Oxucu analizi: "Ah, Dorian, Dorian..." - Aqil Bəkir


Son vaxtlar kitab oxumağı bir az yadırğasam da, ruhumda yer etmiş kitablar və müəlliflər var. Onlar haqqında nə qədər düşünsəm də, düşüncələrimdə hər zaman bir qeyri-sabitlik olur ki, bu dəyişkənlik də o əsəri mənə daha çox sevdirir.
Təbiət və maraq etibarilə bir müəllifdən bir əsər oxuyuram və əgər bəyəndimsə, eyni müəllifdən davamını gətirmirəm. Çünki qorxuram. Qorxuram
ki, tanışlıqdan sonrakılar birdən ilk oxuduğum əsərə nisbətdə aşağı səviyyəli olar və beləliklə, müəllif də, elə əsər də gözümdən düşər.
Bu düşüncənin kasad olduğunun fərqindəyəm, ancaq kasad olduğu qədər də zövqvericidir.
Bu gün fikrimi bildirəcəyim əsər, əlbəttə ki, oxuduğum kitablar içərisində ən zirvəyə yerləşdirdiyim Oskar Uayldın "Dorian Qreyin portreti" romanıdır. Bu roman haqqında çox danışıb, çox yazmış olsam da, yenə də ondan yazmaq istədim. Çünki yazdıqca yazılası bir ustalıqla qələmə alınıb bu roman.
Uayldın həyatının sirli və qaranlıq məqamlarını "portret"in bir rəngində vermiş olması isə bu əsəri daha da oxunaqlı edir.
Oskar Uayld estetik idi. Ancaq bu əsər nə qədər reallıqdan uzaq olsa da, mən Uaylda bir də "realist" damğası yapışdırardım. O, nə qədər estetikdirsə, o qədər də realistdir.
Oskar Uayldın "Dorian Qreyin portreti" romanında insanın daim cavan qalma arzusunun gerçəkləşməsi və bu gerçəklik fonunda baş verən hadisələr fəlsəfi bir şəkildə təsvir olunub. Öz portretini gördükdən sonra: "Necə böyük bir kədərdir, Aman Allah! Mən qocalacaq, qorxunc bir məxluq olacağam, amma mənim portretim əbədi cavan qalacaq! Kaş əksinə olaydı, kaş bu portret qocalaydı, mənsə əbədi cavan qalaydım!" - deyə dərin bir üzüntü keçirən Dorian nə biləydi ki, onun bu arzusu bu kəlmələr dilindən tökülərkən artıq həyata keçir?!
"Qocalığın faciəsi onda deyil ki, insan qocalır; faciə bundadır ki, qəlbən cavan qalır" - deyən Lord Henri Dorianın cavan qalmağı arzulamasına səbəb olan kəsdir. O kəs ki, hamı onu "adam yoldan çıxaran" kimi tanıyır. Və onlar yanılmırlar. Həqiqətən də, Lord Henri adam yoldan çıxarandır və onun növbəti "qurbanı" da məhz Dorian olur.
Əsərdə mənim üçün Doriandan da önəmli olan bir şəxsdir Henri. Mən məhz onu əsərin baş qəhrəmanı kimi görürəm. Çünki o bir "şeytandır". Ağlabatan və yoldançıxaran mülahizəsi olan bir şeytan. Əsər boyu heç bir yerdə yanılmayan o şəxs, ancaq bir yerdə yanılır: Dorian kimi bir gözəllik sahibinin cinayət işləyə bilməyəcəyini dilinə gətirərkən. Çünki onun düşüncəsinə görə cinayətkar heç vaxt gözəl ola bilməz. Ancaq Henri haradan bilsin ki, Dorian günah işlərkən günahın yansıması portreti dəyişdirir, Dorianı yox...
Roman başdanbaşa təzadlardan ibarətdir. Elə bir təzad ki, cismani gözəlliklə qəlbi pozğunluq bir bədəndə cəmlənib. Üstündən 18 il keçib və əvvəlki saf, təmiz Doriandan geriyə qalan sadəcə onun gözəlliyidir və bu gözəlliyin özü də bir qorxudur. Dorian əbədi cavanlığından istifadə edir və həyatdan "zövq" alır. Bu zövqlər isə artıq onu pozğun bir həyata sürükləyib və biz əsərin əvvəlindəki Dorianla sondakı Dorian arasında dərin bir uçurumun olduğuna şahid oluruq.
Hadisələr sürət və zaman eyniliyini ayaqlayır. Zaman yavaşdır, sürət isə öz axarında. Söhbət kitab oxuyan zaman və sürətdən gedir.
"Estetik gözəlliyi olan şeylərdə eybəcər mənalar axtaran adamlar əxlaqsız adamlardır və bu tərbiyəsizlik heç də onları cazibədar göstərmir. Bu, böyük qüsurdur. Estetik gözəlliyi olan şeylərdə ali məna tapanlar mədəni adamlardır. Onlara ümid etmək olar. Onlar seçilmiş adamlardır və estetik gözəllikdə yalnız bir şeyi görürlər: gözəlliyi!
Yaxşı və yaxud pis kitab olmur, yaxşı və yaxud pis yazılan kitablar olur. Vəssalam" - deyir Uayld Dorian Qreyin portretində və elə bununla da yekunlaşdıraq. Yekunlaşdırım: "Yaxşı və yaxud pis kitab olmur, yaxşı və yaxud pis yazılan kitablar olur. Vəssalam".

Müəllif: Aqil Bəkirli

Yorumlar