Sevdiklərinizi Viktor Jaranın
musiqini və tutduğu yolu sevdiyi qədər sevin. Və bütün işgəncə və əzablara rəğmən
heç vaxt buraxmayın, onun gitarası kimi... Viktor Lidio Jara Martinez (28 sentyabr 1932 - 16 sentyabr 1973) -
Çilili musiqiçi Çilinin mədəniyyət və musiqisində son dərəcə önəmli təsiri
olmuş bir sənətkardır. Həyatı və musiqisi ölkəsinin güzgüsünə çevrilmiş,
yaşamış olduğu zamanı və fəlsəfəsini özündə əks etdirmişdir
yaşamış olduğu zamanı və fəlsəfəsini özündə əks etdirmişdir
Gəncliyi. V. Jara Çili paytaxtı Santyaqonun
Lonkven (Lonquén) kəndində
doğulmuşdur. Valideynləri kənd təsərrüfatı ilə məşğul olmuşdur. Atası Manuel
sıradan bir ticarətçi olmuşdursa, anası Amanda ailəsinin güzəranı üçün bir çox
sayda işdə çalışmışdır. Şəraitlə əlaqədar bir çox ailədə olduğu kimi Jaranın da
atası alkoqol asılısı olmuş və həyat yoldaşına (Jaranın anasına) əziyyətlər
vermişdir. Bir müddət sonra atası ailəni tərk etmiş, beləcə anası Amanda ailənin
idarəsini tək başına həyata keçirmişdir. V. Jaranın formalaşmasında anasının təsirli
payı olmuşdur. Belə ki, o da musiqi oxuyub, gitarada ifa etmiş, bunlarla bərabər
Çili folklor musiqisini oğluna öyrətməyi bacarmışdır. Anasıyla birlikdə
keçirdiyi uşaqlıq illəri musiqi həyatına addım atmasına çox böyük təsir göstərmişdir.
Anasının ölümündən sonra mühasibat təhsilini yarımçıq qoymuş və ilahiyyatçı
olmaq istəmişdir. Elə bu vaxtı Kilsə xorunda musiqi biliklərinin ilk təməlini
qoymuşdur. Lakin bu istəyi sadəcə 2 il davam etmişdir.
Teatr və xalq musiqisi. Dini inancının itməsindən sonra
işsiz şəkildə doğma kəndi Lonkvenə qayıdır və yaxın dostları ilə birlikdə
folklor təhsili almağa qərarlaşdırır. Elə bu vaxt teatr sənətinə marağı artmağa
başlayır və Universidat de Chile-də teatr təhsili almağa başlayır. Bu illər ərzində
Jara bir neçə teatr əsərində rol alır (məs. Carmina
Burana). Həyatındakı ən böyük dönüş "Nuevo Cancion" (Yeni Musiqi) cərəyanının yaradıcısı olmuş
Violeta Parra adlı qadınla tanışlığından sonra baş vermişdir. Parra ilə
tanışlıqdan sonra yenidən folklor musiqiləri oxumağa başlayır. Parra
Santyaqodakı kiçik bir kafe sahibi olmuş və ənənəvi Çili folklor musiqisinin
heyranı olan bir sənətçi idi. Jara da bu kafedə musiqilər oxuyaraq ona köməkçi
olmuşdur. Jara "Nuevo Cancion"-u Afrika mədəniyyəti ilə birləşdirərək
qısa vaxt ərzində imperializmin qarşısında bir simvol halına gətirir. Lakin həyatı
mübarizələrdə keçən Paranın gənc yaşda intiharı Jaranı dərdindən sarsıdır.
Siyasi fəaliyyəti. Jara təkcə musiqi karyerası ilə
deyil, təsirli yadda qalan siyasi fəaliyyəti ilə fə tanınmışdır. 1966-cı ildə
ilk albomu işıq üzü görmüşdür. Həmin illərdə teatrda rejissor olaraq çalışmış,
amma musiqiləri və siyasi fəaliyyətinə get-gedə daha çox vaxt ayırmağa
başlayır. 1970-ci ildə idə teatrı tərk edir və tamamilə musiqiyə diqqət ayırır.
Jaranın musiqiləri əsasən sıradan və yoxsul insanlarla zəngin insanların bərabər
şəkildə bir cəmiyyətdə yaşayış və problemlərini özündə əks etdirir. Onun
musiqilərində vətəninə olan sevgidən təsirlənərək ədalətsizlik və siyasi təzyiqlərə
etiraz motivləri öz səsini ucaldır. Jara Cənubi Amerikada "Nuevo
Cancion" (Yeni Musiqi) cərəyanının ən önəmli simalarından biri kimi qəbul
edilir. Bu janr Cənubi Amerikada bir çox sənətçinin qatıldığı inqilabi bir cərəyandır.
Janrın yaranmasında Jaranın dostu olmuş V.Parranın silinməz əməyi olmuşdur.
Jaranın siyasi fikirləri bu janrda ifa etdiyi musiqilərində önəmli yer
almışdır. Dövrün bir çox protest musiqiçisi kimi o da kommunist ideyalarına
meyilli olmuş və öz partiyasında sənətçi bölümünün idarəedicisi olmuşdur. (Hətta
məşhur Kubalı inqilabçı Çe Gevara-ya da musiqi bəstələmişdir)
V. Jaranın Santyaqodakı qəbri
üzərində yazı : "Hasta la Victoria..." (Zəfərə qədər!)
Çevriliş və öldürülməsi. Jara bir neçə musiqiçi ilə birlikdə Salvador Alyende və sol partiyalarının birləşdiyi bir hərəkat olan "Unidad Popular" üçün bir neçə konsert vermişdir.Lakin hadisələrin axarı dəyişdi. 11 sentyabr 1973-cü il tarixində Auqusto Pinoçetin reallaşdırdığı hərbi çevriliş baş verdi. Bu çevriliş olmaqla yanaşı, həm də dünyada ilk dəfə seçim ilə iqtidara keçmiş sosialist hökumətinin devrilməsi və 17 il davam edəcək diktaturanın qurulması idi. Həmin günü Texniki Universitetdə iş başında olan Viktor Jaranı bir çox yoldaşı ilə birgə həbs edərək, onu heç vaxt yanından ayırmadığı dostu, gitarası ilə birgə "Çili Beynəlxalq Stadionu"na gətirirlər.
Santyaqo Stadionundan qanadlanan
göyərçin. Öldürülən sosialist prezident Alyendenin əzablarını hiss etsə də,
stadiondakıları ruhlandırmaq üçün gitarasının simlərinə toxunmağa başladı.
Santyaqo stadionunda "Şəfqətli bir
göyərçin" qanadlanırdı... Gitaranın simləri minlərlə insanın ürəklərini
titrədirdi. Daha əvvəl heç vaxt oxumadığı, elə oradaca düşünüb yazdığı bir
musiqini söyləməyə başladı; "Beş min
insanıq burada" deyə başlayırdı musiqi;
Beş min insanıq,
Kim bilir nə qədərdir
Bütün şəhər və bütün ölkədə
Toxum əkib, fabrik işlədən
Təkcə burada on min əl
Gitaranın səsini eşidən əsgərlərdən
biri Jaraya yaxınlaşır. Stadiondakılara ibrət olsun deyə tüfəngini qaldırdı,
qundağıyla Jaranın əllərinə vuraraq barmaqlarını sındırdı. Amma bununla belə
Jaranı susdura bilmədilər. Bu dəfə isə var gücü ilə "Unidad Popular"-ın, inqilabın musiqisi - Venceremos marşını oxumağa başladı. Üstəlik də indi tək deyildi.
Stadiondakı onlarla, yüzlərlə, minlərlə səs də Jaranın səsinə qatılır, Venceremos (Qazanacağıq) deyə
hayqırırdı. Jaranın istədiyi də bu idi. Daha sonra Jaranı generalların
qarşısına gətirdilər. Ona "bir dəfə
də bizim üçün oxu" deyə müraciət etdilər. O da deyiləni etdi. Digər həbs
olunanlar da gözətçilərin onları susdurma çabalarına rəğmən onunla birgə
oxuyurlar. Sonrasa zabitin əmri ilə əsgərlər Jaranın barmaqlarını, əllərini və
qollarını sındırırlar. O, artıq dəhşətli işgəncələr və gitaradan istifadə edə
bilməməsinə baxmayaraq, hələ də musiqini pıçıltıyla oxumağa davam edirdi. Onun
pıçıltıyla oxuduğu mahnı son qiyamın səsi idi... Və bu son qiyam qeyri-insani
iradə tələb edirdi. Əvvəlcə gitara çalan əlləri kəsildi, sonra musiqi söyləyən
dili. Bütün bunların çarə olmadığını gördükdə son imkan olaraq güllə ilə işi
bitirməyi qərara aldılar. Ardıcıl 43 güllə. Ancaq bununla da Santyaqo
stadionunda ucalan səsin qarşısını kəsməyi bacarmadılar. Həmin musiqi əbədi
olaraq yaddaşlara həkk olundu, dillərə düşərək bu günlərə qədər yetişə bildi...
Sonrasa onun başına mexaniki bir tüfəngin qundağı ilə güclü zərbə endirərək
parçaladılar və başqa həbs olunanlara dərs olsun deyə qollarını kəsib
tribunanın önünə asdılar... Bir qədər sonra isə cəsədini Santyaqo Məzarlığı
yaxınlığına atırlar. Buna baxmayaraq həyat yoldaşı onu layiqincə dəfn etməyi
bacarır. Ardından Çilini tərk edən həyat yoldaşı 1994-cü ildə Jaranın şərəfinə "Fundación Victor Jara " nı
yaratmışdır. "Pravda" qəzetinin Çilidəki müxbiri Vladimir Çernışev Jaranın
həyatının son anlarını belə təsvir edir : "V. Jara dodaqlarında musiqi ilə öldü. Onu yanından heç vaxt ayırmadığı
dostu, gitarası ilə birlikdə stadiona gətirdilər. Və musiqi ifa etməyə başladı.
Digər dustaqlar da gözətçilərin atəş edəcəkləri təhdidlərinə baxmayaraq musiqiyə
yoldaşlıq etməyə başladılar. Sonra bir zabitin əmriylə əskərlər Viktorun əllərini
qırdı. Artıq gitara çalmırdı, amma zəif bir səslə (pıçıltıyla) musiqisinə davam
edirdi. Sonda silahın qundağıyla beynini parçaladılar və digərlərinə örnək
olsun deyə əllərini kəsib tribunadan asdılar... "
Mirası. Jaranın həyatı və musiqiləri güclü
bir şəkildə insanlara doğru səslənən intellektual bir sənətçi olmasına işarə
edir. Bu səbəbdən musiqiləri hələ də öz təsirini saxlamaq gücündədir. 2003-cü
ilin sentyabrında, ölümünün 30-cu il dönümü münasibətilə öldürüldüyü Çili Beynəlxalq
Stadionunun adı Estadio Viktor Jara olaraq dəyişdirilmişdir.
Qatillərin
aqibəti. 9 dekabr 2004-cü ildə,
ölümündən 31 il sonra vəkil Xuan Karlos Urrutia təqaüdçü zabit Mario Manrikez
Bravo haqqında məhkəmə işi açır. Bravo, Jara öldürüldüyü zaman Estadio
Nasional-da ən rütbəli zabit olaraq stadionun idarəçiliyi onun ixtiyarında
olmuş, bu səbəbdən də qətllərdə cavabdeh olaraq da o həbs edilmişdir. 2012-ci
ilin sonlarında hakim ölüm əmri vermiş əskərlə birlikdə 8 keçmiş əskəri həbsə məhkum
etmişdir. Sonuncu dəfə 2014-cü ildə daha 3 keçmiş zabit məhkum edilmişdir. Sevdiklərinizi
Viktor Jaranın musiqini və tutduğu yolu sevdiyi qədər sevin. Və heç vaxt
buraxmayın, onun gitarası kimi...
Bildirçin.
Nə musiqiyə olan sevgimdən,
Nə də səsimi dinlətmək üçün deyil,
Bu qədər musiqi söyləməyim.
Mənim namuslu gitaramın səsi
Həm duyğulu, həm də haqlıdır.
Dünyanın ürəyindən qopar,
Bir göyərçin kimi qanadlı,
Müqəddəs su kimi şəfqətli,
Oxşayar gitaram öləni və igidi.
Musiqim məqsədinə qovuşar
Violettanın dediyi kimi.
Dayanmaq bilməyən parlaq coşğulu
Və bahar qoxuyan bir işçidir.
Gitaram nə zənginləin gitarası,
Nə də başqa bir şeyin.
Musiqim bir tikinti mücəssəməsi,
Ucaldar bizi ulduzlara.
Qatqısız həqiqətləri musiqisində
Söyləyərkən bir insan ölmək
bahasına.
Mənasını tapar o musiqi
Damarlarda vurduğu zaman.
Musiqim nə gəlib keçici öyüdlər
düzər,
Nə də başqalarına məşhurluq qatar.
Yoxsul ölkəmin Kök salmış
torpağına,
Orada hər şeyin bitdiyi
Və hər şeyin başladığı yerdə,
Söyləyərkən hər zaman igid və dərin
Sonsuzadək yeni qalacaq musiqini...
Violetta del Carmen Parra Sandaval.
Violetta del Carmen Parra Sandaval
(1917 - 1967) - Çilili folklor musiqiçi. Çilinin cənubunda Chillan əyalətində,
San Karlos adlı kiçik bir şəhərdə doğulub. “Oracias
a la vida” musiqisi dünya şöhrətlidir. Atası musiqi müəllimi olmuşdur.
Anası ilə birlikdə gitara çalmağı, ənənəvi xalq musiqilərini ifa etməyi örənmişdir.
Uşaqlığı 8 qardaşı ilə birgə yoxsulluq içərisində keçmişdir. Üzündə olan dəqin
qabarıq yaralar uşaqlıqda keçirdiyi çiçək xəstəliyi səbəbindəndir. 9 yaşında
gitara və musiqi ifasını, artıq 12 yaşındaykən özünün ilk musiqilərini bəstələməyi
bacarır. Santyaqodakı dövlət universitetlərinin birində müəllimlik təhsili
alır. Bu zaman ərzində “balero, corrida və tonada” lar bəstələmiş, barlarda,
kiçik rəqs salonları və sirklərdə səhnəyə çıxmışdır. 1952 - ci ildə Luis
Cereceda ilə evlənmişdir. İzabel və Anxel adlı iki uşağı olmuş və musiqi fəaliyyətinin
böyük qismini onlarışla birgə həyata keçirmişdir. Parra “Nuevo Cancion” cərəyanının əsas yaradıcılarındandır. 1967 - ci ildə
intihar etmişdir.
"Təşəkkürlər Həyat"
(Gracias a ala vida)
Təşəkkürlər həyat; bütün verdiklərin
üçün,
İki göz verdin mənə; Hər açdığımda
onları, qüsursuzca seçə bilirdim qaranı ağdan,
Və cənnətin ulduzlu görüntüsünü,
Və bir də dolaşıqlar içərisində sevdiyim insanı
Təşəkkürlər həyat, bütün verdiklərin
üçün,
Mənə səs və hərfləri verdin,
Və onlarla hayqırıb, düşünə
bildiyim kəlmələr
Ana, dost, qardaş və yanan işıq,
Bir də sevda, hisslərimə yol göstərən
Təşəkkürlər həyat, bütün verdiklərin
üçün,
Səs verdin, bütün şiddətiylə həyatı
ehtiva edən,
Gecə-gündüz cırcıramaları və böcəkləri
qeyd edən,
Çəkic səslərini, avtomobilləri, it
hürmələri, fırtınaları da,
Və sevdiyim yumşaq səsini də.
Təşəkkürlər həyat, bütün verdiklərin
üçün,
Yorğun ayaqlarımın addımlarını
verdin,
Onlarla şəhərləri və gölməçələri gəzdiyim,
Və qumsalları, çölləri, dağlar və
ovaları,
Və gəzdiyim, sənin evin, sənin
prospektin və sənin həyətini
Təşəkkürlər həyat, bütün verdiklərin
üçün.
Mənə gülüşü, göz yaşlarını verdin,
Beləcə çöküşlərdən yaxşı şans
olaraq ayırdığım musiqimi ərsəyə gətirən iki maddəni və mənim olan hamımızın
musiqisini.
Təşəkkülər həyat; bütün verdiklərin üçün...
Violeta Parra
Yazıda mövcud olan bəzi terminlərin
izahı:
Venceremos - "Qazanacağıq"
mənasını verən və Cənubi Amerikada geniş yayılan bir deyimdir. Bundan başqa
aşağıdakı mənalara da malikdir:
Radio Venceremos - El Salvador vətəndaş müharibəsi
dövründə fəaliyyət göstərmiş radio kanalı
Venceremos - S.Alyendenin musiqisi
"Carmina Burana" -
"Burana əlyazmaları" kimi də tanınır. Münhendə yerləşən Bayern
kitabxanasından tapılan 318 sayda musiqi və şeirlərdən ibarətdir. Əsası musiqi
mənsublu bir ailədə yetişmiş alman Karl Orff tərəfindən qoyulmuş səhnə
kontatasıdır. 1935-ci ildə əsası qoyulmuş və 1937-ci ildə ilk dəfə səhnədə göstərilmişdir.
Ən məşhur şeiri "O Fortuna" dır. Səhnə musiqisinə olan marağı Orffu
Orta əsr və Renessans dövrü səhnə musiqilərini incələməyə istiqamətlənmişdir.
1803-cü ildə Münhen yaxınlığında tapılmış olan 200-ə qədər şeir və musiqinin
Carmina Burana'nın hissələri olması fikri var. Carmino Burana Karl Orffun “Trionfi”
(Zəfərlər) triologiyasının (üçlük) ilk əsəridir və olduqca ədəbsiz latınca mətnlərə
malikdir. İlk hissəsi təbiət və sevgi haqqındadır. İkinci hissə meyxana təsvirlidir.
Üçüncü hissə yenə sevgi mövzuludur.
Müəllif: Eyvaz Usubov
Orjinal məqalənin linki:
Yorumlar
Yorum Gönder