Fəlsəfə ilə keçən yay - "Yay Fəlsəfə Məktəbi" - 01-15.07.2019

Azərbaycanda ilk dəfə olaraq bu yay "Yay Fəlsəfə Məktəbi" adlı ardıcıl fəlsəfə təlimləri təşkil olundu. Layihə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi və həmin universitetin  Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllim heyəti tərəfindən yaradılmış Bəhmənyar Klubu tərəfindən təşkil olunurdu. Bəhmənyar Klubu artıq 1 ilə yaxın müddətdir ki, Azərbaycanda fəlsəfə sahəsində mühüm işlərə imza atmaqdadır.
Bir neçə ay öncə klubun təşəbbüsü ilə tələbələr tərəfindən fransız dilindən tərcümə edilmiş "Ekzistensializmin tarixi" adlı kitab işıq üzü görmüşdü. Bəhmənyar Klubu eyni zamanda sosial şəbəkələr vasitəsilə də məqalə, bədii esse, kitab analizi, incəsənət və ən əsası da fəlsəfə kimi istiqamətlərdə fəal maarifçilik təşəbbüsünü davam etdirir.
 Bu baxımdan "Yay Fəlsəfə Məktəbi" layihəsi də klubun növbəti böyük uğurlarından biri hesab oluna bilər. Əvvəlcə onu xatırlatmaq yerinə düşər ki, ölkəmizdə müxtəlif sahələrdə ardıcıl təlimlər və məktəblər fəaliyyət göstərmiş olsa da, sırf fəlsəfəyə istiqamətlənmiş və sırf fəlsəfənin tədris edildiyi belə bir layihə ilk dəfə idi baş tuturdu. Təlimlər 1-15 iyul 2019-cu il tarixləri arasında Af Mall ticarət mərkəzinin II mərtəbəsində Akademi Group-da, iştirakçıların yay asudə vaxtlarını və hava şəraitini də nəzərə alaraq təlimlər saat 17:00-19:00 arası müddətdə baş tuturdu.
 Layihə çərçivəsində 6 təlim baş tutmuş və təlimlər Bakı Dövlət Universitetinin ixtisaslı müəllim, doktorant və magistrantları tərəfindən tədris edilmişdi. Təlimlərdə müzakirə olunan mövzular haqqında Bəhmənyar Klubunun sədri Fərhad Seyfullazadə qeyd edir: "Yay Fəlsəfə Məktəbi" çərçivəsində çalışdıq ki, ilk öncə iştirakçılara fəlsəfənin nə olduğunu başa salaq. Çünki çoxu gənc hətta universitet bitirmiş olsa belə fəlsəfənin nə olması ilə bağlı orjinal bir fikirlərə malik deyil. Bu baxımdan ölkəmizdə fəlsəfəni belə demək mümkündürsə, yenidən diriltməyə çalışdıq. Uğurlu da olduq. Bunu əminliklə deməliyəm. Ən azından təlimlərimizdə iştirak edən gənclərin haqqımızda müsbət fikirləri bunu deməyə imkan verir".

 


"Yay Fəlsəfə Məktəbi" çərçivəsində keçirilən təlimlərdə mühazirəçi qismində çıxış edən və Bəhmənyar Klubunun üzvlərindən olan Araz Əliyev də təlim haqqında öz fikirlərini bildirdi: "Etiraf etməliyəm ki, təlimlər haqqında ilk fikirlər ağlımıza gələndə bu qədər uğurlu olacağını təxmin etməmişdik. Artıq uzun illərdir ki, fəlsəfə ölkəmizdə sadəcə problem yaradan bir şey kimi başa düşülürdü. İnsanların fəlsəfəyə olan münasibəti də birmənalı deyildi. Həmı fəlsəfədən qaçırdı. Daha dərinə getmək, az bilincə xoşbəxt olmaq kimi ifadələr dilimizdə oturuşmuşdu artıq. Belə bir mühitdə və zamanda fəlsəfəci olmaqdan daha çətin bir şey düşünmürəm. Hər inkişafın, tərəqqinin əsasında fəlsəfənin dayandığı bir həqiqətdir. Fəlsəfə təməl olmadan hər hansı ideya, ya da fikir qalib gələ bilməz. Bunun üçün də ilk öncə fəlsəfi təməl hazırlanmalıdır. Biz də indiki anda bacara bildiyimiz tək şeyi, fəlsəfəni insanlara təqdim etməyi seçdik. Fəlsəfə universitet auditoriyalarında danışılan bir şey olmaqdan çıxmalı, adi insanların belə haqqında danışdığı fenomen olmalı idi. Çünki, bizi narahat edən çox problemin cavabını verə bilərdi bizə. Fəlsəfə düşünmək deməkdir bizim fikrimizcə. Təlimlərdə də dediyimiz kimi, biz fəlsəfə öyrətmirdik, iştirakçılarla birlikdə fəlsəfə yaradırdıq"



Təlimlərin təşkili ilə bağlı maliyyə məsələlərinə də münasibət bildirən Fərhad Seyfullazadə, layihənin təşkilində Akademi Groupun rəhbəri Murad bəyə, Simurg İntellektual Oyunlar Klubuna və xüsusilə Gursel Abbas bəyə təşəkkür etməli olduqlarını qeyd etdi. Bəhmənyar Klubu üçün təmənnasız yer imkanı təmin etdikləri və göstərdikləri güvən hissi hər nə qədər üzdə görünməsə də təlimlərin uğurlu keçməsinin, bəlkə də, ən əsas səbəbi idi. Bununla bağlı olaraq Fərhad Seyfullazadə qeyd edir: "Əgər siz isti yay günündə təlim keçirməyi düşünürsünüzsə, təlimçinin biliyindən və nə dediyindən daha çox önəmli oan şey kondisionerin işləməsi, sərin su ehtiyyatınızın olmasıdır. Əgər Akademi Group bizə bu imkanı təmin etməsəydi, təlimlərin keyfiyyətini təxmin edə bilməzdik. Təbii ki, mühazirəçilərin də rolunu kiçiltmirəm. Emin Kərimovun, Araz Əliyevin, Əhəd Əhədlinin, Aqşın Aşırovun rolu bizim üçün danılmazdır. İyul ayında artıq universitet tətilə çıxmış olsa da, bizim üçün yenidən açılmışdı. Özünü tələbə kimi hiss etməkdən daha gözəl bir şey ola bilməz məncə" 
 Xatırladaq ki, "Yay Fəlsəfə Məktəbi" çərçivəsində ilk dəfə olaraq mühazirə tipli təlimlərlər yanaşı 2 qarşılıqlı müzakirəyə əsaslanan təlimlərə də yer verilmişdi. Araz Əliyevin fikrincə: "Başa düşürdük ki, istənilən bir insan üçün gəlib 2 saat fəlsəfə dinləmək o qədər də xoş deyil. İnsanlar öz fikirlərinin səslənməsinə daha çox önəm verirlər. Fəlsəfə də insanların fikirlərində maddiləşdir. Ona görə iştirakçılara da bizimlə birlikdə çıxış etmək imkanı verməyi uyğun gördük. İmmanuel Kantın dediyi kimi, fəlsəfə öyrədilmir, fəlsəfə yaradılır".



 "Yay Fəlsəfə Məktəbi" layihəsində iştirakçı sayı ilə bağlı suallarımıza Fərhad Seyfullazadə belə cavab verdi: "Təlimlərin elanını verdiyimiz vaxt gecikdiyimizi düşünürdük. Lakin elanın ilk günündəcə 50 nəfərdən çox müraciət vardı artıq. İrəlidəki günlərdə də bu say demək olar ki iki dəfə artdı. Artıq təlimlərə 3 gün qalmış qeydiyyatı dayandırmaq qərarına gəldik. İştirak etmək istəyənlərin sayı isə 104 nəfər təşkil edirdi. Bizim üçün seçim çox çətin idi. Çünki iştirakçıların əksəriyyəti daimi olaraq yazır, zəng edərək seçilmək istədiklərini bildirirdilər. Edə biləcəyimiz bir şey yox idi. Biz də qərara gəldik ki, ancaq tələbə və daha gənc olan iştirakçıları seçək. Lakin yenə də 25 nəfər planladığımız təlimçi sayı 45 nəfərə qədər qalxdı. Hələ qeydiyyatsız gələn iştirakçıları saymıram. Ən maraqlısı isə 30 nəfərə yaxın iştirakçının bütün təlimlərdə iştirakı ilə bağlı idi. Bu müstəsna bir rəqəm idi. Ən maraqlısı isə müraciətlər içərisində orta məktəb şagirdlərinin də adları var idi. Hələ Rüstəm adlı 16 yaşlı iştirakçımız bütün təlimlərdə bizimlə bərabər iştirak etdi, suallar verdi. Nə demək olar ki?! Azərbaycanda fəlsəfəyə bu qədər marağın olması.. Sadəcə möhtəşəmdir"
 Təşkilatçılar təlimləri 2 həftəlik bir müddətdə yekunlaşdırmağı yay fəslini və insanların asudə vaxtlarına müdaxilə etməmək üçün etdiklərini qeyd etdilər.

"Yay Fəlsəfə Məktəbi" gənclərin öz təşəbbüsləri ilə təşkil etdikləri mühüm uğurlardan biridir. Bu təkcə Bəhmənyar Klubunun deyil, bütün Azərbaycan gəncliyinin uğurudur. Azərbaycan gəncliyini öyrənmək eşqi, marağı, bacarığı ilə birlikdə görmək gələcəyə olan inamımızı daha da gücləndirir. Müstəqil Azərbaycanın fəlsəfəsi siz gənclərin əlindədir. Bu layihələr gələcək nəsillər üçün olduqca kiçik bir addımdır, lakin daha böyük və əmin addımların başlanğıcıdır. Səsinizin daha yüksəklərdən gəlməsi diləyi ilə.. Təşəkkürlər Bəhmənyar ailəsi !



Bəhmənyar Klubu, təlimçilər və iştirakçılar adından "Yay Fəlsəfə Məktəbi" layihəsində yaxından iştirak etdikləri üçün klubumuzun dəyərli üzvlərindən Xəyalə Zeynalova və Rövşən Nəzərova, yaxın dostlarımız olan  Kənan Abdullayev, Rövşən Əliyev, Salman Qafarova öz təşəkkürlərimizi bildiririk.          Var olun, dostlar !


 "Yay Fəlsəfə Məktəbi" çərçivəsində təlimlərdə iştirak edən şəxslər 3 növ sertifikatla təltif olunublar. Sertifikatlardan ilki bütün təlimlərdə iştirak edən şəxslərə verilib və "Filosof" adlandırılıb. "Döyüşçü" adlanan ikinci dərəcəli sertifikat isə 1 və ya 2 təlimdə iştirak etməyən şəxslərə verilib. Üçüncü və "Sənətkar" adlanan sertifikat növü isə daha az sayda təlimdə iştirak edən şəxslərə verilib. Təşkilatçılar sertifikatları Antik Yunan filsofu Platonun ideal dövlətində nəzərdə tutduğu təhsil sisteminə uyğun olaraq müəyyən etdiklərini bildirdilər. 

Yorumlar