləşməsi
nəticəsində yaranır. Bu birləşmə sayəsində bu rənglərin keyfiyyətləri ya tək-tək
ya da hamısı birdən ortaya çıxır və bu işığın əks olunması ilə havadakı qonşu təbəqələr
işığın bu parçalar üzərindəki parıldamasına görə bizim gördüyümüz rəngləri
alır.
Göy qurşağının yumru
görüntüsü gözün uzaqlığı hər nöqtədən bərabər hiss etməsində meydana gəlir. Ya
da bəlkə havadakı və ya bəlkə buludlardakı atomlar (aya doğru hərəkət edən)
eyni havadan o dərəcədə təzyiqə məruz qalırlar ki, atomlar uzaqlaşmağa
başladıqlarında birləşmə yumru forma almağa başlayır.
Ayın ətrafındakı halə havanın hər yanda aya
doğru axmasından meydana gəlir, ya da havanın Aydan çıxan axıntıları bu buluda
bənzəyən quruluşun ayın çevrəsində və aydan tam olaraq ayırd edilə bilməyəcəyi
qədər yüksəklikdə bərabər formada yüksəlməsindən meydana gəlir. Ya da ayın ətrafındakı
havanın yenə eyni çevrə üzrə yumru və qalın bir çevrə meydana gətirəcək şəkildə
hər yerdən bərabər formada yüksəlməsindən yaranır.
Bu hadisə müəyyən bölümlərdə
ya xaricdən bir axıntının təsiri ilə ya da bu istiliyin bu təsiri yaradacaq
yollar tapması ilə gerçəkləşir.
Quyruqlu ulduzlar müəyyən
zamanda və müəyyən yerlərdə odun uyğun şərtlər daxilində göy cimsləri arasında
böyüməsi ilə meydana gəlir. Ya da göy üzü müəyyən vaxtlarda üzərimizdə bu cür
ulduzların görünməsini təmin edəcək ölçüdə xüsusi hərəkət içərisində olduğu
zaman yaranır, ya da bunlar müəyyən zamanlarda və müəyyən şərtlər daxilində
bizim bölgəmizə girib ortaya çıxırlar, bir müddət sonra yoxa çıxmaları da bunun
tam əksi səbəblərlə gerçəkləşir.
Bəzi ulduzlar eyni yerdə
hərəkət edirlər. Bunun səbəbi yalnız dünyanın bu hissəsinin hərəkətsiz
durması və - bəziləri belə deyir - geri
qalanının onun çevrəsində dönməsi deyildir. Amma eyni zamanda bir hava
burulğanın onun çevrəsini sarmasıdır. Bu da onun digər ulduzlar kimi, hərəkət
etməsinə əngəl olur. Ya da onlara uyğun olan maddə yaxın çevrələrində yoxdur,
amma içində olduqları və görüldükləri yerdə vardır. Bunu başqa digər səbəbləri
də ola bilər, yetər ki, insan gözlə görülən hadisələrlə eyni istiqamətdə düşünə
bilsin. Bəzi ulduzların hərəkət etməsi, əgər belə hərəkətləri varsa, bəzilərinin
də bu cür hərəkət eməməsi əzəldən bəri dairəvi formada hərəkət etdikləri üçün çətinlik
çəkmələrinə görə ola bilər. Beləliklə, bir qismi eyni nizamlı dairəvi hərəkət
ilə hərəkət edir, bir qismi isə bəzi qeyri-müəyyənliklər göstərən dairəvi hərəkət
içərisindədirlər. Amma bu cür də ola bilər: Hərəkət etdikləri yerlərdə onları
irəli doğru istiqamətləndirən və bərabər şəkildə yandıran hava qatları vardır,
bəzi yerlərdə də müşahidə etdiyimiz hrəkət dəyişikliklərini ortaya çıxaran nizamsız
qatlar vardır. Hadisələr çox tərəfli izahlar tələb edərkən, bunlarla əlaqədar tək
bir səbəb irəli sürmək dəlilikdir. Və boş münəccimlərə, bir sıra hadisələr üçün
boş səbəblər irəli sürən kimsələrə məxsus uyğun olmayan davranışdır, çünki
bunlar ilahi varlığı ağır yük altında qoymaqdan əl çəkmirlər.
Bəzi ulduzları digərlərinin
arxasında olduğunu görməyimiz buna bağlı ola bilər: Bunlar digərləri ilə eyni
istiqamətdə hərəkət etdikləri halda daha ağır getmiş ola bilərlər, ya da eyni
dairəvi hərəkət tərəfindən tərs yönlərə çəkildikləri üçün tərs istiqamətdə çəkildikləri
üçün tərs hərəkət edirlər, ya da eyni burulğan içərisində dönərkən biri daha
böyük digəri isə daha kiçik sahədən keçirlər. Bu məsələlərlə bağlı tək tərəfli
izah vermək kütlələri çaşdırmaq istəyənlərin işidir.
Axan ulduz deyilən
ulduzlar bəzi vəziyyətlərə ulduzların bir-birinə sürtünməsi nəticəsində ortaya
çıxır. Bəzən də şimşəklər mövzusunda dediyimiz kimi su, od və külək qarışığından
meydan gəldiyi zaman bəzi parçalarının düşməsi zamanı. Ya da alova səbəb olan və
bu təsiri yaratmağa imkan verən atomlar birləşir və başlanğıcda onları bir
araya gətirən istəklərin olduğu yerdə hərəkət edirlər. Ya da külək bir sıra
buluda bənzər kütlələrin içərisində toplanır
və burada qapalı qaldığı üçün alışır sonra da onu əhatələyən hissələr
çatlayır və hərəkət istəyinin onu apardığı istiqamətə doğru gedir. Amma bu təsir
daha başqa formlarda da ortaya çıxa bilər.
Havanın necə olacağı ilə
bağlı bəzi heyvanlarda nəzərə çarpan işarələr sadəcə olaraq zaman etibarilə təsadüfdür.
Çünki heyvanlar bir fırtınanın ortaya çıxmasında hər hansı təsirə malik deyillər.
İlahi bir varlıq da oturub bu heyvanların çıxışlarını izlədikdən sonra bu işarələrin
gərəkdirdiyi şeyləri yerinə yetirməz.
Adi bir canlı bacarıqları az da olsa belə bir
axmaqlığa düşməz, hələ əskiksiz xoşbəxtliyə sahib olanlar heç düşməz!
Bax, bütün bunları yaddında
saxlamalısan, Pythokles. Beləliklə əfsanələrdən xilas olacaq və bunlara yaxın
olan mövzuları anlaya biləcəksən. Amma hər şeydən əvvəl özünün kaintın prinsipləri,
sonsuzluq və bunlara yaxın mövzular ətrafında araşdırmalara həsr etməlisən.
Ayrıca olaraq doğrunun ölçüləri, duyğular və bu araşdırmaların əsası üzərində
durmalısan. Çünki birlikdə nəzərdən keçirəcəyin bu mövular tək-tək hadisələrin
səbəblərini asanca başa düşməyinə imkan verəcəkdir. Buna rəğmən, bu mövzulara
ola biləcək ən böyük sevgi ilə əyilməyənlər
bunları nə gərəkdiyi qədər anlaya bilər, nə də bu araşdırmaların məqsədini
qavraya bilər.
Diogen Laertius, “Ünlü filozofların yaşamları və öğrütileri”, (tr. Candan Şentuna), Yapı Kredi yay. İstanbul, 2003
Tərcümə edən: Araz Əliyev
Yorumlar
Yorum Gönder