Oxucu analizi: "Plagiat yazarlar" - Rövşən Nəzərov


Related image 
Qaraqan - əsl adı Elxan Zeynallı, azərbaycanlı repçi, müsiqiçi, yazıçı, jurnalistdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal hazırda 10 romanın və 4 albomun müəllifidir. Mənim vikipediyadan copy paste etdiklərim bu qədər, Qaraqanda isə yox. Mən burada onun replərini, jurnalistika fəaliyyətini və sair etdiklərini yox, məhz
“yazıçılıq fəaliyyəti” (əgər belə deməyə dilin dönməzsə) haqda danışacam.
Qaraqan qədər çox “kopyala yapışdır” edən ikinci bir azərbaycanlı yazıçı görməmişəm. O rus və türk serialları qədər copy paste edir. Normalda bu funksiyanı mən kompüterdə görməyə alışsam da, bəzən hətta indiki dövrdə tez-tez insanlar, bilmirəm öz ideyası olmadığından, yoxsa oxucunu ələ salmaqdanmı ötrü, yoxsa mənə məlum olmayan başqa bir səbəbdənmi, kitab yazarkən başqa kitabları oxuyub, onların kitablarını yazırlar və müəllifin adı olan yerdə öz adlarını qeyd edib, çapa verirlər. Bu hal Qaraqan üçün də istisna deyil. Bəzi yazıçılar var ki, məsələn ingilis yazıçı fantastı və qrafik romanisti Nil Geiman irland əsilli ingilis yazıçısı Artur Konan Doylun “Al qırmızı edüt” kitabını oxuyur və öz kitabında “Zümrüdü edüt” adını verərək birbaşa Şerlok Holmsa göndərmə edir və oxucuya bu kitabın o əsərdən ilhamlandığı aydın olur (bundan başqa o öz kitabında bunu qeyd də edir). “Şerlok Holms” personajına aid kitabları və ya məşhur amerika mistik, qorxu, fantastik və elmi fantastik yazıçısı, jurnalisti Hovard Lavkraftın “Ktulhu” haqqında kitablarını oxuyub onun davamını və ya öz versiyasını yazan onlarla yazıçı adı çəkmək olar. Praktikada buna profesional yazıçılar arasında da çox rast gəlmək olar. Onlar əhvalatı oxuyur, natamam qalırlar, özlərinin yeni ideyaları olur və ya o dünyanı genişləndirmək qərarına gəlirlər. Beləcə də yazıçı öldükdən sonra da personajı sağ qalır. Bəziləri kreativ ağıla malik deyil və yeni nəsə yarada bilmir. Onlar isə tərcümə ilə məşğul ola biləcək alternativə sahibdirlər. Xüsusən də, Azərbaycanda yaxşı tərcüməçiyə çox ehtiyac var. Tərcüməçilərimizin çoxu tez və asan pul qazanmaq üçün romantik türk kitabları tərcümə edir və ya “yola vermək” xətrinə kitabları “necə gəldi” tərcümə edir. Onların arasında haqqını yeyə bilmədiyim, yaxşı tərcüməçilər də var, amma indi nisbətən düzəlməyinə baxmayaraq, əksəri hələ də dediyim kimidir. Məsələn, elə götürək müasir amerika yazıçısı və sərbəst jurnalisti Çak Palanikin “Döyüşçü klubu” kitabını: nə qədər yaxşı kitab olmasına baxmayaq tərcüməsi çox bərbaddır (bu hələ ən pis tərcüməmiz deyil). Elə o kitabın özünün, eləcə də yüzlərlə başqa kitabların azərbaycanca tərcüməsi yoxdur. Amma yox, Qaraqan kimi Palaniki oxuyub onu köçürmək daha yaxşıdır?
Elə ilk kitabı olan “A” yazısı (onun yazılarına roman, kitab və ya əsər dedikdə ürəyim ağrıtdığı üçün onun yazılarına, elə yazı da deyəcəm) Çak Palanikin “Döyüşçü klubu” kitabının “copy paste”-dır. Bu əfsuslar olsun ki, onun “yazıçılıq” karyerasında ilk və son hal deyil.
“Mələk” yazısı amerikalıların 2010-cu ildə çəkdiyi Megan Foks, Bill Mürrey kimi məşhur aktyorlarının rol aldığı “Passion play” filminin copy pastesidir. Seçdiyi film belə güclü film deyil. 15 milyonluq büdcə ilə kassadan 4 minə qədər pul toplaya bilib və kritiklər eləcə də izləyənlər 5 bala kimi qiymətləndiriblər.
Başqa bir yazısı olan “Evakuasiya” yazısı “Labirintdən qaçış” dünyasından götürülüb. Yenə də hədəfdən vurmayıb. Ceyms Daşnerin eyni adlı kitab dünyasından ilhamlanıb, filmə adaptasiya olunan bu filmlər eləcə də kitablar antiutopiya janrında verilsə də, yeniyetmə ədəbiyyatyıdır. Daha çox qorxulu hekayəyə bənzəsə də oxucunu qorxutmur, mistika kimi görünür, amma oxucunu təəccübləndirəcək, ya sual verdirəcək bir xüsusiyyəti yoxdur. Həm kitabları, həm də filmləri, xüsusən də filmləri məntiqi xətalarla doludur. Onun kimi yeniyetmə antiutopiyası adı ilə çapdan çıxan kitab seriyaları və film seriyalarından “Aclıq oyunları”, “Divergent” dünyalarını və yeniyetmə romantikası kimi verilən “Alatoranlıq” və “Bozun 50 çaları” seriyaları vardır. Bu kitab və filmlərin hər birinin ayrıca xüsusi analizdə və müqayisələndirilməısinə ehtiyac var, amma bu ayrı bir mövzudur. Yuxarıda sadaladığım kitabların yazıçıları klişelərdən istifadə etsələr də, kitabları məntiqi xətalarla aşıb daşsa da və s. çox bərbad kitablar olmağına baxmayaraq, heç olmasa öz kitablarıdır. Qaraqan isə, orta və yaxşı səviyyədə kitabları götürüb onları bərbad hala salır. Yaxşı ki, film və kitab zövqü zəifdir və əsasən pis kitab və filmləri kopyalayır.
Onun triumfu isə amerikalı rejisor Piter Cozefin “Zeitgest” dokumental filmindən 1 yox, 2 də yox, düz 3 kitabı köçürməsidir. Yazar kimi karyerasının hər addımında plagiatla rastlaşdığımız Qaraqanın bu kitabları “1-ci addım”, “2-ci addım” və “3-cü addım” adlandırır. Elə bütün filmin sözlərini kitab halına salıb çap etsəydi daha rahat olardı, hər dəfə özünü niyə əziyyətə salır anlamıram.
Ümumiyyətlə yazıçı özü də çox fərqli fikirlər səsləndirir. Onun bir çox fanatları “İnsandır, fikirləri kitabdan kitaba dəyişə bilər.” deyəndə isə, “Eyni kitabda fikri dəyişir.” deyirəm. Eyni zamanda bir yazıçı kimi sabit yazı stili, təsvir bacarıqları çox zəifdir. “3-cü addım”-ında elmə daha çox köklənir və orada elmi falsifikasiya edir, saxta məlumatlar verir. Artıq həlli tapılan bəzi elmi sualları sual olaraq qoyur, mənbə vermir və s. Onun fanatları burada deyir ki, “O ki, alim deyil...”, mən də cavab olaraq “Onda elmi kitab yazmasın deyirəm.” Kitabları məntiqi uyğunsuzluqlarla doludur. Eyni zamanda cinsi azlıqların adını həmişə negativ mənada çəkir, başqa cümləsində isə Avropanın necə gözəl olduğunu heç kimin bir-birinə pis baxmamasından danışır. Daha nələr-nələr...
Onun hər yeni kitabını oxuyanda, elə bu qədər, hətta bundan daha çox bəyənmədiyim xüsusiyyətlər tuturam, amma hamısını qeyd etmədiyim və yadımda qalmadığı üçün ancaq bu qədər tənqid edə bilirəm.
Bəziləri fikirləşə bilər ki, onu boş yerə pisləyirəm və ya başqa nəsə qəsti qərəzliyim var, amma bu təkcə mənim yox, çox adamın səsləndirdiyi fikirdir. Bir şəxsin facebook postunda yazdıqlarını oxuyaq:
“ “A” romanı Çak Palanikin döyüşçü klubundan plagiatdır. Həvəsim olsaydı digər kitablarını oxuyub. hardan plagiat olduğunu deyərdim, amma həvəsim yoxdur. “Bir milyon dollarım olsaydı” kitabında Qaraqan “varlı milyonçu” sözlərini yazıb. Bəyəm kasıb milyonçu da olur? Kitab başdan ayağa leksik və fonetik qüsurlarla doludur. Ancaq biz bunları deyəndə, adımıza “Paxıl, gözü görməyən” deyirlər. Əks arqumentiniz varsa siz də yazın, amma arqument olmadan boş yerə hay küy salmayın”
Bu yeganə hal deyil, bunun kimi onlarla başqa oxucular ki, feysbukda belə tipli postlar paylaşırlar. Mən bunu təkcə Qaraqana demirəm, əminəm ki, onun kimi plagiatları olan başqa yazıçılarımız da var və əminəm ki, onlar da Azərbaycan Yazıçılar Birliyinin üzvləridir. Bu çox məyusedici haldır. Əgər yazıçlar birliyində plagiatla məşğul olan yazıçı varsa deməli haradasa problem var. Problemin nəşriyyatda, yazıçıda, oxucuda yoxsa tamam başqa birində olduğunu isə siz müəyyənləşdirin...

                                 
                                                                                                                                      Rövşən Nəzərov
Qeyd: Yazı müəllifin şəxsi fikirlərini ifadə edir. Redaksiyamız istənilən əks fikri yayımlamağa hazırdır.



Yorumlar