"Ölümün mənası haqqında kiçik dialog" - Artur Şopenhauer


   Thrasymachos: Mənə qısaca söyləyin, ölümdən sonra nə olacağam mən? Açıq və qəti şəkildə.
   Philalethes: Hər şey və heç bir şey.
  Thrasymachos: Gözlədiyim də bu idi. Bir məsələnin həlli olaraq irəli sürülən bir ziddiyyət. Bu hiylə köhnəlib.
   Philalethes: Immanent bilik (bilik/Erkenntniß) üçün yaradıl-mış dildə transsendent suallara
cavab tapmaq qaçınılmaz olaraq ziddiyyətlərə yol açar.
 Thrasymachos: Nəyə transsendent , nəyə immanent bilik deyirsiniz siz? Bu ifadələr haqqında məlumatım olduğu doğrudur, professorum istifadə edirdi, amma o sadəcə qadiri-mütləq Tanrının predikatları olaraq istifadə edirdi bu ifadələri, ki onun fəlsəfəsi yalnız bunun kimi şeylərlə əlaqədar idi və bunlar o cür məsələlər üçün yeganə doğru və uyğun təbirlərdir. Bu səbəbdən o əgər dünyanın içərisindədirsə immanent, dünyanın xaricində bir yerdədirsə transsendent oraq qəbul edilir. Baxın, kifayət qədər açıq və anlaşılan deyil mi? Burada nə haqqında danışdığımızı bilirik. Lakin(köhnəlmiş) Kant fəlsəfəsi təbirlərindən kim nə anlayar? Alman elm metropolisindən yayılan hakim qənaət –
    P(özü-özünə danışaraq): Alman fəlsəfəsi boşboğazlığı.
   T: -bütün bir böyük adamlar silsiləsi ilə, xüsusilə tanınmış Schleiermacher və böyük baş Hegel ilə bütün bunlardan geri çəkilmiş və ya daha doğrusu, o qədər irəli aparılmışdır ki, bütün bunları arxasında buraxmış və artıq bunları tanımaz, haqqında danışmaz olmuşdur. Bəs siz bunlarla nəyi nəzərdə tutursunuz?
   P: Transsendent bilik mümkün təcrübə hüdudlarını keçib şeylərin təbiətini olduqları kimi müəyyən etməyə çalışan bilikdir. Bundan fərqli olaraq immanent bilik özünü mümkün təcrübə hüdudlarının içində saxlayar və bu səbəbdən dolayı etibarlılıq sahəsi fenomenlərlə məhduddur. Bir fərd olaraq ölümlə birlikdə varlığınız sona çatar, lakin fərd sizin həqiqi və mütləq özünüz deyil, daha çox onun bir təzahüründən ibarətdir. O özündə şey deyil, lakin sadəcə onun zaman forması içində özünü göstərən və bu səbəbdən bir başlanğıcı və sonu olan fenomenidir. Bundan fərqli olaraq sizin həqiqi özünüz nə zaman, nə başlanğıc, nə son, nə də müəyyən bir fərdiliyin hüdudlarını tanıyır. Bu səbəbdən dolayı fərdilik onsuz ola bilməz, amma o onların hər birində və hamısında var. Buna görə ilk anlamda ölümlə birlikdə varlığınız sona çatacaq; ikinci anlamda var olacaq və hər şeydə varlığınızı davam etdirəcəksiniz. Bu səbəbdəndir ki, sizə ölümdən sonra hər şey və heç bir şey olacağınızı dedim. Verdiyiniz suala bu qədər qısa bir zamanda bundan daha doğru cavab çətin tapılar, əlbəttə bu cavab içində bir ziddiyyət daşıyır, çünki həyatınız zamanda, ölümsüzlüyünüz isə sonsuzluqdadır. Buna görə ölümsüzlüyünüzün yox edilə bilməyən, amma yenə də davamlılığı olmayan bir şey olduğu deyilə bilər,  ki bu da yeni bir ziddiyyətə yol açar. Amma transsendent olan immanent biliyin hüdudları içərisində danışılmağa çalışılanda hər zaman olacaq olan budur: çünki o zaman belə bir bilik, nə üçün doğulmuşsa onun üçün istifadə olunacağı yerdə yanlışlıqla doğulmadığı şey üçün istifadə olunduğuna görə bir növ məcbur edilməyə məruz qalmış olur.
    T: Baxın, fərdiliyim davam etmədiyi halda sizin o ölümsüzlük deyə danışdığınız şeyə qəpik belə vermərəm.
   P: Bəlkə də buna rəğmən sizinlə sövdələşə bilərik. Deyək ki, sizə fərdiliyinizin davamı üçün zəmanət verdim, amma bu zəmanət qarşılığında da bu fərdiliyin yenidən oyanmasından əvvəl bütünlüklə şüursuz 3 aylıq bir ölüm yuxusunu bir şərt olaraq irəli sürdüm.
    T: Bu şərti qəbul edərəm.
   P: Çox yaxşı, indi tam bir şüursuzluq vəziyyəti içində qətiyyətlə heç bir zaman ölçüsünə sahib olmayacağımız üçün biz bu ölüm yuxusuna yatarkən şüur dünyasında istər üç ay, istərsə də on min il keçmiş olsun, bizim üçün heç fərq etməyəcək. Çünki qalxdığımızda inanc və güvənə bağlı olaraq birini də ən az digəri qədər qəbul etməyə hazır vəziyyətdə olmağımız lazım olacaq, bu səbəbdən fərdiliyinizin istər üç ay, istərsə də on min il sonra geri verilmiş olmasının sizin üçün önəmli olan bir tərəfi olmayacaq.
    T: Son təhlildə bu əlbəttə inkarı mümkün olmayan bir şeydir.
   P: İndi hesab edək ki, on min il sonra oyandıracaq kimsə sizi oyandırmağı unutdu. Belə güman edirəm ki, belə bir qəza çox qısa bir varoluşun ardından çox uzun sürən bir var olmayış vəziyyətinə bu qədər öyrəşdikdən sonra böyük bir talehsizlik olmazdı. Fəqət burası dəqiqdir ki, ona dair hər hansı bir şey hiss edə bilməzdiniz; mövcud fenomenal varlığınızı həyatda tutan sirrli qüdrətin bu on min il boyunca eyni növdən başqa fenomenal varlıqları meydana gətirib hərəkətə keçirməkdən bir an belə geri durmadığını bilsəydiniz bu məsələ ilə bağlı olaraq yenə rahatlıq duyardınız.
   T: Elə mi? Və beləcə siz səssiz sədasız və hiss etdirmədən mənim fərdiliyimi hiylə ilə əlimdən alacağınızı hesab edirsiniz? Fəqət məni bu şəkildə aldada bilməzsiniz. Mən fərdiliyimin qorunacağını şərt qoymuşdum və onun itməsi halında nə sirrli güclər, nə fenomenlər məni təsəlli edə bilər. O mənim üçün çox qiymətlidir və onun əlimdən alınmasına izn verməyəcəyəm.
   P: O halda siz fərdiliyinizi o qədər xoş, gözəl, mükəmməl və bənzərsiz görürsünüz ki, sizin üçün onu üstələyə biləcək heç bir şey yoxdur; və bu səbəbdən dolayı siz onu, daha yaxşı və daha rahat yaşamağın mümkün olduğu irəli sürülə biləcək bir şey olsa belə, heç bir şeylə dəyişməyə yanaşmırsınız.
   T: Baxın, mənim fərdiliyim, nə olursa olsun, mənim parçamdır, o mənəm.
Mir geht nun auf der Welt nichts über mich:
Denn Gott ist Gott, und ich bin ich.
(Bu dünyada heç nə məndən üstün deyil
Çünki Tanrı Tanrıdır, mən də mən.)
   Mən, mən, mən, var olmaq istəyirəm! Mənim üçün önəmli olan, ən çox dəyər verdiyim şey budur, mənə aid olduğuna inanmaq üçün öncə razı salınmağıma ehtiyac olan varoluş deyil.
   P: İndi baxın! Bu “Mən, mən, mən var olmaq istəyirəm” deyə fəryad edən sadəcə siz deyil, lakin hər şey, qəti olaraq hər şeydir, hətta ən kiçik bir şüur əlaməti daşıyanı belə bunun kənarında deyil. Bu səbəbdən sizdəki bu arzu şübhəsiz ki, fərdi olmayan, amma hər kəs üçün müştərək bir şeydir. O fərdilikdən deyil, fəqət ümumi olaraq varoluşdan qaynaqlanır və var olan hər şeyin təməlini təşkil edər, hətta hər şey onun sayəsində varoluşa sahip olur; bu səbəbdən o yalnız müəyyən bir fərdi varoluşla deyil, ancaq ümumi olaraq varoluşla maraqlanır və ancaq onunla qane olur. Çünki o, hər nə qədər hər zaman belə görünürsə də, mütləq bu cür bir fərdi varoluşu hədəfləməz, zira o bir fərdi varlıqda olmadıqca başqa cür şüura çata bilməz və bu səbəbdən dolayı hər zaman sadəcə onunla maraqlanmış kimi görünür. Ancaq bu fərdin dar düşüncəliliyi ilə toruna düşdüyü, amma təfəkkürün dağıdıb bizi xilas edə biləcəyi bir yanılmadan başqa bir şey deyil. Çünki bu qədər şiddətlə varoluşu arzu edən şey sadəcə bilvasitə olaraq fərddir; birbaşa və uyğun ifadəsi ilə o ümumi olaraq yaşama iradəsidir ki, hər şeydə bir və eynidir. İndi varoluşun özü iradənin sərbəst işi, daha doğrusu iradənin bir əksindən ibarət olduğu üçün varoluş iradədən qaçıb qurtula bilməz. Fəqət iradə ümumi olaraq varoluşla ancaq müvəqqəti qane ola bilər, daha doğrusu əbədiyən qane edilməmiş iradə nə qədər qane edilə bilirsə ancaq o qədər qane edilə bilər. Onun yanında fərdiliklərin bir-birindən fərqi yoxdur; hər nə qədər onu ancaq özündə birbaşa dərk edən fərdə özləri haqqında danışır kimi görünürsə də, o əslində onlardan söz etməz. İradənin bu öz varoluşunu başqasından daha diqqətli qoruması və beləliklə növlərin davamını təmin etməsi bunun bir nəticəsidir. Buradan fərdiliyin bir mükəmməllik deyil, bir məhdudlaşma səbəbilə ondan qurtulmanın da bir itki deyil, əksinə bir qazanc olduğu özlüyündən anlaşılır. Bu səbəbdən dolayı, əgər təbiətinizi tamamilə və onu əsl təməlinə qədər-yəni bir parçası olduğunuz dünyəvi həyat iradəsi olaraq-tanısaydınız sizə uşaqcasına və tamamilə gülünc görünəcək bir qorxunu içinizdən atardınız.
   T: Əslində, siz özünüz və bütün filosoflar uşaqcasına və tamamilə gülüncsünüz! Mənim kimi ciddi və ağır başlı biri bu cür axmaqlarla on beş dəqiqəlik bir söhbəti ancaq əylənmək və vaxt keçirmək üçün edər. Görəcək çox daha önəmli işlərim var. Sağ olun. Tanrı sizə kömək olsun!


Tərcümə edən: Könül Bəndiyeva
Mənbə: Artur Şopenhauer "Ölümün mənası", "Dialog formasında kiçik bir başlanğıc"



Yorumlar