Film analizi: "Çernobıl" serialı


“Çernobıl” (Chernobyl) serialı 6 may 2019-cu ildə efirə verilmiş və sonuncu seriyası eyni ilin 3 iyununda efirə verilmiş 5 seriyalı mini serialdır. Real hadisələrə əsaslanmış 1986-cı il Çernobıl AES partlayışına aid çəkilmiş bu serialın rejisoru Renk İohan olmuşdur. Bu seriala qədər elə də məşhur olmasa da, məşhur olan seriallarda bir neçə seriyada rejirsorluq kürsüsünə əyləşmişdir. Məşhur “Breacking bad” serialının 3 seriyasında, AMC kanalının çəkdiyi və hətta spin off-u belə olan “Walking dead”in (spin off: Fear
of the walking dead) (spin off – serialın dünyasında baş verən, amma başqa hadisələri özündə əks etdirən başqa bir ekranizasiya) birinci sezonunun 4-cü seriyasını, “History channel”-in “Vikings” serialının 3 seriyasını və s televiziyada təcrübəsi vardır və eyni zamanda, Madonna, Beyonce kimi məşhur müğənnilərin kliplərində rejisorluq etmişdir.

Serial 1986-cı il Çernobıl atom elektrik stansiyasında (AES) baş verən partlayışdan bəhs edir. İndidən açıq deyim ki, fikrimcə, serial baxılmağa dəyər (yəni baxmaq boş vaxt itkisi deyil) ortalama bir serialdır, amma mən serialı əsasən tənqid edəcəm, bunun da səbəbi hamının onu tərifləməsidir. Buna görə də onun mənfi cəhətlərini tamaşaçıya çatdırmaq istəyirəm. Deməli ilk öncə gözə girən hələ seriala baxmamışdan əvvəl bildiklərim, oxuduqlarım, öyrəndiklərim və izlədiklərimlə, seriala baxmağa başlayanda gördüyüm uyğunsuzluq oldu. Belə ki, serialın tarixi drama olduğu yazılmışdı və rejisor özü də müsahibədə mümkün qədər tarixi düzgün etməyə cəht etdiyini demişdi. Amma real olaraq seriala baxanda görürük ki, serialda həm elmi tərəfi, tarixi-xronoji tərəfi həqiqətə uyğun gəlmir. Elmi tərəfinə gələndə, radiasiyanın təsiri, radiaktiv zonaların göstərilməsi real deyil. Real həyatda radiaktiv zona ilə radiaktiv olmayan zonanın fərqini heç bir xüsusi alət və indikator olmadan müəyyən etmək mümkün deyil. Yəni filmdə göstərildiyi kimi işıldamalar (flütosensiya) və radiasiya təsirindən anında yaranan açıq yaralar və ya kimyavi yanıqlara bənzəyən hallar yaşanmır. Eləcə də xronoji cəhətdən yanaşdıqda hadisələr tam olaraq korrekt deyil. Bəzən isə bəzi hadisələr çox yavaş (spoiler: radiaktiv zonanın təmizlənməsi) bəziləri isə, çox sürətli (spoiler: məhkəmə prosesi) baş verdiyi göstərilir. Əgər bu bədii serial olaraq verilsəydi, bu zaman mənim arqumentlərim əsassız olardı ki, “bu dokumental serial deyil, rejisorun hadisəyə öz baxışıdır”, amma tarixi drama janrı yazısını gözən mən bir izləyici kimi az da olsa tarixilik görmək istəyirəm. O yazını oxuyub oradakı məlumatlara inansam, tarix anlayışım səhv olacaq və başqa biri onun haqda danışanda, mən o danışanı səhv hesab edib baxdığım serialı düz hesab edəcəm. Qısası hadisələrin real həyatla əlaqəsi zəifdir.
Normalda mən real həyatda görmədiyim “coolluğu” filmlərdə görüb heyrətlənir, effektlərt zəif olduqda şikayətlənir, tarixi filmdə və ya serialda uyğun olmayan bir şey gördükdə real həyatda belə ola bilməz deyirəm, yəni normalda filmdə daha çox şişirtmə görürüksə, bu seriala baxdıqda real həyatdakı hadisələri bir də oxumaq istədim. Çünki serialdakı hadisələr, daha adi, normal çatdırılıb. Real həyatdakı hadisələrin daha “cool” olduğunu anlayırsan.
Spoilerli hissə: Serialın janrı tarixi drama olaraq qeyd olunub, amma onun da tarixi hissəsində çoxlu boşlular var. Serialın isə janrında əlavə bir mənfi cəhət var ki, bu da onun hər janra girişirmiş kimi görünməsidir. Əvvəlində qorxu triller eləmək istəyib, amma yetərincə qorxutmur, sonra siyasi məsələlərdən bəhs edilib və elə ən yaxşı alınan hissəsi də burasıdır. Burada real arqumentlərlə SSRİ tənqid olunur. Daha sonra detektivlik məhkəmə elemetləri qatılır və bu hissəsi də tam tutmur. Rejisor serialı hərtərəfli etmək istəyib və heç bir janrdan ola bilməyibmiş kimi görünüb. Rejisor filmi daha sadə çəkə bilərdi və daha yaxşı alınardı.
Yəni fikrim ondan ibarətdir ki, rejissor sadə Çernobıl hadisələrini özündə əks etdirən serial və hətta film çəksəydi, daha yaxşı alınardı, amma o ilk sərbəst, mini olsa da öz serialı olan bir ekranizasiyanı çox yaxşı eləməyə çalışıb və bu da onu yaxşı olsa da adi seriallar arasından seçilməyən edib.
Və məni ən çox qıcıqlandıran məsələ isə serialın bu qədər möhtəşəm olmaması, onunla paralel çəkilən və ondan da qat qat möhtəşəm olan onlarla serialın olması, amma hamının diqqətinin onda olması idi. Bunun səbəbinin isə məncə çox sadə izahı var. Fikir versək, Çernobıl serialı 6 maydan, “HBO” kanalında efirə verilməyə başlayıb. Həmin vaxtda isə həmin kanalın hələ də efirə verdiyi, eləcə də bütün dünyanın diqqəti hələ də İMDB-də ilk sıralarda olan  “Taxt oyunları” (Game of thrones) serialında idi. Artıq 2011-ci ildən çıxan serialın və vaxtı ilə İMDb-də birinci yerdə olan “Breacking bad” serialını belə ötən serialın sonuncu sezonu və hətta artıq sonuncu seriyaları çıxırdı. Mayın 19-u bitən serialın son seriyaları izləyənləri, xüsusən də fanatları qane etmədi və bu boşluğu doldurmaq üçün başqa bir serial axtardılar. O boşluğu elə həmin kanalda, amma efir vaxtı bir gün sonra olan “Çernobıl” serialı doldurdu.
Tənqidlərimin əsas hissələri bu qədər idi. Düzdü daha kiçik tənqidlərim də var, amma onları səsləndirməyəcəm, çünki mən özüm də serialın tam da bərbad olduğunu düşünmürəm, sadəcə diqqətəlayiq olan amma kənarda qalan o qədər serial olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Eləcə də serialın müsbət cəhətləri də var idi ki, bu da serialın ümumi atmosferi, aktyorların oynamaq bacarıqları və s. idi.


Rövşən Nəzərov 

Yorumlar