"Düşünmə vasitələri: İsaiah Berlinin iki azadlıq anlayışı" - Maria Kasmirli

“Azadlıq” güclü bir kəlimədir. hamımız ona müsbət baxırıq və onun uğruna inqilablar başladılıb, müharibələr aparılıb və davamlı olaraq siyasi kampaniyalar təşkil edilir. Yaxşı “azadlıq” deyərkən tam olaraq nəyi nəzərdə tuturuq? Bütün partiyalardakı bütün siyasətçilərin azadlığa inanması, insanların bu mövzuda danışarkən ağıllarında hər zaman eyni şey olmadığını göstərir.
Azadlığın fərqli növləri ola bilərmi və əgər elədirsə bu fərqli növlər bir-biri ilə ziddiyyət təşkil edə bilərmi? Bir azadlığın dəstəklənməsi digər azadlığı məhdudlaşdıra bilərmi? Hətta insanlar azadlıq adı altında bir şey etməyə məcbur edilə bilərmi?
XX əsr siyasət fəlsəfəçisi İsaiah Berlin (1909-1997) bu iki suala da “Bəli” cavabını vermiş və “İki Azadlıq Anlayışı” (1958) məqaləsində, mənfi azadlıqlar və müsbət azadlıqlar adını verdiyi iki ayrı azadlıq (hürriyyət, Berlin bu kəlimələri bir-birlərinin yerinə istifadə etmişdir) təsvir etmişdir.
Mənfi azadlıq, müdaxilədən gələn azadlıqdır. Başqalarının fəaliyyətlərinizi məhdudlaşdırmadığı ölçüdə mənfi olaraq azadsınız. Əgər başqaları bir şeyi etməyinizə birbaşa fəaliyyətləri ilə və ya sizin əleyhinizə olan sosial və iqtisadi tənzimləmələri dəstəkləyərək dolayı olaraq mane olursa, mənfi azadlığınızı o qədər məhdudlaşdırır deməkdir. Berlin, insanın azadlığını məhdudlaşdıran şeylərin sadəcə başqaları tərəfindən tətbiq edilən məhdudiyyətlər olduğunu vurğulayır. Təbii səbəblərdən qaynaqlanan məhdudiyyətlər sayılmır. Ayaq üstə dura bilməmək fiziki bir məhdudiyyətdir, amma azadlığıma istiqamətlənmiş bir məhdudiyyət deyil.
Demək olar ki, hər birimiz xaosdan qaçmaq adına mənfi azadlıqlarımıza gələn bəzi məhdudiyyətləri qəbul etməyimiz lazım olduğunda həmfikirik. Bütün dövlətlər, vətəndaşlarının bir arada yaşaya bilməsi və cəmiyyətin problemsiz işləməsinə kömək etmək üçün hazırlanan qanun və idarəçiliklərə tabe olmaqlarını tələb edir. Azadlığımıza istiqamətlənmiş bu məhdudiyyətləri, sülh, təhlükəsizlik və rifah kimi digər faydalarla əvəz etmək üçün qəbul edirik. Eyni zamanda çoxumuz həyatın tənzimləmələrə daxil edilməməsi və fərdlərin tamamilə olmasa da böyük ölçüdə azad olmalı olduqları bəzi hissələrin olduğunu müdafiə edirik. Siyasət fəlsəfəsinin əsas mübahisələrindən biri də bu şəxsi mənfi azadlıq sahəsi ilə əlaqəlidir. Məsələn, dövlət, dediyimiz və oxuduğumuz şeylərlə ya da hansı cinsi fəaliyyətlərlə məşğul olacağımızla əlaqəli məhdudiyyətlər tətbiq etməlidirmi?
Mənfi azadlıq başqaları tərəfindən idarə edilən azadlığımızla əlaqəli ikən, müsbət azadlıq şəxsin özünü idarə etməsi ilə əlaqəlidir. Müsbət mənada azad olmaq, şəxsin öz mənfəətləri ilə vəhdət halında məntiqli davranaraq və məsuliyyət sahibi olduğu seçimlər edərək özünün ağası olmasıdır. Bu mənfi azadlığın bəsit bir qarşılığı olaraq görünə bilər, başqalarının məni idarə etmədiyi ölçüdə özümü idarə edə bilirəm. Məsələn, özünü ölümə aparan narkotik vərdişini dəyişə bilməyən bir aludəçini düşünün. Mənfi azadlığı məhdudlaşdırılmamış olsa da (kimsə narkotiki alması üçün onu məcbur etmir) müsbət baxımdan azad deyil (yəni öz mənfəətləri istiqamətində məntiqli davranmır).
Berlin-ə görə, bu cür vəziyyətlərdə, məntiqsiz və instiktiv olan ikili şəxsiyyət və məntiqli və uzaqgörən olan üstün şəxsiyyət kimi bir şeydən bəhs etmək çox normaldır. Və buradakı məsləhət bir kimsənin sadəcə üstün şəxsiyyəti hakimdirsə, müsbət mənada azad olmasıdır. Əgər bu düzdürsə, şəxsi bir şeyi etməyə məcbur edərək daha azad hala gətirə bilərik deməkdir. Əgər aludəçinin narkotik istifadəsinə mane olsaq, üstün şəxsiyyətinin idarəni ələ almasına kömək edə bilərik. Mənfi azadlığını məhdudlaşdıraraq müsbət azadlığını artıra bilərik. Səhv yönləndirilən və pis niyyətli müdaxilələri əsaslandırmaq üçün bu baxış tərzindən necə faydalana biləcəyini görmək asandır.
Berlin, üstün və ya “gerçək” şəxsiyyətin bir sosial qrupla (“qəbilə, irq, kilsə, dövlət”) əlaqələndirildiyində müsbət və mənfi azadlıq arasındakı boşluğun və sui-istifadə olunma riskinin artdığını müdafiə etmişdir. Çünki bu vəziyyətdə fərdlərin sadəcə qrupları (daha aşağı, sosial olmayan şəxsiyyətlərindən qaynaqlanan), fərdi arzularını basdırdığında və öz arzularını tətbiq etdikdə azad olduqları nəticəsinə gələ bilərik. Bu düşüncə ilə əlaqəli Berlin-i xüsusilə narahat edən şey fərdləri sadəcə təhlükəsizlik və əməkdaşlıq kimi sosial mənfəətlərin zəmanət altına almaq üçün deyil, eyni zamanda onları azad etmək məqsədi ilə bir şeylərə məcbur etməyi haqlı hesab etməsi idi. Buradakı məcbur etmə, heç məcburiyyət kimi deyil, azadlaşdırma olaraq baxılır və buna əks olan etirazlar da narkotik almaq istəyi kimi daha aşağı şəxsiyyətin ifadələri kimi göz ardı edilə bilir. Berlin, iqtidardakıların “insanların “gerçək” şəxsiyyətləri adına zorakılıq etməklərinə, basqı göstərməklərinə, onlara işgəncə verməklərinə və insan və ya cəmiyyətlərin gerçək arzularını görməzdən gəlməklərinə” icazə verən bu anlayışa “qorxunc şəxsiyyətləşdirmə” adını vermişdir. (Oxuyucuların ağlına George Orwell-in Stalinist bir siyasi partiyanın necə öz həqiqət anlayışını fərdlərə tətbiq edərək onları Partiya liderini sevə bilməkləri üçün “azadlaşdırdığını” göstərən 1984 kitabı gələ bilər)
Berlin, azadlıq fikirlərini Nasist Almanyası və Stalinist Rusiya totalitar rejimləri tərəfindən necə sui-istifadə edildiyini düşünürdü və bu cür düşünməyinin təhlükələrini vurğulamaqda haqlı idi. Amma buradan müsbət azadlığın dəstəklənməsinin hər zaman səhv olduğu nəticəsinə gəlinə bilməz. (Berlin də bunu iddia etmir və mənfi azadlıq anlayışının da bu şəkildə sui-istifadə edilə biləcəyini deyir) Bəzi insanların özlərinə faydalı olacaq şeyləri anlaya bilmələri və tam potensiallarına çata bilmək üçün köməyə ehtiyacı ola bilər və onlara bu mövzuda kömək etməkdə dövlətin məsuliyyətli olduğunu deyə bilərik. Hətta məcburi təhsilin əsas məntiqi də budur. Uşaqları (mənfi azadlıqlarını böyük ölçüdə məhdudlaşdıraraq) məktəbə göndəririk, çünki onlara faydalı olacağına inanırıq. Uşaqları nə istəyirlərsə etsinlər deyə azad buraxmaq böyük ehtimal laqeydlik və ya sui-istifadəyə səbəb olacaqdır. Böyüklər mövzusunda da müzakirəyə açıq bir şəkildə dövlət, mədəniyyət, təhsil və sağlamlıq proqramları ilə vətəndaşlarının zəngin və razı qaldıqları bir həyat yaşaya bilməklərinə kömək etməkdə məsuliyyət daşıyır. (Bu cür bir köməyə yaranan ehtiyac, reklamçıların “aşağı səviyyəli” zövqlərimizə təslim olmağımız üçün bizi davamlı olaraq sövq etdiyi sərbəst bazar cəmiyyətlərində xüsusilə basqılayıcı ola bilər) Bundan əlavə insanlar həyatlarının məna və məqsədini özlərini feminizm kimi geniş ölçülü bir sosial və ya siyasi hərəkatla qaynaşdıraraq tapmış da ola bilər və bunu etməklərinə köməkçi olaraq  azadlaşmalarını təmin etmiş ola bilərik.
Əlbəttə bu vəziyyətdə ortaya daha çox sual çıxır. Mövcud təhsil sistemimiz həqiqətən uşaqların xeyrinə işləyirmi, yoxsa onları sadəcə sosial və iqtisadi baxımdan yararlı olacaq bir qəlibəmi salır? Zəngin və razı qalacaqları bir həyatın necə olacağına kim qərar verir? Dövlət, insanların yaxşı yaşaması üçün hansı vasitələri qanuni bir şəkildə istifadə edə bilər? Zorakılıq hər hansı bir formada qəbul edilə bilərmi? Bunlar nə cür bir cəmiyyətdə yaşamaq istədiyimiz ilə əlaqəli suallardır və cavabları da asan deyil. Amma Berlin, bizə mənfi və müsbət azadlıq arasındakı fərqi göstərərək onlar haqqında düşünmək üçün güclü bir vasitə də təqdim etmiş olur.

Tərcümə edən: Ramilə Heydərova

Yorumlar