Oxucu analizi: "Sofinin dünyası" - Jostein Gaardner


Norveç yazarlarını çox tanımasam və çox oxumasam da oxuduqlarım arasında əksəriyyətini bəyənmişəm. Ümumiyyətlə Skandi-nav millətlərinin mədəniyyəti, adicə onların əfsanələri olsun, ya aktyorları, (xüsusən də, Skarsqardlar ailəsi) ya yazıçıları, (xüsusən də, Jö Nesbo hər bir detektiv sevərin mütləq oxumalı olduğu yazıçılardan biridir) ümumiyyətlə, oradan olan hər şey həmişə mənə çox
maraqlı gəlib və bizim mədəniyyətlə yetərincə paralellər gətirə biləcəyimiz millətdir. Bu dəfə haqqında danışmaq istədiyim yazıçı və kitab isə, Jostein Gaardner və onun “Sofinin dünyası” əsəridir.
Jostein Gaardner məşhur norveç yazarı, publisist və fəlsəfə populyarizatorudur. Əsasən kitabları uşaqlar və gənlər üçün yazılımışdır. Yazıçı 8 avqust 1952-ci ildə Norveçin paytaxtı olan Oslo şəhərində dünyaya gəlib. Yazıçı elə pedaqoqlar ailəsində dünyaya göz açıb və anası da uşaqlar üçün kitablar yazdığına görə Gaardner üçün münbit şərait yaranıb. Yazıçılığa isə yetərincə gec, yəni 36 yaşında başlamışdır. Oslo universitetində “Fəlsəfə tarixi” üzrə təhsil aldıqdan sonra, məktəblərdə fəlsəfə tarixi üzrə dərs deməyə başlamış, elə o dövrlərdə də fəlsəfə haqqında yaxşı bir kitab yazmağı planlaşdırmağa başladı. O gözəl anlamışdı ki, fələsəfə anlamaq üçün çətin və çox insana maraqsız bir sahədir. Bunu dəyişmək üçünsə, o elə bir kitab yazmaq istəyirdi ki, oxucular özü də dediyi kimi “Həm də əylənərək fəlsəfəni anlasınlar”.
1991-ci ildən özünü təmamilə yazıçılığa həsr etməyə qərar verir və Osloda elə bu kitabının uğurundan sonra, müəllimlik vəzifəsindən də istefa verərək ancaq kitablar yazaraq və onlardan aldığı qazancla dolanmağa başlayır. Bu kitabda isə o çox fərqli taktikalardan istifadə edərək kitab yazmaqda əsas məqsədinə - fəlsəfənin populyarlaşdırılmasına nail ola bilir. 1996-cı ildən başlayaraq, ilk dəfə ingilis dili olmaqla,  kitab başqa dillərə də tərcümə olunmağa başlanılır. Kitab 53 dilə tərcümə olunub və 30 milyondan çox nüsxəsi var. Təkcə Almaniyada 3 milyon kitab satılıb. Kitab təkcə Norveçdə yox, bütün dünya tərəfindən fəlsəfə haqda və ümumiyyətlə fəlsəfəni sadə dillə izah edən ən məşhur və yaxşı yazılmış kitablardan biri hesab olunur. Kitab yetərincə həcmli olsa da, dili də bir o qədər sadədir. 1997-ci ildə Jostein öz həyat yoldaşı Siri Dannviqlə birlikdə “Sofinin dünyası” kitabının adından götürdüyü “Sofi mükafatı”-nın əsasını qoyur. Beynəlxalq mühiti əhatə edən bu mükafat hər il təltif olunur və mükafatın miqdarı 100.000 ABŞ dolları təşkil edir. 1999-cu ildə isə Erik Gustavson tərəfindən kitabın ekranizasiyası çəkilmişdir.
 Jostein Gaardnerin bu kitabını Umberto Ekonun “Qızılgülün adı” romanı ilə müqayisə etmək olar. Eko orta əsrlər teologiyasını romanlaşdırırdısa, Gaardner də onun yolu ilə gedib və fələsfənin tarixini bu kitabında bizə izah edib.
Kitabda hadisələrin inkişafı nisbətən “detektivvari”-dir və hadisələrin inkişaf etməsini də elə formada yazıçı özü qəstən qurub. Bu zaman kitaba maraq itmir və (bu hissə spoilerlidir) orada Sofi Amundsen və Alberto Knoksun məktublaşmalarını və söhbətlərini oxuyarkən həm fəlsəfə barədə biliklərini artırırsan, həm də bir növ sirr açmaq istəyirsən. Kitab “Şerlok” sevənlər üçün maraqlı olacaq, təkcə ona görə yox ki kitabda detektivlik var, burada həm də Şerlok obrazının özü var. Kitab elə Sofiyə gələn fələsəfənin təməl suallarından biri olan, “Sən kimsən?” sualından başlayır və elə bütün hadisələr də buradan inkişaf edir. Buradakı məktublaşmalar və fəlsəfi söhbətlərlə isə get-gedə fəlsəfədən heç bir anlayışı olmayan oxucunun belə onu sıfırdan elə inkişaf ardıcıllığı ilə anlaya bilir. Oxucu bu kitabda bir baxıma özü də elə Sofidir. O da fəlsəfədən ancaq kənardan eşitdikləri Sokrat,  Aristotel, Dekart, Kant kimi adlarla tanışdır, amma onların heç birinin nə özləri ilə nə fəlsəfələri ilə tanışlığı yoxdur. Onun müəllimi Alberto isə bir yolgöstərən kimi fəlsəfənin qaranlıq və qarışıq koridorlarında həm Sofinin, həm də bizim də əlimizdən tutaraq yol göstərir.


Rövşən Nəzərov

Yorumlar