"Yunan düşüncəsində Pifaqorçu qadınlar" - Mədinə İbrahimova

Krotonlu Theano bizə məlum olan ilk qadın filosof hesab edilir. Dövrünün yaxşı riyaziyyatçılarından biri sayılan Theano, həm də Orfey ibadətçisi olan Brontinusun qızı və Pifaqorun həyat yoldaşı olmuşdur. Öncə Pifaqorun dinləyicilərindən biri olmuş, daha sonra isə öz biliyi və bacarığı ilə filosofun diqqətini çəkmiş və onunla evlənmişdir. O, bir yandan Pifaqorun fikirlərini, digər bir yandan da öz düşüncələrini qələmə almışdır. Theano həm də Pifaqor öldürüldükdən sonra da
parçalanmış təriqət üzvlərini yenidən bir araya gətirmə gücünə sahib  idi. O, qızları Damo, Mya və Arginote ilə birlikdə insanları mənəvi baxımdan bir arada tutmağa çalışırdı. Pifaqor təlimi bu dövrdə artıq Yunanıstandan Misirə qədər yayılmışdı.
Hazırda Theanodan bizə bəzianlamlı kiçik cümlələr və əxlaqla bağlı öyüd-nəsihətləri olan toplum hekayələr gəlib çatmışdır. Theano belə zənn edirdi ki, bir qadının ən əsas vəzifəsi öz ərinə mütləq surətdə sadiq qalmasıdır. Onun bu fikirləri yaşadığı dövrün dünyaya baxış tərzi ilə üst-üstə düşürdü. Theanonun dövünün tələbləri ilə razılaşan digər bir fikiri isə belə idi: “kişi özünü dəyişdirməməlidir, əksinə qadın özünü ona uyğunlaşdırmalıdır”.
Theano dövünün ən məhşur qadınlarından biri hesab edilir, hətta cəmiyyətin bəzi üzvləri onaböyük dəyər vermiş və onun tərəfindən istiqamətləndirilmişdir. Lakin, Theanonu öz şagirdlərinə yazdığı yeddi məkrubdan yalnız üçünün saxta olmadığı sübuta yetirilmişdir. Buna əsaslanaraq, yuxarıda ona aid edilən sözlərin, əslində onun tərəfindən söylənmədiyi fikirini irəli sürə bilərik. Belə ki, bu sözlər cəmiyyətin patriarxal quruluşuna xidmət edən insanlar tərfindən dəyişdirilmiş, təhrif edilmiş və ya hər hansı bir kişi  düşüncə sahibi tərəfindən söylənmiş ola bilər.
Theanonun əsərləri haqqında bizdə çox az şey məlumdur. Sözü gedən əsərlər “Fəlsəfəyə dair araşdırma”, “Dindarlıq haqqında” kitabları və bir neçə məktubdur ki, onların da çox az bir hissəsi günümüzə gəlib çatıb.
O, “Dindarlıq haqqında” əsərində belə qeyd etmişdir: “əgər bir şey haqqında danışmaq gözəldirsə, onda susmaq çirkindir və bir halda ki, danışdığın şey çirkindir, deməli, susmaq daha yaxşıdır”. Theano insan ruhunun ölməzliyi haqqında da belə bir fikir bildirmişdir: “əgər ruh ölümsüz olsaydı, onda həyat tanrını qəbul etməyən insanlar üçün əsl ziyafət olardı və hər cür rüsvayçılıqları edən bu insanlar üçün sonda gələn ölən ölüm isə sadəcə bir mükafat olardı”.
Çox təssüf ki, Theano və Pifaqorun qızları olan Damo, Mya və Arginote haqqında az məlumat sahibiyik. Theanonun qızları da anaları kimi sağlamlaşdırma sahəsində bilik və bacarıq sahibi idilər. Pifaqorçu qadınlar sağlamlığın açarını bədən, ruh və dünya ruhunun harmoniyasında görürdülər. Onlara görə bu harmoniyanı yaradan insanlar fəzilətli bir ömür yaşamış olur.
Pifaqor öz gizli yazılarını qızı Damoya əmanət etmişdir və onların heç bir halda yayımlanmasını istəməmişdir. Damo da öz növbəsində atasına verdiyi sözün üzərində dayanmış, hətta böyük sərvətlərlə əvəz edə biləcəyi halda bunun baş verməsinə imkan verməmişdir. Çünki onun üçün atasına verdiyi söz daha çox dəyərli idi, nəinki sərvət sahibi olmaq. Damo eynilə atasında olduğu kimi öz yazılarını da gizli tutulması şərti ilə qızı Bitaleyə miras buraxmışdır.
Theanonun qızı Mya da öz bacarığı ilə ana və bacılarından geri qalmırdı. Mya evli bir qadın olaraq Krotonun qadınlar xoruna rəhbərlik etmişdir. Eyni zamanda Mya tanrılara ibadət məsələsində ailəsinin digər qadın üzvlərindən bir addım öndə idi. Müxtəlifliyi ilə seçilən bir çox yazılarının olmasına baxmayaraq, Myanın yazılarından bizə yalnız dostuna yazdığı “uşaq baxıcılığı” haqqında olan yazısı gəlib çatmışdır.
Digər bir Pifaqorçu qadın isə Krotonda doğulsa da əslən Spartalı olan Timychadır. Timycha təriqətin sirlərini verməmək üçün Syracusa tiranı Dionysosa qarşı öz əri ilə birlikdə dirəniş göstərmişdir. Hamilə olmasına rəğmən ona edilən işgəncələrə dözmüş, hətta danışmamaq üçün öz dişi ilə dilini qoparıb tiranın üzərinə tüpürmüşdür.
Pifaqorçu qadınlar sırasında Kral Kallikratesin qızı Phintysi də aid etmək olar. Phintysdən günümüzə “Qadınların əxlaqi təmizliyi haqqında” adlı əsərinin bir hissəsi çatmışdır. Bu əsərində o, müdrik olmağı qadının ən böyük fəziləti hesab etmişdir. “əgər qadın bu fəzilətə sahib olarsa, o öz həyat yoldaşına hörmət və sevgi ilə yanaşar”. Bundan əlavə o həmin dövrdə geniş yayılmış bir çox ənənəvi fikirlərə qarşı çıxaraq, qadınların ata minməsi, fəlsəfə ilə məşğul olması və xalq yığıncaqlarında iştirak etməsi fikirini dəstəkləmişdir. O, düşünürdü ki, qadınlar da yetəri qədər adil, cəsur və zəkalı ola bilərlər.
Phintys: “Hər iki cins fiziki və mənəvi fəzilətlərə sahib olmalıdır. Çünki həyat öz ahəngdarlığını yalnız bu şəkildə qoruyub saxlaya bilər”- deyərək kişi və qadın münasibətlərinə öz fikirini bildirmişdir. Bunlara istinad edərək belə nəticə çıxara bilərik ki, Phintys hər iki cinsin bərabərliyi ideyasından çıxış etmişdir. Phintysin yaşadığı həyat dövrün tələblərinə zidd olmuşdur. Belə ki, Phintys öz ömrünü özünün formalaşdırdığı həqiqətlər əsasında yaşamışdır.
Pifaqorçu qadınlardan olan Periktyone isə Platonun anası ilə səhv salınır. Buna görə də onun əsərlərinin saxta olduğu düşünülürdü. “Müdriklik barəsində” adlı əsərindən bəzi hissələr günümüzə gəlib çatmışdır. Aristotelin “Varlığın qurluşu və təsadüfi xarakteristikaları haqqında düşüncələr” adlı əsərində Periktyonedən sitat gətirildiyi bildirilir. Bundan əlavə, Periktyonenin “Qadının harmoniyası haqqında” adlı bir əsərinin də olduğu məlumdur. Bu əsərdə o digər Pifaqorçu qadınlar kimi, qadınların sadə və təmkinli bir həyat sürməsini istəyirdi. O, ağıllı və təmkinli olan qadınları cəsur və ahəngdar qadın olaraq görür. Belə bir qadın yalnız öz ərinə deyil, həm də öz uşaqlarına, qohumlarına, xidmətçilərinə və bütün evə qarşı yaxşı münasibət göstərir. Belə qadınlar dəbdəbəyə meyl etməz, yalnız ədəbli sözlər işlədər və qarşılığını da belə alar. Ən sonda həyat yoldaşı nəyi xoş görür, nəyi xoş görmürsə, o da elə yanaşacaqdır. Əks təqdirdə o tamamilə mənasız bir qadın olardı.
Pifaqorçu qadınların fikirlərinə nəzər saldıqda onların yaşadıqları dövrün ənənəvi qadın anlayışından öndə olduqları açıq şəkikdə görünür. Lakin Tielsch bu qadınların çox ağıllı və təhsilli olmaqla bərabər, həm də “çox dindar ev qadınları” olduqlarını da qeyd edir. Bəlkə də elə buna görə onlar ənənəvi qadın anlayışına ciddi şəkildə qarşı gəlməmişlər. Buna baxmayaraq yenə də biz Pifaqorçu qadınların təhsil və tərbiyələri ilə öz dövrlərini çox qabaqladıqlarını deyə bilərik. Onu da qeyd edək ki, daha sonrakı dövrlərdə yazılarının silindiyini və ya dəyişdirildiyini nəzərə alsaq, onların həqiqi düşüncələrini tam olaraq, təssüf ki, heç vaxt öyrənə bilməyəcəyik.

Tərcümə edən: Mədinə İbrahimova

Yorumlar