"Haruki Murakami: Sərhəddən cənubda, günəşdən qərbdə" - Aynur Əliyeva

Yapon ədəbiyyatından oxuduğum ilk əsər məhz elə bu olmuşdur. Hansı ki sonradan da bu ədəbiyyata və bu müəllifə müraciət etməyimin axarlı olmasına yol açmışdı. Belə ki, Haruki Murakami müasir yapon yazıçısı olmaqla yanaşı, həm də tərcüməçidir. 1949-cu il 12 yanvarda Kiyotoda anadan olub. Ədəbiyyat fakültəsini bitirmişdir. Yazıçı Azərbaycanda bir o qədər
tanınmasa da, dünyanın bir çox ölkələrində tanınır. Əsərləri 30-dan çox dilə tərcümə olunmuşdur.  Hətta “Kafka sahilində” əsəri 2005-ci ildə  New York Time tərəfindən ən yaxşı 10 roman siyahısında olub. Bu əsər ona nəinki bunu qazandırıb, hətta Franz Kafka  və vord fantacy award mükafatlarına da layiq görülmüşdür. Bundan başqa digər uğurlu əsərləri da var. “Norveç meşəsində”, “1Q84” və s. Keçid almaq istəyirəm, “Sərhəddən cənubda, günəşdən qərbdə” əsərinə.  1992-ci ildə yazılmış bu romanın yaponca adı isə “Kokkyo no minamı  taiyo no nisi”. Bəzi tənqidçilər isə bu əsəri bəzən “Kasablanka” adlandırırlar. Əsərin adı Net King Kolun “South of the border” mahnısından götürülüb.  Murakaminn əksər əsərlərində olduğu kimi və eləcə də onun elə ən gözəl cəhətlərindən biri olaraq deyə bilərik ki, burda da bu əsərində də insan psixologiyası və onun hər bir emosiyasının  çox yüksək şəkildə ifadəsi əsəri daha da oxunaqlı , axıcı edib. Hər şeydən çox əsər bu baxımdan xoşuma gəldi. Çünki, fikrimcə, təsvirlərin güclü olması hər bir əsər üçün olduqca vacib əlamətdir. Ümumiyyətlə, bir çox əsərlərində bütün bunlar, obrazlar, daxili aləmləri hər şey o qədər dolğun şəkildə əks olunur ki, yazıçı bir dəfə “əsərlərimdə hər kəs öz istədiyini tapa bilər” deyə fikir bildirmişdi. Yəni, hamı görmək istədiyini, özünün gördüyü reallığı tapa bilər.Əsərin əsas qayəsi belədir: Hacime adlı gənc bar sahibi düz 25 ildən sonra həyatının əsl sevgisinə - Şimamatoya rast gəlir. Yox, bu onda hələ indi yaranan ilk sevgi deyildi, sadəcə ona yenidən rastlamışdı.. Hansı ki onlar sanki 12 yaşından sevgili idilər. Bəlkə də bu “yenidən”-lik yeni başlanğıclara səbəb ola bilərdi... amma sadəcə “bilərdi”. Vaxtilə olan o sevgi yenidən baş qaldırmağa başlayır. Lakin daimilik ola bilmir. Həmin hisslər yenidən sona qədər birləşə, dirilə bilmir. Şimamatodan sonra bir neçə münasibəti olmuş Hacime heç birində məhz  “o” hissi tapa bilməmişdi.  Hər  ondan “sonrakilərdə” dərin bir boşluq içərisinə qapılardı. Hətta münasibəti olduğu  digər bir qız- İzumi haqda “o mənə  həmişə  ləzzətlə uzanıb  istirahət edilən  bazar günü  səhəri kimi  bir hiss bağışlayırdı.” deyə düşünürdü. Yəni sadəcə və sadəcə ləzzət mənbəyi olaraq  görürdü. Əsərin  diqqətimi çəkən , bir o qədər də xoşuma gələn məqamlarından biri də, tez-tez təkrarlanan bir mahnı sözləri idi. 
                                           Pretend you are  happy when you are blue
İt is not very hard to do. 
(Qəmgin olanda da xoşbəxt kimi davran, bunu eləmək çox da çətin deyil.)
Həyata yanaşma formasına aid olan bu mahnı da eyni müəllifin Net King Kolun repertuarından idi.
Əsərdə Şimamatonu özüm kimi görürdüm, hansı rəngi sevməsindən tutmuş  bütün digər xarakterlərinə kimi. Amma hərdən qınadım da.. necə ki bəzən özümü də günahlandırıram. Şimamotonu özümdə görməkdən əlavə də, düşünürəm ki, Murakami əsəri elə özündən bəhrələnərək də yazmış ola bilər. Bəlkə də Hacime onun prototipidi. Bir sıra xüsusiyyətlərinə görə əsər mənə çox avtobioqrafik təsir bağışlayır. Məsələn , Murakaminin öz həyat yoldaşının adı da Yokodur. Əsərdəki həyat  yoldaşının adı ilə oxşarlıq var.( Yukiko)  və Murakaminin özü də  həqiqətən də jazz-bar sahibi olmuşdur.  Bütün yazıçıların əsərlərində öz həyatlarının əsərlərinə büruzə verdiyi kimi bu üslub Murakamidən də yan keçməmişdir deyə düşünürəm.  Ümumilikdə isə əsər sanki Herman Hessenin bir cümləsini xatırladır, sanki başdan başa onun üzərində qurulub. “Sona qədər yaşanmamış çilələr geri dönür...”. Hacime və Şimamato məhəbbəti də  yarımçıq qalmış hisslərin təzahürü idi. Müəllif elə sonluğu da müəmmalı, yarımçıq şəkildə qoyub. Hər  kəsin öz individual düşüncəsi ilə yanaşmasını istəyib bəlkə də.  Nəinki sonluq açılmayan bir çox məsələlər insanda sual doğurur. Bunlar elə  sona doğru müəmma açılmayan hissələr olaraq da qallır. Amma digər tərəfdən də, bir məqam var ki, Hacime sonluğa yaxın bir cümlə işlədir: “Heç kim mənim gözümə görünməyəcək, başqalarının gözünə görünmə sırası məndədi” bu cümlənin özü də bir sona işarə, aydınlama ola bilər..

Müəllif: Aynur Əliyeva

Yorumlar