"Diqqət dağınıqlığı və ondan xilas olmağın yolları" - Elmar Hussein

— Bəzi insanlar fikirlərini gördükləri işə cəmləməkdə çətinlik çəkirlər. Bir işi tamamlayana qədər dəfələrlə diqqətləri yayınır. Diqqət dağınıqlığının yaranma səbəbləri nədir?
Diqqət dağınıqlığının meydana çıxması əsas etibarilə genetik səbəblər ilə izah olunur. Elmi tədqiqatlar diqqət pozuntusunu bioloji planda “xoşbəxtlik” hormonları adlandırdığımız Dopaminin səviyyəsi ilə tərs mütənasib
olduğunu da vurğulayır. Başqa sözlə, “xoşbəxtlik” hormonlarının səviyyəsi yuxarı olduqda insanın həyata baxışı daha pozitiv notlar üzərində köklənir, gələcəyə daha nikbin baxır, həyatdan daha çox zövq alır, yüksək motivasiya müşahidə edilir və s.
— Amma ətrafımızda elələri də var ki, bu hal sonradan yaranıb …
Bəli, bütün yuxarıda sadaladığımız genetik və hormonal faktorlardan başqa bəzi əlverişsiz mühit amilləri də insanların sonradan diqqət pozuntusundan əziyyət çəkməsinə səbəb ola bilər. Belə mühit amilləri sırasında ilk növbədə insanın kiçik yaşlarında içərisinə daxil olduğu mikro-sosial mühitdə (xüsusilə) ailədə yaşanılan ciddi problemləri və çox zəif yarıtmaz təhsil sisteminin adını çəkirlər. Bu mənada xüsusilə kiçik yaşlarından uşaqlara qarşı emosional təzyiq və şiddət yolverilməzdir.
— Bunun nə kimi mənfi nəticələri ola bilər?
Gündəlik həyatda zaman-zaman yaşanılan stresslər və depressiya, o cümlədən insanın vücudunda müəyyən periodlar üzrə baş verən hormonal dəyişiklər ilə əlaqəli qısa müddətli təzahür edən diqqət pozuntusu normal hesab olunur və heç bir təlaş doğurmur. Amma bu hal davamlı olaraq təkrarlanarsa, artıq yaddaş pozuntusu, uzun müddət diqqətin bir nöqtədə cəmləşdirmə imkansızlığı, bir neçə dəqiqə sonra bilavasitə əlində olana qarşı marağın itməsi və yeni bir şeyin axtarışında olma, ünsiyyət zamanı insanları dinləmə çətinliyi, hadisə və proseslərin incəliklərini anlama imkanının azalması kimi simptomların meydana çıxması ehtimalı yüksəlir.
— Belə hallar təhlükəlidirmi, yoxsa müalicə üsulları mümkündürmü?
Statistik məlumatlara əsasən dünya üzrə yetkinlik yaşına çatmış insanların 2-5%-i diqqət pozuntusundan ciddi əziyyət çəkir. Eyni zamanda bəzi statistik göstəricilər insanlara bu pozuntudan xilas olmaq üçün ümidlər də verir. Belə ki, uşaq yaşlarından belə psixoloji pozuntudan əziyyət çəkən insanların yalnız 25-50%-də bu hal yetkinlik yaşlarında müşahidə olunur. Başqa sözlə, belə problemlə üzləşmiş uşaqların yarıdan çoxu sonradan bundan xilas ola bilir.
— Bəs necə xilas olmalı?
İçərisinə daxil olduğumuz sosial mühiti müəyyən qədər tənzimləməyə çalışmaqla, məsələn, ailə daxili konfliktlərə yol verməməklə, təlim-tərbiyə standartlarını yüksəltməklə və s. onun təzahür etməsinin qarşısını almağa və ciddi simptomlar mərhələsinə keçməsinə yol verməməyə çalışmaq olar.
— Bəs bu kimi ciddi psixoloji pozuntudan hələ əziyyət çəkməyən, amma bu haldan sona qədər tam sığortalanmayan insanlar nə etsinlər?
Sağlam həyat yaşamağın və sağlam mənəvi-ruhi aləmə sahib olmağın ən mühüm prinsiplərindən biri insanların indiki ana, yəni nə keçmişdə, nə də gələcəkdə deyil, məhz indiki anda yaşaya bilmək vərdişini özlərində tədricən, amma davamlı olaraq tərbiyə etməsidir. İnsanlar nadir hallarda məhz bu gün, bu an içərisinə daxil olduqları həyatın özünə diqqət yetirirlər. Onların diqqəti əsasən ya keçmişdə artıq baş vermiş və yekunlaşmış hadisələr, ya da hələ gələcəkdə baş verməsi ehtimal olunan hadisələr üzərində cəmləşir. Amma metafizik olaraq keçmiş artıq real deyil, o, yaddaşlarda, xatirələrdə, təəssüratlarda mövcuddur. Başqa sözlə, diqqət əsas etibarilə keçmişə yönələrək reallıqda artıq mövcud olmayan qeyri-reallığa keçid alınır və bu hal insanlarda tədricən qeyri-normal psixi durum, o cümlədən diqqət pozuntusu yarada bilir. Keçmiş kimi gələcək də metafizik anlamda hələ mövcud deyil, o, insanların xəyallarında, fantaziyalarında, planlarında mövcuddur. Diqqəti əsasən gələcək üzərində cəmləşdirməklə də reallıqdan uzaqlaşıb qeyri-reallığa keçid almış oluruq. Amma reallıq indi buradadır, bu gündür, bu andır, bu dəqiqədir. Diqqəti onun üzərində cəmləşdirməklə artıq insan düşüncəsi yaşadığı hər anın, hər günün incəliklərinə enməyə başlayır, alınan təəssüratlar daha canlı olur, daha uzun müddət insanın yaddaşında qorunub saxlanılır.
Həmsöhbət oldu: Samirə Əliyeva
Bakı Universiteti qəzeti N 08 (1478), 30 noyabr 2017
Mənbə:  https://elmarhusseinblog.wordpress.com/2020/01/14/diqq%C9%99t-daginiqligi-v%C9%99-ondan-xilas-olmagin-yollari/ (müəllifin şəxsi razılığı əsasında paylaşılmışdır)

Yorumlar