"Simone de Bovuar və Jan-Pol Sartr" - Rövşən Nəzərov

20-ci əsrin ən ekstraavanqard və fikrimcə, ən romantik cütlüklərindən biri: Simone de Beauvoir və Jean-Paul Sartre. Sartr kiçik burjuaziya ailəsində dünyaya gəlmişdi. Atası dəniz mühəndisi olan Sartr yazır: “Mən 1905-ci il 21 iyunda həyatımı başladım, çox yəqin ki, kitabların arasında da bitirəcəm” (1) 8 yaşından o filmlər və kitablardan ilhamlanaraq cəngavər ruhunda romanlar yazmağa başlayır. İlk təhsil almaq cəhtlərində uğursuz və kütbeyin olduğu düşünülsə
də, (orfoqrafik səhvlərinə görə babası liseyə çağırılır və dözməyib onu oradan çıxartdırır) babası daha sonra onun düzgün qiymətləndirilməməsini elan edir. Onun əsas təhsili və akademik fəaliyyəti 1924-cü ildə fəlsəfəni seçəndən sonra başladı.
Simona de Bovuar 1908-ci il 9 yanvarda konservativ bir ailəndə dünyaya gəldi, cəsarətli və bir az da kobud övlad kimi böyüdü. Parisdə vəkil kimi məşhur olan Jan de Bovuar həmişə oğlan uşağı istəsə də, Simona onun arzularını doğrultmadı və bir müddət Jan bununla barışa bilmədi. Mümkün haldır ki, Simonanın uşaqlıqdan oğlan yaşıdları arasında davadan geri qalmaması və başqa maskulin davranışları atası tərəfindən bəyənilmək istəyindən və ya “Elektra kompleksi”ndən irəli gələn bir şeydir, bu barədə irəlidə daha ətraflı danışacam. Simona 13 yaşında uşaq istəmədiyinə və yazıçı olacağına qərar verir. O ailənin həyatı rutinə çevirdiyi fikrinə gəlir. 19 yaşında isə ailəsinə belə deyir: “Mən istəmirəm ki, mənim həyatım mənim özümdən başqa kiməsə məxsus olsun.” (1)
Onlar Sarbon universitetində tanış oldular. Tanış olduqları an Sartrın 25, Bovuarın 22 yaşı var idi. “Mən sanki, öz əkizim ilə tanış olmuşam. Mən bilirəm ki, o mənim həyatımda əbədi olaraq qalacaq.” – Bovuar onların ilk görüşündən sonra demişdi. (2) Eləcə də Sartr intellekt səviyyəsinə görə özünə uyğun birini tapmışdı. Onların mübahisələri həmişə qızğın olur və kimin qalib gələcəyini öncədən söyləmək çətin olurdu.
Onların münasibətlərini nə sevgili, nə həyat yoldaşı, nə də başqa bir qovluğa qoymaq olmur. Özləri yeni münasibət modeli tərtib və tətbiq etmiş və adını da “azad münasibətlər” qoymuşdular. Onlar bu razılığa münasibətin lap əvvəlində gəlmişdilər. Sartrın yazılarına fikir versək onun fəlsəfəsinin əsasını azadlıq təşkil edir, buna görə də belə münasibətlərə inisiativi məhz onun verdiyi hesab olunur. Buna baxmayaraq, onların həyata eyni baxışları var idi, əlavə olaraq seksual mənada eyni şəxsləri bölüşürdülər. Bu söz və hətta münasibət modeli (əlbəttə tam olaraq təkrarlamasa da adını və bəzi xüsusiyyətlərini özündə daşıyır) indiki dövrdə daha məşhur olsa da, o dövrdə hətta “pozğun” damğası vurulmuş Fransa üçün də ifrat idi. Münasibətlərin “azad” olması onların həyatını asanlaşdıracağını təxmin etsələr də, bu daha əzabverici oldu.
Simonaya Sartrın azad düşüncə tərzi çox təsir etmişdi. Hər ikisi burjuaziya və ənənəvi ailə institunun əleyhinə idilər. Evlənmək və bir dam altında yaşamaq burjuaziyanın axmaqlığı və tərbiyəsizliyidir. Uşaqlar da bir-birinə bağlayır və sevgini öldürür, eləcə də onlara qulluq etmək mənasız və boş vaxt itkisidir. Azad münasibətləri ənənəvi münasibətlərdən fərqləndirən təkcə bu deyildi. Onların ortaq əmlakları, yataqları, hətta evləri belə yox idi. Hər biri istədiyi vaxt, hara istəsə gedə və gələ bilər. Eləcə də hər birinin digər seksual münasibətləri ola bilər və bu təmamilə seksual azadlıq şəklində olmalıdır. Buna baxmayaraq, onlar bir-birilərinə qarşı keşişin yanındakı kimi son dərəcədə səmimi olmalıdırlar.


Özünəməxsus “evlilik kontraktı” Simonanın çox xoşuna gəldi, hərçənd o hələ “tamamilə seksual azadlıq” ifadəsinin mənasını anlamamışdı. Lakin, bu hal Simonanın atasının heç xoşuna gəlməmişdi. Simona o dövr üçün “xanıma uyğun olmayan” fəlsəfə ixtisasını özünə seçmişdi, bu azmış kimi o az qala marksist olan, cəmiyyətin strukturunu radikal tənqid edən birini özünə həyat yoldaşı (əri yox, həyat yoldaşı) kimi seçmişdi. Amma bu nəinki onu narahat etmirdi, əksinə ailəsini qıcıqlandırmaq onun xoşuna gəlirdi. Onun fikrincə, “azad qadın” məhz belə də etməlidir. Eləcə də dostlarının yanında liderlik edən Jan-Pol da həmişə əsilzadə davranışları, burjua tərbiyəsini və pulu tənqid edirdi.
Fransada vakansiya olmadığı üçün onlar universiteti bitirəndə ayrılmalı oldular. Bovuar Marselə, Sartr isə Qavra fəlsəfə dərsi deməyə getdilər. Onlar ayda ən çox bir-neçə dəfə görüşürdülər, buna baxmayaraq hər gün məktublaşırdılar. Dəsr saatları az olan və ətrafında başqa savadı parlaq şəxs görməyən Bovuar darıxırdı və buna görə də növbəti məktubunda Almaniyaya çıxacağını deyən Sartrın məktubunu alanda dözməyib, onunla görüşə getdi. Kiçik Berlin mehmanxanalarının birində Sartr bir müddət görmədiyi Bovuarı salamlamaq əvəzinə, yeni məşuqəsi haqda danışmağa başladı və onunla tanış etdi. Sartrın məşuqəsi isə Bovuara “Sartra sevişməyi öyrət, yoxsa o yataqda çox darıxdırıdır.” dedi. Bovuar bunu bildirməsə də, bu onun xətrinə dəymişdi. Sartr isə sonra dostları ilə görüşəndə. Onların bağladıqları ittifaqın zamana tab gətirməsindən entuziazmla danışırdı.
Onların yaradıcılıqları isə çox uğurlu alınırdı. 1938-ci ildə nəşr edilmiş və Sartrı məşhur etmiş “Ürəkbulantı” romanı, bir il sonra yazılmış novellalar toplusu “Divar” pressada Sartrı məşhur etmişdi. “Onun kitabı eyni zamanda qorxulu, qəddar, həyəcanlı, əsrarəngiz, eləcə də erotik idi... Qəddar janrın şedevri.” (1) Həmin anda Simona “Qonaq” romanı üzərində işləyirdi. Onu məşhur edəcək əsəri isə 1949-cu ildə yazılacaq “İkinci cins” əsəri olacaqdı.
Onlar tədbirlərə bir yerdə, hətta tez-tez 3-cü şəxslə gəlirdilər. Hər hansı yeni qadını tədbirdə görəndə anlayırdılar ki, ya Sartrın, ya da Bovuarın yeni məşuqəsidir. Bovuar hələ 30-cu illərdə başqa məşuqəsini kişi obrazında görə bilmirdi və seksual münasibətlərində kişi obrazı kimi ancaq Sartrı görmək istəyirdi. Ancaq bir müddət sonra onlar hər ikisi də “bu sahədə təmamilə uğursuzluğa düçar olduqlarını” boyunlarına aldılaq və bu onların münasibətlərinə mane olmadı, “fəlsəfi ittifaqları” davam edirdi. (2) Geniş dünya görüşünə və cəmiyyətin təzyiqinə əhəmiyyət verməməyi rahatlıqla bacarsa, hətta onun əleyhinə çıxsa da, o heç cür öz qısqanclığına qalib gələ bilmirdi. Sartr da bir tərəfdən öz məşuqələri haqda danışaraq Simonanı daha da qızışdırırdı. Bunu Simonanın ilk kitabının sonunda sevgi üçbucağının 3cü şəxsin qətli ilə bitməsindən də anlamaq olar.
“3 muşketyor” kafesində Sartr və Bovuar tez-tez vaxt keçirirdilər. Bura Sartrın onlarla fanatı axışır və bu əlbəttə ki, onun xoşuna gəlir. Bura odlu alovlu çıxışlar və qızğın mübahisələr etməyə hələn Sartrın görünüşü isə heç ürəkaçan deyildi: çirkli köynək, əzik şlyapa, bəzən fərqli rənglərdə olan botinkalar. Simona isə həmişəki kimi biçimli geyinirdi.
İkinci dünya müharibəsi dövründə müharibəyə qoşulmağa məcbur olsa da fəaliyyət gösətrən orduda iştirak edə bilmir, cəbhənin arxasında metereoloq kimi fəaliyyət göstərir. Fransanın nasistlər tərəfindən işğalı zamanı Sartr da hərbi əsirlər üçün konslagerə düşür, amma 1941-ci ildə Sartrı buraxırlar və o ədəbiyyat-müəllimlik fəaliyyətini davam etdirmək üçün geri qayıdır.
1947-ci ilə kimi hər şey sakit keçir. Sartr pyes yazıb teatr təşkil edir, “Varlıq və heçlik” adlı iri bir fəlsəfi əsər yazır. Əsərin uğuru ona müəllimlik fəaliyyətindən əl çəkib özünü bütövlüklə fəlsəfəyə hərs etməyə imkan verir. Simona isə həyat yoldaşının əsgərliyə getdiyinə görə, daha detallı desək, aclıq hiss etdiyinə, günlərlə soyuqdan donduğuna, yoxluq hissləri keçirdiyinə görə və ən əsası bu hissləri özü keçirmədiyinə görə günah hissi keçirməyə başlayır. Bu hiss ona uşağı olmamaqdan daha çox əziyyət verirdi və o bu hissi müxtəlif növ kitablarla boğurdu. Mütaliəsinə üstünlük verdiyi mövzulardan biri də “insan nəslinin davamı kimi uşaq” mövzusu idi. (1)
Nəhayət, 1947-ci ildə Simona sevdiyini etiraf edir, amma Sartrı yox, Amerika universitetləri tərəfindən dəvət alan zaman tanış olduğu gənc yazıçı Nelson Anqlerə. Yanvarda tanış olduğu yazıçıya 2 ay sonra sevgi məktubları yazmağa başlayır. Sartrla razılaşmasını da unutmayıb ondan heç nəyi sirr saxlamır. Sartr bu məsələyə görə narahat olsa da hər şeyi “fəlsəfi sakitliklə” qarşılayır. Bovuar isə Atlantik okean üzərindən dəfələrlə Amerika və Fransaya uçur. Feminist olmasına baxmayaraq, Nelsonun ona qarşı olan mehriban münasibəti, yəni bir xanım olaraq kişi tərəfindən sevilmək, qayğı görmək ona xoş gəlir. (1)
Parisdə isə o, təmamilə başqa həyat sürür. 1949-cu ildə onun “İkinci cins” əsərinin nəşri onu Fransanın ən məşhur yazıçısı edir və o feminizmin klassikasına çevrilir. Sartr bu haldan təmamilə razı idi, axı kitabın ideyasını Bovuara o vermişdi. (1)
Həmin an Simonanın yanına onun sevgilisi Nelson gəlir və onun qarşısına dilemma qoyur: ya o, ya da Sartr. Əzablı düşüncələrdən sonra Simona öz seçimini Sartrın yanında qalmaqla edir. O öz yeganə azadlıq şansını, sevgisini və ümidlərini “ortaq ideyalar”a dəyişə bilməzdi.


Əlavə olaraq, Simona yeni romanında Nelsonla olan intim həyatını bütün təfərrüfatları ilə təsvir etmişdi və buna görə sonuncu gününə kimi Nelson onu bağışlaya bilmədi: Mən bütün dünyanın barlarını gəzmişəm və istər Koreya, istər Hindistan olsun qadınlar həmişə qapını bağlayırlar. Bu qadın isə qapıları tam açır, cəmiyyəti və pressanı tamaşaya dəvət edir. (2)
Sartr və Bovuarın yazının bu hissəsinə kimi olan həyatından və bir birilərinə olan özünəməxsus sevgilərindən bəhs edən 2006-cı il istehsalı olan “Flora kafesinin sevgililəri” (Les amants du Flore) adlı bir film çəkilib. Burada mövzudan bir az uzaqlaşıb film haqda təəsürat və düşüncələrimi demək istəyirəm. Əgər kiməsə maraqsızdırsa 1 abzas buraxmaqla yazının davamını oxuya bilər. Eləcə də yazıda spoilerlər olacaq, amma məncə bunu yazmaq bir az gecdir.
Film Sartr və Bovuarın həyatı ilə maraqlanıb, amma az məlumatı olanlar üçün maraqlı və reallığa yetərincə uyğun çəkilib. Mənfi cəhəti bəzən filmdə bəzən onların hansı yaşda, hansı dönəmdə olduqlarını anlamamağımdır. Süjet sıx olduğu üçün bədii təsvirlərə az vaxt ayrılır və bütün süjet sanki nəyisə yaddan çıxarmamaq üçün can atır, harasa tələsir. Bu xronometrajın limitli olması ilə də əlaqəli ola bilər. Əslində film barədə uzun uzadı danışmağa sözüm yoxdur, amma bir məqam barədə düşüncələrimi bölüşmək istəyirəm. Filmin bir hissəində Nelson Anqlerlə Sartrın kafedə görüşü baş tutur, daha doğrusu Bovuarla birlikdə kafeyə gəlir. Bovuarla Sartrın münasibətindən bezmiş, hətta hirslənmiş Nelson və buna son qoymaq üçün Sartrı bayıra söhbət etməyə, əslində çox yəqin dava etməyə çağırır. Sartr “İlk öncə gəl bizim kiçik ailəmizlə tanış ol, biz artıq sənə öyrəşmişik” deyərən onu oturduqları stola dəvət edir. Nelson stola gəlir və filmin sonrasında onların danışıb hansı nəticəyə gəldikləri və ümumiyyətlə danışıb-danışmadıqları barədə məlumat verilmir. Buna görə də həmin hissə mənə maraqlıdır ki, filmi ərsəyə gətirənlər tərəfindən qəsdən atılmış addımdırmı ya sadəcə bu hissə unudulub. Ümid edirəm ki, həqiqətə birinci versiya uyğundur. Əgər belədirsə, onda belə bir nəzəriyyə ortaya çıxır: Simona yetərincə savadlı biri idi və mütləqdir ki, “Elektra kompleksi” haqda eşitmişdi. Mən təxmin edirəm ki, filmi ərsəyə gətirənlər bu səhnə ilə Simonada bu kompleksin olduğunu vurğulamaq istəyiblər. Fikrimi belə çatdırım: Filmin lap əvvəlində gənc Sartr ilə onun atası Jan Bovuar arasında mübahisə düşür və Jan onunla dava etməkdən yayınır. Bu hərəkətinə görə Bovuar atasını qorxaq adlandırır. Eləcə  də bənzər hadisə filmin sonunda yaşanır. Sartr Bovuarın əri deyil, onun həyatı boyu ona yoldaşlıq edən, kömək və dəstək olan, motivasiya verən həyat yoldaşıdır. Hətta bir baxıma gənc yaşlarından onun atasını əvəz etmiş biridir, amma atasından fərqli olaraq ona azadlıq bəxş etmiş biridir. Eyforiyaya düşən Bovuar öncə ona sekslə təşəkkür edir, amma böyüdükdən sonra bu hisslər sönür. Eləcə də Elektra kompleksi olan qadınlarda da yaş artdıqca bu kompleks əsasən yoxa çıxır. Ancaq artıq böyümüş Bovuar eyni hadisə ilə üzləşəndə artıq infantil hisslərlə yox yetişkin, formalaşmış şəxsiyyət kimi qərar verir.
Sartr və Bovuar vaxtında xilasedici formul fikirləşib hazılamışdılar və bu formul aksiomaya çevrilmişdi. Onların hər biri onlarla kitab yazmış və Sartr 64-ci ildə Nobel mükafatına layiq görülmüşdü: “dövrümüzə nəhəng təsir edən, ideyalarla zəngin, azadlıq ruhu ilə dolub-daşan və yaradıcılığın həqiqətlərini axtaran” əsərə görə... Sartrı isə artıq məşhurluq və tanınmaq istəyi narahat etmirdi, o istəmirdi ki, onu inistuta çevirsinlər. Eyni zamanda, o “Nobel mükafatı laureatı” titulunun onu siyasi radikallığına mənfi təsiri ilə bağlı düşüncələrini də gizlətmirdi. (1)
60-cı illərin ikinci yarısında o ədəbiyyatdan çox siyasətlə məşğul olurdu. O sosializmi yenidən diriltmək istəyirdi. O çoxlu səyahətlər edir, nasional və sinfi istismar əleyhinə aktiv çıxışlar edirdi. Həmçinin, ultrasol qrupların fikirlərini müdafiə edir, Parisdəki tələbə buntlarında iştirak edirdi. Amerikanın Veytanama olan müdaxiləsini tənqid edir, onu hərbi  zəmndə cinayətlərdə iddiham edir və Bertrant Rassellə birgə antihərbi komissiyanın formalaşmasında iştirak edirdi. O Çinin formalaşmasını, Kuba çevrilişlərini atəşlə dəstəkləsə də,  daha sonra həmin ölkələrin siyasətindən məyusluq hissinə qapıldı. 1974-cü ildə onun “Bunt – sağın işidir” adlı əsəri nəşr olundu.
Hərçənd son illərdə qlaukomaya görə o demək olar ki kor olmuşdu və bun görə artıq yaza bilmirdi, buna baxmayaraq aktiv həyatı hələ də davam edirdi, müxtəlif intervyular verir, dostları ilə siyasəti müzakirə edir, musiqiyə qulaq asır, Simonaya ona səsli kitab oxuması üçün xahiş edirdi. Eyni zamanda alkaqola qurşanmışdı və onu alkaqolla qadın cinsinin nümayəndələrindən olan gənc pərəstişkarları təmin edirdi. Sartr heç vaxt qadınlara olan həvəsindən əl çəkə bilmədi: “Mənim qadınlarla özümü əhatə etməyimin əsas səbəbi, onu kişi ətrafımdan üstün tutmağımdadır. Kişilər əsasən məni süstlüyə sürükləyir.” (1)
15 aprel 1980-ci ildə Sartr artıq yox idi, onun xahişi ilə heç bir təntənəli dəfn mərasimi təşkil olunmadı, buna baxmayaraq onun dəfn mərasimi 50 min parislinin iştirakı ilə keçdi. “Mond” qazeti yazır: “Heç bir XX əsr fransız intelektualı, heç bir “Nobel” mükafatı laureatı cəmiyyətə Sartr qədər dərin, uzunsürən və əhatəli təsir etməmişdi.” (1)
Onların sevgisi 51 il davam etdi və Simona ondan cəmisi 6 il çox yaşadı və demək olar eyni gündə - 14 apreldə vəfat etdi. O dünyasını təmamilə tənha dəyişdi və Sartrın yanında dəfn olundu. Simona yazırdı: “Onun vəfatı bizi ayırdı, mənimki isə bizi qovuşduracaq.” (2)

 Müəllif: Rövşən Nəzərov



Yorumlar