Bədii Esse: "Görüş yeri" - Elmir Quliyev

Səhəri qəfil gələn zənglə açmışdı. Yarıyuxulu telefonu əlinə aldı: "aloo..alo..eşidirəm.." , lakin qarşı tərəfdən heç bir cavab gəlmədi. "Bu adamlar da lap dəhşətdilər"-deyərək telefonu kənara qoydu. Daha sonra tələsik stolun üzərində olan kalendarı əlinə aldı. Gözlərində parıltı əmələ gəldi. Bu gün təsadüfi gün deyildi. Onun
üçün həddən ziyadə özəl gün sayılırdı. Məhz iyirmi bir il əvvəl bu təqvimdə onun qızı dünyaya gəlmişdi. Elə doğulduğu andan söz vermişdi ki, onlar bu günü həmişə qeyd edəcək, nə olursa olsun bir yerdə keçirəcəklər.Qadın əlində olan təqvimə baxdıqca sevinc və kədər hisləri onu sanki eyni anda bürüdüyü aydın olurdu. Fəqət gözlərinin müdhiş parıltısı onun kədər hislərini basdırmağa qadir idi.
O bir neçə ildir ki, bu yaşadığı evdə tək qalırdı. Təkliyə öyrəşmişdi artıq. Tək yaşamaq ona çətin gəlmirdi. Qızı isə ondan xeyli uzaqda idi. Fəqət illərdir dəyişməyən görüş yeri xüsusi gün üçün onları gözləyirdi. Ana və qızın xəyali danışmaqlarına, pıçıltılarına, bir-biri ilə bölüşdüyü xatirələrə şahidlik edirdi bu yer. O, həmişə ümid edirdi ki, qızı həmin gün, həmin saat orada olacaq. O, ona inanırdı.
Saatına baxdı. Saat 9:20 dəqiqəni göstərirdi. Onlar hər il 20:30 görüşürdülər. Hələ görüş üçün xeyli vaxt var idi. İşlədiyi dərzi dükanına yollandı. Ora isə yaşadığı yerdən biraz uzaqda idi. Yol boyu kifayət qədər həyəcanlı görünürdü. Onun qızına olan sevgisini ifadə edən sözlər belə tapmaq çətin idi. Tez-tez saatına baxırdı. Səbirsizliklə dəqiqələrin daha da irəliləməsini gözləyirdi. Keçən hər dəqiqə qadını sevindirirdi.
İşlədiyi yerdə rəfdəki iki həftə əvvəl toxuduğu köynəyə yenidən baxdı. Köynəyin üzərinə "həmişə səninləyəm" yazılmışdı. Qızı üçün toxumuşdu. Günün dəyərli hədiyyəsi idi. Köynəyi öpüb, qoxulayıb yerinə qoydu. Görüşə gedəndə götürəcəkdi. Onu öz əlləri ilə toxumuşdu. Bir həftə vaxtını sərf etmişdi. Amma o, özü də anlayırdı. O, bunu geyinməyəcək. Daha doğrusu geyinə bilməyəcək. Yenə də bir ümid qığılcımı özü üçün saxlamışdı. Bəlkə də alışar -deyə.
Artıq günortadan bir qədər keçmişdi. Bu gün xeyli müştəri var idi. Hərə ilə biraz söhbət edib vaxtı qovurdu. Gələn hər bir kəsi şən, gülərüz qarşılayıb eyni zamanda yola salırdı. Hərdən isə divarın sol üst tərəfində olan böyük saata gözlərini zilləyirdi. Bu gün işini tez bitirməyi planlayırdı. Qəribə idi adətə uyğun olmayaraq bu gün işi lap çox idi. Ancaq bu onu görüş saatından yayındıra bilməzdi. Nə olursa olsun saat 20:30 orada olacaqdı. Bəzi müştərilərin işini təxir salmalı idi. İş tələsmir, ancaq görüş yerinə gecikmək olmazdı, tələsmək lazım idi.
Axşama doğru gedirdi. İşini sonlanndırıb buradan çıxmalı idi. Evə getməyəcəkdi. Birbaşa elə ora gedirdi. Gecikməmək üçün taksi sifariş vermişdi. Lazımi vaxtda taksi onu işlədiyi yerdən götürəcəkdi. Biraz sonra isə sifariş etdiyi taksi artıq dərzi dükanın qarşısında dayanmışdı. Təcili əyin başını səliqəyə saldı, başına şal atdı. Saat 19:30-u göstərirdi. Getmək zamanı idi. Taksiyə əyləşdi. Çox həyəcanlı görünürdü. Əlləri əsirdi. Əlini üzünə söykəyib maşının pəncərəsindən ətrafa baxırdı. Düşüncələrə dalmışdı. Sanki zamanı səyahət edərək keçmişi vərəqləyirdi. Hansısa xatirələr yadına düşsə ona uyğun üz cizgiləri dəyişirdi. Bütün bunlara rəğmən üzündə azacıq təbəssüm hiss olunurdu. Qəfildən başı pəncərəyə dəyərmişcəsinə dik atıldı. Tez çantasını axtarmağa başladı. Təlaşlandı. Sürücü "nə olub, xanım?" -deyə soruşdu. O, isə görüş üçün vacib bir əşyanı unutmuşdu. Qızı üçün toxduğu köynək yaddan çıxmışdı. Tez sürücüyə "geriyə qayıtmalıyıq. Yaddan çıxan bir şey var" -dedi. Saata baxıdı. 20:00-ı göstərirdi. Qayıtmaq çox vaxt apara bilərdi. O, gecikə bilərdi. Sürücü qadının üzündəki təlaşı görüb sükanı geriyə döndərdi. Yenidən dərzi dükanına qayıtmalı idi. Qadın " 20:30da görüş yerində olmalıyam. Yalvarıram tez olun"-dedi. "Narahat olmayın. Çatarıq." -dedi.
Onlar geri qayıdınca bir xeyli vaxt getdi. Artıq saat 20 :20ni göstərirdi. 10 dəqiqəyə çatmalı idilər. Sürücü də maşını iti sürətlə sürürdü. Nəhayət 20:25də taksi bir kənd qəbiristanlığının yanında dayandı. Deyilən yer bura idi.
Qadın sürücüyə tələsik xidmət haqqını verib təşəkkür etdi. İti addımlarla qəbiristanlığın içərilərinə doğru hərəkət etdi. O, altı il əvvəl yol qəzasında həlak olmuş qızının doğum gününü təbrik etməyə gəlmişdi. O, onu orada gözləyirdi.Qadın qəbristanlığa girəndə sürücü saata baxdı. Saat 20:30 dəqiqəni göstərirdi. Sürücünün ani olaraq üzündə təbəsüüm yarandı. O, xoşbəxt idi. Çünki qadını vaxtında görüş yerinə çatdırmışdı.

Elmir QULİYEV


Yorumlar