"Obsesif davranışlar və dini tətbiqlər" - Zigmund Freyd

Nevrotik duyğulardan şikayət edən insanlardakı obsesif davranışlarla dindar insanların inanclarını dilə gətirmək mövzusunda riayət etdikləri qaydalar arasındakı oxşarlığı görən ilk insan mən deyiləm. Bu obsesif davranışlardan bəziləri üçün istifadə olunan “mərasim” termini bunun sübutudur. Amma aradakı oxşarlıq bu səthi bənzərlikdən çox daha dərin kimi görünür; bu səbəbdən
 nevrotik mərasimin mənşəyi məsələsindəki bir iç müşahidə, dini yaşamdakı ruhi proseslər mövzusunda bənzətmə yolu ilə bəzi nəticələri çıxarmağımızı mümkün edə bilər.
   Obsesif davranışlar və ya mərasimlər edən insanlar, obsesif düşünmədən, obsesif fikirlərdən, impulslardan və b. şikayət edən insanlarla eyni sinifə daxildir. Birlikdə nəzərdən keçirildikdə bunlar, “bağlılıq nevrozu” [“Zwangsneurose”] deyilən özünəməxsus bir kliniki bütövlük əmələ gətirər. Amma xəstəliyin quruluşunu adından çıxarmağa cəhd etmək lazım deyil; çünki qəti anlamda danışsaq, digər xəstəlikli ruhi fakt növləri də “obsesif” deyilən xüsusiyyətlərə malikdir. Obsesif nevrozları üçün, varlığını xəstəliyin xarici təzahürlərində sezməyimizə qarşı bəlkə də daha dərinlərdə olan və hələ də müəyyən edə bilmədiyimiz bir meyar olmadığı üçün, tərif vermək əvəzinə hələlik bu hallarla bağlı ətraflı bir məlumat qazanmaqla kifayətlənməyimiz lazımdır.
   Nevrotik mərasimlər, müəyyən gündəlik işlərdə edilən kiçik tənzimləmələrdən, hər zaman eyni şəkildə və ya fərqli üsullarla edilən kiçik əlavələrdən və ya məhdudiyyətlərdən, ya da tənzimləmələrdən təşkil olunur. Bu fəaliyyətlər yalnız rəsmiyyət təsəvvürü yaradır və bizə olduqca mənasız görünür. Xəstəyə də fərqli görünməz; yenə də bunlardan imtina edə bilməz, çünki mərasimdən uzaqlaşdığı an dayanılmaz bir qayğı yüksəlir və təkrar mərasimə uymağa məcbur edər. Eynilə mərasim əməliyyatları kimi, mərasimlə bəzənən, yüklənən, təxirə salınan şərtlər və fəaliyyətlər də-məsələn geyinmə və soyunma, yatağa getmə, ya da fiziki tələbatları ödəmə- əhəmiyyətsizdir. Bir mərasim tətbiqini, bunun əvəzinə başqa sözlə desək, yazıya alınmayan bir sıra qanunu qoyaraq açıqlaya bilərik. Məsələn yataq mərasimini nəzərdən keçirsək: stulun yatağın yanında bəlli bir yerdə olması; geyimlərin məlum bir formada qatlanmış; ədyalın ayaq tərəfinin qıvrılmış, mələfənin düzəldilmiş olması; yastığın bəlli bir şəkildə qoyulmuş olması və insanın yatağa bəlli bir şəkildə uzanması lazımdır. Ancaq bütün bunlardan sonra yuxuya dala bilər. Bu səbəbdən yüngül hadisələrdə mərasim, ənənəvi və məqbul olan bir nizam üsulunun şişirdilmiş şəklindən başqa bir şey kimi görünməz; amma icra edilməsinə yoldaşlıq edən xüsusi diqqət və ehtiyatsızlıq halında ortaya çıxan qayğı, bu mərasimə “müqəddəs hərəkət” damğasını vurar. Əksər hallarda mərasimin kəsintiyə məruz qalmasına dözmək olmaz və mərasim sırasında başqalarının varlığı heç bir zaman istənilməz.
   Kiçik əlavələrlə bəzədilməsi və ya durğunluq və təkrar yolu ilə ritmik bir xüsusiyyət qazanması halında hər fəaliyyət terminin geniş mənasında obsesif bir davranışa çevrilə bilər. “Mərasimlərlə” “obsesif davranışlar” arasında qəti bir fərq tapmağı gözləmərik. Qayda olaraq obsesif davranışlar mərasimlərdən qaynaqlanır. Bu ikisinə əlavə olaraq qadağalar və məhdudiyyətlər, xəstəliyin məzmununu təşkil edir; əslində, bəzi şeylərin xəstəyə tamamilə qadağan olunması və digərlərinə sadəcə nəzərdə tutulan bir mərasimə əməl edilməsinə bağlı olaraq izn verilməsi ölçüsündə bunlar, obsesif davranışların davamı olmaqdan başqa bir şey deyildir.
   Həm məcburiyyətlərin, həm də qadağaların (bir şeyi etmə və başqa bir şeyi etməmə zərurətinin) başlanğıcda insanın sadəcə tək başına icra etdiyi fəaliyyətlərlə əlaqəli olması və ictimai davranışlarına uzun müddət təsir etməməsi qəribədir. Bu səbəbdən bu xəstəliyə sahib olanlar, problemlərini şəxsi bir məsələ olaraq görür və başqalarından illərlə gizlədə bilirlər. Həqiqətən də, həkimlərin bildiyindən daha çox insan obsesif nevrozun bu növlərindən əziyyət çəkir. Görünməz Mölusinem kimi, öz gizli işlərinə bir neçə saat vaxt ayırdıqdan sonra günün müəyyən bir hissəsində sosial vəzifələrini yerinə yetirə bilmələri bu gizləməni asanlaşdırır.


   Nevrotik mərasimlərlə dini mərasimdəki müqəddəs hərəkətlər arasındakı oxşarlıqların nədə yatdığını görmək asandır: diqqətsizlik halında ortaya çıxan vicdani narahatlıqda, digər bütün davranışlardan tamamilə təcrid edilməsində və hər təfərrüatına göstərilən hədsiz diqqətdə. Amma fərqlər də eyni ölçüdə açıqdır; ki bir neçəsi o qədər diqqətə çarpandır ki, qarşılaşdırmanı bir küfrə çevirir: [nevrotik] mərasimlərdəki böyük fərdi dəyişkənliyin əksinə, dini mərasimlərin sterotipik [bir-birinin eyni olan] özəlliyi (dua etmə, Şərqə dönmə və s.), birincinin şəxsi quruluşunun əksinə ikincinin ictimai quruluşu və hər şeydən önəmlisi də dini mərasimin təfərrüatlarının tamamilə anlamlı və simvolik olmasından fərqli olaraq, nevrotik mərasimin axmaqca və anlamsız görünməsi. Bu cəhətdən obsesif bir nevroz, şəxsi bir dinin yarı komik, yarı tragik bir karikaturasına uyğun gəlir. Amma psixoanalitik təhlil üsulunun yardımı ilə obsesif davranışın həqiqi mahiyyəti qavranıldığı zaman nevrotik və dini mərasimlər arasındakı bu kəskin fərqlər aradan qalxar. Belə bir təhlil zamanı obsesif davranışların axmaqca və anlamsız görüntüsü tamamilə aradan qalxar və bu görkəmə bürünmələrinin səbəbi açıqlıq qazanar. Obsesif hərəkətlərin hər təfərrüatının mütləq anlamlı olduğu, insanlığın mühüm meyllərinə xidmət etdikləri və hələ də fəal olan yaşantıları və duyğu yüklü düşüncələri dilə gətirdikləri anlaşılır. Bunu da iki yoldan, yəni birbaşa və ya simvolik təmsil yolu ilə edərlər; bu səbəbdən tarixi və ya simvolik olaraq şərh olunmaları lazımdır.
   Açıqlıq gətirmək üçün bir neçə nümunə vermək lazımdır. Psixoanalitik kəşflərlə tanış olan biri üçün, obsesif davranışlarda və ya fərdi mərasimlərdə təmsil edilən şeylərin, xəstənin ən şəxsi və əksərən də cinsi yaşantılarından qaynaqlandığını öyrənmək təəccübləndirici olmayacaqdır.
(   a)   Müşahidə fürsətini tapdığım bir qız yuyunduqdan sonra əl-üz yuyanı başdan aşağı bir neçə dəfə təmizləmə məcburiyyətində idi. Bu mərasimin mahiyyəti, bu deyimdə yatır: “Yaxşıca təmizlənənə qədər çirkli suyu atmayın”. Anlamı isə, çox sevdiyi bacısını xəbərdar etmək və daha yaxşı bir kişi ilə münasibət qurana qədər qane olmadığı həyat yoldaşından boşanmasının qarşısını almaqdır.
    (b)   Həyat yoldaşından ayrı yaşayan bir qadın, bir şey yeyərkən yediklərinin ən yaxşı tərəfini kənara qoymaq məcburiyyətində idi: məsələn qızardılmış ətin sadəcə üst hissəsini ala bilirdi. Bu imtina mənşəyi ilə açıqlıq qazanırdı. Əri ilə evlilik münasibətini rədd etdiyi gün-yəni, ən gözəlindən vaz keçdiyi zaman-ortaya çıxmışdı.
    (c)    Eyni xəstə, sadəcə müəyyən bir stula otura bilir və stuldan çətinlikıə qalxa bilirdi. Evlilik həyatının bəzi təfərrüatları ilə bağlı olaraq stul sadiq qaldığı ərini simvolizə edirdi. Məcburiyyəti açıqlamasınə bu cümlədə tapmışdı: “İnsanın bir dəfə qərar qıldığı bir şeydən (ərdən, stuldan) ayrılması çox çətindir.”
     (d)    Bir müddət xüsusilə qabarıq və anlamsız obsesif bir hərəkəti təkrarlayırdı. Öz otağından ortasında bir masa olan başqa bir otağa qaçır, süfrəni müəyyən bir şəkildə düzəldir və zəngi basaraq xidmətçisini çağırır, məcburi iş yükləyərək geri göndərirdi. Bu məcburiyyəti açıqlamağa çalışanda, süfrənin bir yerində bir ləkə olduğunu və süfrəni davamlı olaraq xidmətçinin ləkəni görməsini sığortalayacaq şəkildə düzəltdiyini xatırladı. Səhənin tamamı, evlilik həyatındakı bir yaşantını canlandırırdı. Toy gecəsi əri, çox da öyrəşilmiş olmayan bir problem yaşayar. İqtidarsız olduğunu görər və “gecə boyunca” bir dəfə daha sınamaq üçün “dəfələrlə öz otağından gəlinin otağına qaçar”. Ertəsi gün səhər yataqları düzəldən otel xidmətçisi qarşısında utanacağını söyləyər və bir şüşə qırmızı mürəkkəb alaraq mələfəyə tökər; amma bunu elə yöndəmsizcəsinə edər ki, qırmızı ləkə səhv yerdə olar. Bu səbəbdən qadın, bu obsesif mərasimlə, toy gecəsini təmsil edir. “Yemək və yataq” evlilik bu ikisi arasında olur.
    (e)    Başladığı başqa bir məcburiyyətin də-vermədən öncə hər kağız pulun seriya nömrəsini qeyd etmə- tarixi olaraq təhlil olunması lazım gəldi. Daha etibarlı başqa bir kişi tapa bildiyi təqdirdə ərini tərk etməyə niyyətli olduğu bir müddətdə, bir kurortda tanış olduğu bir kişinin yaxınlaşmasına izn verir; ancaq adamın ciddi olub olmadığı məsələsində şübhəlidir. Bir gün, qəpik lazım olduqda həmin adamdan beş kronu xırdalamağını istəyər. Adam da pulu xırdalayaraq iri qəpiyi cibinə atar və zadəgancasına bir hava ilə qəpiyi hər zaman saxlayacağını, çünki onun əli dəydiyini söyləyər. Sonrakı görüşlərdə niyyətinə inana biləcəyi məsələsində razı qalmaq istərcəsinə adamdan beş kronluq pulu göstərməyini istəməyi düşünər, amma bunu etməz, çünki eyni dəyərdəki qəpikləri bir-birindən fərqləndirmək mümkün deyildir. Bu səbəbdən şübhəsi eynilə qalar; və bərabər dəyərli olan digər bütün pullardan ayırd edilə bilməsini mümkün etmək üçün sahib olduğu hər kağız pulun nömrəsini qeyd etmə məcburiyyəti inkişaf etdirər.
   Qarşılaşdığım çoxsaylı hadisədən seçilən bu bir neçə nümunə sadəcə, obsesif davranışlardakı hər şeyin bir anlamı olduğu və şərh edilə biləcəyi fikrimi açıqlamağı məqsəd qoyur. Eyni şey qəti anlamı ilə mərasimlər üçün də keçərlidir, ancaq burada isbat etmə çox daha dolaşıq bir təklif tələb edəcəkdir. Obsesif davranışlara dair açıqlamalarımızın, bizi dini düşüncə sahəsindən zahirən nə qədər uzaqlaşdırdığının fərqindəyəm.


   Bir məcburiyyətə boyun əyən adamın, bunu mahiyyətini-və ya əsas mahiyyətini-anlamadan etməsi, xəstəliyin şərtlərindən biridir. Sadəcə psixoanalitik müalicə cəhdləri sayəsində obsesif davranışının anlamını və bununla birlikdə onu bunu etməyə məcbur edən motivləri dərk edir. Obsesif davranışın, şüuraltı motivləri və düşüncələri dilə gətirdiyini söyləyərək bu mühüm gerçəyi ifadə edirik. Burada dini tətbiqlərdən başqa bir yanlış nöqtəsi də tapmış kimiyik; amma rahiblərin və elmi tədqiqatçıların mərasimin-əksərən simvolik olan- anlamını bilmələrindən fərqli olaraq, bir qayda olaraq sıradan dindar fərd də dini mərasimi anlamına diqqət etmədən həyata keçirər. Lakin bütün dindarlarda özlərini dini tətbiqlərə məcbur edən motivlər bilinməz, ya da şüurlarında bunların yerinə keçən başqa motivlərlə təmsil edilər.
   Obsesif davranışların analizi, səbəbləri və motivləri məsələsində hal-hazırda bizə müəyyən bir daxili müşahidə qazandırmışdır. Məcburiyyətlərə və qadağalara sahib adamın, haqqında heç bir şey bilmədiyi bir günahkarlıq hissinin hakimiyyəti altında imiş kimi davrandığını söyləyə bilərik; bu səbəbdən görünən termin ziddiyyətinə rəğmən buna şuürsuz bir günahkarlıq hissi demək lazımdır. Bu günahkarlıq hissinin mənbəyi bəzi keçmiş mənəvi hadisələrdə yatır, amma hər yeni təhrik ilə yenidən canlanar. Həmçinin, pusquda yatan bir gözləntili qayğı hissi, cəzalandırılma düşüncəsi yolu ilə daxili təhrik hissi ilə birləşən bir talesizlik gözləntisi yaradar. Mərasimin ilk meydana çıxdığı müddətdə xəstə bir xəstəlikdən qaçmaq üçün bunu və ya onu etməsinin lazım olduğunu hələ dərk edir və bir qayda olaraq gözlənilən xəstəliyin quruluşunun fərqindədir. Amma onun bilmədiyi şey, bu gözləntili qayğının ortaya çıxdığı mühitlə yaratdığı təhlükə arasındakı hər hadisədə göstərə biləcəyimiz əlaqədir. Mərasim beləliklə bir müdafiə və ya zəmanət işi, bir qorunma tədbiri olaraq başlayar.
   Obsesif nevrotiklərin günahkarlıq hissinin qarşılığı, dindar insanlardakı özündə səfil bir günahkar olduqlarının etirafıdır; və gündəlik hər hərəkətdən əvvəl, xüsusilə də, qaydadan kənar hər işdən əvvəl qatıldıqları dini mərasimlər (dua etmək kimi) müdafiəçi və ya qoruyucu tədbir dəyərinə sahib kimidir.
   Altında yatan təməl fakta diqqət etdiyimiz təqdirdə obsesif nevroz mexanizmi məsələsində daha dərin bir daxili müşahidə qazanarıq. Bu hər zaman üçün insanın quruluşunda olan, uşaqlığında xaricə yansıtmasına göz yumulan, amma daha sonra basdırılmaya yenilən instinktiv bir impulsun (cinsi instinktin bir komponentinin) yatırılmasıdır. Bu instinktin yatırılması zamanı instinktin məqsədləri məsələsində özəl bir səy ortaya çıxar; amma bu ruhi reaksiyanın təşəkkülü əminlik hissi yaratmaz, şüuraltında pusquda yatan instinktin davamlı təhdidi altındadır. Basdırılan instinktin təsiri təhrik olaraq hiss edilər və onsuzda basdırılma müddətində gözləntili qayğı şəklində gələcəkdə təsirli olan bir qayğı yaradılar. Obsesif nevroza yol açan basdırma müddətinin sadəcə qismən uğurlu olan və getdikcə artan ölçüdə uğursuzluq təhdidində olan bir müddət olaraq dəyərləndirilməsi lazım gələr. Bu səbəbdən bitməyən bir münaqişə ilə müqayisə edilə bilər; instinktin qabaqcıl təzyiqini tarazlamaq üçün davamlı olaraq yeni ruhi cəhdlərə ehtiyac vardır. Bu səbəbdən mərasim və obsesif davranışlar, qismən də gözlənilən xəstəliyə qarşı bir qoruma olaraq ortaya çıxır. Qoruyucu tədbirlər təhrikə qarşı qısa müddətdə yetərsiz qalır; bundan əlavə təhrik yaradan mühitlərdən uzaq durma məqsədi güdən qadağalar dövriyyəyə girir. Eynilə bir fobiyanın isterik bir tutma anından qaçmağı məqsəd qoyması kimi, qadağaların da obsesif davranışların yerini aldığı görünəcəkdir. Digər tərəfdən eynilə kilsədəki evlilik mərasiminin inanan insana başqa cür günah olacaq bir cinsi həzz hüququ verməsi kimi, mərasim də, hələ tamamilə qadağan olunmayan bir şeyin izn verildiyi şərtlərin cəmini təmsil edər. Bənzər bütün duyğuların olduğu kimi, obsesif nevrozun bir başqa tipik xüsusiyyəti də, xaricə yansıtmalarının (obsesif davranışlar da daxil olmaqla simptomlarının), ruhi quruluşun müharibə halındakı gücləri arasında bir uzlaşma olma şərtini yerinə yetirməsidir. Bu səbəbdən bunlar, qarşısının alınması məqsədi qoyulan həzzi də mütləq qismən yaradar; və basdıran qüvvələr qədər basdırılan instinktə də xidmət edərlər. Həqiqətən də, xəstəlik irəlilədikcə başlanğıcda əksərən müdafiənin davamı ilə bağlı olan davranışlar, instinktin uşaqlıqda dilə gəlməsini mümkün edən və daha sonra qadağan olunan [doyum məqsədli] davranışlara getdikcə daha çox yaxınlaşar.


   Bu vəziyyətin bəzi tərəfləri dini yaşam sahəsində də görülə bilər. Dinin təşəkkülü də bəzi instinktiv impulsların təzyiq altına alınmasına, bir kənara qoyulmasına söykənmiş kimidir. Lakin bu instinktlər nevrozlarda olduğu kimi sadəcə cinsi instinktin komponentləri deyildir; ümumiyyətlə, cinsi bir komponenti olsa da, bunlar, eqoistcəsinə, ictimai baxımdan zərərli instinktlərdir. belə və ya elə davamlı təhriki izləyən günahkarlıq hissi və pozulması halında cəzalandırılma qorxusu görkəmindəki gözləntili qayğı, dini sahədə, nevrozda olduğundan çox uzun bir müddətdir bildiyimiz bir faktdır. Bəlkə də, cinsi komponentlərin də məcmusu, ya da instinktlərin ümumi xüsusiyətlərinə görə, dini yaşamda da instinktin təzyiq altına alınmasının yetərsiz və davamlı bir proses olduğu anlaşılar. Həqiqətən də, dindar insanlar arasındakı günaha tam bir yönəlmə nevrotiklərdəkindən daha geniş yayılmışdır; bu da obsesif nevrozda qarşlığı olan yeni bir dini fəaliyyətə, yəni tövbə etməyə yol açar.
   Mərasimlərinin, gündəlik həyatın kiçik təfərrüatları ilə bağlı olduğunu və bunlara bağlı axmaqca tənzimləmələrlə və məhdudiyyətlərlə dilə gətirildiyini söyləyərək obsesif nevrozunun qəribə, alçaldıcı quruluşuna diqqəti yönəltmişdik. Yuxuların təşəkkülündə ilk dəfə mənim tərəfimdən kəşf edilən və obsesif nevrozunun ruhi proseslərinə hakim olan ruhi yerdəyişmə mexanizmini qavradığımız müddətcə, klinik rəsmin bu qabarıq xüsusiyyətini anlaya bilmərik. Obsesif davranışlarla bağlı yuxarıda verilən bir neçə nümunədən ehtiva etdikləri simvolizmin və təfərrüatların, əsl, əhəmiyyətli şeydən bunun yerini alan kiçik, əhəmiyyətsiz şeyə-məsələn bir ərdən stula- yerdəyişmə yolu ilə gerçəkləşdiyi açıqdır. Klinik rəsmi getdikcə daha çox dəyişdirən və sonunda görünüşdə ən önəmsiz şeyləri ən önəmli və təcili şeylərə çevirən, baxıb bu yerdəyişmə meylidir. Mənəvi dəyərlərin eyni istiqamətdə yerdəyişməsinə yönəlmiş bənzər bir meylin din sahəsində də olduğu və beləcə dini tətbiqdəki kiçik mərasimlərin nizamlı olaraq təməl şeylərə çevrildiyi və altda yatan düşüncələri bir kənara itələdiyi inkar edilə bilməz. Dinlərin, geriyə dönən olaraq çalışan və başlanğıcdakı dəyərlər müvazinətinin yenidən qurulmasını məqsəd qoyan reformlara tabe olmasının səbəbi budur.
 Nevrotik simptomlar olaraq obsesif davranışların sahib olduğu uzlaşma xüsusiyyəti, dini mərasimlərdə təsbit edilməsi ən çətin olan xüsusiyyətdir. Amma burada da dinin qadağan etdiyi bütün davranışların-təzyiq altına aldığı instinktlərin xaricə yansımalarının- nə qədər yayğın olaraq yenə din adına gerçəkləşdiyini göz önünə aldığınız zaman nevrozların bu özəlliyini xatırlayarsınız.
   Bu oxşarlıqlar və bənzətmələr cəhətdən obsesif nevrozunu, bir dinin təşəkkülünün patoloji qarşılığı olaraq dəyərləndirib bu nevrozu fərdi bir din, dini isə dünyəvi bir obsesif nevrozu olaraq təqdim edə bilərik. Ən təməl bənzərlik, altda yatan strukturlu instinktlərin təzyiq altına alınması; ən təməl fərq isə nevrozlarda mənşə cəhətdən sadəcə cinsi olmasına qarşılıq dində eqoistcə qaynaqlardan gələn bu instinktlərin quruluşunda yatmasıdır.
  Eqoya ilk həzz verə biləcək strukturlu instinktlərin nizamlı olaraq basdırılması, insan mədəniyyətinin inkişaf təməllərindən birini təşkil etmiş kimidir. Bu instinktiv basdırma qismən dinlər tərəfindən tətbiq edilər və fərddən, instinktiv həzlərini tanrıya qurban verməsi istənilər: “İntiqamı mən alaram, dedi Tanrı”. Qədim dinlərin inkişafında insanlığın “günah” deyə imtina etdiyi bir çox şeyin Tanrıya buraxıldığını və onun adına izn verildiyini, beləcə insanın pis və ictimai cəhətdən zərərli instinktlərini Tanrıya təhvil verərək özünü bunların hökmranlığından xilas etdiyini görmək mümkündür. Bu qədim tanrılara hər cür insan xüsusiyyətinin və bunlardan irəli gələn pisliklərin hədsiz dərəcədə yönəldilməsi qəti şəkildə təsadüf deyildir. Buna rəğmən insanın müqəddəs nümunəyə baxaraq öz günahlarını haqlı çıxarmağına izn verilməməsi də bir ziddiyyət deyildir.
   
Vyana, Fevral 1907
Tərcümə edən: Könül Bəndiyeva
Mənbə: Freud, Sigmund. "The Origins of Religion"

Yorumlar