"Daxili səsin azadlığı: Siddhartha / Herman Hesse" - Eyvaz Usubov

 Tək bir bilgi var, dostum, o da dörd bir tərəfdə olan, Atmandır; mənim daxilimdə, sənin daxilində, bütün varlığın daxilindədir...
"Siddhartha" əsəri H. Hessenin Yaxın Şərq, xüsusən, Budda fəlsəfəsinə olan marağından yaranmışdır. Bəzi mənbələrə görə, Buddanın son sözü hesab edilən "Özünüz öz işığınız olun" sitatı, bu əsərin təməl sözü hesab edilə bilər. Lakin, burada Siddhartha
ruhi bir metamorfoz (çevriliş) və yüksəlişlər keçirir. Siddhartha ilk öncə ailəsindən uzaqlaşaraq Samanalara qoşulmaq, bir növ Sufilərin dərvişvari həyatına bənzər həyat yaşamaq, öz mənliyini günahlardan, çirkinliklərdən arındırmaq və özünü yenidən tapmaq, formalaşdırmaq istəyir.

Bu hissəni xüsusi yadınızda saxlamanızı istəyirəm;
Siddhartha, atasının ona icazə verməsini xahiş etdikdə, atası razı olmur, acıqlansa da, onun qəlbini incitməmək (və dindar olduğu) üçün bir söz demədən otağına gedir. Lakin oğluna olan qayğıdan narahat olduğu üçün yata bilmir, bir neçə dəfə oyanır və Siddharthanı onunla söhbətdən sonra necə var elə qaldığını görür. Bu bir iradə nümunəsidir. Atası Siddharthanı yolundan döndərə bilməyəcəyini anlayır. Hər nə qədər onu itirməkdən qorxsa, ənənələrinin davamçısı olmamasına təəssüflənsə də, onun azadlıq istəyinə mane ola bilməyəcəyini də anlayır.
Siddhartha, dostu Qovindayla birlikdə əvvəlcə Samanalara qoşulur, daha sonra onlardan ayrılıb Buddanın səfərinin şahidi olmaq üçün yola çıxırlar. Siddhartha hər yeni səfərdə özündə yüksəliş və daxili aşma istəyi duyur. O, Samanalara olan vurğunluğunun, onların içərisinə daxil olduqdan sonra çox da ciddi bir şey olmadığını dərk edir. O, deyir ki, "Əyyaş biri necə ki, özünün problemlərini içkiylə uyuşdurur, eləcə də, Saman'ların meditasiya etməsi və hər şeydən arınlanaraq (təmizlənərək) Nirvanaya çatma fikri eyni mahiyyətdədir". Burada, bir növ Siddharthanın ideoloji başqaldırıcılığının şahidi oluruq. H. Hessenin belə üsyankar ruhlu motivlərini biz onun məşhur Nobel laueratı olan "Yalquzaq" əsərində də şahidi ola bilərik [1].
Siddhartha, Buddaya, onun təliminin və hətta özünün də nə dərəcədə alicənab, fövqəladə bir şəxsiyyət olmasına heyranlığını gizlətmir, lakin, əgər onunla qalarsa, ondan biri olacağı və ya onun təqlidçisinə çevriləcəyindən ehtiyatlanır. Halbuki, içindəki “Mən”i tapmaq üçün yenidən yola çıxmalıdır; yeni əzablara, yeni həyat sınaqlarına qatlanmalı, onlarla baş etməlidir.
Maraqlıdır ki, burada belə müəllif Buddanı kiçiltmir, əksinə, Buddanın öz dilindən onun təliminin əsas xüsusiyyəti olaraq, dünyanı nə sorğulmamaq, nə də dəyişmək yox, sadəcə əzablardan qurtulmaq haqda yollar göstərdiyini qeyd edir. Ümumiyyətlə, əsər boyu, Siddharthanın dilindən heç bir ideoloji təfriqə, hər hansı bir təlimə kəskin sorğulama görmürük, amma, bu, onun öz yolunu seçməsində sərbəst olmaması anlamına gəlmir.
"İnsan həmişə tələbə olaraq qalsa müəlliminə ən böyük pisliyi etmiş olar. Bəs niyə mənim çələngimi yolmaq istəmirsiniz?
Məni şad edirsiniz; amma bəs bir gün dağıdılsa? Xatirənin altında qalmaqdan özünüzü qoruyun!
Özünüzü hələ axtarmamısınız, əvvəlcə məni tapmısınız. Bütün insanlar belə edir. Buna görə də bütün inancların əhəmiyyəti bu qədər azdır.
İndi sizə məni itirib, özünüzü tapmağınızı məsləhət görürəm və ancaq hamınız məni inkar edəndə sizə geri qayıdacağam" [2]

Siddhartha, ata-anasını tərk etdiyi kimi, bu dəfə dostu və müəllimini də tərk edir...
Növbəti səfərlərdə Siddhartha Kamala adlı qadınla tanış olur. Ona, həyatının 3 uğurlu prinsipini bəyan edir: "Düşünmək, gözləmək, oruc tutmaq". Lakin, Kamala onu ruhani həyatdan bir qədər aralayaraq, maddi həyata qaytarır. Siddhartha, bir tacirinin yanında işlərkən, özünün keçmişdəki bəzi keyfiyyətlərinə xəyanət etdiyinin daxili müşahidəçisi olur; şəhvət, maddiyyat ehtiraslı olması və s. Bu zaman, o, "uşaq insanlar" adlandırdığı insanlara simpatiya duymağa başlayır, əvvəllər qınadığı - onların kiçik şeylərdən xoşbəxt olması xüsusiyyətini, indi önəmsəyir. Hətta, uşaqlarla, kəndlilərlə əylənərkən, onlara bəxş etdiyi azacıq sevinci, tacirin yanında qazandığı pullara dəyişməyəcəyini bildirir.
Siddhartha, Kamala'nın yanından ayrılır. Burada o, Kamaladan sevgini, sevməyi öyrənir. Sevgiylə qəlbini doyurmağı, həyatına maraq qatmağın nə olduğunu dərk edir.
"Sevgini “sevdiyi insan” olaraq görənlə “sevdiyindən ayrı görən” arasında dağlar qədər fərq var. İlki sahiblənmə istəyini boğa bilmədiyi halda, digəri onsuz belə sevgi hissini yaşad(y)a bilir. Biri sevgisini görüb, eşidib, danışıb, toxunub ortaya çıxartmağı hədəfləyir, digəri isə onu zatən özündə yaşadır. Birinci özünü itirdiyinin iztirablarından külə çevirdiyi halda (hissin materiyaya qovuşduğu an), ikinci sevgini yeni başdan yazır (fikrin sözə büründüyü an). Ortaq cəhət isə barmaqların saçlara keçməsidir… “İnsana, özü xaricindəki obyektlərin dünyasına inanmağı öyrədən yeganə şey, sevgidir.” (Karl Marks) [3]
Kamalanın yanına gəlməmişdən öncə Siddhartha, bir qayıqçıya rastlayır. Qayıqçı Siddharthaya, onun bir gün yenidən buraya dönəcəyini bildirir...
Səfər zamanı Budda kimi Siddharthanın da ağacın altında oturaraq düşüncələrə daldığı məqam təsvir edilir. Bu zaman, keçmiş dostu Qovinda peyda olur və bu səhnədə dostluğun necə bir dəyər olduğunun şahidi oluruq. Qovinda, onun yatdığını görür və təhlükəsizliyi üçün ona keşik çəkir...
Növbəti səfərdə Siddharthanı qarşılayan Vasudeva adlı qayıqçı olur. Fikrimcə, bu, hind fəlsəfəsində "Samsara" (ruhun çarxdan-çarxa fırlanması) fəlsəfəsinə də bir göndərmə hesab edilə bilər. Siddhart düşünür: "Məgər öldürmək istədiyin elə bu 'Mən' deyildimi?"
Siddhartha artıq günü-günü kamilləşməkdədir. O, bütün varlıqlarda, bütün insanlarda bir həyat eşqi görür və bildirir ki, insanların bütün işlərində bir həyat işarəti vardır. Məhz buna görə də, onların gündəlik, bayağı sayıla bilinəcək qayğılarına göz yummaq olar...
 Vasudevanın yanında olarkən, o, indiyə qədər öyrəndiklərinin bir yanılma olduğunun fərqinə varır. Əsl həyatın öz daxili səsimiz olmasının mahiyyətini anlayır. Vasudeva, bütün bildiklərinin məhz ömrü boyu yaşadığı çaydan öyrəndiyini, çayın səsinə qulaq asdığını bildirir. Çay burada məhz yaşadığımız, daima iç-içə, bağlı olduğumuz həyatın özü, bizim mənliyimizin özüdür. "İnterstellar" filmində də deyildiyi kimi; "Həyat instinkti; hamımızı idarə edən odur..."
 Əsərin davamında Siddharthanın oğluyla qarşılaşması təsvir olunur. Oğluna nə qədər xoş davransa da, oğlu ona yaxınlaşmır. Bu zaman, o, yeni bir şey öyrənmiş olur: keçmiş yaşantıların (xatirələrin) insanı tərk etməməsi, özünün də bir vaxtlar atasına qarşı gəlməsi və oğluna da öz yolunu tapması üçün azadlıq verməyə məcbur olması...
Əsərin sonunda Siddhartha yenidən dostu Qovinda ilə qarşılaşır. Qovinda ondan həyatda hansısa təlimə uyub-uymadığını, yaxud da özünün yeni bir təlim formalaşdırıb-formalaşdırmadığını soruşur. Siddhartha bildirir ki, "Bilgi öyrənilə, kəşf edilə bilər, amma, əsla bir başqasına öyrədilə bilinməz. Hər növ Nirvana, meditasiya, sadəcə insanın özünə gedən yoldan yayındıran bir vasitədir". Siddhartha deyir ki, bütün təlimlərdə, hətta Buddada belə ikiyə bölünmə var; "əzablar və ondan qurtulmaq". Ancaq dünyayla, həyatla bütövləşən insanda ikilənmə yoxdur. Çünki, o, bütün yaranmışlar, bütün dünyayla bütövləşmə içərisində sevgi dolu düşüncədədir.
 "İnsanın gülməkdən dayana bilməyəcəyi, sənin də çox ötməmiş, gülüb keçəcəyin əzablardır bunlar... "
 Dostu Qovinda onun üzərində, "öz daxilinə doğru xəfifdən gülümsər kimi idi" deyə tərif etdiyi bir sevinc görür; bütün sevinc və kədər, bütün yaşantılardan sonra daxildə qalan o gülümsər sevinci... Gec, ya tez, insan hər zaman öz daxili "Mən"inə geri dönəcək.
"Bu gördüyün qayığda məndən əvvəl çalışan biri vardı, mənim müəllimlərimdən biri, müqəddəs adam; illər uzunu inandığı tək şey çay oldu. Çay'ın özüylə danışdığının fərqinə varmışdı, çayın səsini müəllim bildi özünə. Səs öyrətdi, müəllimlik etdi ona, çaya bir Tanrı gözüylə baxdı, uzun illər bir küləyin, bir buludun, bir quşun, bir böcəyin də ucaltdığı bu çay qədər İlahi keyfiyyət daşıyacağını, onun qədər çox şey bilib onun qədər yaxşı müəllimlik edəcəyini fərq etmədən yaşamışdı. Amma birdən meşələrin içinə çəkildi bu aydınlanmış, orada hər şeyi öyrəndi, səndən də, məndən də çox şey bilirdi, müəllimsiz, kitabsız malik olmuşdu bütün bildiklərinə, yalnızca çaya inandığı üçün malik ola bilmişdi.
Xeyr, həqiqətən axtaran biri, həqiqətən tapmaq istəyən biri heç bir təlimi mənimsəyə bilməzdi. Amma axtardığını tapan da, hansı təlim olursa olsun, hansı yol, hansı məqsəd olursa olsun, heç birindən təsdiqini əsirgəyə bilməzdi. Artıq onu, sonsuzluqda yaşayan, ilahi nəfəs alan minlərlə digər insandan ayıran heç bir şey yox idi...
Hansı ata, hansı müəllim, həyatını yaşamaqdan, yaşamla özünü pisləməkdən, birbaşa günahlara girməkdən, birbaşa o acı içkini içməkdən, öz yolunu özünün tapmasına mane ola bilərdi Siddharthanın?"

 Müəllif: Eyvaz Usubov
İstifadə olunmuş qeydlər:
[1]. İçimizdəki canavarla savaş
[2]. "Ecce Homo" (Özə qayıdış) əsərindən, Fridrix Nitsşe
[3]. "Siddhartha" və hər şey haqqında - 3.

P. S. Musiqi tövsiyyəmiz:
"Bir ümiddir yaşadan insanı..." (Bulutsuzluk özlemi - Sözlerimi geri alamam)

Film tövsiyyəmiz:
"Birlikdə dəyişdik və inkişaf etdik. Ən çətini də burası idi; Böyümək və bir-birimizdən uzaqlaşmaq...
Həyat çox qısadır. Burada olduğum müddətcə özümü rahat buraxıb dadını çıxartmalıyam"
- "Her" filmi, 2013.



Yorumlar