"Platonun Mağara alleqoriyası" - Paul Kleinman

 Ən məşhur əsərlərindən biri olan “Dövlət” kitabında Platon insan qavrayışının, heç kim ideyaların varlığının fərqində olmasa belə, necə var olduğunu və doğru biliyin necə sadəcə fəlsəfə vasitəsilə qazanıldı-ğını isbat etməyə çalışır. Hislər vasitəsilə bilik əldə edilməz, sadəcə fikir əldə edilər.
 Mağara Alleqoriyası, Sokrat ilə Platonun qardaşı Qlaukon arasında bir söhbət olaraq keçir. Dialoqda Sokrat,
Qlaukondan illüziyanın sanki gerçək imiş kimi qavranıldığı bir dünya təsəvvür etməsini istəyir. Məsələyə aydınlıq qazandırmaq üçün belə bir nümunə gətirir:
 İçində bir qrup məhkumun doğulduqlarından bəri qapalı saxlanıldığı bir mağara vardır. Məhkumlar hərəkət edə bilməzlər. Boyunları və ayaqları hərəkət etdirə bilməyəcəkləri və ya döndürə bilməyəcəkləri şəkildə zəncirlənmişdir və ancaq qarşılarındakı bir daş divara baxa bilirlər. Məhkumların arxasında, yüksəkdə bir yerdə yanan bir atəş və atəş ilə məhkumlar arasında isə bir qrup insanların başlarında daşıdıqları şeylərlə gəzdikləri bir divar vardır. Atəşin işığı məhkumların önündəki divara nəsnələrin kölgələrini salır. Məhkumların görə bildikləri yeganə şey bu kölgələrdir. Eşitdikləri səslər sadəcə mağaranın əks-sədalarından ibarətdir.
 Bu səbəbdən bu məhkumlar həqiqi nəsnələrlə heç qarşılaşmadıqları və bütün həyatları boyunca yalnız kölgələrə şahid olduqları üçün, bu kölgələri gerçəkliyin özü sanarlar. Mağaranın əks-sədaları onlara görə, kölgələrin yaratdığı səslərdir. Tutaq ki, bir kitabın kölgəsi görünsəydi, bu məhkumlar kitab gördüklərini iddia edərdilər. Məhkumların gerçəkliyində kölgə deyilən bir şey bilinmədiyi üçün onlar bunun bir kitabın kölgəsi olduğunu söyləməzdilər. Ən sonunda, məhkumlardan biri bu dünyanın mahiyyətini anlayardı və növbəti kölgənin hansı olduğunu bilə bilərdi və beləliklə, digər məhkumların tərifini və təqdirini qazanardı.
 İndi isə deyək ki, məhkumlardan biri sərbəst qalır. Kimsə o məhkuma həqiqi bir kitab göstərsə, məhkum o nəsnəni tanıya bilməz. Məhkumun gözündə kitab, divara yansıyan kölgədir. Bir kitabın kölgəsi, kitabın özündən daha gerçək görünər.
 Sokrat sözlərini davam etdirərək, sərbəst qalan adam sonra dönüb atəşə baxsa, nə olacağı haqqında fikir yürüdər. Məhkum qətiyyətlə o dərəcədə parlaq işıqdan başını çevirər və daha həqiqi hesab etdiyi qaranlıq kölgələrə geri dönərdi. Bəs vəziyyət bir addım daha irəli götürülərək məhkum bayıra çıxmaq məcburiyyətində buraxılsa, nə olardı? Məhkum qəzəblənərdi, gərginləşərdi və qarşısındakı gerçəkliyi görməzdi, çünki işıq gözlərini qamaşdırıb kor edərdi.
 Bununla yanaşı, məhkum qısa müddətdən sonra uyğunlaşar və mağaradakı gerçəkliyin yanlış olduğunu anlayardı. Günəşə doğru baxıb mövsümləri, illəri və bu dünyada görülə bilən hər şeyi yaradının bu varlıq olduğunu (hətta özünün və məhkum dostlarının mağarada gördüklərinə də müəyyən dərəcədə onun səbəb olduğunu) qavrayardı. Məhkum mağarada keçirdiyi günlərə xoş xatirələrlə dönüb baxmazdı, çünki əvvəlki qavrayışının əslində gerçəklik olmadığını artıq anlayardı. Azadlığa çıxan məhkum ondan sonra mağaraya qayıtmağa və digərlərini də sərbəst buraxmağa qərar verər. Məhkum geri döndüyü zaman mağaranın qaranlığına uyğunlaşmaq üçün səy göstərər. Digər məhkumlar da bu davranışı qorxunc hesab edərlər (çünki mağaranın qaranlığı hələ də onların yeganə gerçəkliyidir) və tərifləmək əvəzinə, azad olan məhkumu axmaq yerinə qoyarlar, onun söylədiklərinə inanmazlar. Məhkumlar, onları sərbəst buraxarsa, onu öldürməklə təhdid edərlər.
 Platon, mağaranın içində zəncirlənmiş məhkumları, özünün yaratdığı ideyalar nəzəriyyəsindən xəbərsiz insanlarla qarşılaşdırar. İnsanlar, qarşılarında dayanan görüntünü gerçək imiş kimi yanlış qavrayarlar və cəhalət içində yaşayarlar (bununla da xoşbəxt olarlar, çünki cəhalət bu insanların bildiyi yeganə şeydir). Bununla yanaşı, həqiqət hissə-hissə üzə çıxmağa başlayanda qorxuducu ola bilər və insanlarda geri qayıtma istəyi oyandıra bilər. İnsan əgər həqiqətə arxa dönməzsə və həqiqəti axtarmağa davam edərsə, ətrafındakı dünyanı daha yaxşı anlayacaqdır. Azad olan məhkum qavranılan gerçəkliyin xaricindəki daha böyük həqiqəti axtaran filosofu təmsil edər.
  Platona görə, insanlar dildən istifadə etdikdə gözlə görülə bilən fiziki nəsnələri adlandırmazlar; daha çox gözlə görülə bilməyən bir şeyi adlandırarlar. Bu adlar yalnız zehində qavranıla bilən şeylərlə əlaqəlidir. Məhkum, bir kitabın kölgəsinin həqiqətən kitab olduğuna inanırdı, ta ki dönüb baxıb həqiqəti görənə qədər. İndi, kitab fikrinin yerinə daha əhəmiyyətli bir şeyi, məsələn, ədalət məfhumunu qoyaq. İnsanların ən sonunda dönüb baxmalarına və həqiqəti kəşf etmələrinə imkan verən Platonun ideyalar nəzəriyyəsidir. Bilik, özündə hislər vasitəsilə əldə edilər və qavrayış heç də bilik deyildir, təxmindir. Bilik arxasınca qaça bilmək ancaq fəlsəfi ağıl yürütmə yolu ilə mümkün olur.


Tərcümə edən: Könül Bəndiyeva
Mənbə: Kleinman, Paul. "Felsefe 101", Say, 2018.

Yorumlar