"Fəlsəfə təlimləri" layihəsi - 01 - 22.12.2019

Bəhmənyar Klubu Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və dəvəti ilə Azərbaycan Universiteti tələbələri və gənclər üçün ardıcıl fəlsəfə təlimləri təşkil edir. Fəlsəfə təlimləri Bəhmənyar Klubun üzvlərinin moderatorluğu və mühazirəçiliyində baş tutur. Təlimlərdə tələbələrlə yanaşı, müvafiq olaraq qeydiyyatdan keçmiş digər şəxslər də rahatlıqla iştirak edə bilirlər. Təlimlərin gedişində əsas mövzular
Fəlsəfə və tarix” (Fərhad Seyfullazadə), “Renessans dönəmində fəlsəfə” (Araz Əliyev), “Analitik fəlsəfə və dil problemi” (Azad Zülfüqarlı) və “Jak Lakanın 4 diskursu” (Fərid Kazımov) olmaqla keçirilir. Artıq təlimlərin ilk iki mühazirəsi yekunlaşıb, qarşıdakı həftələrdə isə digər iki təlimin keçirilməsi planlaşdırılır. Təlimlər gənclərin və tələbələrin rahat şəkildə iştirak edə bilməsi üçün həftə sonu 6 və ya bazar günləri olmaqla keçirilir. Layihə haqqında ətraflı məlumat verən Bəhmənyar Klubunun tələbə sədəri Fərhad Seyfullazadə qeyd edir ki, “Azərbaycan Universitetinin və xüsusilə də universitetin Tələbə Gənclər Təşkilatının fəlsəfə istiqamətində bu cür təlimlərin keçirilməsi ilə bağlı təklif etdiyi layihə Klubumuz üçün olduqca uğurlu addım idi. Bəhmənyar Klubu olaraq əvvəllər də özümüz təlimlər keçirirdik, lakin ilk dəfə idi ki, bu qədər geniş auditoriyaya çıxmaq imkanı əldə edirdik. Bu həm bizim tanınmağımız, həm də təlimlərimizi daha məsuliyyətli şəkildə təşkil etməyimiz üçün mühüm idi. Geniş və hər cür imkanın təşkil edildiyi auditoriyada çıxış etmək və bizləri dinləmək üçün gələn gənclərin marağı möhtəşəm bir hissdir. Bu gün ölkəmizdə, gənclərimiz arasında fəlsəfəyə böyük həvəs və ehtiyac var, ən azından bu gün təlimlərimizə gələn gənclər bunun əyani sübutudur.”



Bəhmənyar Klubunun mühazirəçilərindən olan Araz Əliyev isə təlimləri bu cür qiymətləndirir: “Bu qədər geniş və çoxsaylı auditoriya qarşısında çıxış etmək təbii olaraq məsuliyyətli bir hissdir. Dediyimiz hər söz və dediyimiz hər fikir qarşımızdakı gənclər tərəfindən sorğulanmağa açıqdır. Əslində Bəhmənyar Klubu olaraq təlimlərimizin bir üstünlüyü də bundadır. Gənclər və tələbələr bizimlə özləri arasında bir fərqlilik hiss etmirlər. Müzkirələrimiz və seminarlarımız qarşılıqlı müzakirə şəraitində baş tutur. Düşünürəm ki, bu fəlsəfə üçün olduqca uğurlu bir amildir. Nəticədə, fəlsəfə birlikdə müzakirə və düşünmə ilə yaradılan bir şeydir. Bizimlə eyni düşüncələri bölüşən, eyni maraqlara sahib gəncləri görmək çox gözəldir”.


Təlimlərdə iştirak edən gənclər də mövzulardan və mühazirəçilərin təqdimatından razı qaldıqlarını qeyd edirlər. Ən əsası qarşılıqlı müzakirə formasında baş tutan mühazirələr gənclərin mövqeyindən təlimlərin daha əyləncəli və səmimi keçməsini təmin edir. Mühazirə auditoriyasının geniş və müasirliyi, slayd imkanları təlimlərin səviyyəsini daha yüksək standartlarda icra etməyə imkan verir. Bəhmənyar Klubu irəlidəki dövrlərdə bu cür tədbirləri bir sıra digər universitetlərdə də keçirməyi planlaşdırır. Bu barədə məlumat verən Klubun tələbə sədri Fərhad Seyfullazadə qeyd edir ki, “Təlimlərimizdə çoxsaylı gənclərin iştirak etməsi bizə bir sıra uğurlar da qazandırır. Məsələn, bu gün keçirdiyimiz tədbirin təşkilatçıları əvvəlki tədbirlərimizdə iştirakçı olmuş şəxslər idi. Bu təlimlərimizdə də bir sıra universitetlərin tələbələri var və artıq onlardan başqa universitetlərdə bu cür tədbirlərin keçirilməsi üçün təkliflər almışıq. İrəlidəki dövrlərdə bu formatdakı layihələrimizi daha təkmil formada davam etdirməyi düşünürük” . “Fəlsəfə təlimləri” layihəsi hər həftə sonu Azərbaycan Universitetinin Gənclik korpusunda keçirilir. Attıq 2 təlimi yekunlaşan layihənin son iki təlimi 14 və 21 dekabr tarixlərində keçiriləcəkdir.







Yorumlar