"Əli Şəriəti: İnqilabçı din" - Eyvaz Usubov

"Düşünürəmsə, varam yox, üsyan edirəmsə, varam, deməliyik. Çünki, hər düşünən üsyan etməz, amma, hər üsyan edən, şübhəsiz ki, düşünmüşdür" (Əli Şəriəti)
Tanış olacağımız bu yazıda ötən əsrin önəmli simalarından biri, əsrin mühüm hadisələrindən olan İran İslam İnqilabının hazırlanmasında fikirləri ilə ideoloji rol oynamış (İnqilabın reallaşmasından sonrakı vəziyyət
istisna) dəyərli düçüncə adamlarından olan Dr. Əli Şəriəti (1933-1977)nin "Dinə qarşı Din" əsərindən seçilmiş hissələr yer alır.

Qısa icmal olaraq qeyd edək ki, Ə. Şəriəti burada əsas fikir olaraq inancın əhəmiyyətini "Şirk" və "Tövhid" dinlərinə ayıraraq fərqləndirmə edir. O, "Şirk" dininə; haqsızlıq qarşısında susqunluğu, avtoritar hakimiyyət və Allahın iradəsinə bağlanan hər cür itaətkarlığı aid edir. Bunun əksinə olaraq; hər cür zorakılıq və ictimai geriliyə qarşı yetişən mübarizə, üsyankarlığı ehtiva edən dini isə o, "Tövhid dini" adlandırır. Məhz İslamın və İbrahimi dinlərin də ictimai-tarixi roluna bu mövqedən qiymət verir. Qeyd edək ki, Ə. Şəriəti öz ideyalarını həyatı bahasına ödəmiş cəsur insanlardan olmuşdur. Cəsarətli çıxışlarına görə, o, İngiltərədə olarkən İran gizli kəşfiyyat orqanı olan SAVAK tərəfindən qətlə yetirilmişdir. Onun yenilikçi intellektual fəaliyyətinə təkcə dinyönümlü insanlar deyil, eləcə də Fransada təhsil alarkən dostlaşmış olduğu məşhur ateist-ekzistensialist filosof olan Jan Pol Sart da yüksək qiymətləndirmiş və onun haqda belə demişdir: "Əgər inandığım bir din olsaydı, bu dinin adı `Əli Şəriəti dini` olardı". Həmçinin müəllifə münasibətlər bəzən birmənalı olmayaraq, fikirləri çoxluq tərəfindən qəbul edilməməkdədir. Hər halda, bizlərə "Ey ata, ey ana, biz günahkarıq" əsərindən tanış olan "Sizi narahat etməyə gəlmişəm" deyərək düşünməyə və etdiklərimizdən cavabdeh olmağa səsləyən bu fikir adamını layiqincə dəyərləndirməyə çalışmalıyıq.

   İnqilabçı Din nə deməkdir? 
  İnqilabi din - ona iman gətirərək, bu təlimlə formalaşan insanın həyatın maddi, mənəvi və digər ictimai tərəflərinə tənqidi baxış sərgiləməsini təmin edər. Bununla bərabər, sahibinə rədd etdiyi və batil olaraq qəbul etdiyi şeyi dəyişdirmək, yıxmaq, yox etmək və haqq olaraq bildiyi, inandığı təlimi onun yerinə təsis etmək kimi bir missiya və məsuliyyət yükləyər. Mövcud vəziyyətə dini baxımdan məşruiyyət (qanunilik) qazandırmamaq, ona şərh verərək təsdiq etməmək, ona qarşı laqeyd qalmamaq tövhid dininin xüsusiyyətlərindəndir. Bütün peyğəmbərlərin necə zühur etdiyinə baxaq: Bu, tövhidi dinlər meydana gəldiyi ilk vaxtlarda: ki bu dönəm onların ən təmiz, ən saf, ən aydın dönəmləridir və heç dəyişməmiş, heç başqalaşmamışdı - "var olan" a qarşı baş qaldırmış, zülm və çirkinliyə üsyan etmişdir. Yəni köləyə, köləliyə üsyan....
 Allahın sırf özünə deyil, sünnənin təzahürü olan təbiət qanunlarına itaət etməyə üsyan... Bütün bu dinlərə nəzər yetirək; Musaya baxaq: Musa, əvvəldə də qeyd etdiyimiz kimi, 3 simvola qarşı qiyam edir: Zamanın ən böyük sərmayədarı olan Karuna; Şirk dininin ən böyük din alimi olan Belam Baura'ya; və dönəmin ən böyük siyasi gücünün simvolu olan Firona qarşı. Yəni, mövcud vəziyyətə üsyan edir. Yaxşı, bəs həmin dövrdə mövcud vəziyyət necə idi? "Kıpti" soyuna qarşı zillət və əsarət içində yaşayan "Sıpti" adında bir azlıq... Yəni Kıpti'lərin Sipti'lər üzərindəki üstünlüyünə dayanıqlı olan irqçilik əleyhinə mübarizə... Bir soyun başqa bir soya hökmranlığından, onu əsarət altına almasından ibarət olan ictimai nizama qarşı mübarizə və üsyan... Məqsəd; başqa bir idealı reallaşdırmaq, cəmiyyət və ictimai istehsalın faydası üçün müəyyən edilmiş hədəfi həyata keçirmək... Ki bu hədəf; əsarət altında yaşayan bir qövmü, vəd edilmiş torpaqlara hicrət etdirib azadlığa qovuşdurmaqdır. Bu ideal; sosial təlim və inanca dayanıqlı; içində tağuta qulluğun olmadığı bir cəmiyyət inşa etməkdir.

 Şirk dininin təzahür forması;
Şirk dini tarixdə iki fərqli formada təzahür edər:
1-cisi; dinlər tarixində gördüyümüz kimi özünü açıqca ifadə edər. Totem dini, Tabu dini, Mana dini, çoxtanrıçılıq dini, müxtəlif Tanrılar dini, ruhlara və ilahlara tapınma kimi. Bunlar Şirk dininin dinlər tarixindəki silsiləsidir. Fəqət bunlar şirk dininin aşkarda olan formalarıdır.
 2-cisi; Şirk dininin gizli formasıdır ki, digərlərinin hamısından daha təhlükəli və zərərlidir. İnsan nəslinə və həqiqətə ən çox zərər də şirk dininin bu formasıdır. Bu forma, Şirkin Tövhid qılığına bürünərək özünü gizləməsidir. Tövhid peyğəmbərləri meydana çıxıb Şirkə qarşı üsyan etdiklərində, Şirk də onlara qarşı gəlirdi. Ancaq, peyğəmbərlər qalib gəlib Şirki boyun əydirdikdə, bu dəfə Şirk dini qalib dinin mənsubları və izləyiciləri arasına qarışaraq öz inanclarını gizləyib, varlığını davam etdirirdi...
Bu səbəbdəndir ki, 19-cu əsrdə söylənmiş bu fikir doğrudur: "Din xalqların ölümdən sonrakı həyata bağladıqları ümid, dolayısıyla, bu dünyadakı məhrum, zavallı və pərişan vəziyyətlərinə dözmək üçün bir tiryəkdir. Din tiryəkdir. Çünki, `insanların başlarına gələn hər şey Allah'ın əli və iradəsiylədir; vəziyyətini dəyişmək və düzəltmək üçün edilən hər çaba Allah'ın iradəsinə qarşı gəlməkdir` düşüncəsinin səbəbi dindir". Buna görə də bu söz ("Din tiryəkdir") doğrudur, doğrudur! Və eyni şəkildə 18-ci və 19-cu əsr maarifçilərinin "Din insanların elmi həqiqətlərə qarşı bilgisizliyinin bir nəticəsidir", "Din insanların boş və mənasız qorxularının nəticəsidir" və "Din feodalizm dövründəki istehsalın, ayrı-seçkiliyin, sərmayədarlığın və yoxsulluğun bir nəticəsidir" sözləri də doğrudur və həqiqəti əks etdirməkdədir! Ancaq, bu hansı dindir? Eynilə bir işıq və ya ildırım kimi Tövhid dininin çox qısa bir müddət ərzində yanıb söndüyü anlar xaric; tarixi davamlı olaraq hökmranlığı altında saxlayan Şirk dini; Bu din istər Tövhid dini, istər Musanın dini, istər İsanın dini adıyla ortaya çıxmış olsun; istərsə də Peyğəmbərin xilafəti, Abbasilər xilafəti və ya Əhli-Beyt xilafəti adıyla özünü göstərsin. Bütün bunlar Tövhid dini libasına bürünərək cihad və Quran adıyla ortaya çıxan və Quranı mizraqlara taxaraq qalxan hazırlayan şirk dinləridir.


 Şirk dini Orta əsrlərdə İsa və Musa adına idarəçiliyi əlində saxlayır. Bunlar (Musa və İsa) Tövhid dininin yaradıcılarıdır. Ancaq, Şirk dini tarixdə bunlar adına idarəçiliyi əlində saxlamaqdadır. Tarix boyunca insan cəmiyyətlərinə hökm edən dinin təməl özəlliyi bunlar olmuşdur: Hər zaman mövcud vəziyyəti haqlı göstərən, xalqı uyuşduran, geriyə aparan, sərhədləndirən və xalqın, içərisində olduğu vəziyyətə qarşı laqeyd qalan. Bu səbəbdən "Din qorxunun bir nəticəsidir; din tiryəkdir.
Din azadlığı aradan götürəndir və din, feodal sistemin bir nəticəsidir" deyənlər doğru söyləmişlər. Çünki, onlar tarixi hadisə və tarix elminə dayanaraq fikir bildirməkdədirlər. Fəqət, bunlar dini tanımadılar. Çünki, onlar din alimi deyil, tarixçi idilər... Xalqın qorxusunun və cəhalətin nəticəsi olan din - Şirk dinidir. Yaxşı, niyə? Çünki, müşrik dindarlar, yəni şirk dininin təbliğçiləri; xalqın oyanması, şüurlanması, elmli olmaları və vəziyyətin fərqinə varmalarından qorxarlar. Xalqın sadəcə bayağı, həmişəki sabit bilgilərə sahib olmasını və bunun da öz inhisarlarında olmasını istəyərlər. Niyə? Çünki, xalqın bilgi səviyyəsi və düşüncəsi artdıqca, Şirk dini yox olacaqdır. Çünki, Şirk dininin qoruyucusu cəhalətdir, yəni Şirk dini cəhalət sayəsində ayaqda qalar. Dolayısıyla, xalq oyandıqca, xalqın etiraz və tənqidi ruhu inkişaf etdikcə, xalqın idealları və ədalət tələbi artdıqca, Şirk dini sarsılacaq və yıxılacaqdır. 

...Şirk dinlərində ilahlara ithaf edilən ad və simalar zülm və istibdadın yanılsamaları olan heybət (qorxu), vəhşət və zorakılıq kimi mənalardı. Hansı ki, 2300 il əvvəl İbrahimi dinlərin ən qədim adları belə bu iki mənadan törəyib:

 1) Sevgi, gözəllik, cəlal və camal sahibi olan bir zat'a qulluq etmək.

 2) Tərbiyə edərək idarə etmək, arxa-dayaq olmaq, atalıq etmək, böyüklük, rəhbərlik və himayə etmək.

 Deməli, "Tarixdə hakim olan dinin, təbii təsirlər səbəbiylə xalqın cahillik və qorxularının nəticəsi olması" tezisi doğrudur. İbrahimi dinlərsə, fövqəladə niyazların, insanın aləmə hakim olacaq bir idarəçiliyə olan ehtiyacının, əczinin və yaradılış məqsədinin bir nəticəsidir. İnsanın mütləq camala, mütləq cəlala və mütləq təkamülə qarşı olan əczi və niyazının bir nəticəsidir. Budur, İbrahimi dinlər bu formada, insanın psixoloji, fəlsəfi və toplumsal olaraq bütün ehtiyaclarına cavab verirlərdi. İbrahimi dinlərin peyğəmbərləri daim bütün idarəçi kəsim və bütün bütlərə qarşı müharibə etmişlər. Bunlar istər maddi, istər mənəvi, istərsə də ictimai idarəçilər olsun; bu bütlər də Frensis Bekon'un ifadəsiylə desək; istər zehinsəl bütlər, istər cismani bütlər, istər bəşəri bütlər, istər iqtisadi bütlər və istərsə də maddi bütlər olsun, fərq etmir. Şirk dininin (yəni mövcud vəziyyətin) bütün təzahürlərinə qarşı amansız bir mücadilə etmişlər. İbrahini dinlərin peyğəmbərləri və onlara inananların vəzifəsi mövcud durumu kökündən dəyişmək və onun yerinə ədalət, nizam və haqqı hakim etmək idi. Necə ki, Quranda bütün elçilərin göndərilmə məqsədinin yer üzündəki ədaləti təsis etmək olması davamlı olaraq təkrarlanır. Yəni, ədaləti və nizamı hakim qılaraq mövcud vəziyyəti dəyişdirmək; qəbul etmək deyil.

Buna görə də gəlmək istədiyim nöqtə budur: Tarix boyu din, dinsizliyə qarşı yox, əksinə, daim dinə qarşı döyüşüb

   Allah, İnsanlar.
 Tövrat və İncilin təhrif edilməyən hissələri ilə Quranın hamısında, istisnasız olaraq, Allahla insanlar eyni sırada yer alır. Yəni, ictimai, siyasi və iqtisadi məsələlərin - (fəlsəfi və elmi məsələlər deyil) nəzər yetirildiyi bütün ayələrdə "nas/insanlar" ifadəsinin istifadə edildiyi yerə asanlıqla "Allah" sözünü qoya bilər və ya "Allah" sözünün yerinə "nas" ifadəsi yerləşdirilə bilər. Hər iki vəziyyətdə də cümlənin mənasında dəyişən bir şey olmaz. Yeri gəlmişkən; "Əgər Allah'a gözəl borc versəniz..." (64/ Təğəbun surəsi, 17) Necə yəni Allaha gözəl borc vermək? Alla
hın qazancı azmı gəlir də, - haşa- biz O'na borc verək? Ayənin qəsdi bu deyil; əsl qəsdi - insanlar bir-birlərinə gözəl borc versinlər mənasındadır. Həmin əsasla bu nəticəyə gəlmək mümkündür: Sosial məsələlərin müzakirə mövzusu olduğu və sosial mənada bir nöqtədən, bir tərəfdən və eyni baxış bucağından danışılan bütün ayə və hədislərdə "Allah, insanlar" ifadəsi bərabər mənada olaraq istifadə edilir. Yəni, Allah xalqın yanında və sırasında yer alar.

 Mülk xalqa aiddir 
Quran'a diqqətlə yönəldikdə ilk baxışda görürük ki, Quran "Allah" sözü ilə başlayıb, "ən-nas/xalq" sözü ilə bitir. Quran'ın hər zamankı məhtabı "Xalq"dır... Dini və fəlsəfi baxımdan "vəhdəti-vücud/panteizm" fəlsəfəsinin əksinə - Allah'ın zatı və mövcudiyyəti xalqdan ayrıdır. Bu baxımdan Allah və xalq bir-birindən tamamən fərqlidir. Ancaq, ictimai baxımdan tərəf tutma, mövqe tutmaq baxımdan "Allah" və "Xalq" eyni cərgədə, eyni mövqe və eyni mənada yer tutar. Belə ki, insanın sosial, iqtisadi və həyat tərziylə əlaqəli bütün ayələrdə "Allah" sözü əvəzinə "nas" (xalq) sözü qoyula bilər və eyni şəkildə "nas" əvəzinə "Allah" işlədilə bilər. Yeri gəlmişkən, "Mal Allahın'dır" - Burada bütpərəstlikdə olduğu kimi - haşa - Allah'ın mal-mülkə ehtiyacı olduğu üçün xalq sərvətindən bir qismini - nəzir və ya qurban yoluyla - məbədə və ya məbədin sahibinə verməkləri lazmdır mənasında deyil!


"Mal Allahın'dır" demək - "Sərvət Allahın'dır" deməkdir və burada "Allahın'dır" ifadəsi "insanlarındır mənasındadır. Bu təfsiri, əsrimizin dünyagörüşü təsiriylə mən etmirəm. Bu ayəni bu cür anladığı üçün, Əbuzər, Müaviyə'nin yaxasından yapışaraq belə deyir: "Sən xalqın malını yemək üçün 'Mal Allahındır' deyirsən. 'Mal Allahındır', yəni mal Allahın olduğu üçün və mən də Allahın xəlifəsi olduğuma görə, malı özüm yeyirəm və ya istədiyim kimsəyə verir, isədiyimdən də alıram!" Əbuzər, Müaviyə'yə "Mal Allahındır" ifadəsinin, "Mal irəlidə olanlarındır" şəklində deyil; əksinə, "Mal xalqındır" formasında anlaşılması lazım olduğunu, Allahın qəsdinin bu olmasını öyrədir. Mal və mülk fərdi şəxslərə aid deyil, əksinə, mal və mülk xalqa aiddir. Çünki, Allah və xalq eyni cərgədə yer alar. "İnsanlar Allahın ailəsidir" sözü də bunu ifadə edər. Vəziyyət belə olduğu halda, ailənin rəhbəri, sahib olduğu ailənin cərgəsində yer alar.

    Allah'ın ailəsi 
Allah'ın ailəsinin, yəni xalqın qarşısında "mələ/irəlidə olanlar" ilə "mütrəfin/səfahətə uyanlar" sinfi yer almaqdadır. Tarix boyu xalqa hökm edən, hər zaman xalqın mal-mülkünə əl qoyan və xalqı öz sosial və iqtisadi alın yazısını təyin etməkdən məhrum edənlər... Bəli! Bunların - mələ və mütrəfin dini vardı. Bunların heç biri materialist, ekzistensialist və ya dinsiz deyildi. Hamısının qulluq etdiyi ilahı, hətta ilahları vardı. Hətta Firon da belə idi. Bunların açıq bir tərzdə dinləri vardı və dəqiq olaraq bilinməkdədir. Peyğəmbərlər də bunları və Allahın dininə qarşı mübarizəyə girişən dinlərin - ki Şirk dini və tağuta qulluq dinidir - ortadan qaldırmaq üçün gəlmişlər.

  Tövhid dininin peyğəmbərləri 
Çoban və işçi peyğəmbərlərə gəlincə, bu peyğəmbərlər cəmiyyətdəki hər kəsimdən daha çox çalışdı, daha yoxsul və ac qaldılar. Aclığın nə olduğunu həqiqi mənada bədənləri və ruhlarında yaşayaraq hiss etdilər. O elçilər ki, peyğəmbərimizin ifadəsiylə desək, hamısı çobanlıq etmişdir. Bu din, daima "yuxarıdan aşağıya" doğru siniflənən, hakim sinfin - ki din adamları, ruhanilər, keşişlər və xaxamlarda bu hakim sinfin bir parçasıydı - uydurmasından ibarət olan bir dinə üsyan etmişdir.
 ... Hicri tarixin 4-cü əsrində Firdovsi, Rüstəm Fərruxzad'ın dilindən belə söyləyir: "İslam gəldikdə hər şeyi alt-üst edəcək. Soylar, siniflər hamısı bir-birinə qarışacaq;

 Bir heç olan kölə, hökmdar olub keçər başa 
 Üstünlük və böyüklük də artıq yaramaz işə.

 Çünki, bundan sonra ölçü; irq, ailə və aşirət olmayacaq. Bir kölə artıq idarəçiliyə gələcək və cəmiyyətə rəhbərlik edə biləcək"
Firdovsinin İslam'a təhqir məqsədiylə istifadə etdiyi bu sözlər, günümüzün dünyasında İslam'ın ən böyük iftixarı və ən uca şüarıdır!

 Sinfi quruluşu qanuniləşdirən möbidlər - Zərdüşt din xadimləri.
 Sasanilər zamanı din vasitəsilə sinfi fərqləri və bölünməni qanuniləşdirənlər din xadimləri idi. Bu dönəmdə Ahura-Məzda'nın və uca ilahın təzahürü olan üç atəşin hər biri Ahura-Məzdanın üç dəyişən əksinin (yansıma) simvolu idi;

 1) Azərbaycandakı Azərgəşnəsb;

 2) Səbzivar yaxınlığındakı Azər-i Bərzin Mihr

 3) Pars bölgəsində yer almış Azər-i İstəxr (Estehr)

 Bu üç atəş "Ahura-Məzda"dır, onun təzahürləridir. Lakin Ahura-Məzdanın özü də siniflərə ayrılır. Ahura-Məzdanın Azərbaycandakı atəşi - padşahları və şahzadələri təmsil edir. Pars bölgəsindəki atəş ruhaniləri və din xadimlərini; Səbzivar yaxınlığındakı qalada tapılmış atəş isə kəndliləri simvolizə edir. Gözəllik və yaxşılıq tanrısının bir olduğu və bütün xalqın Ahura-Məzdaya qulluq edib, Əhrimənə (Şər tanrısı) qarşı döyüşməsi lazım gələrkən, Zərdüşt dinində, yenə də görürük ki, sosial həyatda da Ahura-Məzdanın tək bir təzahürü yoxdur, onu təmsil edən atəşlər vardır. Bu müqəddəs atəşlər təmsil etdikləri üç sinfin bir-birindən ayrı olduğunu, bir sinifdən digərinə keçməyin mümkün olmadığını, bu siniflərin heç bir formada bir-birinə bənzəmədiyini ifadə edər və bunun qanuni olduğunu göstərər. Bu din xadimlərinə görə, sinfi quruluş Ahura-Məzdanın iradəsinin bir təzahürüdür. Ahura-Məzda bu müqəddəs atəşələrə təzahür etməklə bu insani sinfi, bu ayrılmanı, bu sinfi bölünməni cəmiyyətdə yerləşdirmiş olurdu. Bu səbəbdən, kəndli baxır ki, onu təmsil edən müqəddəs atəş nə Fars bölgəsindədir, nə də Azərbaycanda. Onu təmsil edən tək müqəddəs atəş Səbzivar yaxınlarındakı atəşdir.
Digər atəşlərin onla heç bir əlaqə və aidiyyatı yoxdur. Hindistana baxaq; Budda ilahları və böyük ilahı zikr etmək istəyərkən və ya bir mənanı, ali duyğunu və fövqəl bir düşüncəni bəyan və təsvir etmək istəyərkən belə deyir: "Bu yöntəm, bu düşüncə bir Ari yöntəmi, Ari düşüncəsidir. Yəni, soylu, uca və nəcabətli Ari irqinə aid bir yöntəm, bir düşüncədir bu... Göründüyü kimi, ilahlara və ən müqəddəs dini duyğu və düşüncələrə belə, müxtəlif simalar, sinfi, irqi və ailəvi xüsusiyyətlər yüklənməkdədir. Bütün bu bölünmələr din vasitəsilə qanuniləşdirilirdi. Çünki, filosof ruhlu deyildi. Hər nə qədər Arsitotel və Platon kimi bəzi filosoflar: "Kölə ilk andan kölə olaraq doğular, ağa da ağa olaraq dünyaya gələr. Aristokrat qrupu üstünlüyünü qandan alar. Bu şərəf də dünyada sadəcə Afinalı 20 ailəyə məxsusdur. Onların sayı nə artar, nə də azalar " - desələr də, du dövrdəki xalq fəlsəfənin deyil, dinin təsiri altındaydı. Budur, din bu formada mövcud vəziyyəti qoruyur, nizamlayır və qanuniləşdirirdi. Cəmiyyətə tiryək yetişdirən də bu "mələ" dini idi. Bu din xalqı belə yatırırdı: "Siz cavabdeh deyilsiniz. Çünki, olub bitən hər şey Allah'ın iradəsinə tabedir. Eləsə, yoxsulluğa görə kədərlənməyin. Çünki, növbəti dünyada bunun qarşılığını alacaqsınız. Bu səbəblə, nə qədər darda olsanız da, səs etməyin!
Sonra sizə bunun on qatı veriləcək!" Bu formada insanın etiraz etməsinin qarşısı alınır, seçim etmək və seçiminə daxildən yönəlməsinin önü kəsilmiş olurdu. Bu iş düşüncədə həll edilirdi. Xalq və ya bir qrup insan məsuliyyətlilik şüuruyla hərəkətə keçib mövcud vəziyyəti dəyərləndirdikdə, bu hərəkatı təcavüzkarlar və pul ataları zorakılığa əl ataraq basdırırdı. Hansı ki, din, bu hərəkatı, bu reaksiyanı, bu düşüncə tərzini və bu etirazı heç kənara yansımadan da düşüncədı bitirirdi. Yəni, dirəniş ruhunu məhv edirdi. Yaxşı, bu necə olurdu? "Olanlar Allah'ın iradəsi və istəyilədir. Bu səbəbdən hər növ etiraz və tənqid Allah'ın iradəsinə qarşı gəlməkdir" deyilərək... Budur, görürük ki, bütün bunlar dinin fətvalarıdır.
Bunların hamısı dindir, itaətə və dini etiqada əsaslanmaqdadır. Fəqət, tarix boyu buna qarşı gələrək; uyuşduran, qanuniləşdirən, aldadan, xalqın cavabdehlik şüurunu məhv edən, sinfi və irqi quruluşu qanuni göstərən və ilahları belə milliyətçi olan dinə qarşı mübarizə edən; haqq din, yəni Tövhid dini idi.

Əlavə olaraq yazıya uyğun tərzli musiqini də dinləyə bilərsiniz;
"Bu gün hesab sormaq Musa'nın əlindəki əsadır..."

Müəllif: Eyvaz Usubov 


Yorumlar