"Necə düşünürük" - Con Dyui

I. Düşüncənin ən geniş mənası zehində baş verən hər şeyi əhatə edir. “Düşüncələriniz dəyərsizdir” deyirik. Amma bu vəziyyətdə, sadəcə heç bir önəmi olmayan, fantaziyalar, məntiqi ardıcıllığı olmayan və gerçəklikdən yoxsun “düşüncələr” haqqındadır.   Gərəksiz bütün fantaziyalar, hər hansı bir xatirə, keçici təəsürat bu qəbildəndir. Günorta vaxtı, oyanıq olduğumuz vaxt qurduğumuz xəyallar, İspaniyadakı qəsrlər,
depressiya zamanlarından ağlımıza gələn təsadüfi və maraqsız fikirlər sahəsi geniş mənada hələ də düşüncədir. Bu önəmsiz fantaziyaların və xəyali həsrətlərin bu nizamsız oyununda qorxunc dərəcədə vaxt itiririk. Axmaqlar və ağılsız adamlar bu formada düşünürlər.
Gerçək düşüncə fikirlərin əlaqəli şəkildə ard-arda gəlişidir, sadə ard-arda gəliş deyildir. Öz vətəni olan Yeni İngiltərədən seçilməyi arzulayan zəkası aşağı olan bir insanın öz ətrafındakılara bunu dediyi qeyd olunur: “Mənim uyğun olmadığımı düşünürsünüz; bununla birlikdə hər zaman nəyisə düşündüyümə inanın”. Əgər düşünülən şeylərin ard-arda gəlişləri vasitəsilə düşüncə, zehindən keçən şeylərin gözlənilməz axınına bənzəyirsə, bu şeylərdən, yalnız bu gözlənilməzliyin onu doyurmadığı faktı ilə ayrılır. Düşünmək, sadəcə bir-birini izləyən fikirlərin deyil, eyni zamanda hər bir fikirin digərini onun təbii nəticəsi kimi izləməsi və hər birinin özündən əvvəl gələnə əsaslanması formasında bir nizamın içində ard-arda gələn fikirlərin müəyyən sayının varlığını fərz edir.
Düşünmə fəaliyyəti birbaşa müşahidəni aşan şeylə sərhədlənir.
II. “Düşüncə” sözünün ən geniş mənası ilə istifadə edildiyi vəziyyətdə belə, ümumi olaraq duyğularla hiss olunmayan şeylər tətbiq olunur; nə görə bildiyimiz, nə dada bildiyimiz, nə eşidə bildiyimiz, nə də toxuna bildiyimiz şeylərə tətbiq olunmur. Əgər bir hadisəni danışan şəxsə, bu hadisənin neçə baş verdiyini görüb görmədiyini soruşsaq, “Xeyr, sadəcə onu düşündüm” deyə bilər. Onun hekayəsi bir müşahidənin diqqətli əlaqəsi deyildir; burda daha çox kəşfin payı vardır. Bu fikirlər miqyasında tamamilə xəyali quruluşdakı hekayələrin, hadisələrin aldığı önəmi vurğulamaq lazımdır. Onlar bir hekayənin içərisində təqdim edilməklə müəyyən bir nizama sahib ola bilərlər. Onlarla eyni zamanda fantaziyalar, bir nəticəyə çatmaq üçün bilərək istifadə olunan şərhlər də yer alır. Uşaqların xəyali hekayələri daxili davamlılığın bütün dərəcələrini göstərirlər, bəzilərində nizam yoxdur, digərləri də nizamsızdır. Əgər tutarlı olsalar, gerçək düşüncəni təqlid etmiş olurlar; çox vaxt məntiqli zehinlər bu cür düşüncələri təklif edirlər. Dizaynın bu forması çox vaxt refleksiv tipdəki düşüncədən daha əvvəl gəlir və eyni zamanda ona gedən yolu hazırlamış olur.
Bununla birlikdə, nə biliklərə, nə də faktlara və ya gerçəklərə bağlı bir qənaətə əsaslanmır; və sadəcə bu onu refleksiv düşüncədən, ilk baxışdan onunla eyni görünsə də, ayırır. Bu formadakı düşüncələri ifadə edənlər onlara inanılmasını gözləməzlər; sadəcə hər şeyin çox yaxşı qurulduğunun və oyunun gözəl istiqamətləndirildiyinin qəbul edilməsini istəyirlər. Yaxşı hekayələr yaradırlar, təsadüfdən kənar bilik gətirmirlər. Bu cür düşüncələr duyğuların çiçəklənməsidir; bu duyğulardan birini izah etməyə istiqamətlənirlər, bir həyəcana bağlanırlar və bu həyəcan onlara kömək edir.
Düşüncə iki yoldan inanca aparır.
III.  Başqa bir anlayışda,”düşüncə” müəyyən bir bünövrəsi olan qənaətləri, yəni gerçək və ya elə hesab edilən biliyi, birbaşa mövcud olan yeri aşan biliyi göstərir. Beləliklə, iki istiqaməti ilə görünən olur; qəbul etmək və ya rədd etmək, gerçəyə yaxın olanı qəbul etmək, gerçəyə uzaq olanı rədd etmək. Düşüncənin bu periodu iki fərqli tipi təqdim edir: Bəzən bir qənəti onu dətəkləyən səbəblərdən şübhə duymadan mənimsəyirik. Digər vaxtlar isə bu səbəbləri araşdırırıq.


Məsələn, “insanlar dünyanın düz olduğuna inanırdılar” və ya “orda olmayacağınızı zənn edirdim” dediyimiz zaman bir qənəti ifadə edirik. Bir şeyi qəbul edirik, mənimsəyirik, təsdiqləyirik, sübut edirik. Və bununla birlikdə, bu cür düşüncələr nəzarət edilməyən sadə ehtimallar ola bilərlər. Gerçəyə uyğundurlar, ya da uyğun deyillər, çünki biz inanca dəstək olacaq ölçü ilə maraqlanmamışıq. Doğru qənətlərə çatıb çatmadıqlarını bilmək məsələsilə maraqlanmadan bu düşüncələr şüuraltı olaraq doğmaqdadırlar. Onları toplayıb saxlayırıq, necə olduqlarını bilmirik. Qaranlıq qaynaqlardan, bilinməyən səslərdən çıxıb gəlməkdədirlər. Onları mənimsəyirik və şüuraltı olaraq onları zehni dilimizin içərisinə daxil edirik. Ənənədən, təhsildən, təqliddən gəlirlər, bunların hamısı bir hakiə qüvvəyə əsaslanırlar və ya mülkiyyətimizin bir parçası kimidirlər və ya güclü ehtiraslarla birləşirlər. Beləliklə, bu düşüncələr ön fikir, yəni mühakimə öncəsi fikirlər olaraq adlandırılmaqda olub, açıq fakta əsaslanan gerçək mühakimələr deyillər.
Ən yüksək mənasında düşünmək fəaliyyəti özündə inancların əsası və nəticəsi olaraq nəzərə alınmasını birləşdirir.
IV. Əgər düşüncələr refleksiv düşüncəyə, yəni inancın təməllərinin və şərtlərinin quruluşunun zehni araşdırılmasına istiqamətlənirsə, bir inanca çatan düşüncələr o inanca sıx şəkildə bağlanırlar... Dünyanın düz olduğunu planlamaq, gerçək bir şeyə, onun gerçək xüsusiyyəti olaraq gördüyümüz bir keyfiyyəti aid etməkdir. Bu nəticə fərqli şeylər arasında lazımlı bir münasibəti əhatə edir və bu nəticə plan tərəfindən yaradılan düşüncənin elastikliyinə və yumşaqlığına sahib deyil. Dünyanın düz olduğuna inanmaq digər obyektləri, məsələn, göy cismlərini, uzaqları, gəmi səyahətini düşünməyi əhatə edir. O halda fikir, şeylərdən əldə edilən baxışla uyğun olan fəaliyyətləri əhatə edir.
Bir qənətin digər qənətlər və davranış üzərində ola biləcək nəticələri, insanları, qənətləri və məntiqi nəticələri sübut etmək üçün səbəbləri, qənətləri araşdırmaq məcburiyyətində qoyacaqdır. Və artıq refleksiv düşüncəyə gəlirik, təmtəraqlı mənasında düşüncəyə !
Kolumbun dünyanın kürə olmasını düşünməsinə qədər dünyanın düz olduğu düşünülürdü. Çünki Kolumb dərhal ənənəvi anlayışı mənimsəməmişdi, şübhələndiyi, diqqətlə araşdırdığı üçün düşüncəsinə çatmışdı. Vərdişlərin təklif etdiyi şeyə qarşı şübhəçi olmuş, mümkünsüzün qarşısında geri çəkilməyərək həm inancını, həm də çətin inanılmasını sübut edən dəlilləri tapa qədər dirəşmişdi. Və gəldiyi nəticə səhv olsa belə, qarşısında yer aldığı qənətdən fərqli bir qənatə olmağı davam etdirdi, çünki fərqli bir metod sayəsində əldə edilmişdi.
Refleksiv düşüncənin tərifi – Refleksiv düşüncə, əvvəlcədən verilmiş olan bir inancın və ya biliklərin, ehtimali bir formanın sıx, genişlədilmiş, qəti bir araşdırılmasının nəticəsidir. Bu araşdırma bu bilikləri və çatdıqları nəticələri dəstəkləyən dəlillərin işığında gerçəkləşdirilir. Üç kateqoriyadakı düşüncə formalarından hər biri bu tipi (IV) formalaşdıra bilər, amma dəlillərin sağlam təməlləri üzərində bir inanc formalaşdırmaq üçün şüurlu və sistemli bir cəhd lazımdır.

John Dewey, Comment nous persons (Necə düşünürük), 1925, s. 16-21.


Tərcümə edən: Araz Əliyev

Yorumlar