Fəlsəfi esse: "Reallıq haqqında fikirlər" - Vüsal Qasımov


2 tip fikir var: abstrakt və reallıq haqda. Abstrakt fikirlər bizim beynimizdə yaratdığımız çərçivələr, konstruktlar içində yaratdığımız fikirlərdir. Bu fikirlər düz və ya yanlış ola bilərlər, çünki fikrin işlədiyi sistem bizim tərəfimizdən təyin olunur. Yanlışlıqlar elementlərin beyində simulyasi-yasının yanlışlığından ola bilər və ya sistem səhv qurula bilər.
Düzgün də ola bilər. Tam, müzakirəsiz, riyazi məntiqlə doğru. Riyaziyyatda 2+2=4 olduğu qədər doğru. Riyaziyyatda aksiomlar sistem və çərçivələrdir.
   Reallıq haqda fikirlər isə heç vaxt tam dəqiq ola bilməz. Çünki biz baş verənlərin, baş verən şeylərin işlədiyi sistemlərin, çərçivələrin hamısını bilmirik. Elm kimi bir sistem belə reallığın işlədiyi sistemlərin təkrarlana biləcək müşahidələrlə yaradılmış modelləri və ya təxminləridir.
   Din obyektiv əxlaqla, obyektiv həqiqətlər yarada bilər, çünki bu sistemdən kənar bir anlayışdır, hansı ki, sistemi yaradır. Amma bu həqiqətlər mənbədən və təsdiqlənə bilən metodlarla yox, inanan insanlar tərəfindən deyilirsə, deməli həmin fikirlər də dəqiq deyildir və hər şeyi dəqiqlik üzərində qurulmuş fikirlər ədəbiyyata dönür. Dinin düzgün olduğunun yeganə sübutu onun bu sistemdən kənar anlayış olmasının təsdiqi ola bilər. Və bu halda din dəqiq məlumatları verə bilər. Burda belə bir çox problemlər ortaya çıxır. Əgər biz sistemi təxmini modellərlə olsa belə, əsaslı şəkildə bilmiriksə, bir şeyin sistemdən kənar olmasını necə sübut edə bilərik? İndiki elmin kəşfləri keçmiş adamlara sistemdən kənar görünməzdimi?
   Yəni hə, düzgün abstrakt anlayışlar yarada bilsək belə, reallıq haqda yalnız təxmini modelləri yarada bilərik. Əlimizdə olan ancaq bu modellərdir. Elmin modelləri. Elm özündə həmişə səhv axtardığı üçün bu modellər, qoyulmuş spesifik vəziyyətlərdə məntiqlə izah oluna biləcək, sistemləşdirilə biləcək və təkrarlana biləcək nəticələr verir. Hələ ki, reallıq haqda ən doğru anlayışlarımız bunlardır.
  Bunlar dəqiqləşdirildikdən sonra
1) Heç nəyin xüsusi bir mənası yoxdur;
2) Dünya niyələrlə deyil, necələrlə işləyir;
3) Axmaqlıq ancaq daha çox problem gətirir;
4) Rifahsız, təhlükədə insanlar məcburiyyətdən cəmiyyəti narahat edəcək şeylər edirlər;

1-ci anlayış

   Məna və dəyər kimi anlayışlar yalnız bizim beynimizdə yaranan, psixologiyamızın tələb etdiyi anlayışlardır. Biz adi hərəkət eləməkdən tutmuş, yaşamağa, yeməyə, cinsi əlaqəyə girməyə kimi hər şeyi eləmək üçün qərar vermə mərhələsində hiss etdiyimiz itələyiciyə, iradəyə və ya koqnitiv şəbəkəmizin deduksiya elədiyi gələcək hərəkət üçün qərarlara, onları eləməyə hansısa bir ağırlıq yükləməliyik. Həmişə yükləyirik. Bu yükləmələrə biz məna, dəyər, şərəf, ləyaqət, namus və s. kimi adlar qoymuşuq. Psixoloji anlayış olaraq məna və dəyərlər vardır.
   Bu anlayışlar olmadan biz yaşaya bilmərik. Və bir kəsin bu anlayışlar olmadan nəsə etməsi mümkünsüzdür. Genetik olaraq hesablanmış emosiyalar bizi ağ kağız olduğumuz vaxt öyrənməyə vadar edir. Amma bir müddət sonra bu sistemi məntiqlə idarə altına almaq lazımdı. Çünki emosiyalardan gələn bu mənalar, dəyərlər, niyələr obyektiv deyil və bizə sağ qalmaq üçün lazım olan sistemlərdən qaynaqlanır. Həmin sistemlər isə əsasən eqoistdirlər, uzun müddətli deyil, qısa müddətli düşünürlər.
   Bu mərhələdə artıq ağ-qara düşüncə insanları bürüyür. Əgər obyektiv məna yoxdusa, məna sadəcə psixoloji tələbatdırsa, o zaman istədiyimiz adamı öldürüb zorlaya bilərik. Və əslində hə. Mən indi bu yazını yazdığım komputeri başıma çırpıb qıra bilərəm. Evdə qazı açıq saxlayıb sonra kibriti yandıra bilərəm. Amma bir şeyin fiziki olaraq mümkün olması o demək deyil ki, həmin şeyi eləməliyik. Biz bu həyatı bir dəfə itirəndə ona geri gəlmədiyimizi bilirik. Yəni həyat dəyərlidir. Hər birimiz məntiqlə bir-birimizi öldürməyin düzgün qərar olmadığını düşünürük, çünki sosial varlıqlarıq. Empatiyanın sağ qalan fərdlərdə daha çox olub təkamüldə artmasının da səbəbi var. İnsanlarda demək olar bütün əxlaq empatiyadan gəlir. Bu o demək deyil ki, empatiya məntiqli bir şeydir. Sadəcə bizim bir-birimizi öldürməməyimizə, zorlamamağımıza daha çox səbəb var, nəinki zorlamağa.

2-ci anlayış

   Bizim gördüyümüz qədəri ilə dünya deterministik sistemlə işləyir. Necələrlə. Fizika qanunları işləmək üçün hər hansısa səbəb ehtiyac duymurlar, sadəcə elədirlər. İnsanlar isə, emosiyalara qapılıb fizikadan və hormonlarda kənar, hansısa səbəblə hərəkət etdiklərini düşünürlər. Fəqət ki, bu səbəb tapılmayacaq. Amma bu səbəbin olmaması nihilizmə səbəb olmalı deyil. Çoxunun anladığı nihilizm başqa bir emosiyadır. Nihilizm bizim heç bir obyektiv mənanın, əxlaqın olmamasının fikridir və doğru bir fikirdir, amma bu fikir depressiya və ya stres yaratmalı deyil.
   İnsanlar genlərinin, doğulandan yığılan məlumatların işləndiyi bir sistemdilər, maşın kimi. Niyə sualı beynimizin dövrələrinin tələb etdiyi sualdır. Amma həmin sistem aldadıla bilər. O, konseptlərin qəlizliyini anlamır, ona sosial status, cinsi əlaqə, uğur, qida kimi şeylər lazımdı. Pornoya baxan beyin cinsi əlaqədə olduğunu düşünür. Hətta təsəvvür edəndə belə bu mümkündü. Neokorteks kərtənkələ beynindəki sistemlərdən çox üstündür. Amma heç də həmişə bu mübarizədən neokorteks qalib çıxmır.

3-cü anlayış

   Yeganə yaxşı məlumatdır və yeganə pis cəhalətdir. Yeganə müdriklik heç nə bilmədiyini bilməkdədir. Sokratın məlumatsızlığımızı anlamaq üzərində vurduğu vurğu daha düzgün ola bilməzdi. Dunninq Kruqer effektinə görə, axmaq insanlar özlərini daha ağıllı hesab edirlər, verdikləri qərarlara daha əmin olurlar. Sokrat, indiki dövrdəki anlayışlar içində axmaqlıq xoşbəxtlikdir qədər şər bir anlayışın olmadığını deyərdi. Həqiqətən də, nihilizmlə, ya hansısa reallıqlarla depressiyaya qapılıb dünyanı anlayan adam özlüyündə bədbəxt ola bilər, amma ətrafındakıların təbiətini anlayıb onlara heç nə eləməyəcək. Axmaq adamsa öz yalançı reallığına qapılıb xoşbəxt ola bilər, amma anlamaz ki, onun xoşbəxtliyi onlarla, yüzlərlə şəxsin bədbəxtliyi üzərində qurulub və ya DK effektinə görə öz qərarlarını mütləq hesab edib başqalarının yerinə qərar verər. İq səviyyəsi ilə ölkələrdə olan sosial problemlər düz mütənasibdir.

4-cü anlayış

   Qanunlar, insan haqları cəmiyyətin olduğu rifah ilə düz mütənasib əlaqədədir. Rifah aşağı olduqda, insanların daha çox qanunu pozması daha normal qarşılanır və daha çox müşahidə edilir. Və insanların rifahsızlıq içində, öz ailəsini qorumaq üçün elədikləri bir çox şeylər anlaşılandır və məntiqlidir. Hər kəs sağ qalmağa çalışır.
Bizim eləməli olduğumu çox sadədir. Mənalar, emosiyalar, subyektiv şeylər üzərində düşünməkdənsə, rifahı, təhsili artırmaq üzərində düşünməliyik. Bir stolda oturub səmimi şəkildə bir şeyləri dəqiq bilmədiyimizi deməyi bacarmalıyıq.

Müəllif: Vüsal Qasımov

Yorumlar