"Şərqin və Qərbin xoşbəxtlik idealları" - Bertrand Rassel


 Uellsin zaman maşınını hər kəs bilir; maşın, ona sahib olan insanın zaman içərisində irəliyə və geriyə getməsini, keçmişin nəyə bənzədiyini, gələcəyin necə olacağını şəxsən görməsini təmin edər. İnsanlar Uellsin maşınının verdiyi faydaların bir çoxunun, günümüzdə də, dünyanın müxtəlif yerlərinə səyahət edərək təmin oluna biləcəyini görə bilmirlər. Nyu Yorka, ya da Çikaqoya
gedən bir avropalı gələcəyi, əgər iqtisadi bir fəlakət meydana çıxmazsa Avropanın çata biləcəyi gələcəyi görəcək. Digər tərəfdən əgər Asiyaya gedəcəksə, keçmişi görəcək. Mənə deyildiyinə görə, Hindistanda Orta əsrləri, Çində(1920) 18-ci yüzilliyi görəcəkdir.
   Əgər George Vashington Yer üzünə geri gəlsəydi, yaratdığı ölkə onu da təəccübləndirərdi. İngiltərədə bir az daha az, Fransada isə ondan daha da az özgəlik yaşayardı. Ancaq Çinə çatmadan özünü tam olaraq ölkəsində hiss etməzdi. Xəyali səyahətləri boyunca ilk dəfə orada, “yaşam, azadlıq və xoşbəxtlik  axtarışı”na hələ inanan, bunları Müstəqillik Müharibəsinin amerikalılarına oxşar şəkildə anlayan insanlarla rastlaşardı. Hesab edirəm, Çinin dövlət başçısı olması da çox gec olmazdı.
   Qərb sivilizasiyası Şimali və Cənubi Amerikanı, Rusiya xaricindəki Avropanı və avtonom İngilis dominyonlarını əhatə edir. Bu sivilizasiyada Amerika başda dayanır, Qərbi Şərqdən fərqləndirən bütün xüsusiyyətlər ən çox Amerikada dolğun və inkişaf etmiş vəziyyətdədir. İrəli getməyi təbii qarşılamağa alışmışıq: son yüz ildə baş verən dəyişikliklərin daha yaxşıya doğru olduğundan, yaxşıya doğru başqa dəyişikliklərin də hər zaman davam edəcəyindən heç şübhə etmirik. Müharibə və onun nəticələri Qitə Avropasında bu güvənli inanca bir zərbə endirdi; insanlar 1914-cü il öncəsinə, yüz illər boyunca təkrar geri qayıtmayacaq olan bir qızıl dövr gözü ilə baxmağa başladılar.
   Xeyirxahlığın məruz qaldığı bu sarsıntı İngiltərədə daha yüngül, Amerikada isə daha da yüngül olaraq gerçəkləşdi. Aramızda, irəli getməyi təbii qarşılamağa alışmış olan insanların, bizim yüz əlli il öncə dayandığımız mövqedə olan Çin kimi bir ölkəyə getmələri və yaşadığımız dəyişikliklərin bizi yaxşılığa doğru aparıb aparmadığını özlərinə sual vermələri xüsusilə maraqlı olacaq. Hər kəsin bildiyi kimi Çin mədəniyyəti, Konfutsinin İsadan beş yüz il əvvəl geniş yayılan ideyalarına əsaslanmışdır. Yunanlar və romalılar kimi Konfutsi də insan cəmiyyətinin inkişafının təbiətin qanunu olduğunu düşünmürdü; əksinə, çox qədim dövrlərdə hökmdarların müdrik insanlar olduğuna və insanların, korlanmış zəmanəmizin heyranlıq duyduğu ancaq çata bilmədiyi dərəcədə xoşbəxt olduqlarına inanırdı.
   Şübhəsiz ki, bu bir yanılma idi. Lakin nə olursa olsun Konfutsi dövrünün digər mütəfəkkirləri kimi, həmişə yeni uğurların ardınca düşmək əvəzinə, bəlli bir xarakter səviyyəsini qoruyan qərarlı bir cəmiyyət yaratmaq məqsədi güdürdü. Bu mövzuda indiyə qədər yaşamış olan hər kəsdən daha uğurlu oldu. Onun şəxsiyyəti o dövrlərdən bu günümüzədək Çin mədəniyyətinə iz qoymuşdur.
   Onun zamanında Çin bu günkü torpaqlarının yalnız kiçik bir hissəsini əhatə edirdi və bir-biriləri ilə mübarizə aparan əyalətlərə bölünmüş vəziyyətdə idi. Çinlilər, bundan sonrakı üç yüz il ərzində indi Çin olaraq tanınan ərazilərə yayıldılar və son əlli ilə gələnə qədər ərazi və əhalinin sayı baxımından dünyadakı ən böyük imperiyanı qurdular. Barbarların işğallarına, Moğol və Mançu xanədanlarına və arada yaşanan uzun və ya qısamüddətli vətəndaş müharibələri və iğtişaşlara baxmayaraq Konfutsinin sistemi mövcud olmağa davam etdi; özü ilə birlikdə incəsənət, ədəbiyyat və mədəni bir həyat tərzi gətirdi. Qərb və qərbiləşmiş Yaponiya ilə əlaqələr nəticəsində bu sistem təzəlikcə çökməyə başlamışdır.
   Bu qədər fövqəladə bir varolma gücünə sahib bir sistemin çox üstün xüsusiyyətləri olmalıdır; hörmət və diqqətimizə də layiqdir. Bu sistem sözün bizim başa düşdüyümüz anlamında bir din deyildir; çünki fövqəltəbii və ya mistik inanclarla bir əlaqəsi yoxdur. Tamamilə əxlaqi bir sistem olmaqla yanaşı qaydaları, xristianlığın qaydalarından fərqli olaraq, sıradan insanların tətbiq edə bilməyəcəyi qədər yüksək deyil. Konfutsinin fikirləri, əsasən, köhnəlmiş on səkkizinci yüzilliyin “cənab” idealına bənzər şeylərdir. Kəlamlarından biri bunu açıqlayır (Lionel Gilesin “Sayings of Confucius”- “Konfutsinin kəlamları” kitabından): “Əsl cənab heç bir zaman davakar deyildir. Əgər ortada qaçınılmaz bir rəqabət varsa, bu bir atış yarışması kimi həll olunur. Burada belə, yerini almazdan öncə və məğlub olduqdan sonra rəqibini nəzakətlə salamlayar, məğlub olmuşsa zərərini də qarşılayar. Beləliklə, dalaşarkən belə gerçək cənablığını qoruyar”.
   Əksərən, bir əxlaq müəllimindən gözlənildiyi kimi, məsuliyyətdən, fəzilətdən və bu cür şeylərdən danışar; amma insanı, təbiətə və təbii sevgiyə zidd olan hər hansı bir şeyə məcbur etməz. Bu da aşağıdakı söhbətdə görünür:
   Shi şəhzadəsi Konfutsiyə bunları dedi: Ölkəmizdə dürüst bir adam var. Atası bir qoyun oğurladı və oğlu ona qarşı şahidlik etdi. Konfutsi belə cavab verdi: Bizim ölkəmizdə dürüstlük bundan fərqli bir şeydir. Ata oğlunun səhvini, oğul da atasının səhvini gizləyər. Əsl dürüstlük ancaq belə davranışlarda ifadə olunur”. Konfutsi hər şeydə, hətta fəzilət mövzusunda belə, mülayim bir insan idi. Pisliyə yaxşılıqla cavab verməyin lazım olduğuna inanmazdı. Bir dəfə pisliyə yaxşılıqla qarşılıq vermə prinsipi haqqındakı düşüncəsi soruşulanda cavabı belə olmuşdur: “O zaman yaxşılığın qarşılığı nə olacaq? Haqsızlığa ədalətlə, yaxşılığa yaxşılıqla qarşılıq verməlisiniz”. Onun vaxtında Çində pisliyə yaxşılıqla qarşılıq vermə prinsipi, fikirləri xristianlığa Konfustinin fikirlərindən daha yaxın olan daoistlər tərəfindən irəli sürülmüşdür. Daosizmin banisi Lao-Tszı (Konfutsinin daha yaşlı bir müasiri olduğu hesab olunur) belə deyir: “Yaxşıya yaxşı, yaxşı olmayana da, onu yaxşılığa yönəltmək üçün, yenə yaxşı davranmalıyam. İnanc sahibi olanlara hörmət edirəm; olmayanlara da hörmət edirəm; çünki bəlkə, bu yolla onlar da inanc sahibi olarlar. Bir insan pis belə olsa onu kənarlaşdırmaq doğru ola bilər mi? Pisliyə yaxşılıqla qarşılıq verin”. Lao-Tszının bəzi sözləri Dağdakı Xütbənin (İsa tərəfindən müridlərinə verilən, xristianlığın başlıca qanunlarını ehtiva edən xütbə) bəzi hissələrinə inanılmaz dərəcədə bənzəyir. Məsələn belə deyir:
   Təvazökar olanlar olduqları kimi qalacaqlar. Yanlışlıqlar düzəldiləcək. Boşlar doldurulacaq. Köhnəlmişlər yenilənəcək. Yoxsullar müvəffəqiyyətli olacaqlar. Həddən artıq şeyə sahib olanlar yollarını azacaqlar”.


   Lao-Tszının yox, Konfutsinin milli müdrik olması Çinə xas bir xüsusiyyətdir. Daosizm də mövcud olmağa davam etdi, lakin cahil xalq arasında və sehr xarakterində. Onun fikirləri imperiyanı idarə edən tətbiqçilərə uydurma kimi gəlirdi. Konfutsinin fikirləri isə münaqişələrin qarşısını almaq baxımından çox yaxşı düşünülmüşdü.
   Lao-Tszı fəaliyyət əleyhinə arqument təqdim edir, belə deyirdi: “İmperiya işlərin öz təbii gedişatına buraxılması ilə qazanılmışdır. Hər zaman bir şeylər etmək məcburiyyətində olan insanlar imperiya sahibi olmağa layiq deyildirlər”. Ancaq təbii olaraq Çinin idarəçiləri Konfutsinin özünə hakim olma, xeyirxahlıq, nəzakət qaydalarını üstün tutdular, eyni zamanda müdrik hökumətlərin verəcəyi faydalara böyük əhəmiyyət verdilər. Bəyaz irqə mənsub müasir millətlərin hər birinin etdiyi kimi, çinlilər nəzəri olaraq bir növ əxlaq sistemini, təcrübədə isə başqa bir əxlaq sistemini mənimsəməyi heç bir zaman ağıllarına gətirmədilər. Onlar hər zaman öz nəzəriyyələrinə uyğun davranmışlar demək istəmirəm, amma elə davranmağa cəhd göstərmişlər, özlərindən də elə davranmaları gözlənilmişdir. Halbuki xristian əxlaq qaydalarının böyük bir hissəsinin, bu günahkar dünyada tətbiq oluna bilməyəcək qədər uca tutulduğu ümumilikdə qəbul edilən bir məsələdir.
   Gerçəklikdə, bizim yanaşı gedən iki növ əxlaq sistemimiz var: biri məsləhət gördüyümüz, amma tətbiq etmədiyimiz əxlaq, digəri isə tətbiq etdiyimiz, amma sadəcə bəzi hallarda məslət gördüyümüz əxlaq. Mormonizmdən başqa bütün digər dinlər kimi xristianlıq da Asiya mənşəlidir. Xristianlıq ilk yüzilliklərində Asiya mistisizminə  xas olan fərdiyyətçilik və digər-dünya məfhumlarına xüsusi diqqət yetirmişdir. Bu baxımdan müqavimət göstərməmək doktrinası bir məna daşıyırdı. Lakin xristianlıq güclü Avropa prinsiplərinin rəsmi dini olduqda bəzi mətnlərin sözlərin mənasına görə başa düşülməməsi lazım bilindi.
   Digər tərəfdən, “Sezarın haqqını Sezara verin” kimi bəzi ifadələr geniş yayıldı. Günümüzdə isə rəqabətə söykənən sənayenin təsiri ilə, müqavimət göstərməmək qaydasına ən kiçik bir meyl belə alçaldılır, hər kəsin öz yolunda getməsi gözlənilir. Təcrübədə keçərli olan əxlaq qaydamız mübarizə yolu ilə əldə edilən maddi uğurdur və bu məsələ fərdlər üçün olduğu qədər millətlər üçün də keçərlidir. Bundan başqa hər şey bizə səmimilik və cəfəngiyyat olaraq görünür.
   Çinlilər bizim nə nəzəri, nə də praktiki əxlaq qaydalarımızı mənimsəyirlər. Nəzəriyyədə, mübahisənin yerində olacağı vəziyyətlərin varlığını, təcrübədə isə bu hala çox nadir rast gəlindiyini qəbul edirlər. Bizə gəlincə, nəzəri olaraq mübahisə etməyi lazım biləcək heç bir hal ola bilməyəcəyini, praktikada isə bu halların tez-tez meydana çıxdığını düşünürük. Çinlilər də bəzən mübahisə edərlər, amma döyüşçü bir irq deyildirlər. Müharibədə olsun, iş həyatında olsun, nəaliyyəti çox mədh etməzlər. Ənənəvi olaraq öyrənməyə hər şeydən çox dəyər verirlər, ondan sonra, və ümumiyyətlə, onunla yanaşı, incəliyə və nəzakətə də.
   Çox uzun illər boyunca, Çində rəhbərlik vəzifələrinə təyin etmələr yarışma imtahanı yolu ilə həyata keçirilmişdir. İki min il boyunca, atadan oğula keçən bir aristokratiya var olmadığı üçün(bunun tək istisnası Konfutsi ailəsidir, ailə başçısına Şəhzadə deyilir) elm, yalnız özü üçün qazandığı hörmətlə yanaşı, feodal Avropasında güclü əsil-nəcabətlilərə göstərilənə bənzər bir hörmətə qovuşmuşdur. Lakin keçmiş elm çox dar əhatəli idi, Çin klassiklərinin və onların məşhur şərhçilərinin, tənqiddən uzaq olan təhsilindən ibarət idi. Qərbin təsiri ilə coğrafiya, iqtisadiyyat, geologiya, kimya və başqa elmlərin qədim dövrlərin əxlaq təlimlərindən daha praktik faydaları olduğunun fərqinə varıldı. Yeni Çin (yəni Avropa standartları istiqamətində təhsil görmüş olan gənclər) müasir tələbatların fərqindədir və bəlkə də, qədim ənənələrə kifayət qədər ehtiram göstərmir. Ancaq yenə də ən müasir olanları belə, az sayda istisna  xaricində, mülayimlik, nəzakət və sülhsevərlik kimi ənənəvi məziyyətlərini qorumaqdadır. Önümüzdəki bir neçə on illik zaman ərzində Qərbdən və Yaponlardan alınan dərslərin sonunda bu məziyyətlərin mövcudluqlarını davam etdirmələri isə şübhəlidir.
   Əgər çinlilər ilə aramızdakı fərqi tək bir cümlə ilə yekunlaşdırsam, bunu deyə bilərəm ki, onlar əsasən, zövq almağı məqsəd qoymuşlar, biz isə əsasən, güclü olmağı. Biz digər insanlara və təbiətə qarşı güclü olmağı xoşlayırıq. Bunlardan birincisi üçün güclü dövlətləri, ikincisi üçün də elmi inkişaf etdirdik. Çinlilər bu cür məşğuliyyətlər üçün çox tənbəl və çox yumşaq xasiyyətlidirlər. Onlara tənbəl demək yalnız bu mənada doğrudur. Rusların olduğu növdən tənbəl deyildirlər, yəni həyat tələbatlarını təmin etmək üçün çox çalışırlar. Müdirləri onları olduqca çalışqan bilirlər. Ancaq onlar Qərbi Avropalılar və amerikalılar kimi, boş dayanmaqdan sıxıldıqları üçün və ya yalnız hərəkətdə olmağı sevdikləri üçün çalışmazlar. Həyat tələbatlarını ödəməyə yetəcək qədər qazandıqda onunla kifayətlənirlər, daha çox çalışaraq qazanclarını artırmağa cəhd göstərməzlər. Teatra getmək, çaylarını içərək söhbət etmək, qədim dövrlərdəki Çin incəsənətinə heyranlıq duymaq və ya gözəl mənzərəli yerlərdə gəzmək kimi əyləncələrlə zaman keçirmək mövzusunda bacarıqları sonsuzdur. Bizim düşüncə tərzimizə görə insanın həyatını belə yaşaması lazım olandan çox tənbəllik ifadə edir, biz hər gün işinə gedən bir insana, orada gördüyü işlər zərərli də olsa, daha çox hörmət edirik.
   Bəyazlar üçün Şərqdə yaşamağın bəlkə də, mənfi bir təsiri olur. Ancaq etiraf etməliyəm ki, Çini tanıdıqdan sonra tənbəlliyə insanların kollektiv olaraq sahib ola biləcəkləri ən yaxşı xüsusiyyət olaraq baxmağa başladım. Çalışqanlıq sayəsində hərçənd bəzi şeylər qazanırıq, ancaq bu bacardığımız şeylərin nəticə olaraq bir dəyər ifadə edib etmədiyi, sual olunmağa dəyər. İstehsalatda misilsiz bacarıqlar inkişaf etdiririk. İstehsal etdiklərimizin də bir hissəsini gəmilər, avtomobillər, telefonlar və başqalarını təm-təraqlı və sürətli həyatın vasitələri olaraq istifadə edirik, bir hissəsini isə bir-birimizi kollektiv halda öldürəcək silahlar, zəhərli qazlar və təyyarələrə ayırırıq. Çox yaxşı bir idarə və vergi sistemimiz var. Bu vergilərin də bir hissəsi təhsil, səhiyyə və buna bənzər yararlı şeylər üçün, yerdə qalanı da müharibə məqsədləri üçün istifadə olunur.


   Bu günkü İngiltərədə milli gəlirin ən böyük hissəsi keçmiş və gələcək müharibələrə sərf olunur, yararlı şeylərə isə ancaq bundan geri qalan hissə xərclənir. Qitə Avropasındakı ölkələrin çoxunda nisbət daha da pisdir. Unikal bir polis təşkilatımız var. Bunun bir hissəsi cinayəti üzə çıxarmaq və qarşısını almaq üçün, bir hissəsi də yeni, konstruktiv siyasi düşüncələri olan insanları həbs etmək üçün istifadə olunur. Son zamanlara qədər Çində bunların heç biri yox idi.
   Sənaye avtomobil və ya bomba istehsal edə bilməyəcək qədər səmərəsiz, dövlət öz vətəndaşlarını öyrədə bilməyəcək və başqa ölkənin insanlarını öldürə bilməyəcək qədər təsirsiz, polis soyğunçuları və ya bolşevikləri tuta bilməyəcək qədər gücsüz idi. Bunların nəticəsi olaraq Çində heç bir bəyaz adamın ölkəsində tapılmayan miqdarda, hər kəs üçün azadlıq, kiçik bir azlıq istisna olmaqla bütün insanların kasıb olduğu nəzərə alındıqda çox təəccüblü olan, yayğın bir xoşbəxtlik var idi. Orta sinifdən olan bir çinli ilə orta sinifdən bir Qərblinin hadisələrə baxış bucaqlarını müqayisə etdikdə iki fərqlilik gözə çarpır: Birincisi, çinlilərin faydalı bir məqsədə xidmət etməyən heç bir fəaliyyətə dəyər verməmələri, ikincisi, öz hərəkətverici qüvvələrimizi nəzarət altında saxlayıb başqalarınınkına qarışmağı əxlaqlılıq hesab etməmələridir. Bunlardan birincisini daha əvvəl müzakirə etmişdik, lakin zənnimcə, ikincisi də eyni dərəcədə önəmlidir.
   Məşhur çinşünas Professor Gilesın “Konfutsiçilik və əleyhdarları” mövzusunda Giffordda verdiyi konfranslarda müdafiə etdiyi baxışa görə, xristian missionerlərin Çindəki nəaliyyətlərinin başlıca maneəsi, doğuşdan günahkarlıq doktrinası olmuşdur. Uzaq Şərqdə bir çox missioner tərəfindən hələ də öyrədilən qəlibləşmiş xristian doktrinasına görə hər birimiz günahkar olaraq, sonsuza qədər cəzalandırılmağa layiq olacaq dərəcədə günahkar olaraq doğulmuşuq. Çinlilər bu arqumentin bəyazlar üçün keçərli olmasını asanlıqla qəbul edə bilirlər. Lakin öz valideynlərinin və böyük valideynlərinin cəhənnəm alovunda yandığı söylənəndə hirslənirlər. Konfutsi insanların yaxşı olaraq doğulduğunu, əgər sonradan günahkar olarlarsa bunun pis nümunələrdən, ya da pis tərbiyədən irəli gəldiyini öyrətmişdir.
   Qərbin ənənəvi qatı inancları ilə bunun arasındakı fərqin çinlilərin baxış tərzi üzərində dərin təsiri var. Bizdə, əllərində əxlaq məşəli daşıdığı hesab edilən insanlar, özlərini normal zövqlərdən məhrum edən və bunun acığını başqalarının zövqlərinə qarışaraq çıxaran insanlardır. Bizim fəzilət anlayışımızda başqalarının işinə qarışma xüsusiyyəti var: Birisi əgər kütlənin rahatlığını pozmursa onun fövqəladə yaxşı bir insan ola biləcəyini düşünmərik. Bu bizim Günah anlayışımızdan qaynaqlanır.
   Bu davranış yalnız azadlıqları məhdudlaşdırmaqla kifayətlənmir, ikiüzlülüyə də yol açır. Çünki ənənəvi meyarlara uyğunlaşmaq əksər insana çox çətin gəlir. Çində isə vəziyyət belə deyildir. Orada əxlaq qaydaları mənfi istiqamətdə deyil, müsbət istiqamətdədir. İnsanın valideynlərinə hörmət göstərməsi, övladları ilə şəfqətli, kasıb qohumları ilə səxavətli  və hər kəslə ədəbli davranması gözlənilir. Bunlar da həyata keçirilməsi çox çətin gözləntilər deyildir, xalqın əksəriyyəti tərəfindən həqiqətən tətbiq olunur. Nəticə də, zənnimcə, çoxumuzun yerinə yetirə bilmədiyi bizim meyarlara görə daha müsbətdir.
   Günah məfhumunun yoxluğunun başqa bir nəticəsi də insanların, aralarındakı fikir ayrılıqlarını, Qərbdə olduğundan daha çox məntiqə və mübahisəyə açıq tutma meylində olmalarıdır. Bizdə fikir ayrılıqları dərhal bir “prinsip” probleminə çevrilir: hər iki tərəf digər tərəfin pis olduğunu, ona qatılmağın günahkarlığı paylaşmaq demək olduğunu düşünür. Bu da anlaşılmazlıqları şiddətləndirir və təcrübədə dərhal gücə müraciət etməyi ağıla gətirir. Çində gücə müraciət etməyə hazır olan silahlı qüvvvələr var olsa da, onları heç kim, hətta əsgərlərin özləri belə ciddiyə almamışdır. Demək olar ki, qansız deyilə biləcək müharibələr etmişlər, bizim Qərbdəki daha şiddətli qarşıdurmalarımızdan əldə etdiyimiz təcrübələrə baxsaq, gözləniləndən daha az zərər vermişlər. Mülki idarəetmə də daxil olmaqla yanaşı, xalqın əksəriyyəti sanki bu generallar və orduları heç yoxmuş kimi gündəlik yaşamlarına davam etmişlər. Gündəlik yaşamda anlaşılmazlıqlar, əksər hallarda üçüncü bir insanın dostca vasitəçiliyi ilə həll olunur. Qəbul edilən prinsip uzlaşmadır, çünki hər iki tərəfin də alçaldılmaması lazımdır. Bəzi cəhətləri əcnəbilərə gülməli gəlsə belə, bu görünüşü-xilas etmə prinsipi son dərəcə dəyər verilən milli bir qurumdur, sosial və siyasi yaşamı, bizdəkindən daha az mərhəmətsiz edər.
   Çin sistemində tək bir qüsur, amma önəmli bir qüsur var və bu da sistemin, Çinin daha davakar millətlərə müqavimət göstərməsinə mane olmasıdır. Bütün dünya Çin kimi olsaydı, bütün dünya xoşbəxt olardı. Digər millətlər davakar və qüvvətli olduqları müddətcə, çinlilər də, əgər milli müstəqilliklərini qoruyacaqlarsa, artıq xarici dünyadan kənarlaşdırılmış olmadıqları üçün, bizim pisliklərimizi müəyyən dərəcədə təqlid etmək məcburiyyətində qalacaqlar. Bu təqlidin bir inkişaf olduğunu hesab edib qürurlanmağa cəhd etməməliyik.

Tərcümə edən: Könül Bəndiyeva 
Mənbə: Bertrand Russel, "Sceptical essays"

Yorumlar