Oxucu analizi: "Sərbəst insanlar ölkəsində" - Rövşən Nəzərov

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşada anadan olmuşdur. Azərbaycan və Türkiyədə ictimai xadim, pedaqoq, siyasətçi, jurnalist, türkoloq və mənim bu dəfə danışacağım yazıçı olmuşdur. Xaricdə aldığı təhsilindən sonra, savadına və “dünya miqyasında alim” ola bilmək potensialına görə Parisdə qalmasını istənilməsinə baxmayaraq, “Şərqin də oxumuş insanlara ehtiyacı var,
sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma da öyrədəcəyəm” sözlərini deyərək vətəninə qayıtmışdır. Bu şəxs haqda bir çox kitablar yazılmışdır, amma mən bu gün onun yazdığı kitablardan, daha doğrusu məhz bir kitabından danışmaq istəyirəm.
Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" əsəri azsaylı oxuduğum Azərbaycan ədəbiyyatından yaxşı hesab etdiyim kitablardan biridir. Onu ən yaxşı da adlandırmaq olmaz, amma soruşsalar ki, "Oxumağa hansı kitabı məsləhət görərsən?" məsləhət görəcəyim kitablardan biri də bu olar. Bu kitabın “Bəyaz zanbaqlar ölkəsi” ilə də bənzərlikləri çoxdur.
Fikrimi belə izah edim: bu kitab ədəbi cəhətdən gözəl sözlərlə və təsvirlərlə dolu olmasa belə, təsvir etdiyi dünya bizim can atmalı olduğumuz "ədəbi manifest" nümunəsi funksiyasını daşıya bilər. Bu kitabda gözəl təsvirlərə və bir birindən fərqlənən obrazlara rast gəlmərsən, amma yazıçı heç bunu etməyə çalışmayıb da. Onun yazdığı əsər daha çox görmək istədiyi bir dünyadır, başqa sözlə desək utopiyadır. Əlbəttə, bu utopiya çox qısa və bəzi boşluqları olan, reallaşdırılması çətin olan və ən əsası kimlər tərəfindən və necə reallaşdırılacağı, o düşüncədə olan insanların necə və kimlərin yetişdirəcəyini göstərilmədiyi bir kitabdır. Məsələyə belə də baxsaq ki, kitabın həcmi çox kiçikdir və bu həcmə bu qədər məlumatı onsuzda qənaətbəxş saymaq olmayacaq, ona görə kitab yaxşı sayıla bilər. Vaxtında Karl Marks və Fridrix Engels də "Kommunizmin manifesti" kitabını yazanda orada bütün detalları və incəlikləri qeyd etməmişdi, amma yenə də bir manifest kimi öz funksiyasını yerinə yetirməyi, yəni sanki qanunvericilikdə məcəllənin birinci fəsli olan "Əsas müddəalar" funksiyasını yerinə yetirmişdi. Eləcə də Əhməd bəy Ağaoğlunun kitabına bu bucaqdan baxdıqda o elə də pis kitab deyil.
Bu cəmiyyətdə hamı bir-birini idarə və nəzarət edir. Bu bir baxıma həm yaxşı, həm də pisdir. Bu cəmiyyətin daha bir müsbət cəhəti isə ondan ibarətdir ki, bu cəmiyyətdə heç kim nə artıq deyil, nə də özünü artıq hiss etmir, çünki burada "alçalan sinif" yoxdur. Hamı bir saatın mexanizmi kimi bir birinə təkan verir və yardım olur. Bunu reallaşdırmaq əlbəttə çətin görünür, amma fikrimcə mümkünsüz deyildir.
Əhməd bəy bu kitabında utopik dünyasının həm elmi tərəfinə, həm də əxlaq və mentalitet prinsiplərinin qorunmasına və onları birdən birə dəyişmək yox, onları mühakimə etmək və tənqidi yanaşmaqla təkamülünə üstünlük verib. Elmi tərəfinə gəldikdə isə, o vaxtdan bəlli idi ki elm inkişaf edir və alimlərinə hörmət etməyən ölkə inkişaf etməz. Buna baxmayaraq hörmət sözünə də tənqidi yanaşaraq birinə hörmət etməklə, onun hər sözünə inanmaq, əməl etmək arasında dəqiq xətti cızır. Eləcə də bu tip həyatda sadə əhalinin həyatını da təsvir edir və bu dünyada vəzifəli şəxs olmaq həmişə üstünlük deyil. Əlbəttə öz üstünlükləri var, amma bununla bərabər məsuliyyətləri və öhtəçilikləri cəhətləri də az deyil. Amma bu öhtəçilikləri təkcə vəzifəli şəxslərin yox, həm də vətəndaş cəmiyyətinin üstünə də qoyur. Bu artıq istəklə yox məcburi hala çevrilir. Düzdür bu məcburilik özü də tənqid oluna bilən bir məhvumdur və məcbur olsunmu, ya olmasınmı özü də bir sualdır, amma yenə də bu Əhməd bəyin öz fikridir və başqaları da onun özünün də vurğuladığı kimi razılaşmağa məcbur olmalı deyil və əksinə razılaşmayıb alternativ qoymağı və beləcə inkişaf etdirməyi daha məqsədəuyğundur.
Eyni zmanada yazıçının Dostayevskinin çox bəyəndiyim “Yaxşı və pis insan yoxdur, bədbəxt insan var” sözü ilə müqayisə etdiyim yeni bir sözü də var: “Bir insan doğularkən pis, ya da yaxşı doğulmur. İnsanı pis, ya da yaxşı adama çevirən mühitdir, mühitin verdiyi tərbiyə, aşıladığı düşüncə, duyğu və adətlərdir.” Başqa bəyəndiyim fikir də, əvvəl Jak Freskodan da eşitdiyim bir fikirdir: “İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik, ailə və məktəbdə verdiyimiz tərbiyə... Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumu əkmiş olacaqsınız.”
Ümumilikdə götürdükdə bu kitabda bir çox maraqlı və düşündürücü fikirlər var. İndi yeni görünməsə də öz dövründə 1930-cu il üçün yeni-yeni formalaşmış və hələ də aktuallığını itirməyən fikirləri, dəyərləri özündə əks etdirən bir kitabdır.



Müəllif: Rövşən Nəzərov

Yorumlar