Film analizi: "Bandersnatch" - Black Mirror


"Black mirror" serialı 2011-ci ildən ekranlarda göstərilir. Serial ingilis satirik-yazıçı, kritik, televiziya aparıcısı və prodüser Charlie Brooker tərəfindən yaradılıb. Başqa seriallardan fərqli olaraq, bu serialda hər seriyada fərqli aktyor heyəti görürük və hadisələr fərqli yerlərdə baş verir. 

Eyni zamanda bir-birindən çox fərqlənən süjetlər görürük və bütün seriyaları ümumiləşdirən ortaq cəhət - serialın daşıdığı ideyası - “Texnologiyanın cəmiyyətimizə verdiyi zərərlər”-dir. İdeya yeni olmasa da hər seriyanın orijinal və bir-birindən çox fərqlənən süjetləri serialı möhtəşəm edir. Çoxlarının bildiyini əksinə olaraq bu serial əvvəl “Channel 4” kanalına göstərilirdi. Belə ki, serialın ilk 2 sezonu (6 seriya) bu kanalda efirə çıxdıqdan və daha sonra “White Christmas” adlı xüsusi bölüm yayımlandıqdan (16 dekabr 2014) sonra kanal serialı bağlamağa qərar verdi. Amma “Netflix” kanalı bu serialı aldı və özü bu serial üzərində işləməyə başladı və yeni seriyalarda bu dəyişikliklər hiss olundu. 21 oktyabr 2016-cı ildən “Netflix” kanalında ekranlara çıxan serialda kanalın əl izi o saat görünür. Süjetlər onzuda bir-birindən çox fərqlənirdi, amma kanal bu seriala əl qoyduqdan sonra kolosal dəyişikliklər elə ilk seriyalardan hiss olunur(spoiler vermək istəmirəm, maraqlananlar baxanda biləcəklər). Həm də bu kanal bizi hər sezonda 3 yox 6 seriya ilə sevindirir ki, bu da hər serial fanatının simasında təbəssüm yaradır (“Sherlock” fanatları məni daha yaxşı anlayar). 4 gün bundan əvvəl, yəni 28 dekabr 2018-ci ildə isə serialın xüsusi buraxılışı və ya kanalın da dediyi kimi filmi - “Bandersnatch” çıxdı. 5-ci sezonun 0-cı seriyası kimi qeyd olunur. Filmdən tam həzz almaq üçün pirat yox, elə Netflix-in özündən baxmağı təkidlə məsləhət görürəm. Film haqqında fikrim isə 2 yerə bölünəcək: spoilerli və spoilersiz. 
Əvvəlcə spoilersiz fikrimi bildirəcəm. İlk öncə film adi həmişə izlədiyimiz filmlər kimi deyil. Süjet xətti bir tərəfli deyil (yəni bir-neçə sonluq var) və izləyicinin seçimindən asılı olaraq süjet xətti və eyni zamanda sonluq dəyişir. Bir baxımdan oyun kimi, elə baş personajımız Stefan Batler də (bəlkə də avatarımız) oyun yazarıdı. Kitab əsasında yeni oyun yazıb və onun demo versiyasını yeni yaranmış, amma sürətlə məşhurlaşan oyun şirkətinə aparır. Çox yəqin ki, siz heç vaxt süjet xəttini idarə edəcəyiniz film və ya serial izləməmisiniz. Bu tip film çəkilişi kifayət qədər yeni olsa da ilk deyil və məhz bu filmin bu tipdə çəkilməsi çox yerinə düşüb (spoilerli hissədə izah edəcəm səbəbini). Action səhnələri sevən üçün bu film elə də maraqlı gəlməyəcək, daha çox səbrli bir insanın oturub, saatlarca baxmağı üçün nəzərdə tutulub(elə səhnələr də var, sadəcə kontrast ora deyil). Amma buna baxmayaraq vaxt keçdikcı film maraqlılığını itirmir. Bütün süjet xətləri birlikdə 3 saat vaxtınızı alacaq, mən özüm 4-5 saat vaxtımı bu filmə sərf etdim. Unutmayacağınız bir filmdi, baxmağa dəyər. Əgər 10 üzərindən 9 deyilsə, onda mütləq 8 bala layiqdir. Anlayanlar üçün çox düşündürücü və təsiredici film olacaq. 


 İndi isə spoilerli hissə: burada baş personaj avatar kimidir və biz onun yeyəcəyi yeməkdən, özünü və ya başqasını öldürməyə kimi hər hərəkətini idarə edə bilirik. Bu tipli oyunlar qabağınıza çıxa bilər, amma bu janr təmamilə yeni bir janrdır, uğurlu olub olmayacağını demək isə hələ tezdir. Bir şey dəqiqdir ki, məhz bu filmin belə tipdə çəkilməsi boşuna deyir. Belə ki, biz personajı idarə etsək də filmin bir neçə yerində Kolin Ritman (başqa bir oyun yazarı) baş personaja belə deyir: “Sən bu və ya digər seçimi edə bilərsən, amma bu nəyisə dəyişəcəkmi?” Bəli biz düşünə bilərik ki, bu sözlər personaja deyilib. Amma unutmayaq ki personajı oyuncaq kimi idarə edən bizik və başqa bir səhnədə 4-cü divar (4-cü divar, yəni film personajı ilə yaradıcı və ya izləyici arasında əlaqə yaradılması - filmdə belə bir yer Netflix işçilərinin kompüterlə oyun yazarımız Stefan ilə danışan zaman görürük) qırıldığını bilirik və niyə də bu sözlər Stefana yox əslində onu idarə edən və əmrləri verən bizə deyilməsin: bəli bu filmdə sən kimisə öldürdün, o seçimi etdin, belə oldu, bir neçə saat əyləndin. Bəs real həyatda nəyə nail olmusan? Eyni zamanda film real həyatı əks etdirir və hətta deyərdim ki, bir çox filmin zəif çatdırdığı ideyanı daha yaxşı və daha fəlsəfi çatdırır. “Bizim dünya real deyil, sadəcə oyundur.” Bax bu ideya. Buna qarşı qoyulan əks ideya da maraqlı idi: “Əgər bu dünya simulyasiya olsaydı, sənin həyatın daha maraqlı olmazdımı?” Bu sualın cavabından asılı olmayaraq unutmayaq ki, biz bir filmə baxırıq, yəni bizə bu film maraqlı gəlibsə, niyə də kiməsə bizim həyatımız maraqsız gəlsin. Reallıqda filmdən dəfələrlə maraqlı hadisələr baş verir. Amma bəlkə bizim “Reallıq” adlandırdığımız dünya özü bir simulyasiyadır. Simulyasiya nəzəriyyəsini çox uzatmaq olar və bu mövzu maraqlı olsa da, indi onun barədə danışmırıq. Filmdə yuxulara da diqqət yetirilib, biz izləyici olaraq tam bilmirik ki, yuxu realdır, yoxsa sadəcə yuxu. Hətta filmdə bizə təqdim olunan süjetlər bir kənara dursun, öz düşüncəmizdə nəyin real nəyin yalan olduğunu düşünəndə, yeni yeni süjetlər ortaya çıxır, hətta filmdəki səhnələrin birində Kolinin ölüm səhnəsindən sonra, həyat yoldaşının onu axtarması bizim simulyasiya olan bu dünyada belə baş verənlərin hansının real, hansının simulyasiya olduğunu ayırd edə bilməməyimiz və elə Kolinin dediyi kimi “Sən bu və ya digər seçimi edə bilərsən, amma bu nəyisə dəyişəcəkmi?” sözü bumeranq kimi qayıdır. Çünki, nə edirsən et “Happy end”-i əldə edə bilməyəcəksən, film melodrama janrındadır. Hansının daha yaxşı seçim olduğunu sən seçəcəksən.  Filmdə bu dialoqu xüsusən bəyəndim: 
- Səncə hansı paralel dünya realdır? 
- Hamısı
 Bu sadəcə mənim film barədə düşündüklərimin çox kiçik bir hissəsidir və bu təkcə mənim düşüncələrimdir. Bax buna görə də film bu qədər möhtəşəmdir. Film barədə çox danışmaq olar, amma marağınızı cəlb edib özünüzün filmə baxmağınız üçün, sadəcə bu qədər danışdım. Xoş izləmələr...

Rövşən Nəzərov




Yorumlar

  1. Bu yorum bir blog yöneticisi tarafından silindi.

    YanıtlaSil
  2. təşəkkür edirik :) yeni layihəmiz kimi bu tipli yazılara müntəzəm yer verəcəyik

    YanıtlaSil

Yorum Gönder