"Panteist əxlaqı və biliyin fərqli növləri" - Benedikt Spinoza

A) Müdriklik öz mahiyyətinin qanunlarına uyğun davranmaq faktından başqa bir şey olmadığı və heç kim də öz varlığını başqa cür qorumağa çalışmadığı üçün, bundan ilk olaraq, müdrikliyin öz mahiyyətinin varlığını qorumaq məqsədilə də olsa cəhdlərə əsaslandığı və xoşbəxtliyin insanın varlığını qorumaq üçün mənimsədiyi güc olduğu nəticəsi çıxır. İkinci olaraq buradan, müdrikliyə yalnızca onun özü üçün çatmağa çalışmağın
 gərəkli olduğu və axtarılmasını zəruri edən, bizim üçün özündən daha dəyərli və ya daha faydalı başqa heç bir şeyin olmadığı nəticəsi çıxır. Nəhayət üçüncü nəticə, özlərini öldürənlərin gücsüz ruha sahib olmaları və tamamilə özlərini təbiətlərinə əks olan xarici səbəblərin idarəçiliyinə buraxmalarıdır. Digər tərəfdən II bölümün IV hökmündən varlığımızın qorunması üçün bizdən başqa heç bir şeyə ehtiyac olmayacağı və bizdən kənar olan şeylərlə heç bir əlaqəmiz olmayacaq şəkildə davrana bilməyəcəyimiz nəticəsi çıxır; və digər tərəfdən ruhumuzu nəzərə alacaq olsaq, ruhumuzun tənha olduğunu və özündən kənarda heç bir şeyi tanımadığını fərz etməklə zəkamızın daha əskik olacağı dəqiqdir. O halda bizə faydalı olan və bu səbəblə də axtarmaq məcburiyyətində olduğumuz bizdən kənarda çox şey var. Bu şeylərin içində təbiətimizlə tam uyum içərisində olan şeylərdən daha dəyərli şeylər xəyal edə bilmərik. Məsələn, tamamilə eyni təbiətdə iki insan birləşsələr, hər birinin ayrılıqda olduğundan daha güclü bir fərd yaradarlar. O halda heç bir şey insandan daha çox insana yararlı ola bilməz. Bundan bu nəticə çıxır ki, ağıl tərəfindən idarə olunan, yəni ağılın metodları altında özlərinə faydalı olanı axtaran insanlar, digər insanlar üçün də istəmədikləri bir şeyə çatmağa çalışmırlar və bu mənada doğrudurlar, xoş niyyətli və şərəflidirlər.
B) “Ali xoşbəxtlik müdrikliyin hədiyyəsi deyil: Hədiyyə müdrikliyin özüdür. Ehtiraslarımızı ram etdiyimiz üçün müdriklikdən həzz duya bilmirik, əksinə müdriklikdən həzz duyduğumuz üçün ehtiraslarımızı ram edə bilirik
Sübut – Ali xoşbəxtlik Tanrıya duyulan sevgidir və bu sevginin özü üçüncü növ bilikdən doğur; və bu mənada bu sevgi, ruh fəal olduğu müddətcə ruha aid olmalıdır; bu səbəbdən sevginin özü müdriklikdir; bu ilk nöqtədir. Daha sonra ruh bu ilahi eşqdən və ya bu ali xoşbəxtlikdən nə qədər həzz alırsa, o qədər çox anlayır, digər bir izahla;  ruhun hissi vəziyyətlər üzərində nə qədər çox gücü olarsa, bu vəziyyətlərin pis olanlarından bir o qədər az zərər görər; bundan dolayı ruhun bu ilahi sevgidən və ya bu ali xoşbəxtlikdən həzz duyması ilə, ruhun ehtiraslarını ram etmək gücü yaranır. Açıqlama – Ruhun hissi vəziyyətlər üzərindəki gücü və ruhun azadlığı ilə əlaqədar sübut etmək istədiyim şeyləri, beləliklə, tamamlamış oldum. Buradan, müdrik şəxsin ali dəyərinin nə olduğu və müdrik şəxsin sadəcə ehtiraslarının istəyi ilə hərəkət edən cahildən nə qədər üstün olduğu görülməkdədir. Cahil əslində bir çox mövqedən xarici səbəblə hərəkət etməsinin və ruhun gerçək sükunətinə heç vaxt sahib olmamasından başqa özü, Tanrı və şeylər haqqında bir növ şüursuzluq içərisində yaşayır və əzab çəkməsi sona çatdığı an varlığı da sona çatar. Əksinə müdrik şəxs isə, özünün, Tanrının və şeylərin bir növ sonsuz gərəkliliyi dərk etmiş və ruhu təsirlənmiş olaraq varlığı heç vaxt sona çatmaz və hər zaman ruhun gerçək sükunətinə sahib olur. Əgər indi müdrikliyə apardığını göstərdiyim yol olduqca çətin görünürsə də, bu yolu tapmaq mümkündür. Və şübhəsiz ki, bu çətinliyə görədir ki, yaxşılıq nadirən kəşf edilməkdədir. Əgər qurtuluş insanın əlində olsaydı və əgər onu tapmaq üçün lap çox səy göstərilməsi gərəkli olmasaydı, demək olar hər kəs bu qurtuluşa necə etinasız yanaşa bilərdi? Amma möhtəşəm şeylərin hamısı nadir olduqları qədər çətindirlər.
İnsanlar özlərini azad zənn edərkən yanılırlar; bu baxış yalnız əməllərinin fərqində olmaları və onları müəyyən edən səbəbləri bilməmələri faktına əsaslanmaqdadır. Bu halda onların azadlıq fikrini formalaşdıran şey əməllərinin səbəblərindən heç birini bilməmələridir. Çünki insan əməllərinin istəyə əsaslandığını dedikləri zaman, bunlar, haqqında heç bir fikrə sahib olmadıqları  sözlərdir. Əslində heç biri istəyin nə olduğu, bədəni necə hərəkətə keçirdiyini bilməməkdədir; başqa şeylə öyünən və ruhun yerinin və ya bir sığınacağının olduğunu fərz edən şəxslərə gəldikdə isə, bunlar gülüşə və diksinməyə səbəb olmaqdadır. Günəşə baxdığımız zaman onu bu şəkildə bizdən az-çox iki yüz addım məsafədə xəyal edirik; və burada xəta sadəcə bu xəyalda deyil, eyni zamanda onu xəyal edərkən gerçək məsafəni və bu xəyalın səbəbini bilmədiyimiz faktındadır.
Etica, II, IV, V bölüm
 
Samuel Hirszenberg, Spinoza (1907).
A. A. Deineka Qalereyası, Kursk, Rusiya.
Biliyin fərqli növləri
Problem diqqətli bir şəkildə araşdırıldığında bütün bilik formlarının dörd başlıq altında toplanması uyğun görünür.
I.Eşitdiyimiz şeydən və ya hər hansı bir işarədən əldə etdiyimiz qavrayış vardır.
II. Qeyri-müəyyən təcrübədən, yəni zəka tərəfindən müəyyən olunmamış, amma sadəcə təsadüfi olaraq ortaya çıxdığı üçün və onunla ziddiyyət təşkil edən başqa bir təcrübə olmadığı üçün, beləliklə, içimizdə sarsılmaz olaraq mövcud olduğu üçün belə adlandırılan təcrübədən əldə etdiyimiz qavrayış vardır.
III. İçində bir şeyin mahiyyətinin başqa bir şeydən, amma tam lazımlı forma olmadan çıxarıldığı qavrayış vardır; istər hər hansı bir nəticədən bir səbəb çıxardığımız vaxt olsun, istərsə də nəticənin hər zaman müəyyən bir keyfiyyətin izlədiyi hər hansı ümumi keyfiyyətdən çıxarıldığı zaman olsun, olan şey.
VI. Nəhayət, içində şeyin yalnız mahiyyəti və ya ən yaxın səbəbi vasitəsilə qavranıldığı bir qavrayış vardır.
Bütün bu vəziyyətləri nümunələrlə izah edəcəyəm: Yalnız eşitdiyim şeylə, ad günümü, ana-atamın kimlər olduğunu və buna bənzər heç bir zaman şübhə duymadığım şeyləri bilirəm. (I) Qeyri- müəyyən təcrübə ilə öləcəyimi bilirəm; bunu təsdiqləməmin səbəbi əslində, eyni zamanda yaşamamış və eyni xəstəlikdən ölməmiş olsalar da, mənə bənzər digər varlıqların ölümlərini görmüş olmağımdır. Yağın alovu alışdırmasını və suyun söndürməsini bilməyim də qeyri-müəyyən təcrübələrdir; köpəyin hürən, insanın ağıllı heyvan olmasını da bilməyim eyni yolladır; həyatın praktikasında edilmiş demək olar ki, hər şeyi bu yolla öyrəndim. (II) İndi isə bir şeydən digərini çıxarmaq üçün izlədiyim yol budur; açıq şəkildə o bədənin yerinə bu bədəni hiss etdiyimizi qavradığımız vaxt, bundan ruhun bu bədənlə birləşdiyi nəticəsini və bu birləşmənin bu duyğunun səbəbi olduğunu çıxarırıq; amma bu duyğunun və bu birləşmənin quruluşu nələrdir? bunlar bu qaynaqdan qəti şəkildə bilməyəcəyimiz şeylərdir. Eyni şəkildə görmənin quruluşunu öyrəndiyim və bu quruluşun uzaq məsafədən baxdığımızda daha kiçik görünməsi xüsusiyyətinə sahib olduğunu bildiyim zaman, bundan günəşin göründüyündən daha böyük olduğu nəticəsini çıxarıram. (III) Nəhayət, bir şeyi bilməyim faktından bilməyin nə olduğunu bildiyim zaman, ruhun mahiyyətini bilməyim faktından onun bədənlə birləşmiş olduğunu bildiyim zaman, o bir şey tək başına mahiyyəti tərəfindən qavranmışdır. Eyni cür biliklə iki üstəgəl üçün beş etdiyini və üçüncüyə paralel iki düz xətt çəkildiyində bu xəttlərin bir-birinə də paralel olduğunu və s. bilirik. Amma indiyə qədər bu cür bir biliklə qavraya bildiyimiz şeylər çox azdır. (IV)
Bütün bunları daha yaxşı başa düşmək üçün tək bir nümunədən yararlanacağam. Üç rəqəm təklif edilir; ikincinin birinci ilə olan əlaqəsi kimi üçüncü ilə əlaqəli olacaq bir dördüncünün verilməsi istənilir. Bu dördüncü ədədi tapmaq üçün edilməsi lazım olan şeyi bildiyini deyən tacirlərə hər yerdə rast gəlinəcəkdir; bunun səbəbi əməliyyatı müəllimlərinin öyrətdikləri şəkildə, sübutsuz olaraq, yaddan çıxarmamış olmalarıdır. (I) Digərləri sadə vəziyyətlərin təcrübəsindən universal bir qayda yaradacaqlar: bu 2, 4, 3, 6 rəqəmlərinin vəziyyətində olduğu kimi dördüncü rəqəmin öz-özünə tapıldığı zaman yaranır; ikinci rəqəmi üçüncü ilə vurub birinciyə bölərək 6 rəqəminin əldə edildiyini görməkdədirlər; nəticənin bu əməliyyatdan müstəqil olaraq daha əvvəldən bildikləri eyni rəqəm olduğunu görərək, bundan əməliyyatın bütün vəziyyətlərdə bu dördüncü rəqəmi tapmağa imkan verdiyi nəticəsini çıxarırlar. (II) Riyaziyyatçılar Evklid isbatı sayəsində aralarında mütənasiblik olan rəqəmlərin nələr olduğunu və bunun birinci ilə dördüncünün vurulmasının, ikinci ilə üçüncünün vurulmasına bərabər olmasını təmin edən xüsusiyyətin və mütənasibliyin nəticəsi olaraq bilməkdədir. (III) Bununla birlikdə verilən ədədlərin mütənasibliyini tam olaraq görmürlər və gördüklərini fərz etsək də, bu, haqqında danışılan əməliyyat sayəsində olmayıb, heç bir əməliyyat olmadan intuitiv olaraq gerçəkləşir.
Bütün bunlara nəzər saldığımızda hansı növ qavrayışı seçməyimizin lazım olduğunu görək. Birincisi ilə əlaqədar olaraq, nümunəmizlə ortaya çıxdığı kimi eşitdiyimiz şeylə şeyin mahiyyətini görə bilmədiyimiz açıqdır; və ancaq mahiyyətini bildiyimiz zaman bir şeyin saf varlığını biləcəyimizə görə, bundan eşitdiyimiz şeydən gələn hər gerçəyin elmlərdən çıxarılmasının lazım olduğu nəticəsi ortaya çıxır. Çünki daha öncədən zəkaya məxusus bir fəaliyyət yoxdursa, eşitdiyimiz şey heç kim üzərində təsirli olmaz. İkinci növ biliyə gəldikdə isə, bizə axtarılan mütənasibliyin fikrini verdiyini demək olmaz. Hələ də çox qeyri-müəyyən olmasının və qəti nəticəyə sahib olmamasından başqa, bu şəkildə təbii şeylərin içində təsadüflərdən başqa heç bir şey görülməyəcək; əslində isə bu təsadüflər, əgər daha əvvəldən mahiyyətlər bilinmirsə, açıq şəkildə heç bir zaman bilinməzlər. Bundan da ikinci formanı da sırada çıxarmaq nəticəsi hasil olur. Üçüncü növ ilə əlaqədar olaraq bir nöqtəyə qədər şeyin fikrini verdiyini və hətta bizim yanılma təhlükəsi olmadan nəticə çıxarmağımızı təmin etdiyini deyə bilərik. Bununla birlikdə, bu yol da öz-özünə bizim üçün mükəmməlliyimizi gerçəkləşdirəcək bir vasitə ola bilməz. Yalnız dördüncü forma bizim yanılma təhlükəsi olmadan şeyin əksiksiz mahiyyətini qavramağımızı təmin edir. Məhz bu səbəbdən də əsas olaraq bu dördüncü formanı istifadə etmək lazımdır.
Tractatus de Intellectus Emendatione (Zəkanın reformu haqqında traktat), 1677



Tərcümə edən: Araz Əliyev 

Yorumlar