"Oxuyacağımız kitabları nəyə əsasən seçməliyik" - Rövşən Nəzərov


Hal hazırda ildə minlərlə kitab çap olunur və bir fərdin bu qədər kitab dumanı arasında itməmək üçün müəyyən bir kompasa ehtiyacı var. Üstəgəl indiyə kimi də milyonlarla kitab yazılıb və zaman adlı süzgəcdən keçməyən pis kitablar da qalıb. Ümumiyyətlə ilk öncə razılaşaq ki, yaxşı və pis kitablar var. Bəziləri belə bir fikir səsləndirir ki, pis kitab yoxdu, amma mən bu fikirlə razı deyiləm. 
Əsasən o fikri səsləndirənlərin qulağa xoş gələn bir arqumentləri olur ki, “Hər bir yazıçı öz kitabı ilə nəyisə çatdırmaq istəyir, buna görə də pis kitab yoxdur, çünki onun anladığı nəyisə biz anlamaya bilərik və s...” Bu fikir yaxşı səslənsə də, bir az düşündükdə və sadəcə kommersiya məqsədi ilə yazan o qədər yazıçı olduğunu nəzərə alsaq, elə Kant kimi məsələyə yanaşıb, əgər arqument haradasa, işə yaramadısa onu kənara ata bilərik deməkdir. Amma arqument üzərində bir az düşündükdə anlamaq olar ki, plagiat yazanlar, ədəbiyyatla heç bir yaxınlığı olmayanlar, yazmaq xətrinə yazanlar və s. o qədərləri var ki, arqumentin izi tozu belə qalmır. İndi isə ədəbiyyatla az tanış olanlar və ədəbiyyatla tanış olmayan, amma olmaq istəyənlər üçün bir bələdçi, yolgöstərən olmaq istəyərdim. Artıq çiyinlərimdə 700-800-dən artıq kitab var və bu məni ədəbiyyat üzrə ekspert etməsə belə, müəyyən söz sahibi olmağa imkan verir. Amma bu sözlə də razı deyiləm, çünki bəzən yüzlərlə kitab oxuyub hələ də Elxan Elatlı, Qaraqan, Müşviq Xan, Varis, Rövşən Abdullaoğlu və sairləri ən sevimli yazıçı olaraq deyənləri anlamıram. Elə buna görə də məncə bu yazım, illərlə oxucu təcrübəsi olanlara da faydalı olar.
Düzü mənim özümün müəyyən ədəbi zövqümün formalaşmasında, ilk ədəbiyyat oxuduğum dövrlərdən əsasən yaxşı kitablar oxumağım olub. Bu abzasda özümün kitablarla tanışlığımdan danışaraq, həm də analiz edərək sizə də sırf yazıçılar və onların kitabları barəsində çox qısa məlumat verəcəm. Çoxlarının ilk kitabı elə yuxarıda sadaladığım yazarlar olsa da, mənim ilk oxuduğum kitab, Jül Vernin “20.000 lye su altı ilə” kitabı olub. Sonrakı illərdə Jül Vernin başqa kitabları ilə də tanış oldum və ən sevimli yazıçılarımdan biridir. Daha sonra uşaq ədəbiyyatı ilə daha geniş olmağa başladım və Daniel Defo, Conratan Svift, Artur Konan Doyl, Robert Stivenson, Mark Tven və s. onlarla yazıçılar və onların yaratdığı dünyalarla tanış oldum. Düzdür, nisbətən tez oldu, amma elə o dövrdə də Dostayevski, Tolstoy, Aleksandr Düma, Çarlz Dikkenz, Homer və sair bu tip yazarlarla tanış oldum. Düzdür kitabın yaşı olmur, amma belə yazıçıları, bir neçə il daha gec oxumaq məncə daha çox faydalı olardı. O dövr mənə təsir edən ən güclü yazarlardan biri isə Cek Londondur. Cek Londonun əsərləri çox möhtəşəm qurulub. Hekayəsində adi heyvan taleyindən elə yazır ki, başqa yazıçıların yaratdığı insan obrazlarının taleyi ondan beş qat çətin olsa belə, onların taleyinə Cek Londonun yaratdığı heyvan obrazlarının taleyinə yandığın qədər yanmırsan. Bu özü yazıçının hekayəni qurma tərzindən və təsvirlərinin canlılığından asılı olan bir şeydir. Ad çəkməklə onlarla yazıçı adı çəkib oxucunu saysız adlarla yormaq olar, amma məncə kompasın məğzinə keçmək zamanı gəldi.
Kitabları seçərkən əsas güvəniləcək mənbə kitab tənqidçiləri və avtoritetlərdir. Mən tənqidçi hesab olunmuram, sadəcə oxucuyam. Amma işi elə bu olan tənqidçilər də olur. Azərbaycanda belə tənqidçilər azdır. Əsasən xaricdə belə ekspertlər yetəricə olur və hər jurnalın özünün bir-neçə tənqidçisi olur, jurnalda başqa məqalələr olduğu kimi, bu tənqidçinin oxuduğu kitablar haqda fikri və ya ümumiyyətlə ədəbiyyat haqda məqalələri çap olunur. Ədəbiyyatda seçim edərkən bu avtoritet fikirlərə güvənmək faydalıdır. Bəziləri bunu booktube (youtube üzərində kitab analizi edənlər) və bookstagramlarda (instaqram üzərindən kitab analizləri edənlər) məsləhət görülən kitablar kimi başa düşə bilər, amma mən onları nəzərdə tutmuram, onlar əsasən elə də yaxşı ədəbi zövqə malik şəxslər olmur və bəzən pul qarşılığında kitabları tərifləyirlər. Bunun kimi hallar qat-qat az olsa da, tənqidçilər arasında da ola bilir, buna görə də, araşdırmaq və bir mənbə yox, bir-neçə mənbədən oxumaq, məsələyə hərtərəfli baxış əldə etmək üçün daha düzgün addımdır. Eyni zamanda, tənqidçilər də həmişə ədəbiyyatda hərşeyşünas olmurlar. Onlardan əsasən müəyyən bir janrı və ya yazıçını daha çox oxuyub analiz edə bilən biri olur. Bunun kimi müəyyən ətrafınızda da kitab oxumağı sevən insanlar da ola bilər ki, onları tanımaqda və onlarla kitab barədə müzakirə etməkdə fayda var. Əsasən, hər bir insan müəyyən bir janrı və ya yazıçını o birilərinə nisbətdə daha çox bəyənir. Onlardan da əgər kitab zövqləri olduğu hiss olunursa, kitab məsləhətləri almaq olar. (Bu artıq müəyyən öz zövqü formalaşmış şəxslərə aid məsləhətdir.)
Öz bəyəndiyiniz kitabı oxumalısınız. Bu ilk qayda ilə bir az dialektik təzad gətirirmiş kimi görünə bilər, amma məsələyə düzgün bucaq altında baxdıqda sintezini görmək çox asandır. Düzdür ki, klassika çox gözəldir, “Dostayevski dahidir”, “Tolstoy rus ədəbiyyatının tanrısıdır”, “Hüqonun təsvirləri elə bil adamın beynində məkanı dəqiqliyi ilə canlandırır və hətta qoxuları belə hiss edirsən” və s. onlarla yazıçı haqda gözəl sözlər demək olar, amma əgər sizin o yazıçıların kitablarına marağınız yoxdursa, heç başlamayın oxumağa. Başa düşürəm, birdən-birə mütaliəyə 1000 səhifəlik kitabla başlamaq adamı ədəbiyyatdan qorxuda bilər. Bəzən o kitabları neçə ilin ədəbiyyatçıları oxumaqdan çəkinirlər. Və ya ümumiyyətlə sizə maraqlı deyil “Cinayət və cəza”, “Hərb və sülh əsəri”. Burada utancverici heç nə yoxdur. Sizə klassika yox, müasir ədəbiyyat maraqlı gələ bilər. Ümumiyyətlə, “klassik ədəbiyyat, yoxsa müasir ədəbiyyat oxumaq daha əhəmiyyətlidir?” özü çox maraqlı bir sualdır, heyif ki, mövzumuz o deyil. Oxumaq istəmədiyi kitabı özünə məcbur edib oxuyan şəxs, bir-neçə belə kitabdan sonra ümumiyyətlə kitaba və ədəbiyyata olan marağını itirəcək. Buradan da elə bu punktla əlaqəli olan növbəti punkta keçirik.
Kitab maraqsızlaşdısa oxuma. Kitab maraqlı başlaya və bütün kitab maraqlı gedə bilər, amma bir kitab maraqsız gedirsə, onu başladınsa oxuyub bitirməlisən deyə bir qayda yoxdur. Əvvəldən dediyim kimi, həyat bu qədər kitabların heç olmasa zərrəsini belə oxuyub bitirmək üçün çox azdır və buna görə də oxuduğunuz kitabları çox diqqətlə seçmək lazımdır. Əgər oxuduğunuz zaman da kitab maraqsız olarsa, onu oxumamaqdan çəkinməyin. Bəlkə başqa vaxt marağınız yarananda onu oxuyarsınız və ya yaranmasa heç oxumayın da. Bilirəm, insanda instiktiv olaraq başladığı işi tamamlanmaq istəyi kimi bir funksiyası var və bu diskomfort yarada bilir. Əgər kitab sizə maraqsız gəldisə, onu sadəcə bağlayıb qırağa qoyun və başqa bir sizə indi maraqlı gələn kitabı oxuyun.
Hamı deyəni, hamı oxuyanı oxumayın. Həmişə elə məşhur kitablar var ki, onu hamı oxumağa başlayır və cəmiyyət üçün o kitabı oxumaq ənənə halına keçir. Bu tipli kitablara bir ara mini klassikada Stiven Zveiqin kitabları idi ki, hamı onları oxumağa başlamışdı. Düzdü, bu hələ yaxşı yazıçıdır, amma həmişə belə olmaya bilər. Eyni hal Rövşən Abdullaoğlunun kitabları ilə də baş verir. Müasir gənc azərbaycanlı oxucularımızın əksəriyyəti psixologiya ilə tanışlığı çoxları ilk dəfə məhz onunla etmişdir, hərçənd onun kitabları psixologiyaya aid ümumi kitabları oxuyub, yadında qalanları yazılıb, kitab halına salırmış kimi görünür. Ümumiyyətlə kitab oxumaq çoxluğu dinləməklə inkişaf etdiriləcək şey deyil, çoxluğun dediyini edən şəxs, ancaq öz toplumunun hüdudlarınadək inkişaf edir. Bunun qarşısını almaq üçün isə, insan gərək fərqli yazıçılara, ədəbiyyatlara müraciət etsin. Həmişə üzdə olan və siyahılarda “1-ci yerlərdə olan”, ilk “onluqda” olan, “bu ayın ən çox oxunan kitabı” və s. boş titulları olan kitablar varsa, heç kimin diqqət yetirmədiyi, üzdə olan, amma oxunulmayan kitablar var. 21-ci əsrdə artıq informasiyanı gizlətmək elə də asan deyil. Amma belə bir söz də var, “Əgər bir şeyi gizlətmək istəyirsənsə, onu üzə qoy və ona heç kim fikir verməyəcək.”
İxtisasınızla bağlı kitablar oxuyun. Peşəcə nə olduğunuzdan asılı olmayaraq, əminəm ki, ixtisasınızla bağlı informasiyanı genişləndirmək üçün mütləq kitab tapmaq olar. Ola bilər kimsəsə çətin olsun, ya kitablar baha olsun, amma heç yoxdur variant deyil. Əvvəllər universitet illərində istər-istəməz dərsliklər oxumağa məcbur oluruq, universiteti bitirdikdən sonra isə təhsilimizi davam etdirməsək, artıq heç kim bizə o kitabı, bu kitabı oxu deməyəcək. Amma bunu biz özümüz özümüzə deyə bilərik. Hər 4-5 kitabdan birini, yəni oxuduğumuz kitabların 20-25 %-ni ixtisasla bağlı kitab oxuya və beləcə, həm peşəmizi yaddan çıxarmaya, əksinə onunla bağlı yeni əlavə informasiyalar öyrənə bilərik. Bu inkişaf üçün çox faydalı olur. Bir yerdən sonra elmlə məşğul olmağa davam etməyə qərar versəniz, artıq neçə illərdir oxumamış şəxs olsanız, hər şeyi yada salmaqdan çox, yenidən öyrənməyə məcbur olacaqdınız.
Kitabları analiz etmək. Oxuduğunuz kitabları bağladıqdan sonra, bir kənara qoyub yaddan çıxarmayın. Kitab barədə düşünün, onu təhlil etməyə çalışın. Qaranlıq qalan nöqtələr barədə düşünün, bəzən onların izahını bütün kitabı bitirdikdən sonra anlamaq olur. Niyə görə indi bitirdiyiniz kitabın yaxşı və ya pis kitab olduğunu əsaslandırmağa çalışın. Fikirlərinizi bir vərəqə yazın və ümumi şəkildə tənqid və ya resenziya formasına gətirin. Bu həm özünüzə maraqlı olacaq, həm də inkişafınıza faydalı olacaq. Müəyyən dövrdən sonra heç analizləri oxumadan özünüz tənqidçi kimi, bəlkə ondan daha yaxşı kitabı təhlil etməyi bacaracaqsınız.
Bir də ümumiyyətlə oxumaqla bağlı deyim. Elələri var ki, kitablar bahadır, tapmaq olmur, azdır və s. kimi arqumentlər səsləndirirlər. Mən ilk 500 kitabımın demək olar hamısını ancaq kitabxanadan oxumuşam və hələ də orada ouxmaq istədiyim yüzlərlə kitab var. Bu sadəcə ilk və ən sadə üsuldur. Bundan əlavə dostlarınızdan istəyə, kirayə götürə, yarmarkalarda endirimlə ala, barter edə və s. kimi çoxlu üsullar var. Məni kitab oxumağa heç kim təşviq etməyib, sizi də istəməsəniz, kitab oxumağa da oxumamağa da heç kim məcbur edə bilməz. Bu yuxarıdakılar isə sadəcə bəhanələrdir, beynin baryerləridir, inkişaf etmək üçün onları aşmaq lazımdır.


                                                                                                                                        Rövşən Nəzərov

Qeyd: Yazı müəllifin şəxsi fikirlərini ifadə edir. Redaksiyamız qarşı fikirləri yayımlamağa hazırdır.

Yorumlar