"Anselmin ontoloji dəlil anlayışı" - Vahdettin Başçı

Zəruri Varlıq və onunla əlaqədar problemlər fəlsəfədə filosofların məşğul olduğu metafizik mövzuların başında gəlir. Bu problem fəlsəfənin ən əhəmiyyətli sahələrindən biridir. Fəlsəfi baxımdan Tanrının varlığı mövzusunda müxtəlif teistik dəlillər istifadə edilərək, Tanrını tapma yolları sınaqdan keçirilmişdir. Bu dəlillər ya “a priori” ya da “a posteriori”dir.
Heç bir təcrübəyə söykənmədən ağıl yoluyla Tanrının varlığını ələ alan ontoloji dəlil, mümkün varlığı
 müzakirə mövzusu etmədən zəruri varlığı əsas götürür. Bu dəlil Tanrının varlığı qavramından başlanılır. Bu fikir “Özündən daha üstünü düşünülməyən” və “ən mükəmməl varlıq” fikiridir
Tarixi kökləri İslam fəlsəfəsinə qədər gedən ontoloji dəlili, bir dəlil formasında dilə gətirən və fəlsəfəyə daxil edən edən, tanınmış xristian filosofu Anselm olmuşdur.
Orta əsrlərdə dərin izlər buraxan, sxolastik fəlsəfənin də çox əhəmiyyətli bir filosofu olan Anselm, ontoloji dəlilin qurucusu olaraq bilinir. Anselm tərəfindən irəli sürülən bu dəlil, fəlsəfədə üzərində ən sıx müzakirələrin edildiyi bir mövzu halına gəlmişdir . Xüsusilə, özündən sonra gələn rasyonalist filosoflar tərəfindən də inkişaf etdirilən bu dəlil sayəsində, Tanrının varlığı düşüncəsindən onun varlığının həqiqəti (gerçəkliyi) və zəruriliyi fikirinə gedilir.
Anselmin ontoloji dəlili, “Proslogion” adlı əsərinin 2-ci ve 4-cü hissələri arasında yer alır. Eyni mövzuya “Responsio” adlı yazısında da yer vermişdir.
Onun “Proslogion”dakı fikirləri və öz dövründə yaşamış olan Qaunilonun etirazlarına verdiyi cavablar, indiki vaxtda da bir çox filosofun mövzu üzərində təkidlə dayanmalarını təmin etmişdir.
Anselm, Tannın varlığını O-nun tərifi və Tanrı anlayışının təhlilindən çıxarmağa çalışır. Ona görə, “Tanrı dedikdə nəyi nəzərdə tuturuq?” sualının cavabı; Tanrı, “özündən daha üstünü təsəvvür edilə bilinməyən varlıq”dır. Anselm “özündən daha üstünü təsəvvür edilə bilinməyən varlıq” anlayışından yola çıxır. Buradakı “daha üstünü düşünülə bilinməyən varlıq”, “çox mükəmməl varlıq” mənasındadır. Ona görə insanda belə bir “mükəmməl varlıq” fikri a priori olaraq mövcuddur. Bu baxımdan Anselm, Müqəddəs Kitabdakı (Zəbur, 14:1) bu ifadəni təkrarlamaqdadır: “Ürəyində “Tanrı yoxdur” deyən bir axmağın belə zehinində özündən daha mükəmməli düşünülə bilməyən Tanrı fikri mövcuddur .
Burada ağılımıza bu sual gələ bilər: Görəsən qeyd edilən bu fikir yalnız zehinimizdə olan bir anlayışdırmı? Yoxsa o, zehinimizin xaricində də bir həqiqətə sahibdirmi? Anselmin bu suala cavabı budur: “Fərz edək ki, Tanrı yalnız zehindədir; o zaman zehinimiz bir çıxmazda olar”. Çünki həm zehində həm də zehinin xaricində var olan bir şey yalnız zehində var olandan “daha mükəmməl” olacaq. Tanrı “özündən daha mükəmməli təsəvvür edilməyən varlıq” dır. Anselmə görə, əgər Tanrıya zehin xaricində də bir varlıq ətf etməsək bu prinsipə tərs düşərik. O halda Tanrının, həm zehində həm də zehin xaricindəki reallıqda mövcud olması lazımdır.
Anselm, Tanrının varlığını ontoloji dəlil vasitəsiylə izah edərkən bu dəlili iki formada ələ almışdır: Dəlilin birinci formasında Anselm, Tannın zehnində və xarici dünyadakı varlıq fikirini zikr edərək, Zəruri varlığın yalnız zehində var olub xarici dünyada var olmaması vəziyyətində daha mükəmməl ola bilməyəcəyi qənaətini bildirir.
“Mükəmməl varlıq” tək zehində düşünülsə, o varlığın mükəmməl varlıq kimi deyil, mümkün varlıq kimi olduğu düşünüləcək. Bu vəziyyət zəruri varlığın təkzibi deməkdir. O halda Anselmə görə, mükəmməl varlığın həm zehində həm də xarici dünyada mövcud olması lazımdır.
Dəlilin bu istiqamətiylə “çox mükəmməl varlıq”a və ya başqa bir şeyə də dəlalət edilə biləcəyinə işarə edən Qaunilo, Anselmin dəlilinin mənasız bir dəlil olduğunu müdafiə edərək bu dəlilə etiraz etdi. Ancaq, Anselmin bu tənqidə bir cavab yazıb yazmadığı müəyyən deyil .
Varlığın mükəmməlliyi fikirindən Zəruri Varlığa çatmağa çalışan Anselmin iddiasından elə görünür ki, var olduğuna ürəkdən inandığı Tanrının Varlığına mükəmməllik nöqteyi nəzərindən ağıl vasitəsiylə çatmaq mümkündür. Anselm, dəlilini qane edici bir dəlil olmaqdan çox fəlsəfi bir dəlil xarakterində təqdim edir.
Dəlilin ikinci formasına gəldikdə; “Proslogion”un üçüncü hissəsində Anselm dəlili “Tanrının mükəmməlliyi” fikri baxımından deyil, eyni zamanda “Tanrının yeganə Zəruri Varlıq” olduğu cəhətindən də ortaya qoymağa çalışır. Dəlilin bu şəklində açar termin “mükəmməl varlıq” deyil, “Zəruri Varlıq” dır. Bu vəziyyətdə “Tanrı” Zəruri olaraq vardır. Belə bir varlığa sahib olmaq “mümkün varlıq”a sahib olmaqdan daha çox mükəmməllik ifadə edir.
Anselmin Ontoloji dəlilinin formalaşmasında “mükəmməllik” və “zərurət” sifətlərinə sahib olan Zəruri Varlıq, yəni Tann haqqındakı düşüncələr iki nöqtədə toplana bilər:
1 – Tanrı, mükəmməl varlıq olaraq başqa bir mümkün varlığa tabe deyil. Ayrıca, başqa bir reallığın xarakterinə də tabe deyil. Tanrı, hər hansı bir varlıq tərəfindən yaradılmamışdır, Tanrının varlığında heç bir şeyin tərkibi olmadığı kimi, heç bir şey də onu yox edə bilməz. Qəti olaraq sonsuzluğun zənginliyində və ən son varlıq olaraq tam mükəmməl varlıq xarakteri ifadə edir. O halda Tanrı “Mütləq” və “Mükəmməl” dir.
2 – “Zərurət” fikri baxımından da Tanrı əzəli və əbədi bir varlıqdır. Əgər onun bir əvvəli və sonu olsaydı, o təqdirdə Tannın varlığına təsir edən başqa bir varlıq olacaqdı. Bu vəziyyət isə Tannın varlığına ziddir. Yəni ontoloji dəlil baxımından Tanrının mükəmməliyinə mane olacaqdı . Elə isə, Tanrı, Zəruri olaraq əzəli və əbədidir.

Doğruluğu təcrübələrimizə, müşahidələrimizə söykənməyən, mülahizələrə, düşüncələrə, mühakimələrə “A Priori” deyilir. Doğruluğu təcrübələrimizə, müşahidələrimizə söykənən, mülahizələrə, düşüncələrə, mühakimələrə “A Posteriori” deyilir.


Tərcümə edən: Ziya Balıyev*

*Yazı müəllifin istəyi və icazəsi ilə blogumuzda paylaşılmışdır.

Yorumlar