"Nitsşe və feminizm" - Kamran Əliyev

Nitsşeni bir “mizogin”, bir qadın düşməni olaraq oxumaq üçün çoxlu səbəblər sadalana bilər, lakin Nitsşe vasitəsilə feminizmi oxumaq əhəmiyyətli səy ola bilər. Nitsşe bir çox kitabında “qadınlar”a dair, çoxu pis başa düşülə biləcək şeylər söyləmişdir. Örnək keçidlər “Şəfəqin qırmızılığı”(Morgenröthe), “Bütlərin alacaqaranlığında” yaxud “Xeyir və Şərin ardında” verilə bilər. 
 Nitsşenin intellektual çevrilməsini dərk edə bilməyən və hər bir cümləsinin ayrı konteksdə araşdırılmalı olduğu fikrini başa düşə bilməyən “zəif” oxucuysaq, yuxarıda qeyd olunan kitablarda və bir çox mətndə qadınlar haqqında söylədiklərini “kobud mizogin” kimi başa düşməyimiz mümkündür. Lakin Nitsşe haqqında bilinməsi lazım olan ilk şey,onun demək istədiyi şeyi, bizim onun deməsini istədiyimiz şəkildə deməsidir. Yəni Nitsşeni oxumaq, məsələn, Dekartı oxumaq qədər düz və “olduğu kimi” ola bilməz. 20-ci əsrdə Nitsşe mübahisələri, məsələn, Deleuze və Heidegger arasındakı “Nitsşe təfsiri fərqi” bunu dərhal göstərir. Beləliklə, Nitsşe üçün fərqli qapıları açmaq həmişə mümkündür və bu imkanları araşdırmaq/sorğulamaq azad və orijinal bir fəlsəfə oxucusunun əsas vəzifələrindən biridir. Əvvəla, aşkarlanmalı olan şey, Nitsşenin “qadın”a dair fikri infrastrukturu, reaktiv infrastrukturudur. Nitsşe hələ 5 yaşında atasını itirəndən sonra, ilk illərinə qədər 5 qadınla  (bacısı, anası, nənəsi, və iki xalası) birlikdə yaşadı; qadın populyasiyasının sıxlığından və bəzi dini-sosial təzyiqlər səbəbindən asosial uşaqlıq keçirmişdir. Nitsşenin qadınlara verdiyi ilk “reaksiyalar”bu dövrə təsadüf edir, lakin bu reaksiyların əsaslandırılması və ifadəsi çox sonralar olacaqdır. Nitsşenin qadınlara reaksiyasını inkişaf etdirəcək hadisə, məşhur Lou Salome hadisəsidir. Nitsşe onunla otuz yaşının sonlarında tanış olur və ona qarşı bəslədiyi dərin hisslərə qarşılıq almır. Rədd edilmənin verdiyi dərin qəzəb və qadın populyasiyasının dominant olduğu bir evdə uşaqlıq dövrünü keçirmənin verdiyi şüuraltı sıxışdırma hissi ilə,qadınlar haqqında çox sərt şəkildə qəbul edilə bilən, əksər hallarda fəlsəfi bütövlükdən məhrum olan sözləri kitablarına tez-tez daxil etmişdir. Ancaq bu reaksiyaları yalnız “misogin” kimi qiymətləndirmək olarmı?
Nitsşe, ən təməl mənasında, ”ictimai əxlaqı” hədəf alan və onu məhv etməyə çalışan təxribatçı filosofdur. İctimai əxlaq (buna dini əxlaq da adlandırmaq olar), ”insan”ı, ”qadın”ı, ”kişi”ni və hətta “əşya”nı cəmiyyət içindəki rollarına görə müəyyənləşdirib təsnif etməklə işə başlayan və bu təriflərdən kənar vəziyyətləri “əxlaqsız” olaraq təsvir edən, nəticədə edam qurumuna çevrilən “bir nüfuz” olaraq qəbul edilməlidir. Nitsşe fəlsəfəsinin təməl narahatlığı bu hakimiyyətə bir üsyan yaratmaq və “bütün dəyərləri yenidən qiymətləndirmək”dir. Ənənəvi və itaətkar mənada “..... əxlaq sürü heyvanın instinktidir” (Nitsşe, Xeyir və Şərin ötəsində, Maddə 2020). Nitsşeyə görə,dizayn etməyi arzulayan hər cür mənəvi qaydalar rədd edilməlidir. İctimai konvensiyaların fərdlərə tətbiq etdiyi stereotiplər Nitsşe üçün etibarsızdır, hər bir şəxs və hər hadisənin öz əxlaqi perspektivi var. Başqa sözlə; ”...Əxlaqi hadisələr yoxdur, hadisələrin yalnız əxlaqi təsviri var”. (Nitsşe, Xeyir və Şərin ötəsində, Maddə 108). Nitsşenin “əxlaq” anlayışına söykənən bu fəlsəfə 20 əsr üçün əvəzolunmaz dinamikdir; Əxlaqın sual altına alınması 20-ci əsrdə inkişaf edəcək bir çox sosioloji və fəlsəfi reflekslərin başlanğıc nöqtəsi hesab edilə bilər. Bu əsasla, feminizm hərəkatı təhlil edilərkən, hər nə qədər də anlayış ilk dəfə 18-ci əsrdə Charles Fourier tərəfindən istifadə olunsa da, feminizmin sistemli fəlsəfi arqumentə çevrilməsi 20-ci əsrin əvvəllərində baş verir. Feminist nəzəriyyəsinin aparıcı adlarından biri olan Beauvoir, ”qadın doğulmur, qadın olur” ifadəsi ictimai rollara diqqət çəkir. Qadını “İkinci cins” olaraq təyin edən və təsnif edən “əxlaq” vasitəsi ilə cəmiyyətin özüdür. Bu baxımdan Nitsşeyə dönsək, düşünmək olar ki, Nitsşe “qadın” haqqında yazarkən “cəmiyyət tərəfindən hazırlanan qadın” haqqında bəhs edirmiş. Nitsşenin “qadınlara” istiqamətləndirdiyi bütün ittihamların “ənənəvi qadınlara” olunduği görünür. Bu baxımdan, ”cəmiyyət tərəfindən hazırlanan qadın” tənqidi, Nitsşenin feminist olmasına səbəb ola bilməz, ancaq feminizmə qapı aça bilər. Bu əvvəlcə məcburi və cızıqlanmış şərh kimi görünsə də, Nitsşenin dağıdıcı fəlsəfəsinin haralara çata biləcəyi haqqında fikri,onun “üstüninsan”ın nasist təbliğatında “supermen” olaraq qəbul edilməsindən əldə edə bilərik. Yəni, Nitsşe bir irqçi tərəfindən də sahiblənə bilər, bir anti-irqçi tərəfindən də mənimsənilə bilər. Fəqət həqiqət budur ki, Nitsşe nə irqçi, nə də klassik anti-irqçi deyil. Eyni şey qadınlar barəsində də keçərlidir, Nitsşenin bir cins olaraq “qadınlara” düşmənçiliyi mümkün deyil və ondan bir feminist olaraq bəhs etməkdə mümkün deyil. Mənim deyəcəyim budur ki, Nitsşe ilə feminizmi oxumaq effektiv ola bilər.

Qaynaq ve oxumalar:

NIETZSCHE, Friedrich, İyinin ve Kötünün Ötesinde, Oda Yayınları, 2012.
NIETZSCHE, Friedrich, Putların Alacakaranlığı, İş Bankası Kültür Yayınları, 2015.
BEAUVOIR, Simone de, Kadın “İkinci Cins” 2 Evlilik Çağı, Payel Yayınları, 1993.

Tərcümə edən: Kamran Əliyev
Müəllif: Hamza Celaleddin Okumuş
Mənbə: Düşünbil

Yorumlar