Film analizi: "3 İron" (2004)

Bin-Jip (Boş ev) adlı 2004-cü il Cənubi Koreya istehsalı bir filmdir. Filmin rejisoru ssenaristi və prodüseri isə Koreya və ya art haus film sevənlərə tanış olan Kim Ki Duk-dur. Yazını başlamamışdan qabaq demək istəyirəm ki, səbəbini hələ bilmədiyim bir fakt var ki, koreyalılar bu rejosoru bəyənmir.
Kim Ki Duk kənd təsərrüfatı məktəbini bitirmiş, zavodda işləmiş və daha sonralar hərbi dəniz qüvvələrində natamam xidmət etmişdir. 32 yaşına
kimi heç bir film görməmiş bir rejisordur. İlk filmini izləyən kimi o öz ölkəsinə qayıdıb ssenarilər yazmağa başlamış və günü bu günə kimi də rejisor-ssenarist-prodüser-aktyorluq fəaliyyətinə davam etdirir. Cənubi Koreyanın, film sahəsinin, eləcə də art haus janrının ən görkəmli şəxsiyyətlərindən biridir.
Art haus janrının izahını da ilk öncə verim: bədii, fəlsəfi, metaforik mənaları özündə daşıyan və filmin obyektlərində özünü əks etdirən film janrıdır. Düzdür, bir çox filmlərdə bu tipli metaforik məna daşıyan elementlər ola bilir, amma bu film bizim dünyanın hansısa mənada deformasiya olunmuş hansısa mənada utopik (əksərən, filmin bu xüsusiyyəti izləyiciyə qəribəlik hissi verir) Art haus filmlər məhdud auditoriya üçün nəzərdə tutulub və kommersiya məqsədi daşımır. Belə filmlə ilk tanış olan birinmə bu film anlaşılmaz, qəribə və hətta mənasız gələ bilər, hətta bəzi ciddi tənqidçilər də art haus filmlərini mənasız şişirdilmiş aliləşdirilmiş janr hesab edirlər. Sözsüz ki, onların sözlərində həqiqət var, elə art haus filmlər var ki boş ola bilir, həmişəki kimi hər şey film orkestrinin keyfiyyətindən asılıdır.
Bin-Jip art-hausdan əlavə romantik, dram elementlərini özündə daşıyır. Filmin süjet xəttindən çox fəlsəfi tərəfini, alt mənaları barədə öz fikirlərimi səsləndirəcəyəm, amma buradan aşağıdakı yazıları oxuyan biri üçün filmi izləmək maraqsız ola biləcəyi üçün, hesab edin ki, spoiler ola biləcəyi barədə məlumatlandırılmızınız. Filmin baş personajı danışmır. Əlbəttə o danışa bilər. ancaq film boyu tamaşaçıya baş personajın danışdığı göstərilmir. Eləcə də baş personaj olan Te Suk girdiyi evlərdən birində qarşılaşdığı Sun Va ilə romantik münasibət yaşayırlar, amma bu münasibət səssiz olur. Sözlər bu münasibətin inkişafına mane olmur, əksinə daha da dərinləşdirir. Ümumiyyətlə rejisor tamaşaçıya və öz filminin personajlarına nəyi göstərib göstərməməsi üzərindən çox oynayır. Bir tərəfdən danışa bilən hətta danışan bir personajın film boyu danışığını eşitmirik, digər tərəfdən biz o personajı görürük, amma əksəriyyət görmür.
Yaxşılıq etmək həmişə yaxşı sonluqla nəticələnmir. Filmin müxtəlif yerlərində baş personajın, etdiyi müxtəlif hərəkətlər müxtəlif nəticələrə gətirib çıxarır. Ola bilsin ki, o yaxşılıq etmək üçün hansısa xarab bir şeyi düzəltsin, amma o bir ailənin həyatını məhv etsin. O sadəcə oyun oynasın, amma kiminsə həyatına son qoysun. O qarşılaşdığı meyiti basdırsın, amma onu qətldə günahlandırsınlar. Bir baxıma həyatın xaosdan ibarət olduğunu və həyatda məna axtarmağın boş bir şey olduğunu göstərir. Amma bu xaosun da öz nizamı var. Bəlkə də başqa günaha görə, amma hansısa mənada istəmədən olsa belə pis nəticələnən hərəkətlərə görə öz cəzasını çəkir və bu cəza çəkmə ona zəhər yox, dərman kimi təsir göstərir. Baş personajın fəlsəfəsi “mümkün qədər pislik etmə” olsa da, artıq “mümkün qədər dəyişiklik etmə” və ya “təsir etmə”-yə çevrilir. Yəni, yoxa çıx və ya boşluğa çevril.
Film boşluq üzərində qurulub. Amma bu adi boşluq yox, reallıq pərdələrinin arasında gizlənmiş buddizmin mərkəzi mənası olan boşluqdan söhbət gedir. Təmamilə boşluq yox, varlığın daxilində hiss edilən, lakin toxunula bilməyən bir boşluq. Simasız, xaraktersiz, natamam hisslər və süjet xətti, məntiqi hekayənin satdırılma xəttinin yoxluğu. Rejissor qəstən filmi belə edib ki, tamaşaçıda natamamlıq, bir az da narahatçılıq hissi qalsın.

Müəllif: Rövşən Nəzərov

Yorumlar