Anna Karenina: Saxta hörmətə üsyanın romanı - Kamran Kərimli




Müəllif: Kamran Kərimli


   "Hörmət sevginin olmadığı yerdə boşluğu doldurmaq üçün düşünülüb. Əgər sən məni sevmirsənsə, daha yaxşı və səmimi olanı bunu etiraf etməkdir."

Lev Tolstoy, Anna Karenina

   "O adamla görüşməyəcəksən və nə cəmiyyətin, nə də xidmətçilərin səni məzəmmət edə biləcəyi bir hərəkət etməyəcəksən. Onu görməyəcəksən. Öz vəzifələrini yerinə yetirib, sadiq bir həyat yoldaşı olacaqsan. Sənə deyəcəklərim bu qədərdir. İndi getməliyəm. Axşam yeməyini evdə yeməyəcəm",- dedi. Ayağa qalxdı və qapıya tərəf getdi"

Lev Tolstoy, Anna Karenina

   Rus çarı Pyotrun tərk edilmiş bir bataqlıqda saldırdığı Peterburq şəhəri XIX əsrdə rus aristokratiyasının, sənətkarların, zadəganların görüş yeri olmuşdu. Nikolay Rimski Korsakov, Aleksandr Borodin, Sergey Rahmaninov, Boris Çaykovski kimi notlara həyat verən insanların dövründə Rus ədəbiyyatı da qızıl dövrünü yaşayırdı.

   Nikolay Qoqol və Aleksandr Puşkin ilə başlayan güclü hərəkat Dostoyevski və Turgenyev ilə daha da yüksəlib Tolstoy ilə özünün pik həddinə çatdı.

   Torpaq və güc sahibi bir zadəganın oğlu olaraq dünyaya gələn Tolstoy gənclik illərində yaşadıqlarını "Etiraflarım" adlı əsərində belə təsvir edir:

   "Diksinti, iyrənmə, dəhşətli duyğularla, ürək parçalayan bir ağrıyla o günləri xatırlayıram. Müharibədə əskərləri öldürdüm, adi həyatda da öldürmək üçün duellərə çağırdım. İçki içdim, qumarda uduzdum, vaxtımı mənasız həzlərə sərf etdim. Vaxtıma və puluma xəyanət etdim, qumar borclarımı ödəmək üçün torpaqları satdım. Yalan danışdım, insanları aldatdım. Cinayət, qətl, saxtakarlıq və kitabda dediyim bütün günahları işlətdim... Beləcə on ili keçirdim mən."



   XIX əsr Rus ədəbiyyatını, xüsusilə "Anna Karenina" romanını daha yaxşı qavramaq üçün rus cəmiyyətinin o dövrdəki torpaq sahibliyi münasibətlərinə qısaca göz atmalıyıq. 

   XII əsrdən qüvvəyə minən sistem ilə, əsir kimi yaşayan yoxsulların torpaq sahiblərinə qulluq etməsi düz 7 əsr davam edir. XIX əsrə gələnə kimi o dövrdəki Rusiya imperiyasının torpaqlarında yaşayan 40 milyon kəndlinin yarısını təşkil edən yoxsullar bir əşya kimi alınıb satıla bilirdilər.

   XVII əsrin əvvəlində hakimiyyətə gələn Romanovlar sülaləsi də uzun müddət bu sistemi saxladı. 1861-ci ildə bu qaydanı ləğv etsə də, sosial təbəqələşməyə son qoymadı. Qısaca, Tolstoy "Anna Karenina" əsərində bu sistemdə evliliyə qədər münasibətlərin necə işlədiyini və ya niyə işləmədiyini bu sözlərlə izah edir: 

   "Fransız üsulu, yəni uşaqların gələcəyini valideynlərin formalaşdırması qəbul edilmirdi və kəskin tənqid edilirdi. İngilislərin qızları tamamilə sərbəst buraxmaq üsulu da qəbul edilmirdi və bunun rus cəmiyyətində tətbiq edilməsi qeyri-mümkün idi. Rus üsulu olan biriylə məsləhətləşmək də uyğun deyildi. Qızların necə evləndiriləcəyini və valideynlərinin onları necə tərbiyə etdiyini də heç kim bilmirdi."

   Tolstoy belə iqtisadi sistem və sosial mühit daxilində dünyaya gəlmişdi. "Uşaqlıq", "İlk gənclik" və "Gənclik" (1852-1856), "Kazaklar" (1863), "Hərb və Sülh" (1869) adlı əsərlərini bu torpaqlarda qələmə almışdı.

Mən kim olduğumdan ya da nə etdiyimdən utanmıram.


   Artıq növbə "Hər şeyi yazdım Anna Kareninada, geriyə heç bir şey qalmadı" dediyi tarixi əsərə gəlmişdi. F.M.Dostoyevskinin "bir sənət əsəri olaraq saf bir mükəmməllik" olaraq müqəddəsləşdirdiyi, William Faulkner'in "bu günə qədər yazılmış ən yaxşı əsər" deyə göyə qaldırdığı bu əsər haqqında Orhan Pamuk "Saf və düşüncəli yazıçı" adlı əsərində bu sözləri yazır: "Anna Kareninanın çöldə qar yağanda gecə qatarında kitab oxumağa çalışmasını xəyal edərkən, buna bənzər hisləri yaşadığımızı xatırlayırıq. Biz də qar yağarkən yola çıxmışıq bəlkə də, ya da başq şeyləri düşünərkən kitab oxumağın çətinliyini yaşamışıq. Bu əsər ədəbiyyatın kainatdakı gücünü və sərhədlərini müəyyən edir."

   Əsərin tarixçəsinı baxsaq, Tolstoy bir dəfə qatarla səyahət etmək üçün dayanacağa gedəndə, bir torpaq sahibinin məşuqəsi olan gənc bir qadının intiharına şahid olmuşdu. İllər sonra "yeganə həqiqi romanım" dediyi bu iri əsəri yazmaq üçün masasına oturanda şahid olduğu o kədərli sonluğa doğru edilən səyahəti zehnində təsəvvür edir və yazmağa başlayır: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, amma bədbəxt ailələrin hərəsi bir cür bədbəxtdir."

   1877-ci ildə nəşr olunan əsər başlanğıcda bir-biriylə heç bir əlaqəsi olmayan iki xarakterdən bəhs edir: Birincisi hər kəsin tanıdığı, Peterburq zadəganlarının ən məşhur gəlinlərindən olan, Aleksey Karenin'in arvadı Anna Karenina. Anna həyat yoldaşına sevgi ilə bağlı olmasa da xəyal edə biləcəyi hər şeyə sahibdir, ya da buna inanır. Ta ki, romanın ikinci qəhrəmanı, gənc, yaraşıqlı Zadəgan Vronski ilə tanış olana qədər..

"Elə hesab edirəm ki...''Nə qədər baş varsa, o qədər də ağıl vardır'' fikri doğrudursa, nə qədər qəlb varsa, o qədər növ sevgi olmalıdır bu həyatda."

Lev Tolstoy, Anna Karenina



   Əsərin paralel hekayəsi isə, yazıçının özünü təsvir etdiyi, təbiətin içində sadə həyat yaşamağı seçən Konstantin Levin və Vronskiyə aşiq olduğu üçün Levinin evlənmək təklifini rədd edən Kiti adlı gənc qadının ətrafında baş verir. Bir tərəfdə gənc bir rütbəli əskərin sevgisi uğruna ailəsini və sahib olduqlarını tərk etməyi gözə alan zəngin bir qadın olan Anna Karenina, digər tərəfdə də sadə bir həyat arzulayan və özündən daha yuxarı təbəqədən birinə aşiq olan, bu vəziyyət qarşısında nə edəcəyini bilməyən gənc bir kəndli kimliyini gizlədən Konstantin Levin.

   Yazıçı bununla üst təbəqədən insanların və işçi sinifin XIX əsrdəki vəziyyətlərini, öz aralarındakı münasibətlərini və bir-biriləri haqqında düşüncələrini, önyarğılarını anladarkən torpaq sistemi içindəki ziddiyyətləri də oxuyuculara təqdim edir. Anna özündən yaşca böyük, varlı, hislərini gizlədən, arvadını dəli kimi sevən bir adamla evlidir. Valideynini ucaldan, xoşbəxt olmaq istəyən və ailə sevgisini axtaran bir oğulları da var. Bir anda Kiti ilə evlənməyə hazırlaşarkən o gənc və zəngin qadını gördükdən sonra gözəl sevgilisini tərk edib Anna'nın arxasınca qaçan yaraşıqlı və macərapərəst Vronski ortaya çıxır.

   "Anna bəzən nəyi arzuladığını, nədən qorxduğunu bilmirdi: olmuş və ya olacaqlarmı onda qorxu və ya arzu oyandırırdı, tam olaraq nə istəyirdi, bilmirdi."

Lev Tolstoy, Anna Karenina


   Bundan öncə belə güclü bir duyğu yaşamayan Anna başlanğıcda müqavimət göstərsə də, Vronskinin cazibəsindən çıxa bilməyəcək, sevgisi naminə ərini və oğlunu tərk edəcəkdi. Bir müddət sonra o sevgi də öz yerini kədərə buraxacaqdı. Bundan sonra zənginlər də Annaya kürəklərini çevirirlər, Anna artıq oğlunu da görmür, boşanmaq istəyir, amma buna da əri mane olurdu.

   İşlərin qarışdığı bir anda Anna və Vronskinin nikahdankənar bir qızları olur. Lakin onlar nə qədər çabalasalar da, xoşbəxt ola bilmirlər. Vronski "Taleyimiz nədirsə və ya nə olacaqsa, onu biz yazdıq və şikayət etmirik" desə də, Anna ruhunu əsir alan qorxuların, şübhələrin təsiri altında əzilir. Hətta Vronskinin onu sevdiyinə də şübhə edir.

   "Və bilirsiniz, ölümü düşündüyümüzdə həyat cazibəsidir, amma daha hüzurludur" deyən Anna əsla hüzura qovuşmayacağını anlayır və hekayənin sonunda özünü ölümün soyuq qollarına təslim edir.

Eynilə bir qatar stansiyasında intihar edən o məchul qadın kimi...




Yorumlar