Bədii Esse: "Yarış" - Elmir Quliyev

Aha, axır gəlib çatdı. Havada olan yandırıcı isti onu lap əldən salmışdı. Alın tərini üstündə olan quru salfetlə silib metro stansiyanın pilləkənlərini bir-bir geridə qoymağa başladı. Hətta ayağı sürüşüb birində az qala yıxılacaqdı. Ancaq birtəhər qamətini düzəldib pilləkənin hər mərtəbəsini ustalıqla fəth edirdi. Nəhayət, pilləkənlərlə qaçılmaz dueldən alnı açıq, üzü ağ çıxmağı bacardı.
Biraz da qürurlandı. İlk cəhdi böyük uğurla başa vurmuşdu..
Giriş hissədə kartının balansını artırmaq üçün dayandığı növbə onu lap əsəbləşdirdi. "Nə çətin işdir axı karta pul yükləmək? Bu qədər adam növbə yaradıb?" - amma bu sual cavabsız qaldı. Çünki heç sualı dilinə gətirməmişdi. Sadəcə çox adam kimi ürəyindən keçirmişdi. Və budur növbə ona çatdı. Əlindəki yükünü sakit yerə qoyub bütün ciblərində kartını axtarmağa başladı. Gözünü yumduğunda əlini bir cibində, açıldığında isə digər cibində görmək olardı. Bir göz qırpımı qədər sürətli. Yekun olaraq axtarış tədbirlər, nəhayət, öz məntiqi sonluğuna qovuşdu. Necə deyərlər, axtaran tapar və tapdı. Atalara onu hərəkətə gətirən bu cümlə üçün təşəkkür etməyəcək qədər tələsərək cibindəki əzilərək qəribə formaya düşmüş bir manatlıq əskinası ödəmə terminalına daxil etdi. Daha sonra arxada onu başdan-ayağa süzən narazı baxışların fonunda oradan uzaqlaşdı..
Sonunda ayaq səslərini metropolitendə eşitdirməyi bacardı. Bu zamana qədər hələki rahatlıqla müxtəlif səviyyələri adlaya bilirdi. İndi isə növbəti yarış üçün qollarını çırmalamağın zamanı idi. Lakin hələ qatarın gəlişi üçün bir neçə əzabverici dəqiqə keçəcəkdi. Bu dəqiqələr bəlkə də, yalnız metro stansiyalarında xüsusi olaraq istifadə olunan ən uzun dəqiqələr idi. Qolundakı saatına baxdı. Gecikmək üçün səbəb axtarmağa başladı. Müttəhim kürsüsündə isə məhz gecikməsinə səbəb olan qatarı əyləşdirəcəkdi. Artıq qatara minmək üçün adamlar bir qədər addımlarını irəli ataraq hüdud xəttinə yaxınlaşdılar. Start fitini yaxınlaşdıran saniyələr ən həyəcanlı anlar olaraq qalacaqdı. O, bir əlindəki yükə, bir də qatara minməyə hazırlaşan insan izdihamına baxdı. Yarış üçün əlverişli formada deyildi. Onu asanlıqla ötüb keçəcəkdilər. Həm də bir göz qırpımında. Bir möcüzənin gücünə inanırdı, hans ki, onu bir an içində qatarın içində bərqərar etsin. Amma çox təəssüfedici haldır, iyirmi birinci əsr uçan xalçalar, sehirli çıraqlar, qeyri-adi möcüzələr əsri sayılmırdı. İndi başını qaşımağa belə vaxt itirəcəksənsə, bundan imtina etməliydin. Əks halda məğlubiyyəti dadacaqsan. Və hətta ən dadlı yerindən. Gecikmək olmazdı. Bir an belə. Nəhayət, qatarın işıqları tunelin qurtaracağında görünməyə başladı. Hər kəs yerini rahatladı. Onun gözlərini çox kiçik zaman dilimində parıltı bürüdü. Az qala qulaq pərdəsini dəlib keçən siqnal səsindən sonra qatar platformada dayandı. Qapılar açılacaqdı. Fəqət səbirsizlikdən qapını özü açmağa çalışanlar da gözündən qaçırmadı. Açılan kimi isə hamı sürətlə qatarda yerini tutmağa çalışdı. O, biraz qarşısındakı mənzərəni seyr etməkdə davam etsəydi, növbəti qatarı gözləmək üçün can çəkişəcəkdi. Birtəhər qapıların bağlanmağına az qalmış özünü qatara saldı. Onu təbrik etmək olardı. Növbəti yarışdan üzü ağ çıxmağı bacarmışdı. Qarşıda nəyin və nələrin olacağı bəlli deyildi. Amma indiki an hər şey qaydasında idi. Hətta vaqonda isti və boğucu hava olsa belə. Buna dözmək də olardı. Lakin növbəti qatar üçün dəqiqələrə ürəyi dözməyəcəkdi. Növbəti stansiya onu bir qədər də evinə yaxınlaşdırdı. Qatardan artıq düşəcəkdi. Özünü yenə səfərbərlik üçün hazırladı. Bu artıq sonuncu yarış olacaqdı. Sevinməyə hər keçən saniyə onu yaxınlaşdırırdı. Sonunda qatarın sürətinin yavaşladığını hiss etdi. Əlindəki yükünü bir qədər də ovucuna sıxıb düşməyə hazlaşdı. Qapılar açılar-açılmaz artıq o nəfəsini platformada hiss etdirdi. Xoşbəxt idi. Təbəssüm üzünü sarımışdı. Bunu da bacarmışdı..
Eskalatora doğru əmin addımlarla irəliləməyə başladı. Yuxarı doğru qalxarkən gözünə divarda asılmış lövhə tuş gəldi. Lövhədəki cümlə onun az öncə sıraladığı qələbələrini məyusluqla unutdurdu. Orada yazılmışdı : " Metro yarış meydançası deyil "


Elmir QULİYEV

Yorumlar