"Saffet ilə Danielin dialogu" - Fərhad Seyfullazadə







Saffet: Səs haradadır? Bizim hər gün eşitdiyimiz, indi də bu sözləri deyərkən eşitdiyimiz səs haradadır? Yəni beynimizin içində , ya çöldə?
Daniel: Çöldə.
Saffet: Bəs səsin olduğunu harada bilirik?
Daniel: Beyində, yəni içəridə, beynimizin içində.
Saffet: Beyinin içində səs var?
Daniel: Yox.
Saffet: Bəs, onda səsin olduğunu
necə bilirik? Axı biz onu heç vaxt eşitməmişik bəlkə?
Daniel: Necə yəni?! Əlbəttə ki, səslə bağlı beynimizə məlumat, yəni, siqnal ötürülür, ordan bilirik ki, səs var.
Saffet: Bu məlumat necə ötürülür beynimizə? Bir başa səsin özü olaraq girir içəri, yoxsa, hər hansı başqa bir yolla?
Daniel: Yox, səsin özü olaraq deyil, bildiyim qədəriylə, qulaqdan elektrosiqnallar göndərilir.
Saffet: Onda razıyıq ki, beynin içinə girə bilmir səs?
Daniel: Hə, onda razıyıq.
Saffet: Bəs, əgər səs beynimizin içinə girə bilmirsə, beynimin heç vaxt birbaşa hiss etmədiyi bir şeyi bilməsi necə mümkündür səncə?
Daniel: Beynim yandı, izah et dediyini.
Saffet: Bax, sən heç vaxt görmədiyin bir şeyin olduğunu və ya necə olduğunu bilə bilərsənmi?
Daniel: Yox, bilə bilmərəm.
Saffet: Platonun Mağara allegoriyasını eşitmisən?
Daniel: Hə, bilirəm. 3 nəfəri təkcə divarı görə biləcəkləri bir şəkildə bağlayırlar uşaqlıqdan.      
Bir də arxadan keçən şeylərin səslərini eşdir, kölgələrini görürlər təkcə. Yəni, platona görə
onların dünyası səs və kölgələrdən ibarət olub. Ona görə də, səsin kölgələrdən gəldiyini
düşünüblər.
Saffet: İndi belə bir şey təsəvvür et, yad planetlərin birində bir otaqdasan, tamam bağlıdır
otaq. Çöldəki vəziyyət haqqında sənə məlumat verirlər. Amma məlumatı çin əlifbası ilə verirlər və sən o əlifbanı bilmirsən. Bilmirsən ki, o işarələrin göstərdiyi şey nədir. Çünki heç vaxt görməmisən. Bura qədər yaxşıdır hər şey?
Daniel: Aha, yaxşıdır, de...
Saffet: İndi de görüm, sən çöldə nə olduğunu bilə bilərsənmi?
Daniel: Yox, bilmərəm.
Saffet: Bəs, heç vaxt səsi birbaşa hiss etməyən beyin onu necə bilir? Beyində səs yoxdursa, və biz səs deyə bir şey biliriksə, hansı ki o, çöldədir. Biz onu hardan bilirik? Axı, beynimizdə yoxdur o? Qulağımızda da yoxdur. Qulağımıza qədər, yəni çöldə var.
Daniel: Aaa! Əslində maraqlı bir şey eşitmişəm. Bir filosof var, adı Sokrates, o deyir ki, bəs, bizim bu dünyada təcrübə etdiyimiz hər şey, yəni gördüyümüz, duyduğumuz, bildiyimiz hər şey ilə əslində əvvəlcədən tanışıq. Bu dünyada isə, yalnız onları xatırlayırıq. İndi sənin dediklərinlə bir yerə gətirsəm, onda çöldəki səsdən içəriyə bir simvol gəlir və mən ordakı şeyi xatırlayıram. Onda səs dediyim şey içəridə var onsuz da. Və beynimi açanda orda maddi bir səs görmədiyim üçün, deməli bu idea olmalıdır.
Saffet: Gəldiyin nəticə maraqlıdır.
Daniel: Bilirəm!

Nəzərinizə çatdırım ki, bu dialogda adları çəkilən filosoflar şüur fəlsəfəsində adları hallanan Saffet Murat Tura və Amerikalı Daniel Dennetdir. Dialogdakı söhbət və mövqelər onlara məxsus deyil. Həmçinin, mən özüm də o mövqelərdən hər hansısa birini müdafiə etmirəm.

Yorumlar