"Azadlıq və müstəqillik
haqqında fikirlər yalnız hələ də ümidlə yaşayan insanda doğulur"
Albert
Kamyu "Qərbin vicdanı"
adlandırılmasıyla bərabər, əsərlərin-də mənəvi-psixoloji prob-lemləri həssas, həyat
qarşısında cavabdehlik duyğularını orijinal səpkidə təmin etməkdədir. Kamyu bənzərsiz
ədiblərdəndi. Ona alternativlər qoymaq çətindir. Çünki, Kamyu birmənalı olaraq
hansısa fikri, cərəyanı və ya
hansısa mövqeyi nə dəstəkləmir, nə tənqid atəşinə tutmur. Lakin bu vəziyyətə, neytral qalmaq adını da vermək olmaz. Müəllifdə cəlbedici nələrsə var sanki. Bu da, Kamyunun həyata motivəedici məna yükləməsi, yaşamı bütünlüyü - ağrısı, sevinci, şadlıq və qüssəsi ilə qəbul edərək, hər ötən gün yaşam sevincini azaltmamaq, əksinə, onu yüngülləşdirərək, daha da yaşanılası hala gətirmək qayəsindən doğur.
hansısa mövqeyi nə dəstəkləmir, nə tənqid atəşinə tutmur. Lakin bu vəziyyətə, neytral qalmaq adını da vermək olmaz. Müəllifdə cəlbedici nələrsə var sanki. Bu da, Kamyunun həyata motivəedici məna yükləməsi, yaşamı bütünlüyü - ağrısı, sevinci, şadlıq və qüssəsi ilə qəbul edərək, hər ötən gün yaşam sevincini azaltmamaq, əksinə, onu yüngülləşdirərək, daha da yaşanılası hala gətirmək qayəsindən doğur.
Kamyunun yaşadığı dönəm qarışıqlığı ilə seçilir; bir yanda elmi yeniliklər,
digər yandan ictimai-siyasi həyatda dəyişikliklər-qanlı inqilablar, müharibələr.
Bu qədər paradoksal bir zaman kəsimində Kamyu yaşadığı məhrumiyyətləri bir növ
universal hala gətirir və daha çox əzilən insanların səsi halına çevirməyə çalışır.
"İnsanı
müdafiə edirəm, çünki, əzildiyini gördüm"
"Bərabərliyi
marksizmdən deyil, həyatın özündən öyrəndim" - deyərək, Sartr kimi
partiya üzvü olmadan da öz mübarizəsini aparır. Özünə "ekzistensialist" deyilməsini
sevmirdi, çünki, bununla hansısa qəlibə çərçivələnəcəyini düşünürdü. Bununla
belə, "mövcudluq" ruhu əsərlərində
daha çox hakim fikirdir. Nobel nitqində də qayəsini açıqca ortaya qoyur: "Yaradıcı insanın yalnızca 2 vəzifəsi
olmalıdır: Həqiqətə və Azadlığa xidmət etmək"
Hətta çox vaxt absurdizmin nümayəndəsi olaraq göstərilsə də, bu
Kamyuda bir cərəyan halda deyil, sadəcə Kamyunun həyatı incələməsiylə gəldiyi nəticədir;
"Yaşasan da, ölsən də, absurdluqdan
(mənasızlıqdan) qurtula bilməyəcəksən" ("Absurd və intihar"
məqaləsindən). Kamyu, həyatı bir növ Sizifin əbədi olaraq daşımağa məhkum
olduğu qayaya bənzədir. Daşın yuxarı qalxıb yenidən aşağı yuvarlanması bizim
bugünkü yaşadığımız həyatdır. Sanki bir "qum saatı" və ya "mexaniki
portağal". Bu eyni zamanda bəşər tarixi, bütün insanlığın halıdır. Daş
qalxır və enir: həyat yaşanır və bitir. Üstəgəl, bir çoxlarının melanxolik, bir
məna tapa bilmədiyi həyat düşüncəsi Kamyunu daha çox narahat edir. Ona görə də,
Kamyu, özünü çox yormamağı çıxış yolu olaraq təklif edir. Problem həll edilmək
üçündür, həll edilmirsə, deməli çox baş sındırmağa dəyməz. Və Sizif'in
yuvarlanan daşa baxarkən keçirdiyi hisslər daha önəmlidir; "Bizləri əsarət halına salan həqiqətlər, biz
onları dərk etdikdə, çəkilib gedərlər... Zirvəyə doğru azacıq qələbə ümidi
varsa, Sizifi bəxtiyar saymamağa haqqımız yoxdur". Bu fikirlər
"Xoşbəxt ölüm" əsəriylə oxşarlıq təşkil edir;
"Azadlıq
və xoşbəxtlik yalnız hələ də ümidlə yaşayan insanda yaranır". Əsərdə
Kamyu, bütün yaradıcılığı üçün ümumiləşdirmə edə bilinəcək fikir ortaya qoyur;
"İnsanın
həyatda tək bir məqsədi var: xoşbəxt olmaq. Qalan bütün şeylər; qadınlar, incəsənət,
cəmiyyətdəki uğur yalnız bəhanədir".
Baş qəhrəman Merso, ölümə yaxınlaşdıqca həyatı
daha çox sevməyə başlayır. O, ölümü hiss edir. Yoxluğu duymağa çalışır.
Duyduqca, içini daha çox sevmək, yaşamaq, yaşadığını hiss edə bilmək istəyi
yaranır. Merso, ötən günləri və olacaqları düşündükcə, melanxoliya qarışıq bir
həzin duyğu yaşayır. Fikrimcə, Kamyunun absurd, özü və ətrafına qarşı
yadlaşmış qəhrəmanları Nitsşenin "Fövqəlinsan"ının məntiqi
davamıdır. Nitsşedən fərqli olaraq, daha həlim və həzin şəkildə həqiqətin üzünə
baxan.
Kamyunun Sizif'inə Nitsşenin "əbədi
təkrarlanma" inancı kimi də baxmaq olar. Nitsşe bir yerdə deyir;
"Əgər bir sarışın şeytan gəlib
qulağına pıçıldasa ki, yaşadığın bu həyatı, bütün ağrı və sevincləriylə, yenidən
və davamlı olaraq yaşayacaqsan, onda ona lənətmi oxuyardın, yoxsa,onu bir tanrı
olaraqmı qəbul edərdin?". Məhz bu iki seçim bizim həyatımızı yönləndirir.
Nitsşe, Kamyu və digələrinin bir həyat düşünəri olaraq vəzifəsi, insandakı bu
azadlıq istəyini, yaşam sevincini və seçim sərbəstliyini anlamaqda, fərqindəçi
olmaqda bir vasitəçi olmaqdır. Bir düşünər yolu açır, amma, onu getməyi artıq sənin
öz ixtiyarına buraxır. Bu, yəqin ki, seçim azadlığı və insani dəstəyin bariz
nümunəsidir.
Kamyu, əsərlərində ifadə etdiyi fikirlərlə bizləri bir çox məqamda
oyandırır sanki;
"Xoşbəxtliyi
təklikdə yaşamaq qəbahətdir”.
Fırtına hər nə qədər güclü olursa-olsun,
qağayı sevdiyi dənizdən heç vaxt imtina etməz.
Sevilməmək uğursuzluq ola bilər, sevməməksə bədbəxtliyin
özüdür" - Bu sözlər, həmçinin, ideal hesab
etdiyin, sevdiyin şeylər uğruna mübarizəyə motivə edici təsir göstərir.
"Sizif haqqında mif"dən belə bir nümunə;
"Kölgəsiz
günəş yoxdur, gecəni də tanımaq lazım" - bu sitat, bütün həyat çətinliklərinə
sinə gərmək gücündə ola biləcəyimizə işarə edir. Amma, Kamyu, uğrunda vuruşduğumuz
idealların bir başqasının həyatına mane olmağının da əleyhinədir; "Uğrunda ölünəcək çox ideyalar var, amma, heç
biri uğrunda öldürməyə dəyməz", "Bir ölkəni tanımaq istəyirsinizsə, orada insanların necə öldüyünə baxın".
Bu fikirlərlə, bir növ, avtoritar siyasi rejimlərin də iç üzünü açmış olur.
Qeyd edək ki, Kamyu da öz həyatını bu cür ideallar uğruna fəda edən insanlardan
olmuşdur. "Şepilov qırğını"
adı verilən ölüm hadisəsi, ətrafında mübahisə ediləcək bir mövzu olmuşdur
(Kamyunun avtomobil qəzasında həlak olması
hadisəsinin SSRİ daxili işlər naziri Dmitri Şepilovun əmri ilə baş verdiyi iddia
edilir. Səbəb kimi, Kamyunun 1956-cı il macar üsyanları və anti-totalitar
yazıçı Boris Pasternaka haqq verməsi, ideoloji dəstək olması göstərilir. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz)
Kamyu əsərlərində daha çox insanlararası
münasibətləri diqqət mərkəzinə gətirir. "Çöküş"dən gətirilən bu fikir
maraqlıdır: "Qiyamət gününü gözləməyin,
insanlar arasında o, hər gün baş verməkdədir". Ölümlü bu həyatda bizim
vəzifəmiz maddi ölümü mənəvi ölümə çevirmək olmamalıdır, əksinə, yaşatmaq və
yaşadığımızı hiss edərək həyatlarımızı yaxşılaşdırmaq, onu gözəlləşdirilə biləcək
hala gətirməkdir.
Kamyu, bir yaradıcı insan olaraq ictimai həyatda
da fəal olmuşdur. Əlcəzairin müstəqillik hərəkatı dönəmində əlcəzairli tələbələrlə
görüşərkən, baş verən hadisələr haqqında ona ünvanlanmış sualların birinə
"Mən Anamı müdafiə edəcəyəm"
deyə cavab verir. Bu fikir, sonralar kontekstdən çıxarılaraq yanlış anlamda
tirajlanır. Əslindəsə, müəllif burada "Ana" deyərkən məhz Vətəni Əlcəzairi
nəzərdə tutmuşdur (Əlcəzairin yerli dialektlərinin birində "Ana" və
"Vətən" sözləri eyni mənaya gəlir)
Kamyu, bütün əsərlərində ana xətt olaraq insanı
yaşamağa çağırışlar edir. "Bütün baxışlara görə həyat bir şəkildə davam edəcək:
Fəlsəfi intihar absurdu sazlamaq üçün bir cəhddən ibarətdir".
"Yad", "Taun", "Kaliqula" əsərləri də, demək
olar, bu səpkidədir. "Kaliqula" əsəri dəhşətli epiqrafla başlayır:
"İnsanlar ölür və onlar xoşbəxt
deyillər" ("İnsanlar xoşbəxt deyil və ölürlər" yox!)
Kaliqula "mümkünsüzlüyü" –
Ay-ı (əbədi həyatı) əldə etmək istəyir. Maraqlıdır ki, burada xoşbəxtliyinə vasitə kimi bacısına olan sevgisi obrazlaşdırılıb. Kaliqulanın əldə etmək istədiyi
mümkünsüzlük - əbədi həyatdır. O, öləcəyini bilir və bunu qəbullanmaq, həyatı
sevərək yaşamaqdansa, onu günahlandırır, özünü bədbəxt, həyatı isə mənasız
hesab edir. Bu, bəlkə də, Kamyunun əsərlərinin ana xəttini təşkil edən
problemdir.
Kamyu
"həyatı sevmək" deyərkən
onu olduğu kimi, dəyişməz olaraq qəbul etməyimizə də haqq vermir.
"Taun" da "Uşaqlara əziyyət
verən qeyri-müəyyənliyə heç vaxt haqq qazandırmayacağam" deyərək, hər
şeyi mistik "ilahi ədalətə" buraxan keşiş Paneluya etiraz edir.
"Taun"u faşizm və müharibəyə bənzədərək ona qarşı etiraz səsini
ucaldır. Bu, sanki, Ç. Aytmatovun "Ana torpaq" əsərindəki "İnsanlar müharibəni dayandıra bilər və
dayandırmalıdır" fikrilə oxşarlıq təşkil edir. "Çöküş" əsərində
"pasifist" olan bir qocanın "hər
kəsə açıqdır" yazılı bir evi olduğu nəql edilir. Bəs həmin evə ilk
kimlər təşrif buyurur? - Faşistlər...
Kamyu, insanın üsyankar olmasını
vurğulayır. İnsanı qəlibə salmaq olmaz.
"Yaradıcılıq
və üsyankarlıq son insanla birlikdə öləcəkdir" ("Başqaldıran
insan" əsərindən)
Bu, ümumiyyətlə, 20-ci əsr Qərb mədəniyyətində
deqradasiya, yaranan nihilizmin əsas səbəblərindəndir. Artıq yeni, öz yolunu
seçmiş fərdlər köhnə dəyərlərini itirib (Tanrı ölüb = həyat mənasızlaşıb).
Burada artıq insan özünə yeni dəyər yaratmalıdır. Bu, Sartrın da dediyi kimi
"İnsan özünü nə etmişsə, odur"
və ya çox bilinən "İnsan azadlığa məhkumdur"
deyimilə, mövculduğumuzu var etmə məsuliyyətini, öz əxlaqi dəyərlərimizi və
etdiklərimizin cavadehliyini özümüzün yaratmamıza məcbur olduğumuz deməkdir.
Bu, ilk baxışda ağır gəlsə də, insanı mübarizəyə, güclü olmağa sövq edir. Həyata
verilən mənanı tapmaq bəzən yorucu və mümkünsüz olur. Bu zaman Kamyu
orijinallığı meydana çıxır; həyatı ilk olaraq olduğu kimi, çılpaqlığı ilə qəbul
et, daha sonra ona üsyan et (başqaldırıcılıq - Sizifin yenidən daşı yuxarı
qaldırması) Demək ki, Kamyuya görə, ən böyük üsyankarlıq yaşamağa davam etməkdir,
sonlandırmaq (intihar) deyil.
Beləliklə, Kamyu bizə daha çox düşünmək, nəticə çıxarmaq üçün həyat
materialları verir. Həyatdakı mənanı isə özümüzün tapmağımızı, həyatı özümüzün
azad iradə ilə yaşayıb, həyatı sevməyimizi istəyir. Kamyu, burada sadəcə bir
vasitəçi, sanki, yaradıcıdır. O, yol göstərmir, insana "yolu özün tapmalı və getməlisən"
deyir, sanki.
Yazıya yekun vurmazdan öncə, son olaraq, Kamyuyla eyni dönəmdə yaşamış
psixoanalitik Erix Frommun da sevdiyim cümləsi kimi: "Dərin və ehtiraslı sev. Qəlbin qırıla bilər, ancaq, bu, həyatı doyunca
yaşamağın tək yoludur".
P. S. "Xoşbəxt ölüm" əsərindən
seçilmiş cümlələr:
Sevmək, əzab çəkmək elə əsl həyatı
yaşamaqdır...
İnsan insanın gücünü azaldır. Dünya onu bərkidir
Kim ki, həyata tam etibar edir, istər-istəməz
həyat da ona eyni cavabı verir
Ölümün mənası elə büyün həyatın mənası nədədirsə,
ondadır...
Xoşbəxtlik kifayət qədər insani idi, əbədiyyət
isə adi, gündəlik. Əsası o idi ki, barışasan, ürəyini günlərin ritminə tabe edəsən,
daha bu ritmi insan ruhunun çapalamalarına uyğunlaşdırmayasan.
Həyatı sevmək - geriyə baxmadan, axırını
düşünmədən yaşamaqdır. Qadınları, ölkələri dəyişmək, macəralara can atmaqdır.
Bir sözlə fəaliyyətdə olmaq, nəyisə dəf etməkdir...
Yalnız bu gün tənhalıq onunçün tamam real
oldu, çünki o, nəhayət, başa düşdü ki, tənhalıqdan heç yerə qaça bilməyəcək. Və
bu tənhalıq qarşısındakı itaəti, gələcək günlərinin tam sahibi olduğunu dərk
etməsi, onun qəlbini əsl əzəmətdən seçilməyən melanxoliya ilə doldururdu
Həyatında ilk dəfə özünü təkcə bir reallığa
bağlı hiss edirdi: bu risk etməyə meyil, gücü ehtirası, özünün dünya ilə
doğmalığının instinktiv dərki idi. Özündə qəzəb və nifrətə qalib gəldiyindən
artıq peşmançılıq nə olduğunu bilmirdi... Qayadan aralanmayaraq, ümid və
ümidsizlikdən toxunmuş lal bir heyranlıqla yaşayan Merso hiss edirdi ki, xoşbəxtliyindən
göz yaşına qədər olan məsafə necə də azdır. Hər şeyə diqqətli və hər şeyə yad,
ehtirasdan yanan və tamamilə təmkinli Merso dərk edirdi ki, burada onun həyat və
taleyinin özü sona çatır və indi bircə şey qalır: bu xoşbəxtliyə isinişmək,
onun dəhşətli həqiqətini göz-göz qarşılamaq...
Ən başlıcası, fikir aydınlığını saxlamaqdır.
"Cəhd etmək lazımdır", - deyə fikrindən keçirtdi və birdən xatırladı
ki, mətbəxdə qazı bağlamayıb. "Cəhd etmək lazımdır". Ancaq burada da
xeyli səy göstərmədən keçinə bilməzsən. Həyatda heç nə elə-belə baş tutmur, hər
şeyi fəth eləmək lazım gəlir. O, yumruğunu pəncərə altına çırpdı. Heç kim güclü
və ya zəif, iradəli və ya iradəsiz doğulmur. Gücü də, şüur aydınlığını da əzab
və əziyyətlə əldə etməlisən. Tale insanın içində deyil, onun ətrafında
dolanır...
Merso ölümün üzünə baxan Zaqreyin təmkinini
yada salarkən onun timsalında öz həyatının gizli və amansız obrazını anırdı. Bu
dərk etməyə qızdırma, bir də ki, onun son ana qədər huşu başında olacağına və
ölümü açıq gözlə qarşılayacağına olan coşqun əminliyi kömək edirdi. O uzaq gün
Zaqreyin də gözləri açıq idi və bu gözlər yaşla dolurdu. Ancaq o, həyatdan istədiyini
ala bilməyən insanın son zəifliyi idi. Patrisin isə bu zəiflikdən qorxusu yox
idi. Qanının sanki bədənindən qopmağa can atan dəli təkanlarına diqqət kəsilən
Patris bilirdi ki, bu bəla ondan yan keçəcək. Çünki ona ayrılmış rolu oynayıb
başa çatdırmışdı, insanın yeganə əsl vəzifəsini - xoşbəxt olmağı yerinə
yetirmişdi. Doğrudur, onun xoşbəxtliyi uzun çəkmədi. Ancaq bəyəm məsələ
vaxtdadır? O, ancaq xoşbəxtliyə bir əngəl ola bilər, qalan şeylərdəsə onu nızərə
almamaq da olar. Merso bu əngəli keçə bildi, ondan törənmiş yeni və xoşbəxt
varlığın nə qədər mövcud olması - iki il və ya iyirmi il - vacib deyil. Xoşbəxtlik
ondan ibarətdi idi ki, o bu varlığa həyat vermişdi.
Hələ bir az əvvəl o, ölümə heyvani bir
qorxuyla baxırdı, amma indi başa düşdü ki, ondan qorxmaq - həyatdan qorxmaq deməkdir.
Ölüm qorxusunu yalnız insanda canlı nə varsa, hamısına hüdudsuz bağlılıqla izah
etmək olar. Həyatını yeni bir yüksəkliyə qaldırmaq üçün hərəkət etməyi qət etməyən,
öz zəifliyindən ağciyərliklə ləzzət alanlar son anda onların boş-boşuna
yaşadıqları həyata görə çıxarılan hökmü anıb, ölümdən qorxmaya bilməzlər. Belələri
heç vaxt tam gücü ilə yaşamayıblar, bir də ki, onlar ümumiyyətlə, yaşayıblarmı?
Ölüm, yaşadıqları müddətdə susuzluqlarını yatıra bilməyən yolçuları həyatverici
içkidən həmişəlik məhrum edir. Başqaları üçünsə ölüm, onların mövcudluğunu
inkar və məhv edən, ancaq itaəti də, qiyamı da eyni cür qəbul edən faciəli və
çox xoş bir hadiyəsə çevrilir.
- İnan, böyük dərd, böyük tövbə, pozulmaz
xatirələr adlı şey mövcud deyil. Hər şey unudulur, hətta böyük məhəbbət belə.
Bu çox kədərlidir, ancaq eyni zamanda təskinlikvericidir. Yalnız şeylərə qarşı
şəraitin bizə vaxtaşırı bəxş etdiyi müəyyən bir nəzər nöqtəsi var. Bax buna görə
məhz həyatda heç olmasa bir dəfə böyük ehtiras, bədbəxt məhəbbət hissini
yaşamaq daha yaxşıdır. Bizim hamımızı üzən səbəbsiz ümidsizliyi yeganə
doğruldan budur.
...Və birdən-birə ona çatdı ki, Marta həmişə
ona yaxşı münasibət bəsləyib. Onu olduğu kimi qəbul edib, müəyyən bir dərəcədə
onu tənhalıqdan azad etmişdi. O isə Martaya qarşı ədalətli olmamışdı. Təsəvvür
və şöhrətpərəstliyinin təsiri altında ona artıq qiymət verdiyi halda, məğrurluğu
imkan vermirdi ki, onu layiqincə dəyərləndirsin. Sevdiklərimizlə bağlı bizi iki
dəfə aldanmağa məcburedən amansız bir paradoksu o yalnız indi başa düşdü: əvvəl
ucaldırıq, sonra yerə vururuq. O başa düşdü ki, Marta özünü onunla tamamilə təbii
aparıb, necə var idisə, o cür olub və elə bircə buna görə o, Martaya minnətdar
olmalıdır.
... Martanın üzünə baxarkən hiss etdi ki,
içində onun aydın ifadə edə bilmədiyi, başqa bir vaxtsa nə isə məhəbbətə oxşar
bir şey kimi qəbul edə biləcəyi hansısa gözyaşardan minnətdarlıq hissi baş
qaldırır...
...Bilirsənmi, başlıcası, xoşbəxtliyə yönəlmiş
iradədir, onun daima və gərgin dərk olunmasıdır. Qalan bütün şeylər - qadınlar,
incəsənət, cəmiyyətdə uğur yalnız bəhanədir...
Sahildə sərv ağacları arasında yetimcəsinə
daldalanan kiçik evi xatırladı - onun gözü qarşısında gözəlliyi və xoşbəxtliyi
sanki ümidsizlikdən, ötəri əbədiliyin qırıntılarından toxunmuş həyat mənzərəsi
canlanırdı. Bax məhz bundan heç ayrılmaq istəməzdi! Yəni o olmasa da həyat öz axarıyla
gedəcəkdi?
Yazıya uyğun budəfəki musiqi və film tövsiyyəmiz:
Yaşamla ölüm arasındakı o incə cizgini, yaşamı, yaşamağın necə gözəl və nostaljiverici bir nəsnə olduğunu hiss etmək...
"Ölümlər çılpaq gələr..." (Düş sokağı sakinleri)
"Xəstəlik məni bu dünyadan aldı və geri dönmək üçün döyüşürəm. 30 il döyüşdüm və davam edirəm. Sənsə, fərdiliyə malik biri deyilsən. Heç bir şeyin yoxdur. Tənha və qorxaqsan. Həyatında heç bir şey yoxdur. Əsl yuxuda olan sənsən... İnsan ruhu bütün dərmanlardan daha güclüdür. Qorunması vacib olan da budur. Önəmli olan bunlar idi; Çalışmaq, dostluq, əyləncə, ailə. Unutduğumuz şeylər. Ən bəsit şeylər... " - Awakenings (Oyanmışlar) filmindən. Real hadisələr əsasında lentə alınan filmdə baş rolları Robin Uilyams və Robert de Niro oynayır
Yazıya uyğun budəfəki musiqi və film tövsiyyəmiz:
Yaşamla ölüm arasındakı o incə cizgini, yaşamı, yaşamağın necə gözəl və nostaljiverici bir nəsnə olduğunu hiss etmək...
"Ölümlər çılpaq gələr..." (Düş sokağı sakinleri)
"Xəstəlik məni bu dünyadan aldı və geri dönmək üçün döyüşürəm. 30 il döyüşdüm və davam edirəm. Sənsə, fərdiliyə malik biri deyilsən. Heç bir şeyin yoxdur. Tənha və qorxaqsan. Həyatında heç bir şey yoxdur. Əsl yuxuda olan sənsən... İnsan ruhu bütün dərmanlardan daha güclüdür. Qorunması vacib olan da budur. Önəmli olan bunlar idi; Çalışmaq, dostluq, əyləncə, ailə. Unutduğumuz şeylər. Ən bəsit şeylər... " - Awakenings (Oyanmışlar) filmindən. Real hadisələr əsasında lentə alınan filmdə baş rolları Robin Uilyams və Robert de Niro oynayır
Müəllif: Eyvaz Usubov
Yorumlar
Yorum Gönder