"Fəlsəfə elmi təhsildə nə üçün önəmlidir?" - Subrena E. Smit

Hər il New Hampshire Universitetində, bakalavr tələbələrinə elm fəlsəfəsi dərsini tədris edirəm. Tələbələrin çoxu dərslərimi ümumi təhsil tələblərini ödəmək üçün oxuyur və onların çoxu daha əvvəl heç fəlsəfə dərsi keçməmiş tələbələr olur.
Yarım ilin ilk günündə, onlara elm fəlsəfəsi ilə əlaqəli ümumi bir təəssürat yaratmağa çalışıram. Onlara fəlsəfənin sırf həqiqətlərlə açıqlana bilməyən problemlərlə maraqlandığını
və elm fəlsəfəsinin də bu yanaşmanın elm sahəsinə tətbiq olunmalı olduğunu danışıram. Daha sonra, dərsin təməlini təşkil edəcək bəzi terminləri izah edirəm: elmi araşdırmada metod, induksiya və dəlil. Onlara elmin keçmiş müşahidələrindən hələ müşahidə edilməmiş ümumi arqument gətirmə üsulları olan induksiya ilə irəlilədiyini ancaq filosofların induksiyanı kifayət qədər məqbul hesab etmədiyini və elm üçün problem təşkil edə biləcəyini düşündüklərini deyirəm. Sonra, bir hipotezə məxsus olaraq hansı dəlilin uyğun olduğunu təyin etməyin çətinliyi və bunu düzgün təyin edə bilməyin elm üçün nə qədər həyati əhəmiyyət daşıdığı mövzusuna toxunuram. Bundan əlavə, elmi metodun tək və açıq olmadığından və elmi medodologiyanın tam olaraq təyin edilməsi mövzusunda təməl mübahisələr olduğundan bəhs edirəm. Son olaraq, bu problemlər hər nə qədər “fəlsəfi” olsa da yenə də elmin icrası  barəsində həqiqi  təsirləri olduğunu vurğulayıram.
Bu nöqtədə, bu tərz suallarla qarşılaşıram: “Hansı ixtisaslarınız var?” “Hansı məktəbdə oxumusunuz?” və “Elm adamısınız?”
Bəlkə də bu sualları Yamayka əsilli qadın bir fəlsəfəçi olaraq qeyri-adi bir şəxsiyyətə sahib olmağımdan və bunun onların marağını çəkməsi səbəbindən soruşurdular. Bunun bir az düz olduğuna əminəm ancaq mənimkindən daha tanış və adi şəxsiyyətə sahib alimlərin də buna oxşar suallara məruz qaldığını müşahidə etdiyim üçün tək səbəbin bu olmadığını düşünürəm.
New York-dakı Cornwall Universitetində magistr təhsili aldığım zamanda mühazirəçi olaraq insan təbiəti və təkamül dərslərini keçirdim. Dərsi keçən alim məndən daha çox fərqli bir təəssürata sahib idi: 60 yaşlarında bəyaz, saqqallı bir kişi olaraq akademik nüfuzun vücud tapmış halını əks etdirirdi. Ancaq tələbələr onun bir elm adamı olmadığını deyərək elm haqqındakı yanaşmalarına şübhə ilə baxırdılar.
Bu reaksiyanın, elmin dəyəri ilə qarşılaşdırıldığında fəlsəfənin dəyəri mövzusundakı narahatlıqlarla əlaqəsi olduğunu düşünürəm. Tələbələrimin fəlsəfəçilərin elmlə əlaqəli işə yarayan şeylər deyəcəkləri mövzusunda şübhələrinin olduğu aşkar idi. Görkəmli bəzi elm insanlarının fəlsəfənin elm mövzusunda əhəmiyyətsiz olduğunu dediklərinin fərqindədirlər. STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsilinə bəşəri elmlərdən daha çox əhəmiyyət verildiyini bilirlər.
Dərsimdə iştirak edənlərin çoxu, fəlsəfənin yalnızca düşüncələri əsas götürən qeyri-müəyyən bir disiplin olduğunu, elmin isə həqiqətləri kəşf etmək, dəlil göstərmək və obyektiv həqiqəti ortaya çıxarmaq işi olduğunu düşünürlər. Bundan başqa, bir çoxu elm insanlarının fəlsəfi suallara cavab verə biləcəyini ancaq fəlsəfəçilərin elmi mövzularda heç bir çəkisi olmayacağına inanır.
Niyə universitet tələbələri fəlsəfəni elmə tabe və tamamilə ayrı bir sahə olaraq görür? Təcrübələrimə görə, dörd ayrı səbəbi deyə bilərəm.
İlk səbəb, tarixi məlumatlandırmaya sahib olmamaqla əlaqəlidir. Universitet tələbələri əksəriyyətən  fakültələr arası kəskin fərqlərin həqiqi dünyadakı fərqlilikləri əks etdirdiyini düşünürlər və bu səbəbdən fəlsəfə ilə elm arasındakı sözdə fərqin insan ixtirası olduğunun fərqinə varmırlar. Hazırda elm deyə adlandırılan bir çox sahə bir vaxtlar fərqli baxışlar altında dəyərləndirilirdi. Elmlərin ən etibarlısı olan Fizika, bir vaxtlar təbiət fəlsəfəsi əhatəsində araşdırılırdı. Musiqi də bir vaxtlar riyaziyyatla eyni imtiyaza sahib idi. Tətbiq olunduğu zaman, məkan və mədəni kontekstə bağlı olaraq elmin əhatəsi həm daraldı, həm də genişləndi
Bir digər səbəb isə konkret nəticələri ilə əlaqəlidir. Elm, həqiqi dünya problemlərini həll edir. Bizə toxuna, görə və istifadə edə biləcəyimiz texnologiyalar veir: peyvəndlər, GDO məhsulları və ağrı kəsicilər kimi.  Tələbələr üçün, fəlsəfə əllə tutulan bir şey təqdim etmir. Ancaq tam əksinə, fəlsəfə əllə tutulan bir çox şey təqdim etmişdir: Albert Einstein-in fəlsəfi düşüncə təcrübələri Cassini kosmik vasitəsini mümkün etmişdir. Aristo-nun məntiqi bizə notebook və ağıllı telefonları təmin edən kompüter elminin təməlini yaradır. Ruh-bədən problemi haqqında fəlsəfəçilərin etdiyi araşdırma neyropsixologiyanın ortaya çıxmasına səbəb olmuşdur. Elmin arxa planında fəlsəfə daima səssizcə iş başındadır.
Üçüncü bir səbəb isə həqiqət, obyektivlik və ön mühakimə ilə əlaqəlidir. Tələbələr, elmin tamamilə obyektiv olduğunu və buna qarşı çıxan hər kəsin səhv düşüncədə olduğu fikrində israrçıdırlar. Onlara görə, əgər insan araşdırmaya bir sıra ön mühakimələrlə yanaşırsa bu onun obyektiv deyil ideologiya olduğu mənasına gəlir. Lakin hamımız bəzi ön mühakimələrə  sahibik və bu ön mühakimələrimiz yaradıcılığımızı qidalandırır. Çox saf bir obyektivlik təsviri elmin məşhur imici ilə elə inteqrasiya olunmuşdur ki, bu problemə diqqət çəkmək çətin ola bilər. Məsələni həll etmək üçün, tələbələrə yaxınlıqlarındakı bir şeyə heç bir ehtimala aldanmadan baxıb nə gördüklərini deməklərini istəyirəm. Duruxurlar və bir ön fikrə sahib olmadan təcrübələrini şərh edə bilmədiklərinin fərqinə varırlar. Bunu fərqinə vardıqları anda elmin obyektivliyini sorğulamaq onlar üçün daha az qəribə hala gəlir.
Tələbələrin narahatlıqlarının dördüncü mənbəyi isə onların elm təhsili qavrayışı ilə bağlıdır. Onlar, elmi daha çox həqiqətlərin maddələnməsi və elm təhsilinin də bu həqiqətlərin öyrənmə yolu olaraq görürlər. Ancaq bir fəlsəfəçi olaraq mən bu həqiqətlərin necə seçildiyi və şərh olunduğu ilə və həqiqətlərin necə ehtimallardan təsirləndiyi ilə maraqlanıram.
Tələbələr çox zaman bu narahatlıqları səbirsizcə “Həqiqət, həqiqətdir” deyərək cavablayırlar. Ancaq bir şeyin özünün eyni olduğunu demək müzakirəni maraqlı etməz. Tələbələrin “Həqiqət, həqiqətdir” deyərkən nəzərdə tutduqları şey əlimizdə həqiqətlər varkən şərhlərə və münaqişələrə yer verilmədiyidir.
Bəs niyə bu şəkildə düşünürlər? Elm bu şəkildə icra edildiyi üçün deyil, bu şəkildə öyrədildiyi üçündür. Tələbələrin elmi olaraq bilgili hala gələ bilməsi üçün mütəxəssisləşmələri lazım olan göz qorxudacaq qədər üsul və həqiqət vardır ancaq bunları öyrənəcək vaxtları olduqca sərhədlidir. Elm adamları, dərslərini sürətlə artan təcrübi bilgiyə ayaq uyduracaq şəkildə təşkil etmək məcburiyyətindədirlər və haqqında heç bir təhsil almadıqları problemlərlə məşqul olacaqları dərslərə vaxt ayırmaq rahatlığına sahib deyildirlər. Bunun istəksiz bir nəticəsi olaraq da tələbələr çox vaxt fəlsəfi problemlərin elmi nəzəriyyəyə və praktikaya təsiri olduğunu öyrənmədən dərsdən ayrılırlar.
Ancaq bu daima belə olmaq məcburiyyətində deydir. Doğru təhsil platforması təmin olunarsa, mənim kimi fəlsəfəçilər tələbələri fəlsəfənin də elm haqqında deyəcəyi şeylər ola biləcəyi mövzusunda inandırmaq üçün axına qarşı avar çəkmək məcburiyyətində qalmaz. Bunun üçün  tələbələrin bir və tək doğru bilgi qaynağı olaraq gördüyü elm insanı məsləkdaşlarımızın köməyinə ehtiyac hiss edirik. Onlar, elmin təməl prinsiplərini öyrətməyə davam etməlidirlər, ancaq elmin əhəmiyyətli konseptual, təfsirçi, etik və metodoloji problemlərlə dolu olduğunu, fəlsəfəçilərin bu problemlərə toxunmaq üçün əvəzsiz bir statusda olduğunu və fəlsəfənin elm üçün əhəmiyyətsiz olması bir tərəfə, onun tam qəlbində yer tutduğunu tələbələrə başa salaraq bizə kömək etmiş olarlar.


Tərcümə edən: Ramilə Heydərova

Mənbə: Subrena E. Smit – “Why philosophy is so important in science education”

Yorumlar