Feliks Guattari: "Mən bir fikir oğrusuyam"





 Bu reportaj “Petites et grandes machines à inventer la vie”(Həyatı kəşf edən böyük və kiçik maşınlar) adı ilə 28 İyun 1980-ci ildə Liberation-da yayımlanmışdır.

Felix Guattari, “I’m an Idea-Thief”, Soft Subversions: Texts and Interviews 1977-1985, s. 21-33-dən tərcümə edilmişdir.




Robert Maggiore: Kitablarınızan bəziləri, məsələn “Mexaniki təhtəlşüur” dilin son dərəcədə mücərrəd təbiətindən, neologizmlərdən və çox fərqli nizam intizamlı söz toplarından ötrü xüsusilə çətindir. Bu elitist bir jestdirmi, yoxsa araşdırma metodunuzun gətirdiyi bir məcburiyyətdirmi?

Feliks Guattari: Dəqiq olan bir şey vardır ki, bu bir jest deyildir. Ancaq bir zəiflik, ya da bir məcburiyyət ola bilər. Yaxşı, bəs zəiflik deyilə bilərikmi buna? Bunun Jil Deleuze ilə birlikdə qələmə aldığım kitablar üçün düzgün bir təsvir olacağını düşünmürəm. Öz araşdırmalarım üçün, tutaq ki, bunun xroniki bir qüsur olduğunu deyək. Lakin bu məsələdə də qərar vermək sizə qalmışdır. Aydındır ki, öz adıma müəyyən suallarla üzləşmək üçün öz dilimi formalaşdırmaq məcburiyyətində qaldığımı deməyə meylliyəm. Və təbii ki, də bir dil yaratmaq, kəlimələr, açar sözlər və daşıyıcı terminlər kəşf etmək mənasına gəlir. Ən yaxşı ehtimalla köməkçi sözlər yeni bir suallar zənciri yarada bilər, onları özləri ilə sürükləyərək, müxtəlif sahələrlə əlaqələndirə bilər. Mən universal ədəbiyyata, ya da fəlsəfəyə yox, bundan daha çox minor dillərin təsirlərinə inanıram. Belə olduğu təqdirdə isə sual olduqca aydın bir vəziyyət alır: Ya minor dil minor məsələlərlə əlaqə yaradaraq müəyyən nəticələr əldə edir, ya da mücərrəd qalaraq, yavanlaşır və öz üzərinə yönəlir və heç bir şey yaratmır. Dolayısı ilə bunun elitist bir baxış olduğu qənaətində deyiləm. Bunun bəzi insanları narahat etdiyini başa düşürəm, amma ən nəhayətində bu mənim problemim deyil Mənim əsas problemim major bir dildən istifadə etdiyimdə, məsələn, gündəlik siyasi məsələlər haqqında şərh verdiyimdə, bir şeylər demək istədiyimdə, başa düşülmək deyil.

Siz spesifik sahələr üçün spesifik vasitələr yaradırsınız. Ancaq öz araşdırmalarınızı insanlara təqdim etdiyinizdə bu bir sıra problemlər yaradır. Yaratdığınız vasitənin universal olması lazım deyilmi?

Bu da bir gerçəkdir ki, mən nə universal bir vasitəyə, nə də bu sahədəki əlaqənin faydalarına bel bağlayıram. Anlayışlara əsaslanan bir sahədə ən arzu edilən təsir forması anlama səviyyəsində deyil, ancaq qəti bir təsirlilik formasındadır. “Ya işləyir, ya da işləmir”. Birinin sizə riyazi bir əməliyyatı yerinə yetirməyiniz üçün bir elektron hesablayıcı verdiyini düşünün. Orada qarşılıqlı əlaqədən bəhs edə bilərikmi? Sizə potensial bir istifadə ötürülür. Onun icazə verdiyi əməliyyatlar işlədilməsi ilə əlaqədar müəyyən bir hazırlıq əldə edildiyi andan etibarən yerinə yetirilə bilər. Mənə görə, ideologiya və ya müəyyən bir subyektivlik formasını ifadə etməyən,  vasitələr və mexanizmlər kimi işləməsi lazım olan  nəzəri ifadələr üçün də eyni şey keçərlidir. Və bu hər an üçün keçərlidir. 68-ci ilin mayını düşünün. Bu ideoloji bir yayılmadan daha çox, hadisələrin əks sədası idi. İdeoloji olaraq başa düşülmə sürətində deyil, mexaniki sürətində yayılan “bu cür işləmir” formasında bir anlayış var idi. XIX əsrdə müəyyən bir sıra mətnləri oxuya bilmək kimi bir səviyyəyə çata bilmək üçün əvvəlcə proletariatın maarifləndirilməsinə ehtiyac vardı. Daha sonra isə bu praktikada qarşılığını tapırdı... Ancaq gerçəklidə işlər bu formada irəliləmir!

 O halda fərqli və qismən də heterogen nizamlardan söz bazanızın ünsürlərini necə aşıra bildiniz, ona geri dönək.

Lakan öz Freydist məktəbinin üzvlərinin üçdə birini saxtakarlıqda günahlandırmışdı. Saxtakarlıq ifadəsini bir fikir oğrusu və ikinci dərəcəli anlayışları mənimsəyən biri kimi özümə aid edirəm. Yəni bir kəlimə aşırmış (oğurlamaq mənasında) olmaq, o kəlimənin semantik əsası istisna olmaqla problem deyil. Məsələn, “Yersizyurdsuzlaşma” sözü Amerikan antropologiyasından aşırmış olduğumuz yeryurd anlayışına əsaslanırdı. Bu məsələ çox tez unuduldu və qarşılığında bu kəlimə bizə müəyyən formalarda rəhbərlik edən sintaktik, ritorik və stilistik formalarda çox fərqli qanunlara inteqrasiya oldu.

Deleuze və Guattari haqqında danışacaq olsaq, insanlar artıq sizlərdən terminlər – yersizyurdsuzlaşma, müharibə maşını – borc aldığına görə bu fəaliyyət uğurlu olmuş kimi görünür. Ancaq araşdırmanın məzmununda ötrü:  “insan” tam olaraq “bir şey” deyil də “çoxlu qeydlər”-ə ehtiyac duyan psixoloji, bioloji, sosio-iqtisadi və b. ünsürlərin bir kəsişməsi, bir növ çarpazlaşması olduğu üçün mümkün olan bütün anlayışları və fərqləndirici terminləri istifadə etməyə istiqamətlənmiş bir “məcburiyyətin” olub olmadığı ilə maraqlanıram.

Burada bir yanlış anlama ola bilər. Bəhs etdiyiniz şey, əsasında çox-cazibəli(heteroclite) bir sahəni kəşf etmək üçün eklektik ifadələr tapmaq məcburiyyətində olduğum mənasına gələ bilər. Ancaq mən bu cür düşünmürəm. Bunun əvəzinə fərqli fəaliyyət sahələrini qət edən – və burda təbii ki, öz jargonumu istifadə edəcəyəm – müəyyən bir növ “konkret maşın”-ı yaratmağa çalışdığımın fərqindəyəm. Bu konkret maşından gözlənilən şey tamamilə heterogen ünsürləri birləşdirmək üçün qarşımızda olan sahənin təkliyini intergrasiya edə bilməsi deyil, onları bir-biri ilə birləşdirməsidir.

Buna xüsusi bir nümunə verə bilərsinizmi?

Freydin həqiqətən çox cazibədar olan “kompleks” məfumunu nəzərdən keçirək – bütün təriflərini sadalamağa çalışsaq çox uzun çəkər. Ancaq başlanğıcda insanlar bu terminin çox qəribə olduğunu düşündülər. Bu gün isə hər yerdə istifadə olunur. Deleuze və mən etimoloji olaraq məntiq sahəsinə aid olan “nizamlama”( agencement) anlayışını müəyyən etdik. Bu daha geniş və daha əhatəli bir məfum idi. Çünki bir baxıma şüurdan kənar prosesə işarə etməklə yanaşı xəyali təmsillərlə, dil zəncirləri ilə, iqtisadi, siyasi, estetik, mikro cəmiyyət və s. semiotika ilə əlaqə qururdu. “Kompleks” məfumuna nəzərən “nizamlama” anlayışı daha zəif başa düşülən, lakin daha geniş sahələrə uzanaraq, fərqli əsas kategoriyaların “kompleks” sahədən çıxmasına imkan verməyən və beləliklə də, onları “maşın” kimi digər anlayışların üzərinə qaldıran bir məfumdur. Burada “mexaniki nizamlamalardan” bəhs edirik təbii ki.


Niyə bəs “maşınlar birliyi” demirsiniz ki?

Çünki maşınlar birliyi bizə məkan ölçülərinin fərdlərə və subyektlərə yad olduğu, onlara kənardan təsir etdiyi fikrini verdiyi kimi, nizamlamanın və subyektləşməni problemə çevirərək subyektivliyin necə yaradıldığı sualını verməmizə imkan yaradır. Bu hər hansı aksiom tərzi fikirdən ayrı olan anlayışa əsaslanan bir təbiətə işarədir. Mən homogen aksiomatikdənsə nizamsız, müvazinətsiz və davamsız kimyəvi formulların daha çox tərəfdarıyam. “Nizamlama” və “mexaniki nizamlama” anlayışlarının hər hansı universallıq iddiası yoxdur. Onlar vasitədir. Onlar haqqında universal demək iki mənada başa düşülə bilər:  Ya onların çox böyük bir sahəyə tətbiq olunması gözlənilir, ya da elmi və ya əxlaqi nizamın əsasları və əsas anlayışları halına gətirilərək “universallaşdırılmaq” istənilir. Ancaq mənim fikrimcə, arzu iqtisadiyyatının analizi aksiomatik homogenliyə sahib olmayan ifadələrin bir arada var olmasına imkan verən çox dəyərli bir məntiqi müəyyən edir. Əgər bundan on il öncə mənə bunu demədiyim bir şəkildə qarşı çıxsaydınız, “çox pis”, hətta “çox çox yaxşı” deyə cavab verərdim. Bəlkə də, bu yaxşıya işarədir. Arzunun ifadələri eyni zamanda forma etibarilə fərqli şeylərə işarə edə bilər. Çünki fərqli istinad dünyalarına keçid qoya bilərlər.

Lakin bu vəziyyət mülahizələri dilə gətirən subyektdənmi, yoxsa o mülahizələrin aid edildiyi obyektdənmi irəli gəlir?

Hər ikisi də. Məsələn, qadın azadlığı haqqında olduqca yaxşı bir şəkildə qurulmuş bir çıxış edərkən fərqində olmadan fallokratik bəzi davranışlar göstərə bilərəm. Deyilənlər və gerçəkliklə bir-birinə daima əngəl olmaqdan əl çəkmirlər. Bəzi şeyləri əmr edən qanunlara, ya da əmrlər yağdırmanın bir mənası yoxdur. Mən dəyişməyə davam edəcəyəm və dünya da sürətlə, hər dəfəsində get-gedə daha sürətli Heraklitin dediyindən belə daha sürətli şəkildə dəyişməyə davam edəcək. Bu cür dalğalanmaların və ziddiyyətlərin öhdəsindən necə gəlmək olar bəs?  Bir gün ola bilər ki, Liberation haqqında mənfi rəylər deyərək, bu və ya başqa bir nöqtədə qəzeti ittiham edə bilərəm. Daha sonra isə başqa bir vəziyyətdə Liberation olmasa, günümüz nə olardı deyə fikir səsləndirə bilərəm. Bu ikiüzlülük əxlaq və ya əxlaqi bir baxış bucağından olduqca dəhşətli bir şey kimi görünə bilər. Bu konkret vəziyyətlər bizi hər zaman, mənim fikrimcə, yalızca şizoanalizə məxsus əxlaqi bir qarışıqlıqla qarşı-qarşıya qoya bilər. Bunun nəslimizin qulaqlarında səslənən “Haradan danışırsan?” sualı ilə bir əlaqəsi yoxdur. Amma bundan daha çox “müəyyən bir vəziyyətdə və əlaqə içərisində sənin üzərindən danışmağa başlayan şey nədir?” sualı ilə əlaqədardır. Bu Lakanın dediyi “danışır” məsələsi deyildir. Daha çox Fukonun “enonce” dediyi şeyi sorğulanmaqdır. Enonce Fukoya görə, mövcud və gündəlik şərtlər nəticəsində meydana gələn həqiqət rejiminin nəticəsində insanın mümkün olan çümlə seçimləri arasından birini seçməsidir.

Bu dedikləriniz, məsələn siyasi sferada necə göstərilə bilər?

Sinif, ya da sinfi mübarizə məfumunu nəzərdən keçirək. Bu tamamilə sərhədlənmiş sosioloji anlayışların varlığını göstərir: burjuaziya, aristokratiya, proletariat.. Bu ünsürlər bir çox ara bölgədə, məsələn, xırda burjuaziyada, aristokratik burjuaziyada, proletariatın aristokratiyasında, lümpen proletariatda qeyri-müəyyənlik qazanır... Nəticə: ictimai sferanın açıq və aydın bir şəkildə izah edilməsinə əngəl törədən qeyir-müəyyənlikdir. Bu nöqtədə nizamlama məfumunun istifadəsinə ehtiyac yaranır. Çünki ictimai ünsürlərin bipolyar əksliklərindən mütəşəkkil olmadığını göstərir. Qarışıq nizamlamalar irq, cinsiyyət, yaş, etnik və s. parametrləri ortaya çıxarır. Bu nizamlama fikrini ictimai sferaya şamil etmək yalnızca istəyə əsalanan nəzəri hiyləgərlik sayıla bilməz, vəziyyəti yenidən formalaşdırmağınıza, sinfi mübarizəyə dair müəyyən bir sadə anlayışları ortaya qoymanıza və onlardan qurtulmanıza imkan verən yollar tapmağınıza imkan verir.


Siz bu nizamlama məfumuna, heç vaxt əl çəkmədiyiniz və Freyd və Marksın iki əsas araşdırma sahəsi olan şüuraltı və ictimai sferaların içərisində nəzərdən keçirdiniz. O halda görünün odur ki, Marks və Freydi tənqid etdiyinizdə belə ikisin də ortaya atmış olduqları problemləri qoruyub saxladınız. Bunu deməklə onu nəzərdə tuturam ki, ədalətli bir şəhərin əxlaqını formalaşdırma və süuraltısını kəşf etmək. Bu gün bu suallar olmadan mümkünmüdür?

Bu çox da asan olmazdı. Lakin problemi cavablandırmaq üçün müəyyən bir dəyişikliklər nəzərə alınmalıdır. Fərd və maşın nizamlamalarını kütləvi bir ölçüdə əmtəə, xidmət və yeni ehtiyacların təmin etdiyi nöqtəyə qədər insan əməyinin mexaniki əməyə get-gedə artan inteqrasiyasını nəzərə almadan insan növünün həyatda qalmasını xəyal etmək mümkün deyildir. Burada başgicəlləndirici bir sürətlə irəli doğru gedirik: artıq geriyə, təbii vəziyyətə, xoş niyyətlərə, kiçik miqyaslı sənətkarlıq məhsullarına dönmək imkanımız yoxdur. Get-gedə daha çox dünyaya integrasiya olan istehsal periodları - məncə bu hələ də öz təsirini qoruyub saxlayan Marksist bir intuisiyadır - azadlığın və arzunun inkişafına imkan yaradır. Orta əsrlərə, hətta Neolit dönəminə aid insan münasibətlərinə dair anlayışları aşmanın yeni vasitələrini qazanmış olduq zaman içərisində. Bu günə qədər, insan birliyini yaratmaq və bir yerdə tutmaq, iş bölgüsünü nizamlamaq üçün, fərdi inkişafa istiqamətlənmiş ümumilikdə isə katastrofik nəticələrə malik olan vasitələrdən istifadə etmək müəcburiyyətində qaldıq. Kapitalizm - fərdi, lokal, regional və dünya çapında - inanılmaz bir zalımlığın fərqləndirici texnikalarından istifadə edərək istehsal motivasiyaları üçün lazımlı olan gücü yarada bilir. Sadəcə subyektiv ehtiyaclara uyğun olan şeyləri seçir və onlara iqtisadi olaraq dəyər müəyyən edir. Bundan kənarda olan hər şey isə öz dəyərini ititir, korlanılır və məhv edilir. Bu baxımdan Sovet sosializminin, “Gulag” sosializminin kapitalizmin ən yüksək forması olduğunu qeyd etməliyəm. Yenə də ondan əsas olan bir şey miras qaldı bizlərə:  heç bir sosializmin, heç bir sosial azadlığın özlüyündə sərvətlərin iqtisadi yenidən bölügüsünə bağlı olmadığı. Alternativ isə aydındır:  ya inqilabi periodlar, istehsal elementlərinin cəminin - ki, sadəcə olaraq bazarların istehsalı deyil, bütün həyat, arzu, elm, yaradıcılıq, azadlıq istehsalını da -  idarəsini öz əlinə alacaq, ya da bu sahədə get-gedə daha da amansız bir hala gəlmiş olan daha əvvəlki sosial təzyiq formalarının yolu ilə gedəcəkdir. Keçənlərdə burada Paulo Virilo digər bütün insanlar bir növ ev həbsinə məruz qalırkən yanlızca bir qrup insanın kürənin ətrafında hərəkət edə bildiyi bir cəmiyyət və sürət haqqında danışırdı. Bu problemin gerçək təbiətidi. Elektronik inqilab, ən inkişaf etmiş texnologiyalar və s. nəzərə alacaq olsaq, ən çox integrasiya olunmuş, ən sofistcə istehsal səviyyəsinə xas olan məhdudiyyətlər necə olur ki, insanların sadəcə məkan daxilində deyil, eyni zamanda fikirlərdə, hisslərdə arzularda, hətta cinsiyyətdə belə azad şəkildə səhayətə çıxdıqları bir həyat tərzi ilə uyğun ola bilər ki?

Yaxşı bəs, bu “xoş” bir yuxu deyilmi?
Bilmirəm. Mən həm həddindən artıq optimist, həm də həddindən artıq pessimistəm. Məncə, gələcək əsrlədə çox çətin problemlərlə üzləşəcəyik. Gənclərin nəzarətindəki artım, heyvan kimi davranılan miqrantlar, davamlı olaraq azalan boş sahələr. Bizi gələcəkdə gözləyən şey budur. Və bu baxımdan Qərbin və Şərqin əsas bir cinayət ortaqlığı quraraq. Həm azadlıq hərəkətlərini, həm də hər cür potenisal hərəkətliliyi nəzarət altına almasına imkan verən ortaq bir fəaliyyətlə, bir dünya müharibəsi qarşısındakı toqquşma ehtimallarını ört basdır etdiklərini qeyd etməliyəm. Ayrıca da bizi 20 il içərisində 5 milyard dünya əhalisindən 8 milyarda və ondan daha yuxarı rəqəmlərə doğru aparacağını düşündükdə başınızı gicəlləndirəcək olan demografik istiqamətin arxa planını da yaddan çıxarmayaq. Bütün bunlar işləri heç də asanlaşdırmayacaq. Bu vəziyyətin katastrofik istiqamətidir. Yenə də mən hələ bir qədər sakit qalmağın daha yaxşı ola biləcəyi düşüncəsindəyəm. Çünki “maddi” şərtlər(hər nə qədər bu ifadəni güc bəla ilə istifadə edə bilsək belə) yeni bir ictimai nizamı (həm molar, həm də molekulyar) inşa etmək üçün vasitə olacaq gerçək inqilabları ümid etməyə istiqamətləndirə bilər.

Sizə bunu düşündürən şeylər nələrdir?

Nə “xoş niyyətlər”, nə də gələcəyə dair bir ümidin daşıyıcısı olan proletariatın “yaxşı təbiəti”!  Ancaq əksinə, mənim “mexaniki filum” adlandırdığım şey. İstər elmlər olsun, istərsə də incəsənət harada həqiqətən yaratmaq arzusu varsa və həqiqətən bir yaşamaq meylləri meydana gəlirsə, harada bir şeylər baş verirsə, orada günümüzə xas olan təşkilatlar və yerarxiya sistemlərinin rəddi ilə qarşı qarşıyayıq. Elmi inkişaf və estetik və ya mədəni mutasiya heç vaxt avtoritar vasitələrdən qaynaqlanmır. Bir qərar verici mərkəz çıxaraq incəsənəti, ədəbiyyatı, elmi və s. qanuniləşdirməyə çalışdığı anda araşdırma və yaradıcılıq tamamilə dayanır. Ən qarışıq fəaliyyət sahələri bürokratik və elitist fərqləndirilmə olmadan mükəmməl iş görə bilirsə. socius nizamlaması niyə bir istisna olsun ki? Həqiqi bir ictimai inqilab perspektivi, mənim fikrimcə elmi və estetik inqilabların mümkün olduğu sahələr qədər açıqdır. Bəlkə də, bu anda çox saf bir şəkildə danışıram, ancaq cəmiyyət münasibətlərinin hər kəsin yaşayıb inkişaf edə bilməsinə imkan verən bir tərzdə nizamlanmasının, kvant mexanikasında və ya gen mutasiyasındakı problemləri həll etməkdən niyə çətin ola biləcəyini anlamıram.

Burada haqqında danışdığımız “çətinlik” deyil, ancaq tətbiq olunmadır. Həyat formalarında, yeni yaradıcılıq və azadlıqlarda zühur etdiyini gördüyümüz ictimai inqilabın mümkün sferaları tarixi çətinləşdirən sosio-iqtisadi təşkilati sfera ilə əlaqəsiz və ya ondan ayrı deyildir. Tam olaraq əksinə, sosio-iqtisadi təşkilati sfera onu şərtləndirir və nizamlayır.

Əslində, məni ənənəvi ictimai inqilab məfumlarına qarşı çıxmaqdan daha çox günümüzdəki dünyada tamamladığına inandığım “molekulyar inqilab” məfumunu önə sürməyə təşviq edən şey də budur. Dəyişikliklər, ancaq böyük ölçüdəki sosio-iqtisadi dəyişikliklərdən yaramaq məcburiyyətində deyillər. Bütün bu sistemlər həm müdafiə sistemləri, həm də mutasiya sistemləri olaraq öz daxillərindən sızıntıya məruz qalırlar. Molekulyar mutasiyalar hər zaman özlərini böyük bir miqyasda ortaya qoymurlar. Onlar qısa müddətdə fərqli formada dəyərləndirilməlidirlər. Lakin bu onların var olmadığı mənasına gəlmir. Oxumaqla, yazmaqla, məkanla, cinsiyyətlə, bədənlə, gecə ilə, günəşlə, əzablarla bundan on il əvvəlki kimi qarşılıqlı əlaqədə deyilik. Dərininə və tərsinə mutasiyalar bütün bu sahələrdə fəaliyyət göstərirlər. Başqa bir ifadə ilə, bütün böyük kollektivlərin  bağlı olduğu  molekulyar əsas bir “bioloji yeməyin” makro ictimai şərtlər tərəfindən tək tərəfli bir şəkildə müəyyən edilmədiyi bir “mexaniki yemək”, bir növ qaynamaqda olan yemək halına gəlmişdir...Özlərinə aid dəstəyi formalaşdıraraq yeni bir növ ictimai praksis formalaşdıracaq olan ictimai müharibə mexanizmləri kimi molekulyar inqilablar yaratmağı hədəfləməliyik. Bu tərzdəki molekulyar inqilablarla inqilabların erkən dönəmlərindəki formaları arasındakı fərq günümüzdəki mutasiya modelləri - aralarında moda kimi ikinci dərəcəli şeylər olsada -  bütün planetə bir anda çatacağı kimi, daha əvvəllər hər şeyin ideologiya və programa əsaslanmasıdır. Mikro fəaliyyətlərin irəli sürdüyü belə bir mutasiya insan mövcudluğunun gündəlik əsaslarını dəyişdirir və bu mutasiya gerçəklikdə fövqəladə dərəcədə azadlıq imkanlarına çatmağımızı təmin edər.


Tərcümə edən: Bahmanyar Club

Yorumlar