Yunan idealizmi və naturfəlsəfəsi kontekstində Epikür fəlsəfəsi - Fərhad Seyfullazadə


Epikürdən bizə qalan mənbələr yalnız bir neçə fragmetdən ibarətdir ki, bunlar da Epikürçülük məktəbini nəzərdən keçirərkən çox da əsas götürülmür. Epikürçülük məktəbi haqqında əsas ilkin məlumatı biz Lukretsinin “De Rerum Nature” əsərindən alırıq. Bununla yanaşı, bu məktəblə bağlı ikinci dərəcəli mənbələr onu öyrənməkdə istifadə olunur: Sisero,  Plutarx, Laertli Diogen, Aristotelçi şərhçilər və başqaları bura
daxildir. [1.s.197] Laertli Diogenin “Görkəmli filosofların həyatları” əsərinin onuncu kitabı məhz Epikürə həsr edilib, Bundan əlavə Vatikan Yazıları və Əsas Doktrinalar adlı mənbəələr də Epikür fəlsəfsinə aiddir. Diogenin əsərindı Epikürün üç məşhur məktubu yer almaqdadır: Herodotus”a məktub  Menoeceus”a məktub, Pythocles”ə məktub [online.1.]

Epikür b.e.ə 341/2 ci il 2 fevralda Samos adasında Afinalı kalonist ailədə dünyaya gəldiyi və yetmiş iki (b.e.ə 270)  yaşında vəfat etdiyi iddialar içərisində daha çox qəbul edilir. [2.s. 107, 121]  (Bununla bağlı daha geniş bax: Tomas Stanley The History of Philosophy, 1660) O, 14 yaşında olarkən fəlsəfə ilə maraqlanmağa başladığını iddia edir,
Epiküri Afina yaxınlığında bir bağ alıb və öz dərslərini burada keçirməyə başlayır. Bu bağ Epikürçülük məktəbi adlandırılsa da bu, bizim anladığımız mənada bir məktəb deyil, stoik  Senekanın dediyi fikrə baxsaq, “Non schola sed contubernium” (Məktəb deyil, həyat tərzi)    [3.s. 26]
Epikürçülük məktəbi bizim eranın lV əsrində bağlandı, bu məktəbin davamçılarının olmaması isə, Langenin fikrincə onun elmə, təbiət elmlərinə olan etinasızlığı olmuşdur. [6.s.69]
 Ellinizim terminini elmə Alman tarixçisi Gustav Droysen (1808-1884) bəxş etmişdir, o, bununla Böyük İskəndərin Şərqi fəthiylə başlayan Yunan (hellen) dili və mədəniyyətinin şərqə doğru genişlənməsini nəzərdə tutur. Bu mədəniyyət kosmopolit bir mədəniyyət idi. [2.s.3] İskəndərin qoşunu Şərqə doğru irəlilədikcə ellin mədəniyyətini də özü ilə gətirirdi, amma bu, zor gücünə baş vermir, yerli xalqlarla qaynaşmaqla baş verirdi, bununla belə, yerli əhalinin qədimdən formalaşan mədəniyyəti də Klassik Yunan mədəniyyətinə təsir edərək onu yeni istiqamətə yönəldirdi.[13.s.1]
Ellinizm dövrü və həmin dövr ilə Klassik Yunan mədəniyyəti dövrünün birləşdiyi aralığın ictimai-siyasi vəziyyəti məhz ellinizm mədəniyyətinin niyə yarandığına cavab verməlidir, və ya ən azından niyə yarandığına cavab verməsə də - çünki biz deyə bilmirik ki, məhz bu hadisənin nəticəsi başqa cür deyil də, yalnız belə olmalı idi - necə yarandığına cavab verməlidir. Yunanların Şərqdə məskunlaşması hələ İskəndərin işğallarından xeyli əvvəl, b.e.ə təqribi 750 ci ildən başlayaraq [13.s.2] kolonizasiya mərhələsində başlamışdı [14] , amma bu zaman belə bir fərq var ki, həmin koloniyalar yarandığı yerin yerli əhalisi ilə geniş kontakta girmir və özünün gəldiyi şəhərin mərkəzi ilə sıx əlaqədə qalır, [6.s.6] bu isə bizə deməyə icazə verir ki, bütün Yunan koloniyaları Yunan mədəniyyətinin təsiri altında yaşayır və onu zənginləşdirirdi.
İskəndərin işğalları nəticəsində əsrlər boyu mövcud olan sərhədlərin də aradan qaldırılması Şərq və Qərb arasında və ya Yunan dünyası və mədəniyyəti ilə xüsusilə Əhməni mədəniyyətinin qovuşması üçün başlıca şərtlərdən olan iqtisadi nəticələrə də gətirib çıxardı. [6.s.5] Hər şeydən əvvəl,  İskəndərin hakimiyyəti və ya işğalları dönəmində və ondan sonra Makedoniyalı İsgəndər imperiyasına daxil olan ərazilərdə vahid pul sikkələrindən istifadə olunurdu, ki bunlar da İsgəndərin adına zərb edilirdi. Bununla vahid iqtisadi məkan formalaşırdı. Bundan əlavə həmin dönəmdə yüksək dairələrdə  rəsmi dil olaraq Ellin dilinə keçildi.[15.s.19]; [6.s.8] 
Hellenizm dövründə bir yunanlının, ellinin həyatında baş vermiş ən böyük dəyişikliklərdən biri onun cite'nin (şəhərdövlətin) vətəndaşı olmaqdan çıxıb mütləq monarxın təbəəsinə çevrilməsi idi yəqin. Bunun da nəticəsində daxilində bulunduğu şəhərdövlətin idarəçiliyində iştirak edən vətəndaş ilə dövlət və ya deyə bilərik ki, iqtidar arasında uçurum yarandı və bu, fəlsəfədən də təsirsiz ötüşmədi.[6.s.11] Hellenizm dövründə yunan fəlsəfəsində aparıcı tərəf nəzəri fəlsəfədən praktiki fəlsəfəyə yönəldi. [15.s.20]


Fəlsəfə tarixçisi Ahmet Arslan (Türkiyə. Urfa)  ellinizm dövründə fəlsəfədə baş verən dəyişikliyi iki növ  səbəblərlə izah edir: daxili və xarici səbəblər. Daxili səbəb kimi, A.Arslan Zellerin fikirlərinə dayanaraq Ellinizm fəlsəfəsi üçün Platon və Aristotelin fikirlərində ilkin potensialların yarandığını qeyd edir. Xarici səbəb qismində isə, İsgəndərin işğalları nəticəsində dövlət sistemində baş verən dəyişikliklər səbəbindən yunan filosofunun sosial-siyasi problemlərlə maraqlanmağa meyl etməməsini vurğulayır. [6.s.15-20]
Ellinizm fəlsəfəsində klassik yunan fəlsəfəsi dönəmində sofist və Sokrat fəlsəfəsində ortaya atılan insan problemi ana xətti təşkil edir. Daha açıq desək, burada insan həyatının mənası problemi ana problemdir.
Ellinizm dönəmi fəlsəfəsində Platonizim və Aristotelizm və ya Akademiya və Likey qalmaqla yanaşı [6.s.4], bunların heç vaxt qarşılaşacaq səviyyəyə gəlmədikləri Epikürçülük, Stoisizm və Skeptiklik mövcud olmuşdur. Bu məktəblər sırayla Epikür, Zenon və Pirron tərəfindən yaradılmışlardır. [6.s.9]  
Epikürün ontoloji və gnoseoloji fikirləri onun əxlaq haqqında görüşlərini tamamlamağ məqsədi güdür və əxlaq fəlsəfəsinə xidmət edir , amma bununla yanaşı, əlbəttə ki, bu fikirlər həm də etikasından kənarda dəyərlidir.
Epikürün məntiq haqqında fikirləri onun Canon (Kanon) adlı əsərində toplanmışdır. [6.s.52]
Epikürün məntiq metodu induktiv metoda əsaslanır. Epikür həqiqətin üç meyarının olduğunu qəbul edir: 1)hisslər; 2)anlayışlar; 3)daxili hisslər və ya duyğular. Hisslər bizim obyektlər haqqında əldə etdiyimiz məlumat ikən, daxili hisslər və ya duyğular isə bizim özümüz ilə bağlıdır, məsələn, acmaq və ya həzz və əzab çəkmək. Həqiqətin digər meyarı olan anlayışları Epikür psolepsis adlandırır. Epikürdə fikir və anlayışların mənbəyi hislərdir[6.s.52-53] 
Epikür hisslərin doğru bilik verdiyni onunla əsaslandırırdı ki, çünki onlar nə ağıla, nə də məntiqə əsaslanırlar, heç bir hiss digərini nə inkar nə də təsdiq edə bilir. [16.p. 32 və ya s.487]  Uzaqdan baxdıqda hər hansısa bir şeyi fərqli gördüyümüzü və yaxınlaşdıqda isə fərqli olduğunu gördüyümüz olub, buna görə də Epikür bu məsələyə də aydınlıq gətirir. Epikürün fikrincə, biz obyektin özünü hiss etmirik, ona aid olan obrazı hiss edirik və bu zaman isə bizim hisslərimiz yanıla bilməz. [6.s.55,56,57] Hisslər yalnız obrazına aid olduğu obyektin özünə münasibətdə fərqli ola bilər. [6.s.58] Epikürün obraz haqqındakı fikrini A.A. Long və D.N. Sedley The Helenistic Philosophers adlı kitabında fotografa bənzədir. [6.s.56]
Epikürün gözləyən doğru fikri məhz obyekt-obraz-hiss triadası arasındakı münasibətin ən məqsədəuyğun vəziyyətini ifadə edir, yəni biz obyekt haqqında doğru obraza malik olmaq üçün o vaxta qədər gözləməliyik və ona daha səmərəli yerdə olmalyıq. [16.p.34 və ya s. 488]
Epikür biliyin mühakimədə meydana gəldiyini qeyd edir, yəni hiss və duyğular hələ bilik demək deyil. [6.s.61] Epikür biliyin müqayisə, bənzətmə , sintez və bunlara mübahisənin köməyi ilə alındığını deyir. [16.p.32]
Epikürün varlıq təlimində digər yunan filosoflarında olduğu kimi, heçdən bir şeylər yarana bilməz. [6.s.73] [16.p.38]
Epikürün fikirincə ağıl bilinəndən bilinməyənə keçməyə çalışır,  yəni daha açığ desək, ağıl bildikləri əsasında bilinməyənləri aşkar edir. [6.s.74] [16. paragraf. 38;39]  Bu müqəddiməyə əsaslanaraq Epikür varlığın cisim və boşluqdan ibarət olduğunu deyir. [16.p.39] Cisimlər sonsuzdur, eyni şəkildə kainatda sonsuzdur, [16. p. 57] çünki əgər kainatın sərhədləri olsa, o zaman atomlar onun içində dolar və onlar arasında boşluq qalmaz, bu halda isə onlar hərəkət edə bilməz, biz isə müşahidə edirik ki, hərəkət var, deməli boşluq da var və deməli kainat sonsuzdur. [16. p. 39;40;41;42;]
Epikürün Demokrit fəlsəfəsindən təsirləndiyi məlumdur, o, əvvəlcə Platon məktəbinin nümayəndəsi Pamphilusun tələbəsi olmuşdur, amma  daha sonra onun müəllimi olmuş  Demokrit fəlsəfəsinin nümayəndəsi Nausiphanes  onu atomizmlə tanış edir və bunun Epikür üzərində böyük təsiri olur. Epikür nə öz müəllimini nə də demokriti dogma kimi qəbul edir, ümumiyyətlə onları meduza adlandırırdı. [6.s.29-37]


Levkip-Demokrit sistemində atomların ölçülərinin də sonsuz olduğu deyilir. Göründüyü kimi, amma Epikür üçün bu doğru deyil, o, atomların müşahidə ediləməyəcək qədər kiçik olduqlarını düşünür. [16. p. 55;56]
Bundan əlavə, Levkip-Demokrit atomizmi ilə Epikür atomizmi arasında bir digər fərq də onlarda hərəkətin mənbəyi məsələsidir, Levkip-Demokrit sistemində bu suala cavab verilməsə də ( haqlı olaraq Aristotel də bu sualı həmin sistemə yönəltmişdir) Epikürdə isə , atomların hərəkəti üçün bir səbəb vardır,  bu , onların ağırlığa malik olmasıdır. Bu ağırlıqlarından dolayı atomlar yuxarıdan aşağıya doğru bir düşmə hərəkətinə malikdirlər.[6.s78-81] Bəs sonsuz kainatda yuxarı və aşağı mövcuddurmu sualına isə, o, yuxarının bizim başımızdan yuxarı tərəfin, aşağının isə ayaqlarımızdan aşağı sonsuza qədər olan məsafəni bildirir. [16. p. 60] Demokrit atomizmiylə Epikür atomizmi arasında bir digər fərq isə onların atomun bölünməzliyi haqqında mövqeyidir: belə ki, Demokrit atomun praktiki olmaqla yanaşı əqlən, nəzəri olaraq da bölünməzliyini qəbul edir, [6.s.85-86] amma Epikür atomun praktiki bölünməzliyinə qarşı nəzəri baxımdan bölünəbilənliyini müdafiə edir. Amma bu bölünəbilənlik sonsuza qədər davam edə bilməz, belə olacağı təqdirdə biz var olanı var olmayana müncər etmiş olarıq. [16.p.56]
Epikürün atomların hərəkəti haqqında onların oynama hərəkəti haqqında heç nə deməməsi və ya bu haqda mənbəyə rast gəlinməməsi kainatda varlığın necə yaranması sualını açıq qoyur. Bu sualı isə, Lucretius (Kar Tit Lukretsi) özünün klinamen görüşü ilə tamamlamağa çalışır. Belə ki, o atomların həm düşmə , həm də oynama (klinamen) hərəkətinə malik olduğunu deyir. [6.s.81-82]
Epikür fəlsəfəsində onun materialist dünyagörüşünün tərəfdarı olması ilə yanaşı Tanrı ideyası özünü saxlamaqdadır. Tanrılar burada maddi bir varlıq kimi nəzərdən keçirilir, onlar dünyaya heç bir müdaxiləyə malik deyillər. Epikürün tanrı haqqında fikirləri də onun etik məqsədinə, həzzə çatmaq üçün bir vasitədir. Epikür Tanrıları tamam inkar etməkdənsə, onlara öz sisteminin ideal obrazlarını verir. Onlar həzz alır, həzz isə ən yaxşısıdır. Deməli tanrılar ən yaxşı olanla məşğuldur. Bundan əlavə, tanrının dünyaya da qarışması məntiqli görülmür. Çünki, ən yaxşı vəziyyətdə olan bir şey necə ola bilər ki, dünya haqqında düşünsün, və ya dünyadakı hər hansısa problemə vaxt ayırsın. AmmaEpikürdən fərqli olaraq, Lukretsi, Tanrılara qarşı daha sərt davranır, onların varlığı haqqında fikirlərin, və onların varlığının mənasız olduğunu özünün silsilə sualları ilə sübut etməyə çalışır.
Epikür Tanrılara olduğu kimi, klassik yunan dini baxışlarına da o şərtlə icazə verir ki, onlar onun etikasına uysun, və onun etikasının məqsədinə xidmət etsin. Əgər, qədim yunan əsatiri insanın qəlbini ölüm xofundan xilas edirsə, onun olması məqsədəuyğundur.

 Fərhad Seyfullazadə

Ədəbiyyat:
1. History of Philosophy , William Turner , 1903.
3. The Cambridge Companion to Epicureanism , edited by James Warren 2009.
4. Etik, kültür kavrayışı üzerine bir deneme , Alain Badiou , 2004 . Tərcüməçi Tuncay Birkan
5. Stoics, epicureans, sceptics , R. W. Sharples ,  1996.

6. İlkçağ felsefe tarihi , Ahmet Arslan , 2008.

7. Etik , William Frankena , 2007 , Tərcümə: Azmi Aydın .

8. Antik Yunanın Kültür Tarihi , Evin Friedel , 1994. Alman dilindən tərcümə edən: Necati Aça

9. Ilkçağ felsefesi, Hint, Çin, Yunan , H. J. Störig , 1994. Tərcümə: Ömer Cemal Güngören.

10. Felsefenin öyküsü , Frank Tilly , 2000. Tərcümə: İbrahim Şener

11. Antik çağ felsefesi , Çiğdem Dürüşken , 2014.

12. A history of Western Philosophy , Bertrand Russell , (PDF)

13. Büyük İskender ve Hellenistik dönem , Dr. Erek Karakoç , 2014.

14. Greek Colonisation: An Account of Greek Colonies and Other Settlements Overseas, Volume Two , editor: G. R. Tsetskhladze , 2008.

15.Helenistik döneme damgasını vuran yaratıcı felsefe sistemleri: epikurosçuluk ve stoacılık , Murat Arslan , Arkeoloji ve Sanat dergisi, ocak-şubat 2001.

16. Ünlü filozofların yaşamları ve hayatları, X kitab, Laertli Diogenes, yunan dilindən tərcümə edən Candan Şentuna. İstanbul 2003.

Online materiallar:




Yorumlar