Stolun üzərindəki balaca ağ rəngli zəngli
saatın səsi bütün otağı bürümüşdü. Artıq səhər açılırdı. Nəhayət, oyanmaq
zamanı idi. Uzun zamandır hər səhər eyni vaxtda yuxudan oyanmağa çalışan Qabil
yarıyuxulu gözlərini birtəhər açdı. Günəşin işığı pəncərədən onun otağına işıq
saçırdı. Yeni gün özlüyündə yeni istək, yeni arzu, yeni həyatın qığılcımlarını
alovlandırır-dı. İsti çarpayıdan imtina etmək o qədər də asan deyildi. Amma o,
bütün gücünü toplayıb
yerindən qalxmağa nail oldu. O biri otaqdan gələn səs onu biraz da tələsdirdi. Anası Qabili səhər yeməyi üçün çağırırdı.
yerindən qalxmağa nail oldu. O biri otaqdan gələn səs onu biraz da tələsdirdi. Anası Qabili səhər yeməyi üçün çağırırdı.
“Bu gün hava bir qədər vaxt ötürmək gəzmək üçün möhtəşəmdir”- Qabil pəncərədən
baxaraq öz-özünə dedi. Görünür, təbiət onun üçün əla fürsət yaratmışdı.
Səhər yeməyinin azca dadına baxıb evdən çıxmağı qərara aldı. Uzun
zaman olardı ki, onun yaşadığı bu balaca şəhərdə qeyri-adi, hamının diqqətini
özünə maqnit kimi bir hadisə baş verməmişdi. Hər şey sakit axarda, öz məcrasında
hərəkət edirdi. Axar suların lal, səssiz axdığı kimi. Qabil öz küçələrini
arxada qoyaraq əsas küçələrdən birində yoluna davam etdi. O, bir anlığa başını
qaldırdı və bir neçə dəqiqəliyə öz baxışlarını ətrafda baş verən hadisələrə,
insanlara istiqamətləndirdi. Burada reallığın necə dolğunluğu ilə əks
olunmasını güzgü kimi aydın görmək olardı. Yollarda hərəkət edən maşınların
başgicəlləndirici siqnal səsləri. Sürücülərin ətrafa narazı baxışları fonunda bəzilərinin
çəkdikləri siqaretin kötüklərini yola kənarlarına var gücü ilə atması və siqaret
kötüklərinin havada uçuşu, onların süpürən, küçələrin təmiz olmasının qeydinə
qalan əllərində uzun süpürgə olan yaşlı qadınlar. Bir qədər aralıda ipə,sapa
yatmayan dəcəl uşağının əlini bərk-bərk tutan ananın qarışıq hisləri. Ani
olaraq uşağın ananın əlini buraxması, maşınların şütüdüyü asvalta doğru qaçması
və gənc ananın həyəcanlanması nəticəsində artan ürək döyüntüləri. Başını
qaldırıb günəşə baxaraq işıqlı həyat üçün ona təşəkkür edən gəncin üzündəki
şadyana bir təbəssüm.
Əllərini havaya açan dillərində minbir xeyir-dua ilə dayanmış dilənçilər
tələsən adamlardan bir şey ummağa ümid bəsləyirdilər.
Soyuq səki üzərində sakit əyləşmiş, bütün məsumluğu üzünə yansımış
küçə heyvanları qarşılarından keçən şüurlu varlıqlara təəccüblü şəkildə
baxırdılar.
Mavi səmada quşların pərvazlanıb dövrə vurması, buludların arasından
sürətlə sivrilib keçərək yenidən aşağıya enib öz yuvalarına qayıtması diqqətdən
kənarda qalmırdı. Bəlkə də hansısa quş ov, bir başqası isə ovçu idi, lakin ən
vacib iş məğlub olmamaq idi. Hər nə olursa olsun bu həyatda sağ qalmaq uğrunda
gedən mübarizədən alnı açıq, üzü ağ çıxmaq vacib idi. Sanki, yerdəki mübarizənin
biraz dəyişilmiş, rəndələnmiş forması göy üzündə yenidən canlanırdı…
“Bir an ayaq saxlayıb ətrafımızda baş verənləri gözucu izləyəndə nə qədər
fərqində olduğumuz və olmadığımız, bizdən aslı olan, olmayan hadisələrin baş
verdiyini, nələrin ötüb keçdiyini asanlıqla görmək olardı: Maşınların hərəkəti
və siqnal səsləri, quşların uçuşu, insanların danışıqları, iti addımları, həyati
mübarizələrdə böyük ümidlə çarpışması, yol kənarında əlləri açıq durmuş dilənçilər,
hərdən yoldan keçənlərin qəddar rəftarına məruz qalan küçə heyvanları, yerlərdə
yeyilib atılmış yemək sellofanları, yerə atılmış siqaret kötükləri, plastik
qablar, istifadə edilib kənara tullanılan salfetlər və onları süpürən beli
bükülmüş yaşlı qadınlar, zibillə ağzına qədər dolmuş zibil qabıları – və
bütünlüklə hər şey. Necə də qəribədir.. Bütün bunlar demək olar ki, hər gün baş
verir. Sanki, bunlar böyük bir orkestrin ayrılmaz tərkib hissələridir. Hər biri
incə, bir-birinə möhkəm bağlanmış sarı simlərdir. Həyatın əbədi simfoniyasını
ifa edən ünsürlər, elementlərdir..” – Qabil sakit dayanaraq köks ötürür, bütün
bunları düşünməyə başlayırdı.
Ani olaraq qarşısından sürətlə sivişib keçən balaca uşaq Qabilin
bütün diqqətini alıb apardı. Arxasınca isə ortayaşlı, qarabuğdayı bir şəxs
düşmüşdü. Səkinin üzərində sürətlə qaçaraq burnuna təhlükə qoxusu almış cüyür
kimi həmin balaca uşaq bir an belə arxaya baxmırdı. Uşağın arxasınca qaçan bu kişi
artıq təngnəfəs olmuşdu. “Qaçma! Dayan! Sənə bir şey eləməyəcəyəm” deyərək
uşağı saxlamağa çalışırdı. Qabil belə səhnələri yalnız hansısa filmdə izləyə,
yaxud da bir romanın süjet xəttində oxuya bilərdi. Amma indi hər şey açıq-aşkar
onun gözünün qarşısında baş verirdi. Uşaq iki yol ayırıcına çatanda ani olaraq
gözləri maşınların hərəkətlərində qaldı. Ayaqlarını necə atdığına fikir vermədi.
Nəticədə ayaqları bir-birinə ilişərək sərt şəkildə yerə yıxıldı. Dərhal ayağa
qalxıb yoluna davam etmək niyyətində idi ki, kürəyinə soyuq bir əlin dəydiyini
hiss etdi.
-Sənə demirdim dayan ? hə? eşitmirdin məni? Gəl görüm.. sənin dərsini
indi verərəm. Sonra bilərsən mənim dükanımdan oğurluq etmək nədir..
Uşağın rəngi tamam saralmışdı. Qorxu hissi onun bütün bədəninə hakim
kəsilmişdi. Bədənini titrəmə tutmuşdu. Gözləyirdi ki, kimsə gəlib onu bu gözlərinə
qan dolmuş kişinin əlindən alsın. Həmin şəxs isə onu əlindən möhkəm tutub
aparırdı. Hətta az qala arxasınca sürüyürdü. Yaxınlıqdakılardan heç kim onu bu
rəftarına görə heçnə demirdilər. Yalnız oradan keçən bir yaşlı qadın uşağı onun
əlindən almağa çalışdı. Kişi ona dedi ki, təkcə o halda buraxa bilər ki,
oğurladığı şeylərin pulu ödənilsin. Elə bu vaxtda Qabil də ora yaxınlaşdı. Vəziyyətdən
xəbərdar olub onların pulunu artıqlaması ilə həmin kişiyə verdi. Oradakı yaşlı
qadın da ona çox təşəkkür etdi. Balaca oğlanın əlindəki sellofon paketin içində
bir günlük yemək ehtiyacını təmin edəcək qədər ərzaq var idi. O, uşaq yaşına
uyğun şeylər oğurlamamışdı. Bir ailənin ehtiyacı olacaq şeyləri oğurlamışdı.
Qabil onun əlindən tutaraq evlərinə doğru apardı. Həm də yol boyunca
onunla söhbət etmək niyyətində idi. İstəyirdi ki, onu bu üsula əl atmasının səbəbini
öyrənsin. Əvvəlcə ondan adını soruşdu. Adının Orxan olduğunu dedi. Orxanın atası
bir neçə il olardı ki, onları tərk edibmiş. O da xəstə anası ilə tək
yaşayırmış. Son zamanlar anasının dərmanlarına, həm də yemək almağa pul lazım
olduğunu bildirdi. Orxan da məcbur qalıb bu yolla anasının və özünün
ehtiyaclarını qarşılamalı olub. Öz kiçik çiynində ailəsinin çətinlik yükünü
daşıyan balaca Orxan Qabildən xahiş etdi ki, bugünkü hadisə barədə anasına bircə
kəlmə də deməsin. Anası bilsə ki, oğurluqla evlərinə ərzaq alıb. Onu heç vaxt
bağışlamaz. Üzünə belə baxmaz. Danışdırmaz. O, heç vaxt düşünə bilməz ki, onun
oğlu hansısa dükandan oğurluq edib. Başa düşürsən bu nə deməkdir..
Qabil ona bu barədə heç yerdə
danışmayacağına dair söz verdi.
Qabil Orxanı evlərinə qədər ötürdü. Onların
qaldığı evin yeri ilə tanış oldu. Onun anasına baş çəkdi. Orxana kənarda bir
neçə günlük idarə edəcək qədər pul verdi. Yenə onunla əlaqə saxlayacağını
bildirdi. Orxan isə ona söz verdi ki, bir daha belə iş tutmayacaq. Bir daha
oğurluq etməyəcək. Sonra Qabil oradan uzaqlaşdı..
Artıq hava qaralmağa doğru yol almışdı. Günəş hündür binaların
arxasında yavaş-yavaş gözdən itirdi. Küçələrdə insanların hərəkəti birə-beş
artmışdı. Hamı hərəkətdi idi. Qabil ağır addımlarla evlərinin yerləşdiyi küçə
istiqamətində gedirdi. Bu gün baş verən hadisə- Orxanın etdiyi oğurluq haqqında
fikirləşirdi. Düşünürdü ki, Orxan onlardan təkcə biri idi. Hər gün nə qədər
insan müxtəlif ehtiyaclar üzündən istədiyini əldə etmək üçün buradan öz istəyinə
körpü salır. Onun hər gün insanları izləyərkən müşahidə etdiyi şeylər böyük buz
dağının sadəcə görünən hissələri imiş. İnsanların yaşamının qaranlıq tərəflərinə
bir işıq tutmaq lazım imiş. Bağlı qapıların, pəncərələrin arxasında yaşayan
adamlara hərdən bir salam vermək gərəkmiş. Məhz üzündə kiçik təbəssüm oyatmaq
üçün, tənhalıqlarını azacıq da olsa unutdurmaq üçün. Qabil bunları düşündükcə məyusluğunu
üzündə gizlədə bilmirdi. Dərindən köks ötürdü və ağrılı ah çəkdi. Sən demə onun
yaşadığı bu balaca şəhərdə hər gün nə qədər belə qəribə hadisələr gündəlik həyatın
ayrılmaz parçası kimi özünə yer edibmiş…
Mənalı və təsirli bir esse idi.
YanıtlaSil